Vaşinqtonda Ermənistanın işğalçı və beynəlxalq hüquq normalarına zidd olan siyasəti ifşa olunub
Tarix: 13.06.2019 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


ABŞ-ın paytaxtı Vaşinqtonda fəaliyyət göstərən nüfuzlu düşüncə mərkəzlərindən olan Atlantik Şurada Azərbaycanın xarici siyasətinə həsr olunmuş tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent ABŞ-Azərbaycan münasibətləri ilə bağlı çıxış edib. Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Atlantik Şuranın Qlobal Enerji Mərkəzinin təsisçi sədri və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstarla müzakirəsi baş tutub. Tədbirdə əsasən Vaşinqtonda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ictimai-siyasi xadimlər və regionla bağlı araşdırma aparan analitiklər iştirak ediblər. İctimaiyyət üçün açıq olan tədbirdə, həmçinin erməni lobbisinin xeyli sayda nümayəndələri iştirak edib.
Əvvəlcə C.Kent çıxış edərək Azərbaycan-ABŞ əlaqələrinin strateji əhəmiyyəti barədə söhbət açıb. O, Cənubi Qafqazın əhəmiyyətini vurğulayaraq Azərbaycanı vacib tərəfdaş kimi xarakterizə edib və iki ölkə arasında təhlükəsizlik, enerji və iqtisadi inkişafın təmini sahələrində uğurla davam edən əməkdaşlıqdan danışıb. ABŞ rəsmisi son dövrlər iki dövlətin rəsmilərinin səfərlərinin və dialoqunun artmasını münasibətlərin inkişafının göstəricisi kimi vurğulayıb. C.Kent Əfqanıstanda NATO-nun sülhməramlı əməliyyatlarına göstərdiyi əhəmiyyətli dəstəyə görə Azərbaycana ABŞ hökumətinin təşəkkürünü çatdırıb. Həmçinin o, ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, ölkəsinin ATƏT-in Minsk qrupu çərçivəsində vasitəçilik səylərinə sadiq qaldığını bildirib və münaqişənin tezliklə həllinin regionda sülh və firavanlığın təmininə imkan yaradacağını vurğulayıb.
Daha sonra ABŞ-ın Azərbaycanda keçmiş səfiri R.Morninqstar Hikmət Hacıyev ilə bir sıra mövzularda müzakirələr aparıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı mərhələsinə toxunan Prezident Administrasiyasının rəsmisi Azərbaycan rəhbərliyinin göstərdiyi müdrik və təmkinli yanaşmasına baxmayaraq, Paşinyan hakimiyyətinin münaqişənin həllində ciddi mövqe nümayiş etdirmədiyini, əksinə, bu vaxta kimi vəziyyəti gərginləşdirən bəyanat və addımlarla yadda qaldığını qeyd edib. Bu xüsusda, H.Hacıyev Ermənistanın təmas xəttində Azərbaycan hərbi qulluqçularının ölümü ilə nəticələnən son təxribatları barədə məlumat verib və bu addımların məhz danışıqlar prosesini pozmağa yönəldiyini qeyd edib. Şöbə müdiri Ermənistanın hazırda yaşadığı iqtisadi fəsadları sadalayaraq münaqişənin həllinin, ilk növbədə, Ermənistan üçün faydalar gətirəcəyini, Ermənistanın bu iflasdan çıxmasının yeganə yolunun münaqişənin həllindən keçdiyini, təəssüf ki, hələlik Ermənistanın və erməni diasporunun bunu anlamadığını bildirib. Həmçinin H.Hacıyev Ermənistanın sülh danışıqlarında iştirak etdiyi dövrdə paralel olaraq işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətləri davam etdirdiyini qeyd edib və beynəlxalq ictimaiyyətin bu məqama daha çox diqqət yönəltməsinin vacib olduğunu vurğulayıb.
Sonda Prezident Administrasiyasının rəsmisi auditoriyanın suallarını cavablandırıb. Erməni lobbisinin təbirdə kütləvi şəkildə iştirak edən nümayəndələri tərəfindən Azərbaycan rəsmisinə təxribatçı suallar ünvanlanıb və H.Hacıyev bu suallara Ermənistanın işğalçı və beynəlxalq hüquq normalarına zidd olan siyasətini ifşa etməklə cavab verib.

Hərbi pilotlarımızın peşəkarlığı sayəsində düşmən təxribatı uğursuzluqla nəticələnib

Yeri gəlmişkən, iyunun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları həyata keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu zaman Ermənistan silahlı qüvvələri “OSA” zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrimizi vurmağa uğursuz cəhd göstərib. Zenit-raket kompleksindən buraxılan iki raket hədəfə dəyməyərək havada partlayıb.
Bu, hərbi pilotlarımızın ustalığı və aviasiya vasitələrimizdə quraşdırılmış müasir cihazlar sayəsində, digər tərəfdən isə düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz, onun idarə olunmasına təhkim edilmiş döyüş heyətinin isə hazırlıq səviyyəsinin aşağı olmasını göstərir.
Düşmən tərəfindən buraxılan raketlərdən birinin hərəkət traektoriyası və hədəfdən yan keçmə anı aviasiya vasitələrimizin təlim uçuşlarının çəkilişlərini həyata keçirmək üçün nazirliyin havaya qaldırılan pilotsuz uçuş aparatı tərəfindən qeydə alınıb.

Almaniyada yəhudi icması Xocalı soyqırımına həsr olunmuş tədbir keçirib

Bu arada Almaniyanın Leverkuzen şəhərində Davidstern yəhudi icmasının təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə azərbaycanlıların soyqırımına həsr olunmuş anım tədbiri keçirilib.
Tədbiri açan Davidstern təşkilatının rəhbəri Lev İsmixanov Xocalı soyqırımını Liditse faciəsi ilə müqayisə edib: “Liditse qətliamı 1942-ci ildə nasistlərin törətdiyi cinayətdir. Bundan düz 50 il sonra alman nasistlərinin yolunu davam etdirənlər Xocalı soyqırımını törətdi. Burada da etnik zəmində qocalar, qadınlar və südəmər körpələr qətlə yetirildi. Mənim vəziyyətimdə iki məqam birləşir – yəhudi olaraq Holokostun xatirəsini və Azərbaycandan olan biri kimi 90-cı illərin cinayətlərinin ağrısını daşıyıram".
ADDF-nin icraçı direktoru Elşad Əliyev qeyd edib ki, azərbaycanlıların qətliamı Ermənistan rəhbərliyinin düşünülmüş siyasəti idi. E.Əliyev buna sübut olaraq Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın amerikalı jurnalist Tomas de Vaala müsahibəsini xatırladıb: “Orada Sarkisyan deyir ki, Xocalıyadək azərbaycanlılar bizimlə zarafat edə biləcəklərini düşünürdü – biz dinc əhaliyə əl qaldırmayacağıq. Biz bu stereotipi sındırdıq”. E.Əliyev iştirakçıları bölgədə baş verənlərlə yaxından tanış olmağa və onu dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çağırıb. Sonda Fondun rəhbəri tədbirin təşkilinə görə yəhudi icmasına təşəkkürünü bildirib.
Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Qurban Ələkbərov da Azərbaycan həqiqətlərinin dünya, xüsusilə də alman ictimaiyyətinin diqqətinə çatdırmağın vacibliyini qeyd edib: “Ətraf aləmin ermənilərin yalan təbliğat maşınına əsaslanmış mifdən azad olması bizim üçün çox vacibdir. Hər kəs anlamalıdır ki, Azərbaycan təcavüzün qurbanıdır”. O, Bundestaqın 1915-ci il hadisələrini soyqırımı kimi qəbul etməsini misal çəkərək ictimaiyyətin birtərəfli informasiyalara istinad etməsini təəssüflə bildirib.
Karl Bekker dini və siyasi araşdırmalar institutunun nümayəndəsi Mövsün Hacıyev bölgədəki həqiqətlərin qərbə çatdırılmasında subyektiv reallıqların olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu, ilk növbədə ifrat sağçıların və islamofobların artımı ilə bağlıdır: “Biz müxtəlif platformalarda ünsiyyət zamanı Xocalı haqqında məlumat veririk. Amma burada problem başlayır – Azərbaycan müsəlman ölkəsidir, Ermənistan qədim xristian dövləti”.
Tədbirin iştirakçıları erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri əks etdirən bannerlərlə tanış olub. Onlara Xocalı faciəsindən bəhs edən poster və albomlar paylanılıb.
Sonra tədbirdə iştirak edən alman siyasətçilərlə Azərbaycan nümayəndə heyəti arasında müzakirələr aparılıb. Xüsusilə Leverkuzen şəhərinin bələdiyyə başçısı, Sosial Demokrat Partiyasının nümayəndəsi Uve Rixarts və Xristian Demokrat Partiyasından Bundestaqın deputatı olan Rudeqer Şolts Diaspora Dəstək Fondunun rəhbəri Elşad Əliyevə bölgədəki hadisələrlə bağlı suallar ünvanlayıblar və etiraf ediblər ki, onlar indiyədək bu faktlar barədə eşitməyiblər.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
“Özbəkistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
14.10.2019
“Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir”
10.10.2019
“Münaqişə nizama salınana qədər əsas birləşdirici ideya “Qarabağ Azərbaycandır“ olmalıdır”
08.10.2019
Terrorçuluq siyasətindən əl çəkməyən erməni təxribatçıları çirkin əməllərini idman sahəsində də nümayiş etdirirlər
07.10.2019
“Qarabağ Azərbaycandır!” beynəlxalq ictimai dəstək kampaniyasına başlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10915

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info