“Niyazinin simfonik muğamı misilsizdir”
Tarix: 21.08.2013 | Saat: 22:02:00 | E-mail | Çapa göndər


Professor Azad Əliyev: “Dirijorluq sənəti insanın qəlbindən, daxilindən gələn bir sənətdir. Əgər xasiyyətində zəhm olmasa, sən 80-100 nəfər qarşısında sözünü çatdıra bilməzsən”

Müsahibimiz Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Televiziyası və Radiosunun “Niyazi” adına simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru Azad Əliyevdir:

-Azad müəllim, “Niyazi” adına simfonik orkestrin Azərbaycan incəsənətində 80 illik fəaliyyətini necə dəyərləndirirsiniz?
- Bu il “Niyazi” adına simfonik orkestrin fəaliyyətinin 80 illik yubileyini qeyd etdik. Azərbaycan incəsənət sahəsində bu orkestrin tarixi çox böyükdür. Bu orkestrdə elə musiqiçilər fəaliyyət göstəriblər ki, onların adları tarixdə qalıb. Bir vaxtlar, indi adını daşıyan maestro Niyazi də bu orkestrdə çalışıb. 50-ci illərdə maliyyə cəhətdən bu orkestrin fəaliyyəti dayanmışdı. 70-ci ildən etibarən mənim müəllimim, hazırda Türkiyədə çalışan, Xalq artisti Ramiz Məlikaslanov yenidən bu orkestri bərpa edib və 1990-cı ilə qədər rəhbərlik edib. O, 20 il orkestrdə fəaliyyət göstərdikdən sonra İsmayıl Hacıyev, daha sonra Yaşar İmanov bədii rəhbər vəzifəsində çalışıblar.
2006-cı ildən etibarən məni bu orkestrə həm bədii rəhbər, həm də baş dirijor təyin etdilər. O vaxtdan bu günə qədər orkestr yüksək fəaliyyətlə çalışır. Yeni-yeni əsərlər hazırlayıb, lentə yazırıq və efirlərdə çıxış edirik. Çox gözəl kollektivimiz var. Ümidvaram ki, bizim orkestr bundan sonra da çox illər bir yerdə yüksək fəaliyyətlə çalışacağıq.
-Bu gün simfonik orkestr üçün gənc bəstəkarlar yeni əsərlər bəstələyirlərmi?
- Əlbəttə ki, gənc bəstəkarlar yaradıcılığında simfonik orkestr üçün əsərlər yazırlar. İldə bir dəfə Azərbaycan Bəstəkarlar İttifaqında pleniumlar, yəni qurultay keçirilir və bizim orkestrdə həmin pleniumlarda çox fəal iştirak edir. Bu yaxınlarda keçirilən pleniumda ifa etdiyimiz əsərlərdən bir çoxu Məmmədağa Umudov, Yusif Mirişli kimi gənc bəstəkarların əsərlərini ifa etdik. Şübhəsiz ki, qurultayda ifa etdiyimiz gənc bəstəkarların əsərləri böyük alqışlarla qarşılandı. Gənc bəstəkarların əsərlərilə bərabər, klassik bəstəkarlarımızın da əsərlərini ifa etdik. Məsələn, Qara Qarayevin “İldırımlı yollarla” adajiosunu ifa etdik.
Düzünü desək, bu günün gənc bəstəkarları sənət yolunda çalışırlar. Yeni əsərlər bəstələyirlər. Lakin hamılıqla deyil. Çünki zövqlər müxtəlifdir. Musiqi dünyası yalnızca istedadlar məskənidir. İncəsənət dünyası da ancaq istedadı sevir. İstedadın varsa, sən həyatda bir çox şeyə nail olacaqsan. Gənc bəstəkarların elə musiqiləri var ki, çox böyük məharətlə onun üzərində işləyib, orkestrdə ifa edirik.
-“Niyazi” adına simfonik orkestrin heyətinin musiqi potensialı sizi qane edirmi?
- Qane edir. Lakin biz o potensialın üzərində çalışırıq ki, daha da yüksək olsun. Çünki orkestri yaratmaq çox çətin bir prosesdir. Orkestr nə deməkdir? Orkestr böyük ansambl deməkdir. Ansambl iki nəfərdən başlayır. Ondan sonra kvartet, kivintet, sektet və yaranır böyük ansambl. Əgər ansambl varsa, deməli, bu, orkestrdir. Orkestrdə 80 nəfər fəaliyyət göstərirsə və onlardan 20-30 nəfər zəifdirsə, onlar da bu səviyyəni qaldırırlar. Bizim orkestrdə əksəriyyəti gənclər təşkil edir. Onlar da öz üzərlərində çalışırlar ki, professional musiqiçi kimi fəaliyyət göstərsinlər. Orkestrin axırıncı işlərindən Fikrət Əmirovun “Şur” simfonik muğamı və maestro Niyazinin “Rast” simfonik muğamını lentə yazdırmışıq. İşimiz çox yüksək səviyyədə alınıb. Bu yaxınlarda isə Qara Qarayevin “Leyli və Məcnun” simfonik poemasını və Fikrət Əmirovun “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamını hazırlayacağıq.
-Gənc musiqiçilərin klassik milli musiqimizə marağını necə qiymətləndirirsiniz?
- Klassik milli musiqiyə maraq, demək olar ki, azalıb. Lakin bu təkcə bizdə deyil, bütün dünyada belədir. Çünki musiqinin müxtəlif növ janrlarda təbliği güclü olduğu üçün dinləyici klassik musiqidən yavaş-yavaş uzaqlaşır. Əlbəttə ki, klassik musiqiyə marağın artması üçün burada da təbliğat böyük rol oynayır. Məsələn, Fransada “Metso” televiziya kanalı xüsusi olaraq klassik musiqini, caz, folklor musiqisini təbliğ edir. Klassik musiqi elə bir aləmdir ki, gərək sən uşaqlıqdan bu ab-havada böyüyəsən. 25 yaşından sonra artıq gecdir. Ona görə biz çalışırıq ki, orkestrə cavan uşaqları cəlb edək.
-Vaxtilə Qara Qarayev, Fikrət Əmirov, maestro Niyazi Azərbaycan musiqi dünyasına əvəzolunmaz simfonik əsərlər töhfə ediblər. Bu günün gənc bəstəkarları gələcək nəsillərə, musiqi dünyamıza bu cür töhfələr qoya biləcəklərmi?
- Mən belə düşünürəm ki, o əsərlərdən sonra ikincisi ola bilməz. İstər yüksək istedadlı biri olsun, istər böyük həcmli əsərlər yazsın, fərqi yoxdur. Qara Qarayev, Fikrət Əmirov, Niyazi kimi simfonik əsərlər yazan bəstəkar tapılmayacaq. Çünki onlar qədər orkestri dərindən anlayan yoxdur. Məsələn, Niyazinin simfonik muğamı misilsizdir. Dinləsəniz, bilərsiz ki, əgər orkestrdə 100 nəfər ifa edirsə, 100 alətin hamısının səsi aydın eşidiləcək. Bunu bacarmaq bugünkü musiqiçilər arasında qeyri-mümkündür. Ona görə də mən bu gün gənc bəstəkarlarda belə yaradıcılıq görmürəm. Kimsə yaza bilər. Ancaq o səviyyədə deyil. Çünki onlar dahi idilər. Bəlkə olacaq, onu da zaman göstərər. Bir daha qeyd edirəm. Desəm, bu yalnız Azərbaycanda belədir, yanlış olar. Bu, bütün dünyada belədir. Verdi kimi, Puçino kimi opera yazan olmayacaq. Çünki o melodiyaları, qarmoniyaları onlar yazıb, möhür vurublar. Puçino elə əsərlər bəstələyib ki, o musiqi sənin ürəyindən çıxmır. Hər zaman dilində səslənir.
Bu gün də müasir opera bəstəkarları var. Lakin onların əsərlərində də hansısa qüsuru duyursan. Professionallıq və istedad-ikisi vəhdət daşıyır. Bunlardan biri əskik oldu, sən həmişə yarım olursan.
-Professional dirijor kimi bu gün dirijorluq sahəsində inkişaf görürsünüzmü?
- Dirijorluq sənəti insanın qəlbindən, daxilindən gələn bir sənətdir. Əgər xasiyyətində zəhm olmasa, sən 80-100 nəfər qarşısında sözünü çatdıra bilməzsən. Elə insan da olur ki, böyük kütlə görəndə danışa bilmir. Bu sənətin vacib cəhətlərindən biri gərək sən ilk növbədə pedaqogikanı, pisixologiyanı biləsən, ən əsası hər hansı bir musiqiçinin sualına aydın və dolğun şəkildə cavab vermək savadın olsun. Əgər sən cavab verə bilmədinsə, deməli, sən orkestrdə ifa edən musiqiçilərdən üstün deyilsən. Hərtərəfli demirəm. Ancaq bilik cəhətdən və ürəkli olmaq ən üstün şərtlərdir. Bütün bu amillər dirijorluq sənətinin bazasıdır. Sonrakı proseslər təcrübə əsasında yaranır.
-Bu gün opera sahəsində dirijorluq sənəti hansı səviyyədə inkişaf edir?
- Mən deyərdim ki, ən çətin sənət opera dirijoru olmaqdır. Simfonik dirijoru olmaq da çətin sənətdir. Lakin bütün dahi dirijorlar opera sahəsindən başlayıblar. 5-10 il bu sahədə çalışdıqdan sonra müxtəlif sahələrdə dirijorluq sənətlərinə davam ediblər. Çünki opera həm orkestrdir, həm solist, həm xor, həm də tamaşa. Sən gərək bunları əzbər biləsən ki, başqa sahələrdə dirijorluq etmək bacarığın asan olsun. Ümumiyyətlə, dirijorun vaxtı klassik musiqini dinləməklə keçməlidir.
-Orkestrin fəaliyyətində gələcək planlar...
- Yeni proyektlər nəzərdə tutulur. Sağlıq olsun.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info