Sosial-iqtisadi islahatlar ərzaq təhlükəsizliyi üçün təminatdır
Tarix: 20.08.2013 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


Bu bir həqiqətdir ki, ölkəmizin son əlli ilə yaxın dövrdə hərtərəfli inkişafına təkan olacaq bütün sahələrdə böyük Heydər Əliyevin zəhməti, izi və əvəzsiz xidmətləri var. Bununla da hələ tarixi inkişafın qızıl dövrü olan 1969-1982-ci illərdə ölkəmizdə güclü iqtisadi potensialın əsasları qoyulub. Dövlət idarəçiliyi ilə Vətən, xalq sevgisinin vəhdəti, milli ruhun yüksəkliyi, milli maraqların üstün tutulması, müdriklik, uzaqgörənlik, dahilik keyfiyyətlərinin məcmusu olmaq etibarı ilə böyük Heydər Əliyev siyasətinin ana xəttini təşkil edirdi.
Bu hər bir bölgədə tikilən, qurulan, yaradılan obyektlərdə öz mütərəqqi əsaslarını yaşatmaqda idi. SSRİ kimi nəhəng bir ittifaqın dövlət siyasətinin və iqtisadi potensialının Azərbaycana yönəldilməsinin, ən başlıcası isə yönəltmək bacarığının olmasının nəticəsi idi ki, respublikanın bir çox bölgələrində, məsələn, ölkənin iri sənaye şəhərlərindən olan Bakıda 28, Gəncədə 7, Sumqayıtda 6, Mingəçevirdə 5 və Şirvanda 3, Naxçıvan Muxtar Respublikasının ərazisində 13 yüksək əhəmiyyətli yeni sənaye müəssisələri tikilib istifadəyə verilib. Göründüyü kimi, bugünkü inkişafın təməli məhz əlli il bundan əvvəl qoyulub və şübhəsiz ki, bundan sonrakı neçə əlli illər də davamlı inkişafa xidmət edəcək.
Keçmiş ittifaq dövründə olduğu kimi, hazırkı müstəqillik illərində də yeni siyasi və iqisadi sistemin əsaslarının düzgün yaradılması, siyasi proseslərin səmərəli istiqamətləndirilərək ondan məhsuldar iqtisadi nailiyyətlərin əldə olunması istiqamətində yararlanmaq dərəcəsinin yüksəkliyinin təmin olunması müasir dövrün ən mühüm tələb və inkişaf qanunlarından birini təşkil edirdi. Bu baxımdan da bəhs olunan dövrün xronoloji mahiyyətini özündə əks etdirən 1990-cı illərin əvvəllərində dahi Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan MR dövrünün olduqca böyük əhəmiyyəti var. Xüsusən də bu, yeni iqtisadi sistemin əsaslarının təmin edilməsində, səmərəli iqtisadi fəaliyyətin formalaşmasında mühüm əhəmiyyət daşımaqdadır.
Məqsədyönlü və uğurlu milli dövlətçilik siyasətinin sosial ədalətə, səmərəli iqtisadiyyata və siyasi sabitliyə verdiyi tarixi dəstəyin nəticəsidir ki, böyük zəhmət hesabına əldə olunmuş hərtərəfli nailiyyətlər müasir iqtisadi və siyasi sistemin də işıqlı gələcəyini təmin etmiş və Naxçıvan MR-in son 18 illik inkişaf tarixinə saysız-hesabsız səhifələr artırıb. Bu qeyd etdiklərimizi 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişaf göstəriciləri də təsdiq edir. Ölkəmizin əldə etdiyi siyasi-iqtisadi nailiyyətlərdən düzgün bəhrələnən Naxçıvan MR-də birinci yarım ildə 975 420,6 min manatlıq ümumdaxili məhsul istehsal olunub. Bu isə əvvəlki ilin müvafiq göstəricisindən 9,3 faiz artıqdır. İqtisadi potensialın artırılması, ərazidə yeni fəaliyyət sahələrinin stimullaşdırılmasının və dəstəklənməsinin nəticəsidir ki, artıq muxtar respublikada iqtisadiyyatın inkişafında sənaye sahələrinin də payı və rolu əhəmiyyətli dərəcədə artmaqdadır. Elə buna görə də ümumdaxili məhsulun (ÜDM) tərkibində ilk yeri 31,9 faizlik payla sənaye, ikinci yeri isə 23,2 faizlik payla tikinti sahəsi tutub. Həyata keçirilən düzgün iqtisadi siyasət müvəffəqiyyətliliyi ilə daha da seçilmiş və insanların gündəlik həyat tərzində özünü göstərməkdədir. Fikrimizi statistik faktlarla təsdiq etməyə çalışsaq, görərik ki, 2013-cü ilin yanvar-iyun aylarında hər bir nəfərə düşən ümumdaxili məhsulun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artıb və 2271,6 manat (bu 2894,9 ABŞ dolları deməkdir) səviyyəsində olub. Sağlam iqtisadiyyat istehsalın davamlılığını əsaslı şəkildə öz əhatəsinə alıb və ümidverici göstəricilərlə müşayiət olunub. Belə ki, 2013-cü ilin yanvar-iyun aylarında ÜDM-nin 62 faizini təkcə maddi istehsal sektoru təşkil edib.
Bu bir həqiqətdir ki, ölkəmiz ulu öndərimizin müəyyən etdiyi siyasi xəttin ən məhsuldar dövrlərini yaşamaqdadır. Bütün dövrlərdə yüksəlişin, intibahın, tərəqqinin tarixi ənənəsini təşkil edən bu humanist siyasət keçən hər bir ildə özünün mütərəqqi uğurları ilə daha geniş əhatəni formalaşdırmaqdadır. Milli iqtisadi potensialın atmasında, bütün sahələri öz ağuşuna almaqla, xalqımızın gündəlik həyat tərzində özünü əks etdirən iqtisadi nailiyyətlərimiz davamlı, ardıcıl hal almaqdadır. Bu faktın da təsdiqində rəsmi statistika köməyimizə çatır. Müvafiq rəqəmlərə diqqət edərkən görürük ki, 2012-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2013-cü ilin müvafiq dövründə sənaye məhsulunun həcmi 12,5 faiz, əsas kapitala yönəldilən investisiyalar 9,8 faiz, kənd təsərrüfatının ümumi məhsulu 6,3 faiz, nəqliyyat sektorunda yük daşınması 10,3 faiz, informasiya və rabitə xidmətləri 6,7 faiz, o cümlədən mobil rabitə xidməti 6,3 faiz, pərakəndə əmtəə dövriyyəsi 17 faiz, əhaliyə göstərilən pullu xidmətlər 16,9 faiz, ixracın həcmi 7,3 faiz, əhalinin gəlirləri 5,6 faiz, hər bir nəfərə düşən gəlirlər 3,5 faiz, orta aylıq əməkhaqqı isə 4,5 faiz artıb. Bunlar isə bütün müsbət tərəfləri ilə yanaşı, həm də Naxçıvan Muxtar Respublikasının möhtəşəm inkişaf mənzərəsini formalaşdırmaqdadır.
Muxtar respublikada yaradılmış əlverişli iqtisadi mühit səmərəli iqtisadi fəaliyyət mühitinin yaradılmasına imkanlar açıb, iqtisadiyyatın müxtəlif sahələrində davamlı, dayanıqlı və tarazlı inkişafı təmin edə bilib. Cari ilin birinci yarısında burada əldə olunan iqtisadi uğurlar belə deməyə imkan verir. Belə ki, bəhs olunan dövrdə muxtar respublikada 459 milyon 535 min manat həcmində sənaye məhsulu istehsal olunub ki, bu da əvvəlki ilin yanvar-iyun aylarındakı göstəricidən 12,5 faiz artıqdır. İstehsal olunmuş sənaye məhsulunun 95,7 faizini mallar, 4,3 faizini isə xidmətlər təşkil etməkdədir.
1995-ci ildən ölkəmizdə başlanan iqtisadi islahatlar xalq təsərrüfatının bütün sahələrində kəmiyyət və keyfiyyət irəliləyişlərinin baş verməsi ilə nəticələnib. Mövcud potensialın düzgün dəyərləndirilməsi və faydalı istifadə edilməsi nəticəsində müasir iqtisadi sistemin əsas qanunauyğunluğu olan özəl bölmənin çəkisi əhəmiyyətli dərəcədə artıb. Sevindirici hal isə ondan ibarətdir ki, özəl bölmədəki bu artım tempi iqtisadiyyatın bütün sahələrində özünü göstərməkdədir. Bazar münasibətlərinin zəruri ünsürü kimi çıxış etməklə, milli iqtisadi inkişafın və potensialın artmasında dövlətimizə yaxından kömək olan qeyri-dövlət sektorunun yüksəlişi hazırkı şəraitdə diqqət mərkəzində duran mühüm tədbirlər içərisindədir. Fikrimizi sənaye sahəsində ifadə etsək, görərik ki, sənayenin dövlət sektorunda məhsul istehsalı 31 milyon 983 min manat, qeyri-dövlət sektorunda isə 427 milyon 552 min manat təşkil edib. Daha doğrusu, istehsal olunan sənaye məhsulunun 93 faizi özəl sektorun payına düşüb.
Muxtar respublikanın iqtisadi inkişaf potensialının artması burada həyata keçirilən məqsədyönlü iqtisadi-hüquqi tənzimləmə vasitələri və mexanizmləri vasitəsilə mümkün olub. Müxtəlif sahələrin uzunmüddətli inkişafını nəzərdə tutmaqla təsdiq olunan dövlət proqramları, verilən fərman, sərəncamlar və qəbul edilən qərarlar mövcud dövr də daxil olmaqla, uzaq gələcək üçün hesablanıb. Belə ki, 2013-cü ilin yanvar-iyun ayları ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala 508 milyon 267 min manat həcmində investisiya yönəldilib. Qeyd edək ki, bu ötən ilin birinci yarısındakı göstəricidən 9,8 faiz artıqdır. İnvestisiya qoyuluşlarının 448 milyon manatı və ya 88,1 faizi tikinti-quraşdırma işlərində istifadə edilib.
Xüsusən də inzibati binaların tikintisi üzrə bəhs olunan dövr ərzində, ümumilikdə, 7 inzibati binanın tikintisi və ya yenidən qurulması başa çatdırılıb, 33 inzibati binanın isə tikintisi, yenidən qurulması və ya əsaslı təmiri işləri hazırda da davam etdirilməkdədir.
Aydın məsələdir ki, hər bir ölkənin iqtisadi qüdrəti onun gerçəkləşdirdiyi strateji layihələrlə, infrastruktur tədbirləri ilə də ifadə olunur. Abadlıq, müasirlik, firavanlıq, əhalinin maddi-mənəvi rahatlığının, asudə vaxtlarının səmərəliliyinin və bu kimi zəruri məsələlərin təşkili həmin layihələrin ən mühüm tərkib hissələrindən birini təşkil edir. Bu baxımdan da ölkəmizin Heydər Əliyev ideyalarından bəhrələnərək nail olduğu hərtərəfli zənginliklər bütün regionlar kimi Naxçıvan Muxtar Respublikasının da dünənini bu günlərlə, bu gününü aydın sabah və parlaq gələcəklə səsləndirə bilib. Böyük əzmlə, bitməyən, tükənməyən enerji ilə, durmadan artan stimulla həyata keçirilən genişmiqyaslı infrastruktur quruculuğu tədbirləri muxtar respublikanın bütün ərazilərini, habelə ucqar yaşayış məntəqələrini də əhatə etməkdədir. Bunun ən bariz nəticəsidir ki, 2013-cü ilin yanvar-iyun aylarında 1 kənd mərkəzinin inşası başa çatdırılıb, 19 kənd mərkəzinin inşası işləri isə davam etdirilməkdədir.
İqtisadiyyatın mühüm sahəsi olan kənd təsərrüfatının inkişafı, aqrar sahədə yeni təsərrüfat formalarının yaradılması, əlverişli fəaliyyət mühitinin təmin olunması ilə müşayiət olunaraq Muxtar Respublikanın inkişafına yeni gözəllik gətirib. Əsasları 1991-1993-cü illərdə ulu öndərimizin siyasi fəaliyyətinin Naxçıvan MR dövründə ustalıqla qoyulan aqrar sektorun inkişafı istiqamətləri bu günlərə qədər daha təkmil şəkildə davam etdirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 yanvar 2005-ci il tarixli “Naxçıvan Muxtar Respublikasında aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı aqrar bölmədə həyata keçirilmiş islahatların daha da sürətləndirilməsini və inkişafın dəstəklənməsi tədbirlərini özündə ehtiva edir. Bundan əlavə, 2008-ci il 17 sentyabr tarixli sərəncamla təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” da daxil olmaqla, aqrar sektorun inkişafına böyük dəstək olacaq hüquqi bazanın təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılıb. Bu hüquqi mexanizmlərin icrası istiqamətində ciddi nailiyyətlər əldə olunaraq 2013-cü ilin yanvar-iyun aylarında adıçəkilən proqramın qəbul olunduğu 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsullarının həcmi 2,8 dəfə artaraq 43 milyon 317 min manat, heyvandarlıq məhsullarının həcmi isə 62,6 faiz artaraq 47 milyon 652 min manat təşkil edib.
Aqrar sektorun səmərəli fəaliyyət mexanizminin təşkil edilməsi əsas tutularaq bu sahədə çalışan insanlara stimul verilməsini təmin etmək məqsədilə muxtar respublikamızda sağlam fəaliyyət mühiti yaradılıb. Kənd təsərrüfatı məhsulları istehsalçılarının müasir maşın və texnikalarla təchizatının yaxşılaşdırılması nəzərdə tutularaq “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 186 ədədi 2013-cü ilin yanvar-iyun aylarında olmaqla, cəmi 1065 ədəd müxtəliftəyinatlı və müxtəlif adlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilib. Mövsümi işlərin səmərəliliyinin, ümumiyyətlə, aqrar potensialın daha da artırılmasını təmin etmək üçün 2013-cü ilin yanvar-iyun ayları ərzində artıq 166 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası lizinq yolu ilə istifadəçilərə verilib. Qeyd edək ki, keçən müddət ərzində məhsul istehsalçıları 3 min 961 ton mineral gübrə ilə təmin olunublar.
Göstərilən dövrdə taxılçılıq əsas əkinçilik sahəsi olmaqla diqqət mərkəzində saxlanılıb. Milli iqtisadi inkişafın təmin olunmasında, ÜDM-nin əsas və zəruri göstəricilərinin ifadəsində və muxtar respublikanın kənd yerlərində yaşayan 70%-dən artıq əhalisinin ehtiyac və təlabatlarının ödənilməsində ən optimal sahə kimi məhz kənd təsərrüfatı məhsullarının istehsalı çox böyük əhəmiyyət daşımaqdadır. Elə bunu əsas tutaraq 2013-cü ilin məhsulu üçün 35 min 324 hektar sahədə taxıl əkilib ki, bunun da 29 min 280 hektarı payızlıq, 6 min 44 hektarı isə yazlıq taxıldır. 2012-ci ilin müvafiq dövrü ilə müayisə edildikdə taxıl əkini sahələrinin həcmi 359 hektar artıb. Qeyd edək ki, taxıl zəmilərinin 25 min 869 hektarında buğda, 9 min 455 hektarında isə arpa əkini aparılıb.
El arasında kartof “ikinci çörək” kimi ad qazanıb. Muxtar respublikada da kartofçuluğun inkişafı gündəlik qayğı ilə əhatələnib və dövlət səviyyəsində diqqətdə saxlanılıb. Burada 2013-cü ildə 2957 hektar sahədə kartof əkilib ki, bu da 2012-ci ildəki göstəricidən 126 hektar artıqdır. Bütün bunların nəticəsində Naxçıvan MR-in aqrar sferasında keyfiyyət irəliləyişləri yüksək səviyyədə təmin olunub və 2013-cü ilin yanvar-iyun ayları üçün kənd təsərrüfatının ümumi məhsulu 91348,5 min manat həcmində olub.
Cavadxan QASIMOV
AMEA Naxçıvan Bölməsi
İqtisad üzrə fəlsəfə doktoru




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info