“Azərbaycan gəncliyi siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır”
Tarix: 07.08.2013 | Saat: 22:52:00 | E-mail | Çapa göndər


Aidə İmamova: “Gənclər beynəlxalq layihələrdə iştirak etməklə həm dövləti təmsil edir, həm də yeni dil və mədəniyyət bilgiləri əldə etmək imkanları yaranır”

A.İmamova 1999-cu ildə Nəsimi rayonu R.Nəsirov adına 111saylı orta məktəbin 1-ci sinfinə daxil olub. Çox aktiv şagird həyatı yaşayıb. Məktəb illərində 11 il sinif əlaçısı və bütün tədbirlərdə aparıcı olub. Şeir, inşa, riyaziyyat fənni üzrə olimpiadalarda, hərbi yarışlarda, hətta futbol üzrə də məktəbini təmsil edib. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi iqtisadiyyat fakültəsinə daxil olub. Bu il iqtisadiyyatın dövlət tənzimlənməsi ixtisasının 3-cü kursunu bitirib. Universitetin Tələbə Elmi Cəmiyyətində fəaliyyəti olub. Hazırda Türkiyə Universitetləri Məzunları İctimai Birliyində Gənclər Mərkəzinin sədridir.

Müsahibimiz Türkiyə Universitetləri Məzunları İctimai Birliyində Gənclər Mərkəzinin sədri Aidə İmamovadır.

-Təşkilatdakı fəaliyyətinizlə bağlı məlumat verərdiniz.
- Təşkilat olaraq bir çox layihələri həyata keçirmişik, gənclərin bir arada toplanması, müzakirələr aparması, gənclərin xaricdə təhsil alması, problemlərinin həlli, öz istəklərinin azad şəkildə həyata keçirilməsi üçün şərait yaratmışıq. Bakı və digər regionların məktəblərində şagirdlərin düzgün yönləndirilməsi ilə bağlı “Gənclərin peşə təhsili və ixtisas seçimi”, Azərbaycan universitetlərində “Tələbələr arasında dövlət rəmzlərinin təbliği “ ilə bağlı çox geniş layihələr həyata keçirmişik. Layihə müddətində bütün universitetlərin tələbələri ilə çox maraqlı müzakirələrimiz, dövlət rəmzlərimizə hörmət, sevgi hissinin aşılanması ilə bağlı tədbirlərimiz oldu və düşünürəm ki, belə layihələrin dövlətimizin gələcəyi olan gənclər arasında keçirilməsi olduqca vacibdir. Daha sonra “İnsan hüquq və azadlıqlarının reallıqları”, “ Biz narkotik bəlasını tanıyırıq və gənclərə tanıdırıq “ adlı layihələr həyata keçirmişik. “Vətənimizi tanıyaq, tanıdaq və sevdirək “ adlı layihə çərçivəsində gənclərlə birlikdə Vətənimizin gözəl, səfalı guşələrinə, tarixi-memarlıq abidələrinə, regionların görməli yerlərinə səyahət etdik. 20 Yanvar xalqımızın hüzn günü ilə bağlı Şəhidlər xiyabanını ziyarət etdikdən sonra “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir həyata keçirdik. Xocalı soyqırımı ilə bağlı TUMİB Gənclər Mərkəzi olaraq “Xocalı fəryadı” abidəsini ziyarət etdikdən “Xocalı Fəryadı “adlı tədbiri reallaşdırdıq. Daha sonra 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı TUMİB olaraq Quba soyqırımı məzarlığını ziyarət etdik. Türk xalqının qəhrəmanlıq tarixinin şanlı səhifələrindən olan Çanaqqala döyüşlərinin 98-ci ildönümünə həsr edilmiş tədbir həyata keçirdik. Bir çox tədbir, seminar, dəyirmi masalarda iştirak etmişəm. Gənclər Günündə “Milli şüur və müasir gənclik” adlı tədbir keçirilmişdi. Həmin tədbirdə bir sıra Vətənimiz üçün dəyərli olan insanlarla birlikdə mənə də “Vətənpərvər gənc” fəxri adı verildiyi üçün özümü şanslı hesab edirəm. Gənclər və İdman Nazirliyinin Avropa Şurası ilə birlikdə həyata keçirdiyi “Avropa Gənclər Fondu və fondun yeni fəaliyyət sistemi haqqında gənclər təşkilatlarının məlumatlandırılması” mövzusunda seminarda iştirak etmişəm və həmin fonda yeni ideyalar ilə bağlı müraciət etmək fikrimiz var. “Milli mətbuatımız 138-QHT-media münasibətləri” adlı Azərbaycan mətbuatının dəyərli insanlarının mükafatlandırılması həyata keçirildi. Bu gün gənclərimiz üçün ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş hər bir şərait Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qarşıdan gələn prezident seçkilərində qardaş Türkiyədə və digər ölkələrdə təhsil alan tələbə və məzunlar adından Prezident İlham Əliyevin namizədliyini dəstəkləmək məqsədi ilə mətbuat konfransı keçirdik. Mən bir daha TUMİB Gənclər Mərkəzi olaraq daha güclü dövlət və vahid Azərbaycan naminə seçkilərdə Prezident İlham Əliyevi dəstəkləyəcəyimizi bildirirəm və gənclərimizi ona dəstək olmağa çağırıram. Ümid edirəm ki, növbəti illərdə gənclərimizin inkişafı üçün dövlətimiz tərəfindən daha böyük addımlar atılacaq. Bəzən uşaqlar hesab edirlər ki, mən işin xırdalıqlarına həddən çox diqqət ayırıram, çünki işin uğursuz alınacağından qorxuram. Həqiqətən, bu gün məni inkişaf etdirəcək fəaliyyətlə məşğul olmaqdan məmnunam.
-Gələcək planlarınız və ictimai fəaliyyətiniz barədə nələri deyə bilərsiniz?
-Həyat davam edirsə, mənim planlarım və nail olmağa çalışdığım istəklərim də artır. Həmişə öz üzərinizdə işləyin, daha çox biliklərə sahib olmağa çalışın, inanın ki, həmişə qalibiyyətin bir addımlığında olarsınız. Bir yerdə durğun vəziyyətdə olan gənclik həmin nöqtədə qalmır, əksinə, geriyə addımlamış olur. Bu günə kimi uğurlarımın qarşısında bir stimulum dayanıb: “Möcüzəni inam yaradır. Yetər ki, inanın, onda hər şeyin öhdəliyindən gələrsiniz”. Heç kimin haqqını yemədən düzgün olun. Ən əsası məqsəd, istək və işləmək lazımdır.
Qarşıdan gələn il üçün universitetdə oxuduğum müddətdə həm təşkilat, həm dərslərimlə məşğul olmağı düşünürəm. Magistratura, daha sonra ikinci ali təhsil almaq da planlarımda var, inşallah. Cəmiyyətdə maarifləndirmə işinin aparılması, vətəndaş fəallığının artırılması, sağlam həyat tərzinin təbliğ edilməsi, ətraf mühitin qorunması, əlil, qoca və kimsəsiz uşaqlara göstərilən fiziki və mənəvi yardımların edilməsi, ən əsası, olduqca vacib olan gənclərimizdə Vətənimizə, dövlətimizə, dövlət rəmzlərimizə hörmət hissinin nə qədər vacib olduğunu, daha sonra qeyri-hökumət təşkilatlarının birgə fəaliyyəti və s. bağlı çox layihələri artıq öz aləmimdə canlandırmışam. İnşallah, göydə Allahın və yerdə bəndələrin köməkliyi və gənclərimizin səyi nəticəsində bu sahədə layihə və tədbirlər həyata keçirəcəm. Ölkəmizdə gənclər üçün yaradılmış şəraiti görəndə planlarım həqiqətən dəyişir.Ona görə də zamanla çox işlər görməyi düşünürəm.
-Gənclərin ictimai təşkilatlanması ilə bağlı hansı fikirləriniz var?
- Gənclərimiz hazırda təsisat kimi sosial və ictimai sahələrdə fəaliyyət göstərərək müxtəlif sosial layihələr və tədbirlər həyata keçirir və cəmiyyətin inkişafında mühüm rol oynayırlar. Bu gün gənclərimiz kifayət qədər təşkilatlara cəlb olunaraq şəxsi və peşəkar bacarıqları, bilik və təcrübələri ilə təşkilatlarda işin qurulmasına böyük töhfələr verirlər. Həqiqətən, bu, çox sevindirici haldır. Demək, Azərbaycan gəncliyi heç də passiv deyil. Gənclərimizin ictimai təşkilatlarda fəaliyyəti ərzində əldə etdiyi təcrübə, bilik və bacarıqları gələcəkdə onların peşəkar kimi formalaşmasına kömək edəcək. İnsan həyata bir dəfə gəlir. Mənə görə bizə verilən bu həyatı zamanında dəyərləndirməliyik. Gənclik həyatımızda bizim hər şeyə maraqla səy göstərdiyimiz bir zamandır. Bu Vətənin torpağında yaşayıb, suyunu içiriksə, həyatda olduğumuz müddətdə bu Vətən üçün də nələrisə etməliyik. Ölkənin həyatında aktiv olarsınızsa, şəxsi və peşəkar, bilik və vərdişlərə yiyələnmiş olarsınız, ünsiyyət və sosial mühitə girməyi öyrənmiş olarsınız, maraq dairəniz genişlənmiş olar, problemlərin həlli yollarını öyrənmiş olarsınız, özünüzə inam hissi artar, insanlara kömək etməklə cəmiyyətə lazımlı vətəndaş hissi formalaşmış olar, beynəlxalq layihələrdə iştirak etməklə həm dövlətimizi təmsil etmiş olarsınız, həm də yeni dil və mədəniyyət əldə etmək imkanlarınız yaranar. Çox təəssüflə bildirirəm ki, cəmiyyətdə “Xoşbəxt olmaq üçün gözə çarpmadan yaşamaq lazımdır” devizi altında həyat şəraiti keçirən gənclərimiz də az deyil. Mənim üçün belə bir həyat bədbəxtlik olardı. Bir şeyi də etiraf edim ki, aktiv həyat şəraitini seçərkən dost-tanışlar tərəfindən birmənalı qarşılanmadığım zamanlar da oldu. Bəlkə də başqa sahədə özümü sınamalı olduğumu düşündülər. Amma bir şeyə nail olmaq üçün ürəkdən çalışdığım zamanlar olursa, sanki həqiqətən, bütün həyat mənim üçün şərait yaradır...
-Gəncliyin inkişafına dövlətin yaratdığı şəraiti necə qiymətləndirirsiniz?
- Bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən gənclərimizin inkişafı üçün qoyulmuş siyasəti, hazırda Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş dövlət proqramları ilə həyata keçirilən tədbirləri sadalamaq kifayət edər ki, yaradılmış imkanlar görünsün. Bu gün dövlətin apardığı gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində gənclərimiz bu gün çox yerlərdə öz sözlərini demiş olurlar. “Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”na uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər həyata keçirilib. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq, gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Prezident yanında Gənclər Fondu yaradılıb və Bakıda Gənclər Mərkəzinin, regionlarda isə gənclər evi inşa edilməsi üçün müvafiq addımlar atılıb. Artıq 12 rayonda, o cümlədən Zərdab rayonunda da gənclər evi fəaliyyət göstərir. Bundan başqa 2005-2009-cu illər üçün “Azərbaycan gəncliyi Dövlət Proqramı”na büdcədən 8 milyon 375 min manat ayrılmışdısa, yeni proqrama 80 milyon manat vəsait ayırmaq planlaşdırılır. Bu, əvvəlki proqrama nisbətən təxminən 10 dəfədən də artıq göstəricidir. Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir.Gənclərimiz cəmiyyətin bütün sahələrində fəallıq göstərirlər. Son illər həyata keçirilən tədbirlər region gənclərinin də hərtərəfli inkişafının təmin olunması sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Təkcə bu tədbirlərdən biri olan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq, Prezident yanında Gənclər Fondunun yaradılmasını göstərmək olar ki, onun da məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması ilə yanaşı, gənclərin ictimai fəallığının artırılmasıdır. Bu qədər şəraitin qarşılığında passiv həyat şəraiti keçirmək əvəzinə bu şəraitdən mümkün qədər əlverişli istifadə etmək lazımdır. İnanın ki, gənclik yaşını keçmiş minlərlə insanlar var ki, onlar hazırda bizim yerimizdə olmaq istərdilər...
-Gənclərə hansı tövsiyələriniz var?
- Həyatda düzgün qərarlar verməyimizdə, dünyanı, insanları tanımağımızda minnətdar olduğumuz dəyərli böyüklərimizin bizim üzərimizdə olan haqqını unutmamalıyıq. Həqiqətən, valideynlərimə və müəllimlərimə həyatım boyu borcluyam. Həmişə böyüklərlə məsləhətləşib,sonra öz istəklərinizə uyğun düzgün qərarlar verməyə çalışın. Kiminsə təhsilinizlə bağlı sizi yanlış yönləndirməyinə icazə verməyin. Hazırkı dövrdə “Qonşunun qızı, oğlu universitet oxuyur, mənim ovladım da mütləq ali təhsilli olmalıdır” kimi prinsiplər az olmasa da, həqiqətən, cəmiyyətimiz üçün savadlı, ən son nailiyyətlər qazanmış bu günün gənci olmağa ehtiyac var. İtirilən zaman geri qaytarılmır. Zamanında həm orta məktəbdə, həm universitet həyatında şagird, tələbə adı üçün yox, şəxsiyyət olmaq üçün mübarizə aparın. Ali təhsilli, savadlı kadrlara isə hər yerdə həmişə ehtiyac var. Ona görə də ilk olaraq diplom yox, real təhsil almağı düşünün.
- Gənclər təşkilatlarının fəaliyyəti ilə bağlı fikirlərinizi bilmək istərdik...
- Bu gün demək olar ki, gənclər təşkilatlarının sayı gündən-günə artmaqdadır. Bu gün gənclər təşkilatlarının fəaliyyəti üçün Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Fondu, Gənclər Fondu tərəfindən kifayət qədər büdcə ayrılır və şərait yaradılır. Gənclərin, dövlətçiliyimizin inkişafı üçün fəaliyyət göstərən gənclər təşkilatlarının bu yöndə fəalliyyəti daha effektli və təsirli olar. Gənclər təşkilatları gənclərə daim daha yaxın olmalıdır. Onların problemlərini, asudə vaxtlarının səmərəli keçirilməsini, bilik və bacarıqlarının artırılmasını və digər məsələləri gənclərin iştirakı ilə daim müzakirə etməlidirlər. İstərdim ki, ümumilikdə bütün təşkilatlar tək, ayrı-ayrı yox, birlikdə də daha çox işlərə imza atmış olsunlar. Bəzi təşkilatlarda fəaliyyət göstərən insanlar, istərdim ki, tək şəxsi həyatları üçün yox ,bu dövlət üçün də nə isə etmiş olsunlar. İndiyə kimi heç unutmadığım bir tədbirin qonağı olmuşduq. Bəlkə də məni qınayanlar olacaq, amma bir tədbir rəhbərinin tədbir açılışında “salam”ı belə vərəqdən oxuması ömrüm boyu, yəqin ki, yadımdan çıxmayacaq. Şərt o deyil ki, hamı iqtisadçı, hamı siyasətçi olsun...Bir fikir var: “Şəhərdə sonuncu olmaqdansa kənddə birinci olmaq yaxşıdır”. İnşallah, gələcəkdə bütün təşkilatlar daha çox millət, Vətən sevgisi doğuran layihələrə imza atmış olarlar. Milli şüura sahib və vətənpərvər gənclərin yetişdirilməsinə çox böyük önəm verilir. Vətən, millət sevgisi güclü əxlaq və şüura sahib olmaqla əldə edilə bilər.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info