Əhməd Oruc: “Milli şura”nın mitinq qərarı biabırçılığı ört-basdır etmək üçündür”
Tarix: 13.08.2013 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


“Milli şura” Rüstəm İbrahimbəyova avqustun 19-a kimi şans verib. Kinodramaturqun siyasi proseslərdən çəkilib kənarda durması və xaricdən müxalifətə “ağayana” göstərişlər verməsi müxalifət liderlərinin arasında da narazılığa səbəb olub. Belə olmasaydı öz aralarında yaranmış intriqa və davanı ört-basdır etmək üçün sözügedən qurum mitinq qərarı da verməz, sivil qaydada mübarizələrini davam etdirərdilər.Xatırladaq ki, avqustun 12-də saatlarla davam edən mübahisə dolu müzakirələrdən sonra “milli şura” mitinq qərarı qəbul edib.
Aksiya avqustun 18-də saat 17 üçün nəzərdə tutulub. 19 avqustda isə növbəti sessiya olacaq. Qəbul olunmuş qərara görə, 19 avqust sessiyasına qədər “milli şura”nın vahid namizədi Rüstəm İbrahimbəyov olaraq qalacaq.
Azadlıq Partiyasının sədri Əhməd Oruc “Palitra”ya verdiyi açıqlamada uzun müddətdir ki, mitinq haqda söz açmayan “milli şura” üzvlərinin birdən- birə etiraz aksiyalarına başlamaq haqda qərarının şübhəli məqamlardan xəbər verdiyini söylədi. O, radikal müxalifət liderlərinin göstərişlərlə hərəkət etdiyini deyərək, mitinq qərarının anormal bir addım olduğunu vurğuladı: “Əslində mitinq mübarizə metodu olaraq demokratik mübarizə üsullarından biri kimi qəbul olunur. Biz bunu Gürcüstanda, eləcə də əksər inkişaf eləmiş Qərb ölkələrində də görmüşük. Amma orada mitinqləri sivil qaydalarla keçirirlər və təyin olunmuş yerlərdə reallaşdırılır. Bizdə isə mitinqləri xaos yaratmaq və ya hansısa cəmiyyəti təşvişə salmağa yönəlmiş bir addım kimi istifadə etməyə çalışırlar. Onlara irad tuturam ki, mitinqi indiki halda real situasiyanın tələbi kimi yox, baş qatmaq üçün ortaya atıblar. Faktiki olaraq onlar indiki vəziyyətdə elə bir hala düşüblər ki, bu biabırçılıq və uğursuz siyasi gedişləri nə iləsə ört-basdır etmək lazımdır. Verdikləri bütün vədlər ortalıqda qalıb və hamısı da yalan, boş-boş sözlərdən ibarət oldu. Belə bir vəziyyətdə “milli şura”dakılar diqqəti yayındırmaq və uğursuzluqlardan söz açılmaması üçün ortaya etiraz aksiyalarını atdılar. Bəllidir ki, bu adamlar şəhərin mərkəzində mitinq tələbi ortaya qoyacaqlar və bu da qəbul olunmayacaq. Belə olan təqdirdə isə icazəsiz aksiya keçirib, öz üzvlərini, sıravi müxalifətçiləri həbsə sürükləyəcəklər. Sonra da bar-bar bağıracaqlar, xarici ölkələrə üz tutacaqlar ki, baxın, bizi həbs etdilər. Qısası, seçkilərə bir çox siyasətçilərin ciddi şəkildə hazırlaşdığı dönəmdə gündəmi mitinqlə məşğul etmək gülünc görünür”.
Əhməd Oruc deyir ki, “milli şura”nın mitinq qərarından öncə verdiyi digər qərar və bəyanatlar da anormallığı ilə seçilirdi. Bu qurumun oyuncaq birlik olması isə əvvəlcədən bəlli idi: “Milli şura” faktiki olaraq 6 aya yaxındır ki, müxalifətin gündəmini lazımsız və mənasız söz-söhbətlərlə məşğul edib. Azərbaycan xalqı seçki ilində seçkilərə hazırlıqlara başlayıb. Amma müxalifət seçki qanunları ilə bağlı müzakirələr ətrafında bir araya gələ bilməyib. Yəni, “milli şura” birmənalı olaraq fəaliyyətsiz bir quruma çevrilib. Ona görə də, bu qurumun fəaliyyətini çox zərərli hesab edirəm”.
Azadlıq Partiyasının sədri onu da vurğuladı ki, müxalifətçiliyin nədən ibarət olduğunu unudan radikalların son fəaliyyətlərində anormal məqamlar da ortaya çıxıb: “Milli şura”da toplaşanların heç biri əsl müxalifət nümayəndəsi deyil. Orada olanlar ya vaxtilə indiki hakimiyyətdə təmsil olunmuş və yararsız fəaliyyətə görə qovulmuş şəxslərdir, ya xarici qüvvələrə arxalanaraq fəaliyyət göstərən, ya da elə zaman-zaman hakimiyyətlə bazarlıqda olmağa çalışan insanlardırlar. Ancaq bu sadalanan amillərlə mənim heç bir əlaqəm yoxdur. Daim prinsipial mövqedə olmuşam, halal və normal şəkildə siyasi xətt tutmuşam və bu gün də seçkilərə hazırlaşaraq, seçki qərargahını yaratmışam. Bunu, bu gün məni və digər müxalif düşüncəli insanları bəyənməyən “milli şura” hələ də tam şəkildə bacarmır. Hakimiyyətlə də heç bir şəxsi düşmənçiliyim yoxdur. Bütün mövqelərim milli maraqlar üzərindədir. Yəni, mənim hakimiyyəti tənqid etməyim “milli şura”dakılar kimi alver xarakterli deyil. Bu qurumda toplaşanların əksəri özlərini müxalifət saysa da, bunların kimliyi hamıya bəllidir. “Milli şura”da hələ bəlli deyil ki, seçki qərargahı yaradılıb birmənalı addım atmaq olar, ya yox. Onların namizədi, əsas namizədi, əlavə namizədi, köhnə, alternativ, ehtiyat, köhnə vahid və lazım olan namizədləri var. Bu cür gülünc bir vəziyyətdə olan insanlar seçki qərargahı yaradıb cəmiyyətə nə deyəcəklər? Deyəcəklər ki, buyurun baxın, bizdə sözü bir yerə qoya bilmək bacarığı yoxdur, bizə səs verin, idarəçilik bacarığımız olacaq? Bu adamların hamısı bu gün oyunbazlıq və təlxəkliklə məşğuldurlar. Təlxək olduqları üçün də bir qismi payını alaraq maliyyələşib. Payını ala bilməyib hikkələnən digər qismin də davası odur ki, bizə niyə pay çatmadı? Belə bir durumda məni və mənim kimi digər prezidentliyə namizəd olan siyasətçiləri də bəyənmirlər. Halbuki biz, Allaha çox şükür ki, onlar kimi xarici ölkələrin əlinə baxmırıq, öz gücümüz və dostların dəstəyi ilə ayaqdayıq. Bu seçkidə də iştirak etməkdə israrlıyıq və bu istiqamətdə “milli şura”dan fəqrli olaraq ardıcıl addımlar atırıq”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info