Qəbələdə Heydər Əliyev Konqres Mərkəzi açılıb
Tarix: 15.08.2013 | Saat: 01:02:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev İsmayıllıya səfərini başa çatdıraraq Qəbələ rayonuna gedib. Dövlət başçısı Qəbələ şəhərindəki Heydər Əliyev parkında ümummilli liderin abidəsinin önünə gül dəstəsi qoyub. Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev məlumat verib ki, Heydər Əliyev parkı son illər sakinlərin ən çox üz tutduqları məkanlardan biridir. Burada yerli əhalinin, eləcə də qonaqların mənalı istirahətini təşkil etmək üçün hər cür şərait yaradılıb.

Beynəlxalq tədbirlər mərkəzi

Prezident Qəbələyə səfəri çərçivəsində Heydər Əliyev Konqres Mərkəzinin açılışında iştirak edib. Dövlət başçısı əvvəlcə Qəbələ rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib. Bu gün gözəl təbiəti və bənzərsizliyi ilə seçilən Qəbələ şəhərinin MDB-nin mədəniyyət paytaxtına çevrilməsində rayonun qədim tarixi də mühüm rol oynayır. Qəbələdə yeni inşa olunan Heydər Əliyev Konqres Mərkəzinin tikintisi isə bir məqamı təsdiqləyir ki, artıq burada istənilən beynəlxalq tədbiri keçirmək mümkündür. Konqres Mərkəzində beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün geniş imkanlar yaradılıb. 1200 yerlik Heydər Əliyev Konqres Mərkəzi Qəbələ şəhərində, Qaraçay çayının sahilində yerləşir və ərazisinin ümumi sahəsi 8,5 hektardır. Bina üç mərtəbədən və 4,2 metr dərinliyində zirzəmidən ibarətdir. Birinci mərtəbədə zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir. Mərkəzdə 6 qüllə və zalın üzərində diametri 20 metr, hündürlüyü isə zalın döşəmə səviyyəsindən 13 metr olan günbəz düzəldilib. İsveçrə istehsalı olan və səstənzimləmə xassələrinə malik materialdan istifadə olunaraq hazırlanan bu günbəz zalda akustikanın tənzimlənməsinə xidmət edir. Çoxfunksiyalı 1200 yerlik konfrans zalı isə ikinci mərtəbədədir. Burada 92 kvadratmetrlik səhnə, VİP və mühafizə otaqları, incəsənət ustaları və media işçiləri üçün otaqlar, geniş foye yerləşir. Konfrans zalı qısa müddətə başqa məqsədlər - konsert, iclas və s. üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir. Kreslolar İspaniyanın Barselona şəhərindəki “Fiquleras” şirkəti tərəfindən hazırlanıb. Zalın səhnə hissəsi qalxıb-enən platforma üzərində quraşdırılıb. Burada sinxron tərcümə üçün xüsusi avadanlıqla təchiz olunan 6 tərcüməçi kabinəsi, habelə müşahidə və zalın avtomatik idarəetmə məntəqəsi vardır. Konfrans zalında mükəmməl səsləndirmə sistemi quraşdırılıb ki, bu da tədbirin təyinatından asılı olaraq səsləndirməni həm konfranslar, həm də konsert-əyləncə tədbirləri üçün tənzimləməyə imkan verir. Binada 18 metrlik eskalator və liftlər quraşdırılıb. Konqres Mərkəzinin ərazisində 140 yerlik yeraltı qaraj tikilib. Qarajın üstündə bayraq meydanı və dekorativ yaşıllıq salınıb. Avtomobillərin maneəsiz hərəkətini təmin etmək üçün binaya üç istiqamətdən giriş yolları çəkilib. Binanın önündə, çay üzərində eni 24 metr, uzunluğu 42 metr, yükgötürmə qabiliyyəti 100 tona qədər olan körpü tikilib. Bina və binaətrafı ərazi tam elektron video nəzarətinə alınıb.

“Aqro Kompleks Qəbələ” MMC-də 200-dən çox insan
daimi işlə təmin olunub


Prezident səfər çərçivəsində “Aqro Kompleks Qəbələ” MMC-nin aqrar-sənaye kompleksinin açılışında iştirak edib. Dövlət başçısı əvvəlcə kompleksin inzibati binasında müəssisənin maketinə baxıb. Diqqətə çatdırılıb ki, kompleksin ümumi dəyəri 25 milyon manatdır. Bu layihənin də inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunub. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kompleksin inşasına 14 milyon manat güzəştli kredit verilib. Heyvandarlıq komplekslərində dünyada kənd təsərrüfatı texnikası istehsalında aparıcı müəssisələrdən olan Almaniyanın “GEA” şirkətinin tam avtomatlaşdırılmış havalandırma, suvarma, qidalandırma, istilik sistemləri və digər ferma avadanlığı quraşdırılıb. Min başlıq südlük heyvandarlıq kompleksində “Simmental” cinsindən olan südlük-damazlıq inəklər bəslənilir. İnəklərdən gündə orta hesabla 25 litrədək 4-4,5 faiz yüksək yağlılıq göstəricilərinə malik süd alınır. İlkin olaraq kompleksə Almaniyadan 640 baş “Simmental” cinsindən olan südlük-ətlik cins heyvanlar gətirilib. Gətirilən heyvanlar artıq yerli iqlimə tam olaraq uyğunlaşıb. Əlavə cins heyvanların gətirilməsi ilə bağlı artıq müqavilələr imzalanıb. Qeyd edilib ki, 1000 başlıq ətlik istiqamətli heyvandarlıq kompleksində “Simmental” cinsindən olan ətlik heyvanlar saxlanılır. Bu cins heyvanların çəkiləri gündə orta hesabla 1,4-1,6 kiloqram artır və 65-70 faiz dəyərli zülallar, vitaminlər və mineral maddələrlə zəngin ətvermə qabiliyyətinə malikdirlər. Kompleksin fasiləsiz xammal bazasının təmin edilməsi məqsədi ilə Qəbələ rayonunda 1050 hektar ərazidə yem təsərrüfatı yaradılıb. Təsərrüfatda növbəli əkin sisteminin tətbiq edilməsi nəticəsində kompleksin yem təchizatı tam olaraq ödənilir. Əkin, biçin və bütün aqrotexniki işlərin aparılması üçün Almaniyanın “Class” və Hollandiyanın “New Holland” qabaqcıl şirkətlərinin istehsalı olan 10 adda 35-ə yaxın müasir kənd təsərrüfatı texnikası və aqreqatdan ibarət aqroservis yaradılıb. Gələcəkdə aqrar-sənaye kompleksində müasir avadanlıqla təchiz edilmiş ət emalı fabrikinin yaradılması nəzərdə tutulur ki, bu da bütün gigiyenik normalar gözlənilməklə heyvanların kəsilməsindən ət məhsullarının qablaşdırılmasına və istehlakçılara çatdırılmasınadək bütün prosesi əhatə edəcək. Aqrar-sənaye kompleksində 200-dən çox insan daimi işlə təmin olunub.

“Qafqaz Karvansaray”
turistlərin sayını artıracaq


Prezidentin iştirakı ilə “Qafqaz Karvansaray” otel kompleksinin də açılışı olub. Təkcə Qəbələ rayonu deyil, bölgə üçün də əhəmiyyətli turizm obyekti olan bu kompleks mükəmməl infrastruktura malikdir. Kompleksin təchizatı da ən müasir standartlara uyğundur. Dördmərtəbəli kompleks ən müasir standartlar səviyyəsində inşa olunub. Otel kompleksi 139 super otaq, 12 ailəvi otaq, 6 kral otağı və 2 əlillər üçün otaq olmaqla 159 otaqdan ibarətdir. Oteldə, həmçinin qapalı üzgüçülük hovuzu, kişi və qadınlar üçün bərbərxana və gözəllik salonları, iki türk hamamı, iki buxar hamamı, iki SPA, iki trenajor zalı, bilyard və tennis zalları, iki sauna və massaj otaqları var. Kompleksdə 150 nəfərlik restoran, ayrı-ayrılıqda 100 və 12 nəfərlik iclas və konfranslar keçirmək üçün zallar və uşaqların istirahət otaqları fəaliyyət göstərir. “Qafqaz Karvansaray” oteldə 120 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub. “Qafqaz Karvansaray” otelinin istifadəyə verilməsi bölgəyə gələn turistlərin sayına da müsbət təsirini göstərəcək. Prezident yenidən qurulan Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ-Oğuz hissəsinin açılışında da iştirak edib.
Prezident Oğuzda körpələr evi-uşaq bağçasının açılışında da iştirak edib. Həmin gün Prezident Şəkiyə də səfər edib.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info