XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilir
Tarix: 21.07.2019 | Saat: 21:14:00 | E-mail | Çapa göndər



Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edirlər

Son illərdə ardıcıl bir sıra mötəbər idman yarışlarına ən yüksək səviyyədə ev sahibliyi edən Bakı iyulun 21-də yenidən Avropanın, eləcə də dünyanın diqqət mərkəzinə çevrilib. Ölkəmizin paytaxtı “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edir.
AZƏRTAC xəbər verir ki, festivalın “Baku Crystal Hall”da keçirilən təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, eləcə də Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak edirlər.
Avropa Gənclər Yay Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilir və 25 ildən artıq ənənəsi olan Avropa Olimpiya Komitələrinin (AOK) qürur mənbəyidir. Bu festival 14-18 yaş arası gənc idmançılar üçün ilk çoxprofilli Avropa tədbiridir. Tək illərdə, iki ildə bir dəfə keçirilən qış və yay festivalları da var.
Tədbir Olimpiya bayrağı altında keçirilir və Olimpiya ənənələri ilə zəngindir: alovlanan məşəldən başlayaraq idmançı və rəsmilərin and içməsinə qədər. Avropanın bir çox yüksələn idman ulduzları beynəlxalq arenada ilk addımlarını məhz Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı atırlar. Bütün iştirakçılar burada qazandıqları dostluq və təcrübəni özləri ilə həmişəlik evlərinə aparacaqlar, bəziləri üçün isə bu festival Olimpiya zirvəsinə bir yüksəliş olacaq. Avropa Gənclər Yay Olimpiya Festivalı Avropa gənclərini Atletlər kəndində simvolik olaraq birləşdirir. Bu festival idmançıların Olimpiya hadisələrinin ruhunu hiss etməyə və yeni qələbələrə ilhamlanmağa yol açacaq Olimpiya Oyunlarına bir qapıdır.

“Zirvələrə hazırıq” devizi altında keçirilən “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının talismanları Cırtdan və Bəbirdir. Paytaxt Bakının 12 idman obyektində yeddi gün davam edəcək mötəbər turnirdə 48 ölkədən 3900 atlet idmanın on növü – idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizəyə qoşulub. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayırlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.

Azərbaycan festivala 122 idmançı ilə qatılıb. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil edirlər. Azərbaycan bu idman növlərinin hər biri üzrə 18 nəfərlə təmsil olunur. Bundan başqa, cüdo yarışlarında 12, bədii gimnastikada 4, velosiped idmanında 6, tennisdə 4, üzgüçülük yarışlarında 6 idmançımız mübarizəyə qoşulub. Komanda idman növlərində isə voleybol və basketbol yığmalarımızın hər birinin heyətinə 12 idmançı daxil edilib. Oğlanlardan və qızlardan ibarət həndbol komandalarımızda ümumilikdə 30 oyunçu yer alıb.
Festival günlərində idman obyektlərində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.
Qeyd edək ki, Azərbaycan Avropa Gənclərinin Olimpiya festivallarında 1993-cü ildən təmsil olunmağa başlayıb. Həmin il Hollandiyanın Valkensvard şəhərindəki festivalda 43 ölkənin idmançıları mübarizə aparıblar. Festivalda Azərbaycan komandası 1 qızıl və 2 gümüş medalla ümumi hesabda 17-ci olub. 1995-ci ildə Böyük Britaniyanın Bat şəhərində keçirilmiş növbəti festivalda cəmi 1 gümüş medal qazanılıb.

1997-ci ildə İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra gənc idmançılarımız bu festivallarda daha böyük uğurlar qazanmağa başlayıblar. 1999-cu ildə Danimarkanın Esbyerq şəhərində keçirilmiş festivalda üç bürünc medal qazanan komandamız 2001-ci ildə İspaniyanın Mursiya şəhərində 2 gümüş və 2 bürünc, iki il sonra Parisdə 2 gümüş və 1 bürünc, 2005-ci ildə İtaliyanın Linyano şəhərində 2 qızıl və 4 bürünc medala sahib olub. Azərbaycan ən yüksək nailiyyətinə 2007-ci ildə Serbiyanın paytaxtı Belqradda təşkil olunmuş festivalda 7 qızıl medal qazanmaqla imza atıb. Həmin yarışda ölkəmiz ümumi komanda hesabında 6-cı yeri tutub.
2009-cu ildə Finlandiyanın Tampere şəhərində 3 qızıl, 1 gümüş, 1 bürünc, 2011-ci ildə Türkiyənin Trabzon şəhərində 1 qızıl, 2 gümüş, 2013-cü ildə Hollandiyanın Utrext şəhərində 2 qızıl, 1 bürünc, 2015-ci ildə Tbilisidə 2 qızıl, 1 gümüş, 2 bürünc, 2017-ci ildə Macarıstanın Györ şəhərində keçirilən festivalda isə 1 gümüş və 1 bürünc medal qazanılıb.
Nüfuzlu idman xadimləri, ekspertlər Azərbaycan paytaxtında keçirilən Avropa Gənclər Olimpiya Festivalının yüksək səviyyədə təşkil olunduğunu qeyd edirlər. Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç Bakının əvvəlki turnirlərdə olduğu kimi, bu festivala da uğurla ev sahibliyi edəcəyini vurğulayaraq deyib: “Bakı festivalın təşkilinə tam hazırdır. Şəhər yalnız irimiqyaslı tədbirlərin keçirilməsi üçün lazım olan infrastruktura malik deyil. Bakı özündə digər əsas komponentləri – yüksək təşkilatçılıq, həvəs və səmimiliyi birləşdirir. İnanıram ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalı böyük müvəffəqiyyətlə keçəcək”.
“Baku Crystal Hall”a toplaşmış tamaşaçılar və yüz minlərlə televiziya izləyiciləri təntənəli açılış mərasiminin unudulmaz anlarının şahidi oldular.

Bakı vaxtı ilə saat 20:00-da XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi başladı.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himninin sədaları altında Milli Qvardiyanın əsgərləri dövlət bayrağını təntənəli şəkildə meydana gətirərək ucaltdılar.
Bundan sonra demək olar ki, bütün Olimpiya tədbirlərinin açılış mərasimlərinin ənənəvi hissəsi olan atletlərin paradı başladı.
İlk olaraq Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkənin – Yunanıstanın idmançıları səhnəyə daxil oldular. Digər ölkələrin komandaları onların arxasınca əlifba sırası ilə gəldilər.
İdmançıların keçidini ev sahibi - Azərbaycan atletləri tamamladılar. Üçrəngli bayrağımızı 15 yaşlı cüdoçu, 2018-ci ildə Yeniyetmələrin Yay Olimpiya Oyunlarının və Avropa Kubokunun qalibi Vüqar Talıbov apardı.
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və “Baku Crystal Hall”a toplaşmış tamaşaçılar idmançılarımızı hərarətlə salamladılar.
Atletlərin paradından sonra festivala ev sahibliyi edən Azərbaycan haqqında film nümayiş etdirildi. Filmdə ölkəmizin tarixi, mədəniyyəti, təbiəti, adət-ənənələri, eləcə də paytaxt Bakının görməli yerləri haqqında kadrlar nümayiş olundu.

Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, XV Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov və Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç səhnəyə gəldilər.

XV Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov çıxış etdi.

Sonra Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç çıxış etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev XV Avropa Gənclər Yay Olimpiya Festivalını açıq elan etdi.

Beynəlxalq Olimpiya Komitəsinin bayrağı arenaya gətirildi. Bayrağı Azərbaycanın tanınmış idmançıları, Olimpiya çempionları Elnur Məmmədli (cüdo), Zemfira Meftaxetdinova (atıcılıq), Nazim Hüseynov (cüdo), Namiq Abdullayev (güləş), Rəfiqə Şabanova (həndbol) və Lyudmila Şubina (həndbol) arenaya gətirdilər.

Beynəlxalq Olimpiya Komitəsinin bayrağı bu qurumun himninin sədaları altında Azərbaycanın bayrağı ilə yanaşı ucaldıldı.
Sonra Fəxriyə Tağızadə atletlər, Ələkbər Həsənov hakimlər və Rəşad Əbdürrəhmanov məşqçilər adından təntənəli şəkildə and içdilər. Bu andlar bütün iştirakçılara və tamaşaçılara sağlam rəqabət, ədalətli hakimlik və Olimpiya hərəkatının prinsip və ideallarına riayət edilməsinin ən yüksək prioritetə sahib olmasını xatırladır.
Daha sonra ən həyəcanlı an gəlib yetişdi və 2004-cü ildə Afina Olimpiadasının qalibi, yunan-Roma güləşçisi Fərid Mansurov XV Avropa Gənclər Yay Olimpiya Festivalının məşəlini “Baku Crystal Hall”un məşəl kasasına gətirdi.
Bu zaman ekranda “Məşəlin yolu” filmi nümayiş olundu. Kadrlarda məşəlin paytaxtın bütün idman obyektləri boyunca möhtəşəm səyahəti və statistika təqdim edildi. Festivalın məşəli açılış mərasiminin keçirildiyi “Baku Crystal Hall”a çatana qədər Roma şəhərindən çox böyük yol qət edib.
XV Avropa Gənclər Yay Olimpiya Festivalının məşəli alovlandırıldı. Məşəl yarışlar bitənədək yanacaq, şəhərimizin mayakı olacaq.




 
Bölməyə aid digər xəbərlər
26.08.2019
Mehriban Əliyeva xalqın etimadını layiqincə doğruldur
26.08.2019
Prezident Allahşükür Paşazadəni “Heydər Əliyev” ordeni ilə təltif edib
26.08.2019
Mehriban Əliyeva ailə, dəyərlər və xoşbəxtlik haqqında
26.08.2019
Pakistanın Baş Konsulluğunda partlayış
25.08.2019
Turin Universitetinin professoruna içərisində güllə olan zərf göndərilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info