İsmayıllıda yeni sosial obyektlər istifadəyə verilib
Tarix: 15.08.2013 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev İsmayıllı rayonuna səfər edib. Dövlət başçısı əvvəlcə İsmayıllı şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov Prezidentə ulu öndərin adını daşıyan mədəniyyət və istirahət parkında yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Bu istirahət mərkəzində qısa müddətdə böyük abadlıq-quruculuq işləri görülüb, fəvvarələr quraşdırılıb, yaşıllıq salınıb. Prezident İlham Əliyev parkda yaradılmış şəraitdən razılığını bildirib.

İsmayıllı şəhəri fasiləsiz içməli
su ilə təmin edilir


Prezident İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib. Dövlət başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, əlamətdar hadisə münasibətilə onları təbrik edib.
İctimaiyyətin adından çıxış edən Talıstan kənd tam orta məktəbinin direktoru Aydın Əzizov İsmayıllının inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edib.
Sonra “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadə Prezidentə milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə çərçivəsində görülən işlər barədə məlumat verib. Bildirilib ki, İsmayıllı rayonunda sifarişçisi “Meliorasiya və Su Təsərrüfatı” ASC olan su təchizatı və kanalizasiya şəbəkəsi, çirkab sutəmizləyici qurğunun tikinti və yenidənqurma işləri bu sahədə böyük təcrübəsi olan şirkətlər tərəfindən həyata keçirilir. İsmayıllı şəhərinin əhalisinin sayının 2030-cu ilədək 28 min nəfərdən çox olacağı nəzərə alınaraq, rayon mərkəzini içməli su ilə təmin etmək məqsədi ilə layihədə su mənbəyi kimi rayonun Qız qalası ərazisində yerləşən Ax-ox çayın məcraaltı suları nəzərdə tutulub. Həmin ərazidə sugötürücü qurğunun, həmçinin diametri 355 millimetr, uzunluğu 11 kilometr olan magistral su xəttinin tikintisi başa çatdırılıb. Magistral su xətti üzərində su anbarı, xlorlama binası və təzyiqazaldıcı anbar tikilib. Layihə çərçivəsində İsmayıllı şəhərində əhalinin gün ərzində adambaşına 180 litr fasiləsiz içməli su ilə təmin olunması nəzərdə tutulub. Əlavə olaraq İsmayıllı şəhərinə yaxın ərazidə yerləşən və ümumilikdə 10 min 252 nəfər əhalisi olan Mican, İsmayıllı və Talıstan kəndlərinin aşağı hissəsinə də içməli su xətti çəkilib, tikinti və quraşdırma işləri yüksək keyfiyyətlə yerinə yetirilib. Nəticədə İsmayıllı şəhəri, Mican, İsmayıllı və Talıstan kəndlərinin böyük bir hissəsi daxil olmaqla hər bir ev, o cümlədən ictimai və sosial obyektlər içməli su ilə təmin olunub və kanalizasiya şəbəkəsinə qoşulub. Bundan başqa, magistral xətt üzərində yerləşən Xanagah kəndinə də içməli su xətti çəkilib. Bundan başqa dörd su anbarı inşa edilib. Həmçinin 33 min nəfər əhaliyə xidmət edə biləcək çirkab sutəmizləyici qurğunun daha müasir qurğu ilə əvəz olunması üçün layihədə müvafiq dəyişikliklər edilib. Qurğunun tikinti işləri davam etdirilir. Daha sonra dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə söhbət edib. Prezident İsmayıllı şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb. Sonda xatirə şəkli çəkdirilib.

Tikiş fabrikində 104 nəfər
işlə təmin olunub


Azərbaycan Prezidenti İsmayıllıda tikiş fabrikinin açılışında da iştirak edib. Fabrikin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövləti fəaliyyətlərini, iqtisadiyyatın inkişafı istiqamətində gördükləri işləri və müxtəlif dövrlərdə İsmayıllıya səfərlərini əks etdirən fotolardan ibarət stend yaradılıb. Buradakı sərgi salonunda müəssisənin məhsulları nümayiş etdirilir, inzibati otaqlarda yüksək şərait yaradılıb. Fabrikin işçiləri tədris otağının və yeməkxananın da xidmətlərindən istifadə edəcəklər.
Dövlət başçısına məlumat verilib ki, müəssisədə Yaponiya, Çin, Rusiya, Almaniya və Türkiyə istehsalı olan ən müasir avadanlıq quraşdırılıb. İkinövbəli iş rejimində 104 nəfərin işləyəcəyi müəssisənin yaradılması İsmayıllıda məşğulluğun artırılmasına da mühüm töhfədir. Fabrikin həyətində geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolağı salınıb. Dövlət başçısı fabrikin kollektivi ilə söhbət edib.

“İsmayıllı-1” Su Elektrik Stansiyası
işə salınıb


Dövlət başçısı rayonun Sumağallı kəndi yaxınlığında inşa edilən “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak edib. “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlət başçısına məlumat verib ki, “İsmayıllı-1” Su Elektrik Stansiyası alternativ enerji mənbələrindən səmərəli istifadə edilməsi proqramı çərçivəsində inşa olunan obyektlərdən biridir. Kiçik su elektrik stansiyalarının tikintisi elektrik enerjisinin istehsalında yanacağa qənaət etməklə yanaşı, həm də ətraf mühitə heç bir zərər yetirmir. Prezidentə stansiyanın inşası, fəaliyyəti və layihənin əsas komponentləri barədə də məlumat verilib. Bildirilib ki, stansiyanın tikintisinə 2011-ci ildə başlanılıb. Əsas və köməkçi avadanlığın təchizatı, eləcə də bütün tikinti-quraşdırma işləri “Azenco” şirkəti tərəfindən həyata keçirilib. Stansiyanın tikintisində 100 nəfər çalışıb. Tikinti işləri zamanı burada suqəbuledici quraşdırılıb, hər birinin uzunluğu 2115 metr, diametri isə 800 millimetr olan üç boru çəkilmiş, stansiya binası inşa edilib. Prezident İlham Əliyev idarəetmə mərkəzindən stansiyanı işə salıb. Diqqətə çatdırılıb ki, bu stansiyanın ümumi layihə gücü 1600 kilovat olan üç hidroturbin və üç hidrogeneratordan ibarətdir. Burada 10 və 0,4 kilovoltluq yarımstansiya və elektrik ötürücü xətlər çəkilib. Stansiyanın aşağı byefindən çıxan təmizlənmiş su tikilməkdə olan “İsmayıllı-2” Su Elektrik Stansiyasına daxil olacaq. Beləliklə, yekunda İsmayıllı Su Elektrik Stansiyası ümumi gücü 3200 kilovat olan kiçik su elektrik stansiyaları silsiləsini təşkil edəcək. Bu layihə olduqca səmərəli və əhəmiyyətlidir. Belə ki, İsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığında inşa edilən derivasiya tipli su elektrik stansiyası ildə 8 milyon kilovat-saat ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal etmək imkanına malikdir. Su elektrik stansiyasında 12 nəfər daimi işlə təmin ediləcək. Stansiyanın ərazisində abadlıq-quruculuq işləri görülmüş, müasir işıqlandırma sistemi quraşdırılıb. Azərbaycan Prezidenti yaradılmış şəraitdən razılığını bildirib, tapşırıqlarını verib.

İvanovka-Hacıhətəmli-Mollaisaqlı
avtomobil yolu


Prezident İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak edib.
Dövlət başçısı əvvəlcə yolun texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərə və videofilmə baxıb. Məlumat verilib ki, son dövrlərdə paytaxtla yanaşı, bölgələrdə də yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərin miqyası artıb. Bu gün respublika əhəmiyyətli yollarla bərabər, rayon və kənddaxili yollar müasir səviyyədə inşa edilir. Yeni inşa olunan belə yollardan biri də İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yoludur. Yol ən müasir səviyyədə qısa müddətdə inşa olunub. Bu yolun tikintisi üçün Azərbaycan Prezidentinin 2012-ci il 16 mart tarixli sərəncamına əsasən Prezidentin ehtiyat fondundan ilkin olaraq üç milyon manat vəsait ayrılıb. İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolu 6 min nəfərin yaşadığı 7 məntəqəni birləşdirir. Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr tarixli sərəncamı ilə yolun tikintisi üçün əlavə olaraq 5,5 milyon manat vəsait ayrılıb. Bu layihənin ümumi dəyəri 8 milyon 526 min manatdır. Layihəyə əsasən, 29,5 kilometr uzunluğunda yol çəkilib, 18 yerdə beton suötürücülər tikilib, yolboyu yol-hərəkət nişanları quraşdırılıb. Yolun başlanğıcında üç dayanacaq əsaslı təmir edilib, kəndlərdə 10 yeni dayanacaq tikilib. Yolun İvanovka kəndindən keçən hissəsində piyadaların təhlükəsiz hərəkəti üçün səkilər salınıb. Bu yolun istifadəyə verilməsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkət etməsinə geniş imkanlar yaratmaqla yanaşı, həm də sərnişinlərin təhlükəsizliyi baxımından olduqca önəmlidir.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib. Dövlət başçısı yeni yolda avtomobili idarə edib.

Yeni avtovağzal

İsmayıllı şəhərində yeni avtovağzal da istifadəyə verilib. Prezident İlham Əliyev avtovağzalın açılışında iştirak edib. Azərbaycanda həyata keçirilən siyasətin əsas hədəflərindən biri də ölkəmizin hər yerində yol-nəqliyyat sisteminin müasirləşdirilməsidir. Bu sırada yeni yaradılan avtovağzalların da xüsusi əhəmiyyəti var. Avtovağzalların yaradılması həm də bölgələrin inkişafına töhfə verir. Müasir səviyyədə inşa edilən bu nəqliyyat obyektlərinin sırasına daha biri əlavə olunub. İsmayıllı şəhərində tikilən yeni avtovağzal da ən müasir tələblər səviyyəsindədir. Məlumat verilib ki, avtovağzalın tikintisinə 2013-cü ilin martında başlanıb. Ümumi ərazisi 0,26 hektar, tikinti ərazisi isə 282 kvadratmetr olan avtovağzalda sərnişinlərin rahatlığını təmin etmək üçün 48 nəfərlik 4 perron inşa edilib. Perronlarda hərəkət cədvəlini göstərən elektron məlumat tabloları quraşdırılıb. Bundan başqa, burada ümumi sahəsi 137 kvadratmetr olan gözləmə zalı, ictimai-iaşə obyekti, həkim otağı yaradılıb. Avtovağzalın həyətində avtobuslara texniki xidmətin göstərilməsi üçün açıq bokslar inşa edilib.
Bildirilib ki, avtovağzal Bakı şəhərinə, Şamaxı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarına gedən sərnişinlərə xidmət göstərəcək. Avtovağzalın istifadəyə verilməsi ilə 22 nəfər işlə təmin olunub. Dövlət başçısı əhaliyə xidmət göstərəcək yeni taksilərə və avtobuslara baxıb.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info