Yeni siyasi reallıqlar və iflasa uğrayan müxalifət
Tarix: 15.08.2013 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


Seçkiqabağı proseslər və bir sıra prezidentlərin Azərbaycana gəlişi ölkədə yeni siyasi durumu yaratmaqdadır. Bu yeni vəziyyət fonunda isə müxalifətin siyasətinin iflası və vahid namizədin Moskvada oturaraq susması, müxalifəti dəstəkləyən seçicilərdə ümidsizlik və narazılıq kimi hisslər yaradır.
Son iki günün siyasi hadisələri göstərdi ki, artıq müxalifətin planları iflasa uğrayır. Xaricdə oturan və oradan siyasi prosesləri idarə etmək istəyən şəxsin isə Azərbaycana gəlmək istəməməsi və pasport məsələsini bəhanə etməsi sübut edir ki, o, əslində həmişə qeyd etdiyi kimi, xalqı, dövləti və ona səs verə biləcək seçiciləri deyil, hansısa merkantil maraqları güdür. Beləliklə, biz hazırda “milli şura”nın siyasətinin iflasının və bu şura daxilində intriqaların yaranmasının şahidi oluruq.
Bütün bunlar isə qeyd etdiyimiz kimi, Azərbaycana artıq reallaşmış və yaxın vaxtda da reallaşacaq türkdilli dövlətlərin başçılarının səfərləri fonunda baş verdi. Əhəmiyyətli səfərlərdən biri də iki gün əvvəl reallaşdı və Rusiya prezidentinin Azərbaycana gəlişi oldu. Heç şübhəsiz, bu səfər Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərgin olduğunu yazan və Moskvada oturaraq ölkədə vəziyyəti qarışdırmağa cəhd edən qüvvələrə böyük zərbə oldu. Rusiya prezidenti öz səfəri və imzalanan müqavilələrlə Azərbaycan Prezidenti ilə gələcəkdə də işləmək niyyətində olduğunu göstərdi. Müxalifətin bu və yaxın günlərdə reallaşacaq səfərləri necə izah etməsindən asılı olmayaraq son hadisələr göstərdi ki, hazırda seçkiqabağı tam yeni siyasi situasiya yaranıb və bu situasiyada yeganə uduzan tərəf yalnız “milli şura”dır.

Maraqlı səfər və yeni əməkdaşlıq
imkanları


Rusiya prezidentinin səfəri dünya mətbuatında da yer aldı, məsələn, “BBC” bu səfəri Moskvanın İlham Əliyevə dəstəyinin nümayişi kimi qiymətləndirdi. Rusiya mətbuatı bu səfəri yeni əməkdaşlıq, dostluq, humanitar əlaqələrin inkişafı kimi şərh etdi. Amma Rusiya prezidentinin Azərbaycana səfəri maraqlı detalla da yadda qaldı və bu da prezidentin Bakıya hərbi donanmanın müşayiətilə gəlişi və xüsusilə də Xəzər donanmasının ən güclü gəmisinin Bakı buxtasına daxil olması idi. Qeyd edək ki, Bakı buxtasında komandiri azərbaycanlı olan “Dağıstan” adlı raket gəmisi Xəzər flotilyasında “Stels” texnologiyası və “Kalibr-NK” universal raket kompleksi ilə təchiz olunan gəmidir ki, bu da ABŞ-ın flotilyasındakı gəmilərdən hərbi texniki xarakteristikasına görə geri qalmır. Öz-özlüyündə bu addım Rusiyanın Xəzər hövzəsində və xüsusilə də Azərbaycanda maraqlarını heç bir şərtlə ABŞ və Avropaya güzəştə getməyəcəyinin, Cənubi Qafqaz və Xəzər hövzəsində özündən başqa heç bir gücü görmək istəməməsi hissinin açıq ifadəsi idi. Bu həm də 2013-2015-ci illər ərzində yaranacaq kontinental dövlətin Azərbaycanda olan maraqlarının nümayişi oldu.

Kontinental dövlət

Bildirmək lazımdır ki, ABŞ-ın hakimiyyəti altında dünya dövlətinin qurulması, atlantist siyasətlə bərabər, dünya bu gün Avrasiya regionunda kontinental dövlətin yaranmasının şahidi olur. Bu dövlətin qurulmasında Rusiyanın müstəsna xidmətləri olsa da, kontinental dövlət keçmiş postsovet məkanındakı ərazilərdən kənarda qurula bilməz. Avrasiya İttifaqı məsələsi məhz Vladimir Putinin hakimiyyətə gəlişindən sonra aktuallaşdı. Bundan əvvəl isə Rusiya Qərbin əlində oyuncağa çevrilmiş siyasətçilər tərəfindən idarə olunurdu. Vladimir Putinin Rusiyada 2000-ci ildə hakimiyyətə gəlişi Rusiyanı parçalanmaqdan qutarmaqla yanaşı, onun 10 ildən sonra Avrasiya materikində ən güclü dövlət olmaq istəyini də təmin etdi. SSRİ-nin nostalgiyası ilə yaşayan və hər vəchlə postsovet məkanında yeni siyasi-hərbi və konfederativ birliyi yaratmağa cəhd edən və heç bir şəkildə bunu gizlətməyən Rusiya on il ərzində valyuta resurslarını gücləndirdi, demoqrafik siyasətdən başqa bir çox sahələrdə ciddi uğurlara imza atdı. Putinin keçmiş DTK əməkdaşı olmasının onun və Rusiyanın dünya miqyasında imicinə zərbə vurmasına baxmayaraq, Kremlin təcrübəli spin doktorları (siyasi mütəxəssisləri) ölkədə demokratik dəyişiklikləri proqnozlaşdıra, dünyadakı siyasi proselərə çevik reaksiya verə bildilər. Rusiyanın təşəbbüsü ilə 1992-ci ildə yaranan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, 2000-ci ildə yaranan Avrasiya İqtisadi Birliyi-EvrAzES, 2009-cu ildə əsası qoyulan, tərkibində Rusiya, Qazaxıstan və Belarusun olduğu və 20 milyon kv. km ərazini əhatə edən Gömrük İttifaqı, bundan sonra Vahid İqtisadi Məkan yarandı və bu proses bundan sonrakı mərhələdə Avrasiya İttifaqının yaranmasını nəzərdə tutur. Qırğızıstan və Tacikistan da Avrasiya İttifaqına birləşmək niyyətini bildiriblər. Özbəkistanın gah Qərbə, gah da Rusiyaya meyil etməsi və hər dəfə GUAM, KTMT kimi təşkilatlara üzv olub oradan çıxması artıq bu dövlətin stabil bir xarici siyasətə malik olmadığını göstərir. Ermənistanın Rusiyanın fortpostu olduğu haqda geniş danışmağa isə ehtiyac yoxdur. Orta Asiyada yalnız bütün təşkilatlara münasibətdə neytral qalan Türkmənistanın isə qonşu dövlətlərin bu birliyə daxil olmasından sonra hansı çətin vəziyyətə düşəcəyi məlumdur. Eyni zamanda narıncı inqilablardan sonra postsovet məkanında nüfuz hakimiyyətini itirən Rusiya ötən ildən etibarən bir çox ərazilərdə öz nüfuz hakimiyyətini də bərpa etdi. Ukrayna və daha sonra Gürcüstanda Rusiyaya loyal olan hakimiyyətlərin qurulması Qərbin siyasətini iflasa uğratdı. Bu gün NATO və Avropa Birliyini seçmiş Baltikyanı ölkələri, eləcə də Türkmənistan və Azərbaycan çıxmaqla postsovet məkanının bütün dövlətləri hazırda MDB məkanında bu və ya digər sırf hərbi-siyasi və iqtisadi birliyin üzvləridirlər və bu da keçmiş SSRİ ərazisinin 80 faizi deməkdir. Son illərin siyasi prosesləri göstərir ki, hazırda Rusiyanın hədəfi Cənubi Qafqazda və Xəzər hövzəsində yeganə güc sahibi olmaq, böyük kontinent dövlətini yaratmaqdır.

Artan maraqlar

Qeyd edək ki, zəngin karbohidrogen ehtiyatlarına malik olan, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan və Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini formalaşdıran Azərbaycanın bu təşkilata qoşulmasını Rusiya çox istəyərdi. Bu ilk olaraq Avropanın Rusiyadan olan enerji asılılığını azaltmaq istiqamətindəki siyasəti və ümidlərinin puç olması deməkdir. Bizim üçün ən əsas məsələ olan Dağlıq Qarabağ məsələsində isə Minsk qrupunun həmsədri olan Rusiyanın aktivliyi müşahidə olunmur. Digər həmsədr dövlətlər isə münaqişənin həlli deyil, donmuş vəziyyətdə olması və bundan istifadə edərək Ermənistan və Azərbaycana təzyiqdə maraqlıdırlar. Təəssüf ki, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən, NATO-nun antiterror və sülhməramlı əməliyyatlarında yaxından iştirak edən, böyük dövlət və qonşu olan Rusiyanın ABŞ və Avropaya qısqanc mövqeyini və Cənubi Qafqazda maraqlarını da nəzərə alan, heç bir güc mərkəzini narazı salmamaq üçün Qoşulmamaq Hərəkətına qoşulan və balans siyasəti yeridən Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindəki maraqları heç cür nəzərə alınmır. Hazırda ölkəmizin yeni siyasi reallıqlar fonunda düşdüyü vəziyyət ondan ibarətdir ki, müxtəlif bloklara qoşulmaq qarşılığında qazanacağımız dividendlər bilinmir.
Əlimərdan Sultanov




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info