Qarabağlı qızların toxuduğu Qarabağ xalçaları
Tarix: 05.08.2019 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


25 il Qarabağ xalçası toxunulmayan Qarabağ torpağında artıq dünyanı valeh edən Qarabağ xalçaları toxunur

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix-coğrafiya fakültəsinin tələbəsi, qəzetimizə mütəmadi yazılar göndərən Zülfiyyə Hüseynova, növbəti yazısını Ağdamın işğalı, Qarabağ xalçalarına həsr edib.
O, qeyd edir ki, Kür -Araz ovalığının təmas zonasında yerləşən Ağdam rayonu 1741 -ci ildə yaradılıb, 1828-ci ildə şəhər statusu alıb. "Ağdam" sözünün mənası qədim türk dilində "kiçik qala" deməkdir. XVIII əsrdə Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirib. Ağdam sözünün burdan qaynaqlanaraq "Ağ dam", "Ağ ev" aldanması diqqət çəkməkdədir: “Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanımın rayonumuza tez-tez səfərlər etməsi, əhalinin güzəranı ilə maraqlanmaları, o cümlədən maddi rifahın yüksəldilməsi istiqamətində verilən sərəncamlar və fərmanlar Ağdam rayonunun Prezidentimizin daim nəzərində olduğunu sübut edir”.
Yazıda qeyd edilir ki, Ağdam şəhəri 1993-cü ildə ermənilər tərəfindən işğal edildikdən sonra Quzanlı qəsəbəsi rayon mərkəzini əvəz edir. Quzanlı qəsəbəsində çox sürətlə həyata keçirilən yenidənqurma işləri rayonun sürətli sosial və iqtisadi inkişafına misal ola bilər. Mehriban xanımın təşəbbüsü ilə Qarabağ torpağında -Ağdam rayonunun Quzanlı qəsəbəsində Muğam Mərkəzi açıldı. Bu məktəbdə yetişən sənətkarlar indi dünyanın müxtəlif ölkələrində Azərbaycan muğamını layiqincə təmsil edirlər.
Z.Hüseynova göstərir ki, Ağdam rayonunda sürətlə inkişaf edən sənaye sahələrindən biri də xalçaçılıqdır: “Xalça Qarabağ torpağında müqəddəs sayılan ev əşyalardandır. Son illər Azərbaycanda qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən davamlı islahatlarla əlaqədar olaraq, ən qədim tətbiqi sənət növlərindən biri olan xalçaçılığa diqqət artıb. Xalçaçılıq tarixən Azərbaycan xalqının məişətinin ayrılmaz hissəsi olub. Eyni zamanda xalçaçılıq milli mədəniyyətimizin bariz nümunəsi hesab olunur. Hər bir xalça toxunduğu yerin təbiətini, onu toxuyan insanların dünyagörüşü və inancları ilə bağlı simvolları əks etdirən sənət əsəridir. Ayrı-ayrı regionların coğrafiyası, tarixi, mədəni və dini mühiti xalçanın özünəməxsus ornament, kompozisiya və digər elementlərinə təsir göstərir. Buna görə də xalçaçılığın inkişafı tarixi, mədəni və maddi irsin qorunması baxımından çox mühüm əhəmiyyətə malikdir. Bu sahənin inkişafına xüsusi diqqət yetirən Prezident İlham Əliyevin qayğısı sayəsində artıq Horadiz, Şəmkir, Quba, Xaçmaz, İsmayıllı, Lənkəran və digər rayonlarda xalça müəssisələri istifadəyə verilib. Xalçaçılıq sənəti hələ evlərdə Qarabağ xanımlarının toxuduğu fərdi xalçalardan başlayıb, fabrik istehsalına qədər inkişaf edib. Azərbaycanın cənub - qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda - dağlıq və aran zonalarında inkişaf edib. Yazılı mənbələrdə ərəb tarixçiləri Əl - Müqəddəsi, Məsudi və b. tərəfindən X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi Qarabağın adı çəkilir. XIX əsrdə xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Girov, Trniviz, Malıbəyli, Çanaxça, Tuğ, Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Tutmas kəndləri əsas rol oynayırdılar. Dağlıq zonaya nisbətən xammalla, şübhəsiz ki, daha yaxşı təmin olunmuş aran rayonlarından Cəbrayıl, Ağdam, Bərdə və Füzuli xalça istehsalında əsas yer tuturdu. "Aran", "Bağçadagüllər", "Balıq", "Buynuz", "Bərdə", "Bəhmənli", "Qarabağ", "Qoca", "Qasımuşağı", "Ləmbərani", "Muğan", "Talış", "Ləmpə", "Malıbəyli", "Xanqərvənd", "Xanlıq", "Xantirmə", "Çələbi", "Şabalıdbuta", və s. çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət dəst xalı - gəbələr geniş yayılmışdı”.
1993-cü ildə Qarabağın işğalı nəticəsində "Azərxalça" İstehsalat Birliyinin filialının da dağıdılmasına baxmayaraq, xalçaçılıq sənəti qorunub saxlanıb. 2018-ci ildə noyabrın 5-də İlham Əliyevin və Birinci vitse- prezident Mehriban Əliyevanın Ağdam rayonuna səfəri zamanı "Azərxalça"nın Ağdam filialının açılışı olub.
Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev prospektində yerləşən "Azərxalça"nın Ağdam filialının ümumi sahəsi 1250 kvadratmetrdir. Bina yüksək keyfiyyətlə inşa edilib və istifadə olunan xalçaçılıq ləvazimatları yüksək səviyyəli standartlara cavab verən texnologiyalardan ibarətdir. Burada 150 toxucu qadın və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub.
Fabrikdə Ağdam, Bərdə, Beyləqan, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Xocalı, Laçın, Şuşa və Zəngilan rayonlarının kəndlərində toxunan tarixi və orijinal Qarabağ xalça çeşnilərinin toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda saxlanılan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında "Azərxalça"nın rəssamları tərəfindən hazırlanıb.
O da vurğulanır ki, "Azərxalça" ASC-nin Ağdam filialının fəaliyyətə başlaması itib -batmaqda olan xalçaçılıq sənətinin inkişafına yeni bir töhfə vermiş oldu. 25 il Qarabağ xalçası toxunulmayan Qarabağ torpağında artıq dünyanı valeh edən Qarabağ xalçaları toxunmağa başlandı. İndi qədim ənənələri öz əllərində daşıyan xalçaçı xanımlarımız öz biliklərini, bacarıqlarını gənc nəsillərə çatdırır və bu ənənələri yaşadaraq, mədəniyyətimizin qorunmasında vasitəçi olurlar.
Əlavə edək ki, Azərbaycanın milli xüsusiyyətinin dünyada təbliğində onun maddi sərvəti olan xalçaçılıq əvəzsiz rol oynayır. Qeyd edək ki, hər xalqın mədəniyyət tarixində elə sənət sahələri var ki, orada onun zəngin mənəvi aləmi əks olunub, xarakteri, intellekti, dünyagörüşü, estetikası və həyat fəlsəfəsinə xas olan köklü xüsusiyyətlər öz təcəssümünü tapıb. Azərbaycan xalqı üçün belə sənət növü xalçaçılıqdır. Ölkəmizin zəngin təbiəti, ictimai və mədəni inkişaf səviyyəsi, xalqın xüsusi bədii düşüncə tərzi, nəhayət, həyat və məişət şəraiti burada xalçaçılığı hələ uzaq keçmişlərdə insan fəaliyyətinin vacib sahələrindən biri kimi üzə çıxarıb. Azərbaycan qadın ustalarının əlləri ilə yaradılan gözəl xalçalar və xalça məmulatları Sankt-Peterburqda “Ermitaj”, Londonda “Viktoriya və Albert”, Vaşinqtonda “Tekstil”, Parisdə “Luvr”, İstanbulda “Topqapı” kimi dünyanın böyük muzeylərini, habelə, Bakıda Azərbaycan Xalçaçılıq və Azərbaycan Tarixi muzeylərini bəzəyir.
Həmişə olduğu kimi ermənilər bizim milli sərvətimiz olan xalçalara da göz tikməmiş deyillər. Qarabağın onların olması iddiasını irəli sürdükləri kimi, Qarabağ xalçalarının da onlara məxsus olduğunu iddia edirlər. Lakin ermənilər Qarabağa 1828-ci ildən sonra gəldiklərini, o cümlədən, xalça toxumağı da Azərbaycan qadınlarından öyrəndiklərini çox tez “unutdular”.
Qeyd edilir ki, “Azərxalça” ASC-nin Ağdam filialında Qarabağ qızlarının məhəbbəti ilə toxunan Qarabağ xalçalarının bizim tarixi, mənəvi sərvətimiz olduğunu təkcə ermənilərə deyil, bütün dünyaya sübut edəcəyik: “Bu sahəyə göstərilən diqqətə görə, Prezidentə və onun xanımına, o cümlədən, bu missiyasını layiqincə yerinə yetirən "Azərxalça"nın rəhbərliyinə öz təşəkkürümüzü bildiririk”.
Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Rәcәb Tayyib Әrdoğan vә Vladimir Putin arasında telefon danışığı olub
22.08.2019
“Ermənistanın növbəti təxribatına cavab olaraq BMT Baş katibinə etiraz məktubu ünvanlanıb”
19.08.2019
“Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı düşdüyü xarici siyasət dalanından çıxa bilməyib”
15.08.2019
“Ermənistanın əsas məqsədi beynəlxalq ictimaiyyəti və ATƏT-in Minsk qrupunu aldatmaqdan ibarətdir”
08.08.2019
“Görünən odur ki, Ermənistan hələ də öz işğalçılıq siyasətindən əl çəkməyib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info