“4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
Tarix: 15.07.2019 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


662,9 bal toplayan Zaqatala rayon Muxax kənd 2 saylı məktəbin məzunu Məmmədvəli Əhmədov:
“Valideyinlərim heç vaxt seçimlərimə qarışmayıblar. İstər ixtisas seçimində, istər təhsillə bağlı və ya digər ailə-məişətlə bağlı seçimlərimdə həmişə addımlarımın arxasında, mənim yanımda olublar”

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin sayı bu il də kifayət qədər olub. I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə keçirilib. İlk qəbul imtahanı I-IV ixtisas qrupları üzrə mayın 12-də, ikinci imtahan isə iyunun 23-də olub. Mayın 12-də keçirilən imtahan zamanı 4948 abituriyent IV qrup üzrə imtahan verib. Abituriyentlərin 1373 nəfəri oğlanlar, 3575 nəfəri isə qızlar olub. IV ixtisas qrupu üzrə iyunun 23-də keçirilən qəbul imtahanlarında isə 4150 abituriyent imtahan verib. Beləliklə, bu ilki imtahan nəticəsində yüksək bal toplayan abituriyentlər də var. Müsahibimiz ali məktəblərə qəbul imtahanında 662,9 bal toplayan Zaqatala rayon Muxax kənd 2 saylı məktəbin məzunu Məmmədvəli Əhmədovdur:
- Bu il orta məktəbi başa vurmusunuz. Öncə 11 il təhsil aldığınız məktəblə bağlı təəssüratlarınızı bilmək istərdik.
- Mən 2002-ci ildə Zaqatala rayon Muxax kəndində anadan olmuşam. Ailədə anam, atam, iki qardaşıq. 2008-ci ildə Muxax kənd 2 saylı məktəbdə təhsil almağa başlamışam. Məktəb həyatımda önəmli hissələrdən biridir. Təhsillə yanaşı, həyata hazırlıq ocağıdır. İnsanın fərd, şəxsiyyət olaraq formalaşmasında önəmli faktordur. Çoxlu sayda insanı tanıyır və onlarla ünsiyyətə daxil olursan. Məktəb illərində tanıdığım insanlar (müəllimlər, sinif yoldaşlarım) yaddaşımda silinməz izlər buraxıb.
- Siz artıq buraxılış imtahanı və ali məktəbə qəbul imtahanında da iştirak etmisiniz. Bu imtahanlarla bağlı nə deyərdiniz?
-İlk dəfə kurikulum sistemi ilə təhsil alan, həmçinin bu sistem əsasında imtahan verən şagirdlər bizlərik. Bu sistem daha məntiqi və praktiki biliklərə üstünlük verir. İmtahanlar da nisbətən daha çətindir. Bu müasir Avro-Amerika təhsil sisteminə daha yaxındır.
- Bu gün abituriyentlərin bir çoxu imtahana hazırlaşarkən repetitora üstünlük verirlər. Siz necə, bundan yararlanmısınızmı?
-Təbii ki, bütün universitetə hazırlaşan abituriyentlər kimi mən də kurs, repetitordan yararlanmışam. Hazırlığımın əsas hissəsi Kainat tədris mərkəzində keçib. Yüksək bal yığmağıma görə Kainat kursu ilə yanaşı, məndə elmə həvəs yaradan Muxax 2 saylı məktəbin müəllimlərinə də təşəkkür edirəm.
- İmtahanlar barədə danışardınız. Necə keçdi, suallar asan idimi? Ümumiyyətlə, imtahanın gedişindən razısınızmı?
- Attestat imtahanında suallar nisbətən asan gəldi. 1-ci qəbul imtahanında sualların əksəriyyəti orta - ağır formada idi. 2-ci qəbul imtahanında isə bütün kateqoriyalara uyğun suallar vardı. Olduğum imtahan zalında imtahan şəffaflığı özünü göstərirdi. Sınaq imtahanında əksərən nəticəm yüksək olurdu.
- Hansı ixtisası seçmək qərarına gəlmisiniz və niyə məhz bu peşəni seçirsiniz?
- Tibb (əvvəlki adıyla müalicə işi) ixtisasını seçəcəyəm. 4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdı. Mən də arzuma və yığdığım bala uyğun olaraq bu ixtisası seçəcəyəm.
- Abituriyentlərə nə məsləhət görərdiniz?
- Bizdə belə bir ifadə var: "bala, oxu adam ol" deyirlər. Qəti razılaşmadığım fikirdir. Universitet vacibdir, ancaq hər şey deyil. Hər il imtahandan sonra xəbərlər çıxır ki, bir nəfər intihar etdi. Təbii ki, belə hallarda valideynlərin təsiri ilə yanaşı, cəmiyyətin və ətrafın təsiri də rol oynayır. Abituriyentlər elə fikirləşirlər ki, universitetə qəbul olmadımsa hər şey bitib. Burdan o tərəfi yoxdur. Məşhur “Microsoft”un rəhbəri Bil Geyts heç universitet belə, bitirə bilməmişdi. Müsahibələrinin birində deyib ki, “mən təhsili yarımçıq qoyaraq, şirkət quraraq “Microsoft”un rəhbəri oldum. Mənimlə birlikdə təhsil alanlar isə indi mənim işçilərimdir. ”
Əgər qəti şəkildə təhsil almaq niyyətindəsinizsə mübarizə aparın, məqsədinizə doğru aparacaq yeganə yol mübarizədir. Mübariz və əzmkar olmaq lazımdır. Ümumiyyətlə, həyatda həmişə mübarizə aparmaq lazımdır. İstər qarşınızdakı maneələrə qarşı, istərsə də məqsədlərinizə doğru yolda. "Mübarizə insanı ucaldar” deyiblər.
Ayrıca olaraq yüksək bal toplamaq və yaxud universitetə daxil olmaq bir üstünlük, ayrıcalıq deyil. Əgər kimsə bunu üstünlük kimi hesab edirsə belə, bunun da bir qürur duyulacaq tərəfi yoxdur. Heminquey deyir ki, “ Başqalarından üstün olmağın qürur duyulacaq bir tərəfi yoxdur. Əsl qürur insanın öz əvvəlki halından üstün olmasıdır”.
Təhsil alan, yaxud təhsil almaq niyyətində olan insanlara isə onu demək istəyərəm ki, təhsil insanın həyatda əldə edə biləcəyi ən yüksək zirvə deyil. Əsl zirvə mənəvi hislərdir. İnsanlığın xilası təhsillə yanaşı, vicdanla ədalətli cəmiyyət qurulmasından keçir. Ədalətli cəmiyyət yalnız təhsilli, savadlı həqiqətlərə sahib çıxan toplumda yarana bilər.
-Hazırda başqa nəyə maraq göstərirsiz? Məsələn, idman, yaxud mədəniyyət sahəsində...
- Boş vaxtlarımda daha çox bədii ədəbiyyat oxuyuram. Tolstoy, Dostoyevski, Lermontov, Cek London , Viktor Hüqo, Heminquey ilə daha yaxından tanışam. Azərbaycan ədəbiyyatında “Əli və Nino”, Varisin “77- ci gün” əsərlərini oxumuşam. Ən bəyəndiyim yazıçı Lev Tolstoyun əsəri olan “Hərb və sülh”dür.
-Gələcəkdə təhsilini xaricdə davam etdirmək istərdinmi?
- Bəli, niyə də olmasın. Təhsilimi qardaş ölkə olan Türkiyədə davam etdirmək istəyirəm. Fikrimcə, Türkiyə təhsil almaq üçün, təhsil aldığım müddətdə yaşamaq, istər mədəniyyət, istər yaşam tərzi baxımından bizə yaxın ölkədir.
-Valideynləriniz bu peşəni seçməyinizi necə qarşılayır?
- Valideyinlərim heç vaxt seçimlərimə qarışmayıblar. İstər ixtisas seçimində, istər təhsillə bağlı və ya digər ailə-məişətlə bağlı seçimlərimdə həmişə addımlarımın arxasında, mənim yanımda olublar. Seçdiyim ixtisasın uşaqlıqdan arzusunda olmuşam. Hərdən yüksək bal yığmaqla bağlı narahatlıq çəkəndə mənə arxa dayaq olurdular. “Sən bunu bacaracaqsan, sən buna qadirsən” deyiblər. Valideyinlərim mənim motivasiya mənbəyimdir.
-Sonda Sizə təşəkkürümü bildirirəm. Çox gözəl motivə olunmuş layihədir. Ucqar rayonlarda yaşayan biz məktəblilərə belə gözəl imkanlar yaradırsınız.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Rusiya-Azərbaycan: İqtisadi inkişafımızı bərabər həyata keçiririk
19.08.2019
“Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
15.08.2019
“Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
08.08.2019
“İlahiyyat İnstitutu olaraq, tələbələrə öz övladlarımız kimi yanaşdıq”
08.08.2019
Qurban kəsimini həyata keçirərkən azyaşlıların gözü önündə etməsinlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info