“Milli şura”dakılar məğlubiyyətlərini əvvəldən bilirdilər”
Tarix: 12.08.2013 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


“Milli şura” sədri Rüstəm İbrahimbəyov verdiyi son açıqlamalarda müxalifət düşərgəsi ilə həm hədə dili ilə danışıb, həm də yeni namizədin irəli sürülməsini bir daha gündəmə gətirib. O deyib: “Təklif edirəm ki, hər ehtimala qarşı bir neçə tanınmış, hörmətli şəxsin namizədliyi irəli sürülsün...”
R. İbrahimbəyov həmçinin bildirib: “Mən bizim siyasi partiyaların liderlərindən soruşuram: seçki kampaniyasına böyük miqdarda pullar lazımdır, onların isə pulları yoxdur və onu təşkil eləyə bilmirlər. Mən gəlib Bakıda qalsam, Bakıdan çıxmağıma imkan verilməsə, o pulları kim təşkil edəcək?” Hər şeyin onun pullarına bağlı olduğunu dilə gətirən kinorejissorun bu açıqlamaları artıq AXCP və Müsavat funksionerlərini çıxılmaz vəziyyətdə qoyub. Bu səbəbdəndir ki, onlar mətbuata sözügedən mövzuda açıqlamalar vermək istəmədiklərini deyirlər.
“Palitra”ya açıqlama verən Vəhdət Partiyasını sədri Tahir Kərimli “milli şura”nın artıq komik bir hala gəldiyini söylədi. O, radikal müxalifətin iç üzünün açılmasını da adi hal saydı: “Bir məsələyə diqqəti çəkmək istəyirəm ki, son zamanlar müxalifət mətbuatı iqtidaryönlü mətbuatı ittiham edir ki, onlar “milli şura”ya obyektiv yanaşmırlar. Amma şəxsi müşahidələrimə əsaslanıb deyə bilərəm ki, “milli şura” yaranandan bu günə kimi iqtidaryönlü mətbuatda bu qurumla bağlı verilən proqnozların hamısı düz çıxıb. Hansı deyilən tənqidi sözlər düz çıxmayıb? Biz də dəfələrlə verdiyimiz açıqlamalarda qeyd edirik ki, bu adamı özünüzə sədr seçirsinizsə, baxın görün kinorejissor olan şəxsin sənədləri, fəaliyyəti ilə bağlı hansı problemlər var… Onun ikili vətəndaşlığının olduğunu guya bilmirdiniz? Siz bilmirdinizsə, ətrafınızda olan hüquq müdafiəçiləri, hüquqşünaslar hara baxırdılar bəs? Niyə adam xeyli əvvəl ikili vətəndaşlıqdan imtina ilə bağlı ərizə vermirdi, seçkiyə qısa zaman qalmış müddətdə bunu edir? İndi də deyirlər vaxt çatışmazlığı var. Dəfələrlə demişəm ki, Rüstəm İbrahimbəyovun vahid namizəd seçilməsinin səbəbi heç də onun Oskar mükafatçısı olması deyil. Bu adam ilk öncə Moskvada yaradılmış “Milyarderlər İttifaq”ının üzvüdür. Bu da nəzərə alınmalı idi. Məşhur kinofilmimizdə də səsləndiyi fikir kimi- “Rüstəm bəyin nəyinə aşiq olub bunlar?” Yəni, komik filmimizdəki komik obrazlar artıq müxaifətçilərə də sirayət edib”.
Tahir Kərimli deyir ki, bu gün İbrahimbəyovun maliyyə məsələsini müxalifətin başına qaxması hələ başlanan narazılığın giriş hissəsidir: “Biz çox gözəl bilirdik ki, bu maliyyə məsələsini nə qədər gizlətsələr və başqa yollara yozsalar da sonda hər şey üzə çıxacaq. Onlar Rüstəm İbrahimbəyov vasitəsilə maliyyə əldə edirlər və onun tərəfindən vəd edilən maliyyəyə nail olmaq üçün bu oyunlar da oynanıldı. İndi isə İbrahimbəyov açıqdan-açığa müxalifət liderlərini hədləyir ki, pulunuz yoxdur və mən də təşkil etməsəm haradan alacaqsınız bu qədər maliyyəni? Hələ o suala cavab vermir ki, başqası vahid namizəd olsa, yenə də o, maliyyə dəstəyini verəcəkmi? Heç, onu da demir. Bu adam birbaşa iddiayla deyir ki, “hələlik özüm dəstəklənməliyəm”.
Məsələyə başqa tərəfdən yanaşan Vəhdət Partiyasının sədri bu qurumda sağlam partiyaların təmsil olunmadığını da vurğuladı. Onun deməsinə görə, seçkilərdən sonra “milli şura”da olan söz savaşı daha kəskin hal alacaq: “ Burada olan partiyalar, təşkilatlar və şəxslərin hamısının bir-birinə qeyri-səmimi münasibəti mövcuddur. Bu gün Müsavata yaxın olan qəzetə baxsaq görərik ki, onlar AXCP sədrinin əleyhinə yönəlmiş yazılarla çıxış edirlər, əks tərəfdən isə mətbuat orqanları vasitəsilə İsa Qəmbərə qarşı yönəlmiş məqalələr yazılır. Müsavat və AXCP-nin hədəfləri iqtidar deyil. Onlar daha çox bir-birinə təhqiramiz sözlər ünvanlayıb rəqiblərini gözdən salırlar. Bunu görmək üçün sosial şəbəkələrə də baxmaq kifayətdir. Biri deyir “mən belə deyirdim, axırı dediyim kimi oldu”, başqası isə deyir “mənim mövqeyimi dəstəkləmədiyiniz üçün bu hala düşdünüz”. Yəni, “milli şura”nın amorf bir quruluş olduğu aydın idi. Qurumun ən böyük şüarı o idi ki, “Xalq bizi dəstəkləyəcək”. Biz də deyirdik ki, nə gülməli sözlər danışırsınız? Xalq sizə görə qalxarmı? Qalxmağa səbəb də yoxdur axı… Özlərini aldadırlar, kimlərəsə ümid verirlər. İndi isə gözləri Putinin dodaqlarının arasına dikilib ki, oradan hansı söz çıxacaq. Ümid edirlər, Allaha yalvarırlar ki, Rusiya prezidenti onları bəlkə dəstəkləyə. Halbuki, iyirmi ildir Rusiyanı və onun prezidentini söyürlər. İndi ondan möcüzə umurlar. Qısası, bu qurum yaranan gündən qeyri-səmimiliyi ilə özünə quyu qazıb. Necə ki, müxalifətin başqa bir təşkilatı olan İctimai Palata tez qocalıb, əldən düşdü, “milli şura” da qocalacaq. Sadəcə bu, onda daha tez baş verəcək. Çünki, onun genində siyasi qocalma elementləri, qeyri-səmimilik, eqoizm var. Özlərinə heç kimin siyasətçi kimi tanımadığı bir adamı gətirib rəhbər qoyublar. Belə bir durumda da bir-birilərini qəbul eləmirlər. Yalnız maliyyə maraqlarına görə bir yerə toplaşmışdılar ki, indi də dalana dirəndilər. Onlar məğlubiyyətlərini əvvəldən bilirdilər. Sadəcə bu məğlubiyyətin səbəbini qarşı tərəfdə axtarmağa məcbur olublar. Ona görə də özlərindən küssünlər ki, çıxılmaz vəziyyəti öz düşərgələri yaratdı.Bu qurumdakılar labirintə giriblər, oradan çıxmağa yolları tapa da bilmirlər”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Mədət Quliyevə general-polkovnik rütbəsi verildi
26.09.2018
“Cənub Qaz Dəhlizi” layihəsində ABŞ hökumətinin rolu bizim bu regiona marağımızı vurğulayır”
26.09.2018
“Akşam.com.tr”: “Azərbaycan milli silahlarına ASELSAN dəstəyi”
26.09.2018
“Azərbaycandan kənarda yaşayan soydaşlarımız öz qüvvələrini toplamalıdırlar”
26.09.2018
“Biz Ukraynada Yuri Qaqarin də olsaq...”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info