Tanınmış alim və pedaqoq Şirməmməd Hüseynov son mənzilə yola salınıb
Tarix: 25.06.2019 | Saat: 15:12:00 | E-mail | Çapa göndər


İyunun 25-də Bakı Dövlət Universitetində (BDU) görkəmli alim, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müəllimi, professor, “Şərəf” ordenli Şirməmməd Hüseynovla vida mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərhumun cənazəsi Bakı Dövlət Universitetinin matəmsayağı bəzədilmiş böyük akt zalında postament üzərinə qoyulmuşdu. Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu. Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü. Şirməmməd Hüseynovun həmkarları, dostları, tələbələri, tanınmış elm xadimləri axın-axın universitetin binasına gəlir, görkəmli alimə və gözəl insana son borclarını verirdilər.
Vida mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev deyib ki, bu gün Azərbaycan elmi, təhsili, ziyalı təbəqəsi üçün çox ağır gündür. Hamının yaxşı tanıdığı, hörmət bəslədiyi, sevdiyi Şirməmməd Hüseynovla vidalaşırıq. Azərbaycan mətbuat tarixinin yorulmaz tədqiqatçısı, müasir jurnalistikamızın inkişafında misilsiz xidmətləri olan Ş.Hüseynovun zəngin yaradıcılıq yolu hamıya yaxşı məlumdur.
Rektor vurğulayıb ki, Ş.Hüseynovun həyatının böyük hissəsi Bakı Dövlət Universiteti ilə bağlı olub. 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin aspiranturasında təhsil alan Şirməmməd Hüseynov Vətənə ilk azərbaycanlı alim-jurnalist kimi dönüb. Gənc jurnalistlərin yetişməsində, püxtələşməsində böyük xidmətləri olan Şirməmməd müəllim elmi-pedaqoji fəaliyyətini ləyaqətlə, vicdanla, yorulmadan davam etdirib. O, hər zaman tələbələrlə müəllimləri bir komanda kimi ətrafında birləşdirə bilib.
Şirməmməd Hüseynovun azərbaycançılıq ideologiyasının sadiq keşikçilərindən biri olduğunu bildirən rektor vurğulayıb ki, o, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının irsinin araşdırılmasında xüsusi xidmətlər göstərib. Daim həqiqətin, ədalətin, azad sözün tərəfdarı olub. Buna görə də təkcə elmi ictimaiyyətin deyil, sadə insanların da böyük hörmətini qazanıb. BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, akademik Vasif Babazadə, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov və Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək Şirməmməd Hüseynovu müəllimlər müəllimi kimi xarakterizə ediblər.
Bildirilib ki, Azərbaycan jurnalistlərinin müdrik ağsaqqalı, görkəmli alim və pedaqoq Şirməmməd Hüseynov uzun illər milli mətbuatımızın qatı açılmamış səhifələrini arxivlərdən çox böyük vətənpərvərliklə, tədqiqatçı inadkarlığı ilə arayıb-axtarıb, üzə çıxararaq nəşr etdirib. Onun müəllifi olduğu kitabların böyük əksəriyyəti sanballı, ensiklopediya səviyyəsində olan əsərlərdir. Bu nəşrlərin hər biri istər alimlər, istər tələbələr, istərsə də oxucular üçün zəngin xəzinədir. Ədalətlilik, prinsipiallıq, qətiyyətlilik, nəciblik, xeyirxahlıq kimi insani keyfiyyətlər Şirməmməd Hüseynovun xarakterinə xas olan xüsusiyyətlər idi. Şirməmməd Hüseynov “Həqiqət və ədalət carçısı”, “M.Ə.Rəsulzadə”, “Mənəvi irsimiz və gerçəklik”, “Mətbu irsimizdən səhifələr”, “Parlament hesabatları” və digər dəyərli kitabların və əsərlərin, həmçinin çoxsaylı dərslik və dərs vəsaitlərinin müəllifidir. Çoxsaylı kitabları içərisində “Parlament hesabatları” onun şah əsəri hesab edilir. Şirməmməd müəllim milli yaddaşımızın daşıyıcısı idi, öz əsərləri ilə Azərbaycanın dünəni və bu günü arasında mənəvi körpü yaradıb. Xüsusi olaraq qeyd edilib ki, Prezident İlham Əliyevin 2014-cü il 16 dekabr tarixli Sərəncamına əsasən professor Şirməmməd Hüseynovun “Şərəf” ordeni ilə təltif edilməsi onun bu və digər xidmətlərinə verilən yüksək qiymətdir. Ailəsi adından çıxış edən Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Bakı Dövlət Universitetinin atası üçün müqəddəs məkan olduğunu və BDU-nu evi qədər sevdiyini söyləyib. Qeyd edib ki, Ş.Hüseynovun ömrünün 60 ili universitet ilə bağlı olub. O, Bakı Dövlət Universitetini Azərbaycanın kiçik modeli hesab edirdi. Fərəh Əliyeva atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Vida mərasimi başa çatandan sonra görkəmli alimin ruhuna dualar oxunub və cənazəsi son mənzilə yola salınıb. Mərhum ikinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət eləsin.




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Ermənistan silahlı bölmələri mülki traktoru snayper atəşinə tutub, itki yoxdur
17.07.2019
Yəhudilər terror aktında sağ qalmış müsəlmanlara 1 milyon dollar yardım ediblər
17.07.2019
Sosial şəbəkələrdə yaranan problem qlobal xarakter daşıyır və yerli mobil operatorlardan qaynaqlanmır
17.07.2019
CinemaPlus-da “Super Yay” aksiyası!
17.07.2019
İranda mikroavtobus dərəyə aşıb - 11 ölü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info