“Qafqazda ikinci erməni dövləti yaradılması mümkün deyil”
Tarix: 08.07.2019 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


Lüksemburqda ATƏT Parlament Assambleyasının yekun plenar iclası davam edir. Azərbaycan nümayəndə heyətinin üzvləri çıxışlarında Dağlıq Qarabağ məsələsini də qabardıblar. AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova iclasda çıxış edib. ATƏT məkanında təhlükəsizliklə əlaqədar problemlərin həlli yollarının tezliklə işlənib hazırlanması zərurətinə diqqəti cəlb edən B.Muradova vurğulayıb ki, belə problemlərdən biri də dondurulmuş münaqişələr, qaçqınlar və məcburi köçkünlər problemidir. “Bu, bizim evimizdir, biz burada doğulmuşuq. Bu küçədə bizim uşaqlıq illərimiz keçib. Məktəbimizi, dostlarımızı, şəhərimizi necə unudaq? Doğmalarımızın məzarları buradadır. Biz yurdumuza qayıtmaq, bu məzarları ziyarət etmək istəyirik. Mənim ölkəmin işğal olunmuş hissəsində onlarca belə şəhər və kənd var. Həmvətənlərimizin, mənə doğma insanların ruhu orada dolaşır. Bunu demək çox ağırdır” – deyən Bahar Muradova daha sonra əlavə edib ki, miqrasiya heç də həmişə insanların könüllü seçimi nəticəsində baş vermir. Bəzən bu, milli mənsubiyyət əlamətinə görə zorla öz yurdundan qovulmanın və ayrı-seçkiliyin nəticəsi olur.
O, iki hərbi əsirin dəyişdirilməsi faktına görə razılığını bildirib, lakin Ermənistana müraciətlə Azərbaycanın təklif etdiyi “hamının hamıya” dəyişdirilməsi formulunu qəbul etməyə çağırıb. Bundan əlavə o, konkret nəticəyə yönəlmiş substantiv danışıqlar aparmağa çağırıb, qeyd edib ki, “danışıqlar xatirinə danışıqlar” məsələni düyünə salır.
Deputat çıxışının sonunda deyib: “Ordu kazarmalara, köçkünlər isə doğma evlərinə qayıtmalıdırlar”.
ATƏT PA-nın yekun plenar iclasında Milli Məclisin deputatı Kamran Nəbizadə də çıxış edib. Natiq öz çıxışında enerji təhlükəsizliyi, Avropa bazarının Köhnə Dünyanın zəruri enerji ehtiyatları ilə təmin olunmasında Azərbaycanın və bütün Xəzər regionunun rolu mövzusuna toxunub. Deputat vurğulayıb ki, Azərbaycan enerji resurslarının Avropa İttifaqına nəqlinin şaxələndirilməsində mühüm rol oynayır. Daha sonra o bildirib ki, ATƏT üzvü olan ölkələr ikili standartlardan əl çəkməli, dondurulmuş münaqişələrin dinc, diplomatik yolla nizamlanması üçün əllərindən gələni etməlidirlər. Nəzərə almaq lazımdır ki, terrorizm, təcavüz, işğal və hərbi münaqişələr bütün ATƏT məkanında ümumi enerji siyasətinin və siyasi sabitliyin təmin edilməsi üçün ciddi risklər yaradır.
Deputat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Aland adaları modelindən istifadə edilməsi təklifinə görə finlandiyalı həmkarına təşəkkürünü bildirib. O xatırladıb ki, Azərbaycan Dağlıq Qarabağ regionunun erməni icmasına Azərbaycanın tərkibində geniş muxtariyyət verilməsini dəfələrlə təklif edib, lakin Yerevan hər dəfə bu təklifi rədd edir, Cənubi Qafqazda ikinci erməni dövləti yaradılmasında israrlı olduğunu bildirir. Kamran Nəbizadə deyib: “Bu isə mümkün deyil”.

Deputat plenar iclasda Ermənistanın humanitar hüquq normalarına zidd hərəkətlərini diqqətə çatdırıb

ATƏT PA-nın Lüksemburqda keçirilən plenar iclasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva da çıxış edib. Azərbaycanlı siyasətçi öz çıxışında artıq başa çatan beşgünlük tədbirin yüksək səviyyədə təşkilinə görə lüksemburqlu həmkarlarına təşəkkürünü bildirib.
Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalının davam etməsini və artıq beşinci ildir erməni tərəfindən iki azərbaycanlı məcburi köçkünün – Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov saxlanılması faktını xatırladan deputat diqqətə çatdırıb ki, üçüncü məcburi köçkün Həsən Həsənov qətlə yetirilib. O əlavə edib ki, erməni tərəfi girov şəxsləri doğma Kəlbəcərdə valideynlərinin məzarını ziyarət etmək cəhdində həyasızcasına ittiham edir.
Ü.Ağayeva qeyd edib ki, girov götürülmüş şəxslərin bu yaxınlarda çəkilmiş şəkilləri onların qeyri-insani fiziki işgəncələrə məruz qaldıqlarını göstərir.
Milli Məclisin deputatı Ermənistanın humanitar hüquq normalarına məhəl qoymadığını diqqətə çatdırıb və həmkarlarını, habelə onların şəxsində bütün beynəlxalq ictimaiyyəti bu məsələyə biganə qalmamağa və sağ qalmış iki girov şəxsin öz ailələrinə qaytarılmasını Ermənistandan tələb etməyə çağırıb.


“ATƏT məkanında təhlükəsizlik, əməkdaşlıq və sülh kimi prinsiplərin dəstəklənməsindən məmnunuq”

ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev də Assambleyanın Lüksemburqda keçirilən yekun plenar iclasında çıxış edib. Azərbaycan nümayəndə heyətinin üzvü öz çıxışında ATƏT-in Vankuverdən Vladivostoka qədər uzanan məkanında təhlükəsizlik, əməkdaşlıq və sülh kimi əsas prinsip və dəyərlərin Assambleya tərəfindən dəstəklənməsindən məmnunluğunu ifadə edərək deyib: "Bu gün biz bütün bu məkana həmin prinsiplərin ikili standartlar və coğrafi imtiyazlar olmadan tətbiq olunmasının zəruriliyi barədə çağırış edirik. Assambleya bir daha təsdiq etdi ki, təşkilata üzv ölkələr arasındakı münaqişələr dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll olunmalıdır".
Azay Quliyev Assambleya tərəfindən əsas azadlıqların və insan hüquqlarının, xüsusən öz doğma torpaqlarında didərgin salınmış qaçqınların və məcburi köçkünlərin haqlarının dəstəkləndiyini qeyd edib.
Milli Məclisin deputatı İpək Yoluna Dəstək Qrupunun məhsuldar fəaliyyəti barədə məlumat verərək deyib: "Qrup dialoqun inkişafı üçün səmərəli platformadır və biz digər ölkələri də ona qoşulmağa çağırırıq".

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ağdərə rayonunun işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb

Yeri gəlmişkən, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb.
Bəyanatı AZƏRTAC-a şərh edən “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini, professor Elçin Əhmədov bildirib ki, son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına uydurma “böyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü, 1988-1993-cü illərdə xalqımıza qarşı soyqırımı, terror, deportasiya və etnik təmizləmə kimi cinayətlər törədiblər. Ermənistan dövlətinin yürütdüyü təcavüzkar siyasət artıq 30 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirilir.
XX əsrin 80-ci illərinin sonunda ermənilər “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər. Bunun ardınca Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud şəkildə pozaraq Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistan SSR-yə birləşdirilməsi haqqında Konstitusiyaya zidd daha bir qərar qəbul etdi. Sovet rəhbərliyinin çox ciddi və bağışlanmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu - 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistan ilə həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. XX əsrin sonunda bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olub.
İyirmi altı il əvvəl – 1993-cü il iyulun 7-də ermənilər Xankəndidən 62 kilometr şimalda yerləşən və ümumi ərazisi 1705 kvadratkilometr olan, həmçinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan beş inzibati rayondan biri - Ağdərə rayonu və onun kəndlərini işğal etdilər. İşğala qədər Ağdərənin 14 kəndində (Sırxavənd, Bəşirlər, Qaraşlar, Qaralar, Baş Güneypəyə, Orta Güney, Xatınbəyli, Manikli, Tellibinə, Narınclar, Çərəktar, İmarət-Qərvənd, Umudlu, Yeni Qaralar) və Gəncxana sovxoz qəsəbəsində 14 mindən çox azərbaycanlı yaşamış və işğal zamanı rayonun bütün əhalisi öz doğma yurdlarından məcburən köçkün düşərək hazırda Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar.
“Hesab edirik ki, münaqişənin ədalətli həlli Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması haqqında BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələrin icra edilməsindən, Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf yeddi rayonundan təcavüzə məruz qalaraq məçburən köçkün düşmüş azərbaycanlıların doğma torpaqlarına qayıtmasından və beynəlxalq birlik tərəfindən tanınan ölkəmizin ərazi bütövlüyünün bərpasından sonra mümkündür. Yalnız bu halda iki ölkə arasında normal qonşuluq münasibətlərinin qurulması, regionda davamlı və ədalətli sülh təmin oluna bilər”, - deyə bəyanatda qeyd edilib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
“Özbəkistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
14.10.2019
“Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir”
10.10.2019
“Münaqişə nizama salınana qədər əsas birləşdirici ideya “Qarabağ Azərbaycandır“ olmalıdır”
08.10.2019
Terrorçuluq siyasətindən əl çəkməyən erməni təxribatçıları çirkin əməllərini idman sahəsində də nümayiş etdirirlər
07.10.2019
“Qarabağ Azərbaycandır!” beynəlxalq ictimai dəstək kampaniyasına başlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10915

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info