Beynəlxalq sərgilərdə türk dünyası vahid təqdimatla çıxış edə bilər
Tarix: 16.08.2013 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


“Dünyanın ən mötəbər iqtisadi qurumu olan Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliyinə görə dünyada 46-cı yerdədir. Aparılan iqtisadi islahatlar, təbii ki, zəngin təbii resurslar bizim ölkəmizin inkişafına xidmət göstərir. Ona görə iqtisadi sahədə əməkdaşlığın dərinləşməsi üçün yeni imkanlar var”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ şəhərində keçirilən Zirvə toplantısında yekun nitqi zamanı bildirib. Prezident bildirib ki, Azərbaycan investisiya layihələrini ölkə daxilində və xaricdə icra edir: "Hesab edirəm ki, ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətləri qarşılılıqlı investisiyaların qoyuluşuna da xidmət göstərir. Hər halda Azərbaycan bu istiqamətdə öz addımlarını atmaqdadır. Bizi enerji və nəqliyyat dəhlizləri birləşdirir. Bu da böyük sərvətimizdir. Üzv olan ölkələrin böyük təbii sərvətləri, böyük coğrafiyası var. Bütün bu səylər artıq hər bir ölkənin inkişafını təmin edir. Əlbəttə, enerji diplomatiyasının davam etdirilməsi və bu sahədə səylərimizin koordinasiyası hesab edirəm ki, zərurətdir və gələcək illərdə biz bu istiqamətdə öz işlərimizi davam etdirəcəyik". Prezident İlham Əliyev çıxışında təklif edib ki, birgə səylərlə türk dünyasının turizm potensialı və türk dünyasının turizm mərkəzləri haqqında birgə sərgi də keçirilə bilər: "Bu sərgi həm ölkələrimizdə, həm də başqa ölkələrdə keçirilə bilər. Yaxud da bununla bərabər, mötəbər beynəlxalq sərgilərdə türk dünyası vahid bir təqdimatla çıxış edə bilər. Çünki bizim ölkələrimizdə çox gözəl turizm imkanları var. Bizim ölkələrimizi birləşdirən turizm potensialı güclənir. Qara, Aralıq, Xəzər dənizləri, İssık göl, yəni bu, dünya miqyasında çox mötəbər turizm istiqamətləridir. Bizim ölkələrimizdə təbiət çox gözəldir. Təmiz hava, dağlar, meşələr, çaylar, yəni birgə turizm təqdimatı hesab edirəm ki, həm birliyimizi əks etdirər və təqdim edər, eyni zamanda praktiki nöqteyi-nəzərdən ölkələrimizə turistlərin axınını gücləndirmiş olar".

Quruma üzv olan ölkələrdə bilikli, savadlı gənc nəsil yetişib

Dövlət başçısı qeyd edib ki, bu gün eyni zamanda yeni informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı təkliflər səslənib: "Azərbaycan bu istiqamətdə öz işlərini davam etdirir. Bu ilin əvvəlində Azərbaycanın ilk telekommunikasiya peyki orbitə buraxılıb və beləliklə, Azərbaycanda kosmik sənayenin inkişafına start verildi. Bu sahə təbii ki, bilavasitə humanitar sahə ilə bağlı olan sahədir. Çünki informasiya-kommunikasiya texnologiyaları bilikdir, savaddır, innovasiyadır və əlbəttə ki, humanitar sahənin inkişafı hər bir ölkə üçün çox önəmlidir". Dövlət başçısı daha sonra bildirib ki, quruma üzv olan ölkələrdə bilikli, savadlı gənc nəsil yetişib: "Bu da bizim ölkələrimizin gələcək müstəqilliyini təmin edəcək. Biz dünya xəritəsinə nəzər salsaq görərik ki, inkişaf etmiş ölkələr ona görə inkişaf ediblər ki, burada elmi-texniki tərəqqi sürətlə gedib. Elmə, təhsilə qoyulan vəsait kifayət qədər olub. Gələcəkdə bu istiqamətdə görülən işlər hər bir ölkənin gələcək inkişafını və müstəqilliyini gücləndirəcək. Ona görə də innovasiya, elm, təhsil sahəsində bizim ölkələrimiz arasında kifayət qədər geniş əməkdaşlıq var. Hesab edirəm ki, gələcək illərdə bu, daim diqqət mərkəzində olmalıdır".

Xəzər dənizində tikilən dəniz limanı bölgənin ən böyük limanı olacaq

Prezidentin sözlərinə görə, təbii ki, gündəlikdə dayanan məsələlərdən biri də nəqliyyat məsələsidir: "Burada artıq biz hamımız həmfikirik. Burada bütün çıxışlarda nəqliyyatla bağlı olan məsələlər qeyd olundu. Və biz yeni nəqliyyat infrastrukturunun yaradılması ilə türk dünyasını nəqliyyat şəbəkəsi ilə də birləşdiririk. Eyni zamanda ölkələrimiz üçün, gələcək üçün güclü bir nəqliyyat infrastrukturu yaradırıq ki, əsrlər bundan sonra xalqlarımız bundan istifadə edəcəklər və iqtisadi cəhətdən bizə əlavə fayda gətirəcək. Azərbaycanda bu istiqamətdə görülmüş işlər haqqında mən öz giriş sözümdə fikirlərimi bildirdim. Əlavə etmək istəyirəm ki, bu gün Xəzər dənizində tikilən dəniz limanı bölgənin ən böyük limanı olacaq. Onun yükqəbuletmə qabiliyyəti mərhələlər əsasında 20 milyon tona çatacaq. Bakı-Tbilisi-Qars dəmiryolunun, Bakıda dəniz limanının istifadəyə verilməsi koordinasiya şəklində aparılır”.

Türk dünyasını tolerantlıq məkanı kimi dünyaya təqdim etməliyik

Prezident qeyd edib ki, çıxışlarda xalqlarımıza xas olan tolerantlıq haqqında danışılıb: “Həqiqətən bizim ölkələrimizdə yaşayan bütün xalqlar, onların etnik yaxud da dini mənsubiyyətindən asılı olmayaraq bütün hüquqlardan istifadə edirlər, heç vaxt hər hansı bir xoşagəlməz hallar yaşamırlar. Bu bizim sərvətimizdir və biz çalışmalıyıq ki, türk dünyasını eyni zamanda tolerantlıq məkanı kimi dünyaya təqdim edək. Biz Azərbaycanda bu istiqamətdə müxtəlif tədbirlər keçiririk. Bilirəm ki, digər qardaş ölkələrdə də belə tədbirlər keçirilir. Xüsusilə 2-ci Bakı mədəniyyətlərarası beynəlxalq forumunun fəaliyyətini qeyd etmək istəyirəm və bizim qardaşlarımızın gələcək forumlarda fəal iştirakını arzulayırıq. Bu forum artıq dünya çapında özünəməxsus yer tuta bilmişdir. Burada xalqlarımızın, ölkələrimizin gələcəyi ilə bağlı digər dəyərli fikirlər səsləndirilmişdir, xüsusilə demoqrafik vəziyyətlə bağlı fikirlərə öz münasibətimi bildirmək istəyirəm. Bizim ölkələrimizdə demoqrafik vəziyyət çox müsbətdir, təbii artım baş verir. Dünyanın bir çox ölkələrində vəziyyət tam başqadır. Bu bizim böyük sərvətimizdir və bu günün və gələcəyin potensialıdır. Ancaq o da sirr deyil ki, demoqrafik vəziyyət o vaxt üstünlük təşkil edir ki, iqtisadi inkişaf sürətlidir. Demoqrafik vəziyyət mütləq iqtisadi islahatlarla tamamlanmalıdır. Əgər bu olmasa, əgər iqtisadiyyat inkişaf etməsə, amma əhali artarsa, o zaman bu problemə çevrilə bilər. Əgər demoqrafik vəziyyət iqtisadiyyatla bərabər artarsa, o zaman bu böyük potensial, böyük gücdür. Gələcəkdə dünyada qlobal problemlərin həlli üçün ölkələrin potensialı o cümlədən demoqrafik vəziyyətlə də bağlı olacaq”.

Diaspor təşkilatları birgə fəaliyyət göstərməlidir


Prezident qeyd edib ki, xaricdə yaşayan diaspor təşkilatlarımızın birgə fəaliyyəti çox önəmlidir: “Biz Azərbaycanda və Türkiyədə vaxtaşırı Türkiyə, Azərbaycan diaspor təşkilatlarının toplantılarını keçiririk və hesab edirəm ki, bu sahədə də səylərimizin birləşməsi faydalı olardı, çünki bu gün xaricdə yaşayan və xalqlarımızı təmsil edən milyonlarla soydaşlarımız vardır və onları təşkilatlandırmaq, bir araya gətirmək üçün hesab edirəm ki, gözəl imkanlar mövcuddur. Diaspor təşkilatları ayrı-ayrılıqda fəaliyyət göstərirlər, bir çox hallarda öz fəaliyyətlərini koordinasiya edirlər. Ancaq bu formatda bütün Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor təşkilatlarının birləşməsi də hesab edirəm ki, hər cəhətdən işimizi daha da asanlaşdırar. Bir sözlə, əziz dostlar, hörmətli dövlət başçıları, əminəm ki, bugünkü zirvə görüşü növbəti uğurlu bir mərhələ olacaqdır. Azərbaycan bu gündən şuraya sədrliyi öz üzərinə götürür. Sizi əmin etmək istəyirəm ki, var gücümüzlə işləyəcəyik ki, növbəti bir il ərzində bizim təşkilatımız daha da güclənsin və qarşıda duran bütün vəzifələr uğurla həyata keçirilsin”.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Azərbaycandan kənarda yaşayan soydaşlarımız öz qüvvələrini toplamalıdırlar”
26.09.2018
“Biz Ukraynada Yuri Qaqarin də olsaq...”
26.09.2018
Millət vəkili: Azərbaycan dünya kosmik sənayesində mövqelərini möhkəmləndirir
26.09.2018
Əli Laricani: Azərbaycan Prezidenti İlham Əliyev uğurlu xarici siyasət aparır
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info