“Əsas hədəf dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan və səmərəli etməkdən ibarətdir”
Tarix: 24.06.2019 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Mərkəzində Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edib. Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirak etdiyi builki Foruma müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri qatılıblar. Dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunan ilk BMT tədbiri olan bu Forum çərçivəsində plenar sessiyalar, 9 fərqli aktual mövzu üzrə seminar və 4 paralel tədbir təşkil ediləcək. Eyni zamanda, 5 fərqli kateqoriya üzrə BMT Dövlət Xidmətləri Mükafatının builki qaliblərinin təltif olunması, Dövlət Agentliyi ilə xarici ölkələrin bir sıra qurumları arasında əməkdaşlığa dair müqavilələrin imzalanması planlaşdırılır. Forumun Azərbaycan Respublikasında keçirilməsinə zəmin yaradan ən önəmli amillər ölkəmizdə dövlət xidmətləri sahəsində qazanılmış nailiyyətlər, “ASAN xidmət”in uğurlu fəaliyyəti və 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülməsidir. Əvvəlcə birgə foto çəkdirilib. Forumun açılışında çıxış edən Birinci vitse-prezident Mehriban Əliyeva deyib ki, Şərqi Avropa regionunda ilk dəfə təşkil olunan BMT-nin Dövlət Xidmətləri Forumunu keçirməkdən şərəf hissi duyuruq: “Bu il keçirilən tədbirin mövzusu bütün xalqlar üçün mühüm əhəmiyyət kəsb edir. Bu, dünyanın müxtəlif yerlərindən gəlmiş, qərar qəbul edən yüksək rütbəli şəxslər üçün təcrübələrini bölüşmək, çağırışları müzakirə etmək və BMT-nin 2030-cu il gündəliyinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün faydalı platformadır. Bu prosesdə dövlət qurumlarının xalqımıza yüksək keyfiyyətli xidmətlər göstərmək və innovativ dəyişikliklərdə iştirak etmək bacarığı xüsusi rol oynayır. Bu baxımdan, mən fürsətdən istifadə edərək, bu gün sizinlə səmərəli dövlət qulluğu sistemi sahəsində Azərbaycanın uğurları ilə bölüşmək istərdim”. Azərbaycanın Birinci vitse-prezidenti vurğulayıb ki, əsas hədəf və məqsəd yeni xidmətlərin insanlara yönəlməsi və vətəndaşların keçmişdə üzləşdiyi çətinliklərin aradan qaldırılmasından, dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan və səmərəli etməkdən ibarətdir. “Vahid pəncərə” prinsipi əsasında dövlət xidmətlərinin göstərilməsi ideyasının bu cür ərsəyə gəldiyini qeyd edən Mehriban Əliyeva ASAN adının Azərbaycan dilində, mənaca, həmçinin “asan” olduğunu vurğulayaraq deyib: “ASAN xidmət” Azərbaycan Prezidentinin təşəbbüsü ilə genişmiqyaslı dövlət idarəçiliyi islahatlarının bir hissəsi kimi 2012-ci ildə təsis edildi. Xalq isə dərhal bu islahatları alqışladı. “ASAN xidmət” Bakıda kiçik pilot layihə ilə fəaliyyətə başladı. Həmin vaxt xalqın tələbatlarına şəffaf, əlçatan, səmərəli və rahat şəkildə cavab vermək məqsədilə bir neçə dövlət xidmətləri göstərən qurum bir binaya toplaşdı. ASAN dərhal əhali arasında o qədər populyarlaşdı ki, biz, bu uğurun davamı olaraq, göstərilən xidmətlərin sayını və növünü çoxaltmaq fikrinə gəldik və “ASAN xidmət” Azərbaycanın rayonlarında da açılmağa başlandı”. Nisbətən az müddət ərzində “ASAN xidmət”in insanların tələbatlarını həll etməkdə dövlət xidmətləri sahəsində yeni mədəniyyəti təqdim edən milli brendə çevrildiyini deyən Birinci vitse-prezident hazırda 10 “ASAN xidmət”in rayonlarda, 5 “ASAN xidmət”in isə Bakıda fəaliyyət göstərdiyini bildirdi. Planda bu ilin sonuna qədər əlavə 5 “ASAN xidmət”in rayonlarda, ikisinin isə Bakıda açmaq olduğunu diqqətə çatdıran Mehriban Əliyeva deyib: “Görülmüş işlərin həcmi baxımından sizə bir rəqəmi təqdim edəcəyəm. 2013-cü ildən etibarən ASAN mərkəzlərində ölkə üzrə 30 milyondan artıq ərizəyə baxılmışdır. Bu gün həmin mərkəzlərdə 320 dövlət və özəl xidmət göstərilir. 12 müxtəlif dövlət qurumu və bir qrup özəl şirkətlər bir bina daxilində “ASAN xidmət”də təmsil olunurlar. Çox qısa müddət ərzində “ASAN xidmət” dövlət ilə vətəndaş arasında münasibətlərdə mərkəzi yeri tutdu.Vətəndaş rəyinin daimi monitorinqi bu layihənin uzun perspektivdə uğuruna xidmət edir”. Birinci vitse-prezident bu uğurun digər səbəbinin gənclərimizin fəal və geniş şəkildə iştirakı ilə bağlı olduğunu söyləyib. Mehriban Əliyeva qeyd edib ki, 2013-cü ildən başlayaraq 19 mindən artıq könüllü ASAN-ın işində iştirak edib. Onlardan 1100 nəfərinin müxtəlif “ASAN xidmət”lərdə tam ştatlı işlə təmin olunduğunu vurğulayan Birinci vitse-prezident deyib: “Biz istedadlı, yüksək motivasiyalı və yaradıcı gənclərimizin ölkənin müasirləşməsində necə yaxından iştirak etməsini görməkdən fərəh hissi duyuruq. Müsbət təcrübəmiz beynəlxalq ictimaiyyətin də diqqətini cəlb etmişdir və 2015-ci ildə “ASAN xidmət” dövlət xidmətlərinin təchizatının təkmilləşdirilməsi kateqoriyasında BMT tərəfindən mükafata layiq görülmüşdür”. Mehriban Əliyeva vurğulayıb ki, bu ilin əvvəlində birinci bənzər mərkəz Kabildə açılıb, Əfqanıstandan olan 100-dən çox ekspertə ASAN tərəfindən təlim keçirilib. Birinci vitse-prezident yaxşı təcrübələrimizi başqa ölkələrlə paylaşmağı davam etdirməyə hazır olduğumuzu bildirib, bu günədək ASAN-la müxtəlif ölkələr və beynəlxalq təşkilatlar arasında 10 anlaşma memorandumun imzalandığını vurğulayıb. Mehriban Əliyeva qeyd edib ki, biz bununla kifayətlənmirik və dövlət xidmətlərinin keyfiyyətini təkmilləşdirməyə davam edirik. İnsanlara proaktiv elektron xidmətlərin göstərilməsi üçün Asan my-gov portalının yaradıldığını, bununla da vətəndaşların həmçinin onlayn xidmətdən yararlandığını diqqətə çatdıran Birinci vitse-prezident 2016-cı ildə ölkəmizdə ASAN-ın uğur hekayəsinin davamı olaraq ABAD adı altında digər sosial yönümlü xidmətin fəaliyyətə başladığını xatırladıb. Bu layihənin reallaşmasında məqsədin ölkənin sosial və iqtisadi inkişafına vətəndaşların daha fəal və yaradıcı şəkildə cəlb edilməsi olduğunu, 400-ə yaxın üzvü olan ABAD-ın regionlarda işsizlik məsələsinin həlli üçün mühüm bir vasitəyə çevrildiyini bildirən Mehriban Əliyeva deyib: “Xanımlar və cənablar, bu, vətəndaşlarımızın faydalanması üçün dövlət xidmətləri sahəsində islahatların aparılması üzrə Azərbaycanın təcrübəsinə dair kiçik bir xülasə idi. Müntəzəm paylanıla və araşdırıla bilən digər çoxsaylı nümunə və təcrübələrin mövcud olduğuna əminəm. Məhz buna görə Azərbaycan bilavasitə bu forumun nəticəsi olaraq Dövlət Xidmətlərinin Təchizi üzrə Müəssisələrin ASAN Assosiasiyasının yaradılması təşəbbüsünü irəli sürmüşdür. Ümid edirəm ki, bu yeni assosiasiya dövlət xidmətlərinin səmərəli təchizi üçün ekspertlər arasında dialoqu təşviq etmək məqsədi daşıyan əhəmiyyətli beynəlxalq bir alətə çevriləcəkdir. Bu, sözügedən sahədə bütün mövcud yaxşı təcrübələrdən istifadə etmək istəyində olanlara yardım edə bilər”. Sonra BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin çıxış edib. BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini ölkəmizdə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatını Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təqdim edib. Daha sonra Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və İndoneziya Respublikasının Qunadarma Universitetinin rektoru və Özəl Universitetlər Assosiasiyasının vitse-prezidenti, professor xanım Eko Sri Margianti çıxış ediblər.




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Yay Olimpiya Festivalı zamanı xüsusi avtobuslar ayrılacaq
17.07.2019
Məktəblinin vəfatı ilə əlaqədar istintaq tədbirləri davam etdirilir
17.07.2019
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17.07.2019
“İrəli“ gəncləri Azərbaycan mədəniyyətini beynəlxalq layihədə təmsil ediblər
17.07.2019
Azərbaycan İlahiyat İnstitutu media nümayəndələrini mükafatlandırıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info