“Ritm orkestrin aparıcı qüvvəsidir”
Tarix: 15.08.2013 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


Şahvələd Qürbətov: “Tariximiz kökümüzün kim olduğunu isbat edən amildir. Ən əsası da “Qaval daşı” abidəsi mədəni dəyərlərimizin əyani sübutudur”

Müsahibimiz Azərbaycan Dövlət Televiziyası və Radiosunun S.Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinin zərb alətləri konsertmeysteri Şahvələd Qürbətovdur:

-Şahvələd müəllim, musiqi 38 il ərzində həyatınızın bir parçası oldu. Bu barədə sizin təəssüratlarınızı öyrənmək istərdik... Musiqi sizin həyatınızda hansı izləri qoydu?
- Mənim üçün musiqi başqa bir aləmdir. Çünki özümü dərk edəndən musiqilə yaşamışam. Professional musiqiyə gəlişim isə 1975-ci ildə Səid Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinə tar ifaçısı olaraq daxil olmuşam. Lakin tar ifaçısı olmağıma baxmayaraq, mən həmişə ritmə, zərb alətlərinə, nağaraya maraq göstərmişəm. Və hər zaman nağarada ifa edərdim. 3 il idi ki, orkestrdə fəaliyyət göstərirdim. Bir gün nağarada ifa etməyim orkestrin bədii rəhbəri Nəriman Əzimovun diqqətini cəlb etdi. O, mənim nağarada ifa etməyimi eşidib, dərhal məni orkestrdə nağara ifaçılığına keçirdi. O gündən, yəni 1977-ci ildən bu günə qədər mən orkestrdə nağarada ifa edirəm. Həmçinin də orkestrdə zərb alətləri konsertmeysteriyəm. Orkestrdə fəaliyyətdə olduğum ilk gündən bir çox xarici dövlətlərdə səfərdə olmuşuq. Səfərdə olduğum ölkələrin bir neçəsinin adını sadalaya bilərəm. Qvineya, Anqola, Konqo, Liviya, Siniqal, Norveç, Danimarka, Polşa, Slovakiya, Türkiyə, İran və s. kimi ölkələrdə öz musiqimizi təbliğ etmişəm. Orkestrdə çalışdığım zaman böyük bəstəkarımız Cahangir Cahangirov “Evlənmək istəyirəm”, yəni “Papaq” adı ilə tanıdığımız filmin çəkilişləri zamanı musiqi nömrələrinin səsyazmasında məni kinostudiyaya dəvət etdi. Həmin o filmdə nağara ifaçısı mənəm. Həm tamaşaçılar, həm də musiqiçilər arasında marağa səbəb olub ki, filmdə səslənən nağara ifaçısı kimdir. Hansı ki “Papaq” filmində ifa etdiyim ritm bu gün rəqs kimi dəbdədir.
- Musiqi aləmini həyatınızda necə qiymətləndirərdiniz?
- Musiqi aləmi mənə çox əziz və doğmadır. İfa etdiyim alət isə sanki mənim bir övladımdır. Çünki mən bu alətə çox bağlıyam. Övladlarıma sevgi göstərdiyim kimi, musiqi alətinə də o cür sevgilə yanaşmışam. Musiqi aləminin mənə əziz olmasının səbəbi həm bu sahədə qazandığım nailiyyətlər, dəm də hörmətli və görkəmli incəsənət xadimlərilə ünsiyyətdə olmağımdır. Musiqi dolu dünyamda mən SSRİ Xalq artisti Fikrət Əmirov kimi, Səid Rüstəmov kimi, Süleyman Ələsgərov kimi, Ramiz Mirişli, Hacı Xanməmmədov kimi görkəmli insanlarla ünsiyyətdə olmuşam. Buna görə özümü çox xoşbəxt sayıram. Mən orkestrdə bir çox müğənniləri müşayiət etmişəm. Şövkət Ələkbərova, Gülağa Məmmədov, Məmmədbağır Bağırzadə, Nisə Qasımova, Firəngiz Əhmədova, Lütviyar İmanov kimi bir çox müğənniləri müşayiət etmişəm. Bu da mənim üçün böyük bir şərəfdir.
- Ritm və musiqi, bunların vəhdəti necə ifadə olunur?
- Bir nüansı qeyd etmək istərdim ki, Azərbaycan Televiziyasında keçirilən IV Muğam televiziya müsabiqəsində münsiflər sırasında olan ustad sənətkarımız Əlibaba Məmmədov bir söz işlətdi. Əlibaba müəllim müsabiqənin iştirakçılarından birinə izah edib dedi ki, hər şey ritm üzərində qurulur. Əlbəttə ki, ritm olmasa, heç bir musiqidən danışmaq olmaz. Yəni, bir sözlə, bəstəkar yazdığı musiqini ritm üzərində yazır. Ritmi düşünüb yazır. Oxuyanın belə ritmi olmasa, o oxuyan deyil. Xalq Çalğı Alətləri orkestrində ritm ikinci dirijor deməkdir. Ola bilər ki, ritm dirijordan bir az qabaq gedə bilər və o an bütün orkestr ritmin dalınca gedəcək. Yəni ki, ritm orkestrin aparıcı qüvvəsidir.
- Azərbaycan ritminin incəsənət sahəsində xüsusiyyəti...
- Bugünkü Azərbaycan ritm sənətində mən xüsusilə “Natiq ritm qrupu”nu qiymətləndirmək istərdim. Natiq cavan olmağına baxmayaraq, belə möhtəşəm bir qrup yaratdı. Həmin qrupun fəaliyyətinin əsas məqsədi isə Azərbaycan ritm sənətini dünyada layiqincə təmsil etməkdir. Mən müşahidələrimdə onu da görürəm ki, bu qrupun fəaliyyəti dünya tamaşaçılarının böyük alqışları ilə qarşılanır. Şübhəsiz ki, xarici ölkələrdə də bizim ritmləri qəbul ediblər. Bu gözəl işdir ki, bizim milli ritmlərimiz dünyada təbliğ olunsun. Mən qastrol səfərlərimdə Afrika dövlətlərində də olmuşam və onların ritmlərinədə yaxından bələd oldum. Ancaq dünyada yalnız iki dövlətin ritmlərinə qibtə edirəm. Bir Afrika ritmlərinə, bir də Hindistan ritmlərinə. Mən onların ritmlərinə çox həvəslə qulaq asıram.
Mən çox arzu edərdim ki, bizim ritmlər toy şənlikləri üçün deyil, əsl savad üçün öyrənilsin. Yəni ki, not öyrənsinlər. Nağaranı musiqi aləti kimi dərk etsinlər. İstərdim ki, bizim gənclərimiz ritmin notunu öyrənsinlər. Çünki notun özü musiqi deməkdir. Qısa mənada desək, hər bir alətin ifaçısı kimi nağara ifaçısının da musiqi savadı olmalıdır.
- Sizin fikrinizcə, Azərbaycan musiqisi dünyada təbliğ olunan zaman xarici tamaşaçılar milli ritmlərimizə necə münasibət göstərirlər?
- Biz xarici dövlətlərdə qastrol səfərlərdə olduqda hər konsert proqramında nağara ritm solasını ifa etməyə məcbur edirdilər. Üstəlik təəccüblə gəlib nağaraya baxırdılar ki, yəni əl ilə bu səsləri çıxarmaq olarmı? Çünki başqa xalqların nağara alətləri müxtəlif ölçüdə olduqları üçün onların hərəsindən müxtəlif səs tembrləri çıxır. Ancaq bizim nağarada bir alətdən bir çox səs tembrləri alınır. Bunun özü də böyük bir ustalıq deməkdir. Əlbəttə ki, xarici ölkələrdə tamaşaçılar həm maraqla dinləyir, həm də alətimizə diqqət göstərirlər.
- Qədim zamanlardan bu günə qədər xalqımızın “Qaval daşı” kimi tanıdığımız dəyərli bir abidəsi var. Sizcə, “Qaval daşı”nın ritmdə sirri nədədir?
- Mənim yadımdadır ki, keçən əsrdə ilk dəfə Çingiz Mehdiyev “Qaval daşı”nda ifa etmişdi. İndiki dövrə nəzər salsaq, “Natiq ritm qrupu” da qiymətli abidəmizdə ifa edib. Mən bunu da çox yüksək qiymətləndirirəm. Çünki bu abidə də bizim xalqın əzəli tarixidir. Tariximiz kökümüzün kim olduğunu isbat edən amildir. Ən əsası da “Qaval daşı” abidəsi mədəni dəyərlərimizin əyani sübutudur.
- Gələcəkdə Azərbaycan ritm sənətində yüksəlişlər görürsünüzmü?
- Mənim ümidim “Natiq ritm qrupu”nadır. Sənətlərini təkmilləşdirsələr, daha da yaxşı olar. Yəni ki, qaval aləti, qoşanağaradan da istifadə etsələr, daha da yaxşı olar. Sırf nağara ilə ifa etməsinlər. Mən ancaq bunu məsləhət görərdim.
- Muğamda ritmi necə almaq olur?
- Muğamın özü də ritm üstündə qurulur. Ritmik muğamlar var: “Heratı”, “Kürd ovşarı”, “Simayi-şəms”, “Arazvarı” kimi muğamların hamısı ritmik muğamlardır. Arada ritmlər çalınır, daha sonra muğam ifa olunur. Muğamı bilməlisən ki, ritmi tuta biləsən. Muğamda da ritm çox vacib bir şeydir.
- Gənclərimizin ritmə qarşı marağını necə görürsünüz?
- Açıq şəkildə deyə bilərəm ki, gənclərimizin ritmə çox böyük marağı var. Elə məhz toy şənliklərində musiqidən çox, ritmə üstünlük verirlər. Bu da əlbəttə ki, çox sevindirici haldır.
- Sənət fəaliyyətinizdə bundan sonra nələri etmək istərdiniz?
- Sənət fəaliyyətim hələ davam edir. 3 ildən sonra artıq təqaüdə çıxacağam. Nağara, ümumiyyətlə, gəncliyi sevir. Bu, idmana bənzər bir alətdir. Bura qol gücü, enerji lazımdır. Ancaq onu deyə bilərəm ki, nağara mənə 38 ildə yoldaş oldu.

Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info