Alberto Brambilla: “Azərbaycanla enerji sahəsində əməkdaşlıq İtaliya üçün strateji əhəmiyyət kəsb edir”
Tarix: 15.08.2013 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


"Il Foglio": “Azərbaycanın aydın enerji strategiyası var”


“Bakı Yunanıstanın qaz şəbəkəsinin, İsveçrədə yanacaqdoldurma məntəqələrinin sahibidir. Eyni hal Ukrayna və Gürcüstanda da yaşanır. Daha böyük investisiya Türkiyəyə yatırılıb. Bu strategiyada İtaliya hələ ki, olmayan həlqədir”

Bu günlərdə İtaliyanın baş naziri Enriko Letta Azərbaycanda səfərdə oldu. İtaliya xarici ticarət dövriyyəsində Azərbaycanın əsas tərəfdaşlarından olduğundan bu səfər ikitərəfli əməkdaşlığı genişləndirmək baxımından mühüm əhəmiyyət kəsb edirdi. Digər tərəfdən, İtaliya enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycana ehtiyac duyduğundan Bakı ilə enerji sahəsində əməkdaşlığın sferasını genişləndirməyi hədəfləyir. Nəzərə alsaq ki, Azərbaycanın zəngin təbii qaz ehtiyatlarının Avropa ölkələrinə nəqlini nəzərdə tutan TAP kəmərinin əsas hissəsi İtaliyanın ərazisindən keçir və digər qitə ölkələrinə də bu dövlət vasitəsilə ixrac olunacaq, onda enerji sahəsində əməkdaşlıq hər iki tərəf üçün prioritetə çevrilir. Avropa ölkələri enerji təminatında diversifikasiyaya nail olmaq, alternativ mənbələrə çıxış əldə etmək üçün aktiv siyasət həyata keçirirlər. Avropa İttifaqının bu sahədə Azərbaycanla xüsusi əməkdaşlıq siyasəti həyata keçirməsi indiyə qədər imzalanan sənədlərdən də bəllidir. Qitə ölkələri Azərbaycanın enerji ehtiyatlarına ehtiyac duyduğundan Bakı ilə yaxınlaşma siyasəti həyata keçirirlər. İtaliya da bu kontekstdə Bakı ilə münasibətlərini inkişaf etdirmək istəyini baş nazirin səfəri ilə nümayiş etdirdi. Bu səfər və ümumiyyətlə Azərbaycanın dünyanın enerji xəritəsindəki yeri ilə bağlı İtaliyanın "Il Foglio" nəşrində maraqlı məqalə dərc edilib. Müəllif Alberto Brambilla yazır ki, qitə ölkələri enerji təminatını diversifikasiya etmək üçün yeni şist qazı yataqlarının işlənməsinə və ikitərəfli ticarət sövdələşmələrinə yönəlib. Bunu isə ümumavropa səviyyəsində deyil, hər bir dövlət fərdi şəkildə həyata keçirir: “Bu fikirləri iki faktla təsdiqləmək olar: ingilislər yeni şist qazı mənbələrinin işlənməsinə əlavə impuls verir, italyanlar isə TAP-ın tikintisi ilə bağlı Azərbaycanla əməkdaşlığı genişləndirir. İtaliya baş naziri Enriko Letta ötən bazar günü Bakıda səfərdə oldu. Bakı Xəzərin sahilində yerləşən ən böyük Azərbaycan şəhəridir. İngiltərə və İtaliya hökumətləri qarşılarına enerjiyə ayrılan vəsaiti azaltmaq məqsədi qoyublar. Bu məqsədi anlamaq olar. Qənaət olunacaq vəsait vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına sərf olunacaq. Bu ölkə vətəndaşları son iki ildə enerjiyə xeyli vəsait xərcləyiblər. İngiltərə baş naziri Devid Kemeron şist qaz ehtiyatlarının tapılması ilə bağlı göstəriş verib. Britaniyanın şimal və cənubunda axtarış aparılması nəzərdə tutulub. Amma tənqidçilər hesab edir ki, bu axtarış işləri ətraf mühitə ciddi zərbə vuracaq. Amerika da məhz şist qaz və neftin çıxarılması sayəsində perspektivdə enerji sahəsində tam müstəqillik əldə etmək şansı əldə edib”.
Alberto Brambilla yazır ki, italyanlar bəzi sindromlardan xilas olmalıdırlar. Onun sözlərinə görə, bəzi italyanlar TAP-a, sürətli qatar xəttinin çəkilməsinə, Siciliyadakı amerikalı hərbçilər üçün peyk antenasının inşa edilməsinə qarşı çıxırlar: «Bu insanlar anlamalıdırlar ki, həmin obyektlərin inşası, enerji sahəsində əməkdaşlıq İtaliya üçün strateji dərəcədə əhəmiyyət kəsb edir. Əsasən də TAP qaz kəmərinin inşası İtaliya üçün çox əhəmiyyətlidir». Müəllif yazır ki, Enriko Letta Bakıda Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşüb: «Letta həmin görüşdə qeyd edib ki, Xəzər sahillərindən başlayan kəmər Türkiyə, Yunanıstan və Albaniya ərazilərindən keçəcək və 2019-cu ildə Avropaya əlavə 10 milyard kubmetr qaz ixrac olunacaq ki, bu da italyanların enerjiyə sərf etdiyi xərcləri azaldacaq. İtaliyalı ekspert Matteo Verda qeyd edir ki, vətəndaşların xərclərinin azaldılması üçün vergi siyasətinə yenidən baxılmalıdır. Amma, o qeyd edib ki, TAP layihəsinin İtaliyaya xeyrini danmaq olmaz. Bu layihə enerji təminatında inqilab etməyəcək, amma hər halda alternativ mənbədən əlavə qaz alınması mühüm əhəmiyyət kəsb edir. Azərbaycandan alınacaq qaz sayəsində İtaliyada qazın qiyməti aşağı düşə bilər. “Şahdəniz” konsorsiumu TAP-ı seçərkən “Nabucco”ya nisbətən daha az xərc çəkiləcəyini əsas götürüb. TAP layihəsi milli enerji strategiyası planına daxildir. Azərbaycan qazı Avropaya İtaliya vasitəsilə daxil olacaq. Bu nəql sayəsində çoxlu metan axını olacaq ki, sonradan onu Avropaya satmaq mümkün olacaq. “Snam” şirkəti isə qazın tranzitinə görə gəlir əldə edəcək. İtaliya şirkətinin Qafqaz layihəsində iştirakını kurasiya edən vəkil bürosunun üzvü Nikol Skvillaçe hesab edir ki, nəticələr daha artıq ola bilər. Məsələ ondadır ki, Azərbaycanla Türkmənistan arasında qaz nəqlinə dair müqavilə var. Arada olan bəzi mübahisələr həll olunduqdan sonra əlavə mənbə yaranacaq”. Müəllif daha sonra yazır ki, Azərbaycanın dövlət neft şirkəti olan SOCAR-ın Sardiniyada yerləşən “Saras” neft zavodu ilə maraqlanması ilə bağlı xəbərlər artıq 3 ildir ki, dolaşır. Bu zavod Moratti ailəsinə məxsusdur: “Mərkəzi ofisi Cenevrədə yerləşən “SOCAR Trading” investisiya şirkətinin rəhbəri Valerii Qolovuşkin hələ 2010-cu ildə bu marağı dilə gətirib. 2012-ci ildə “Repubblica” qəzetində bu məsələ ilə bağlı danışıqlarda müsbət irəliləyiş olmadığı qeyd edildi. 2013-cü ilin aprel ayının 15-də “Saras” zavodu Rusiyanın “Rosneft” şirkəti ilə müqavilə imzaladı və şirkətin səhmlərinin sonradan 21 faizə çatdırmaq şərti ilə 13 faizini aldı. İyulun 5-də “Rosneft” SOCAR-la neft sahəsində uzunmüddətli əməkdaşlıqla bağlı müqavilə imzalandığını açıqladı. Ekspertlərin fikrincə, Rusiya-Azərbaycan razılaşması “Saras”ın taleyini həll etdi. Bir məsələ aydındır ki, Azərbaycanın aydın enerji strategiyası var: karbohidrogen ehtiyatlarının işlənməsindən tutmuş bölüşdürülməsinə kimi bütün sistemi investisiyalaşdırmaq. Məsələn, Bakı Yunanıstanın qaz şəbəkəsinin, İsveçrədə yanacaqdoldurma məntəqələrinin sahibidir. Eyni hal Ukrayna və Gürcüstanda da yaşanır. Daha böyük investisiya Türkiyəyə yatırılıb. Bu strategiyada İtaliya hələ ki, olmayan həlqədir».

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info