REAL: “Milli şura” müxalifəti lağ obyektinə çevirdi”
Tarix: 22.08.2013 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


“Onlar yeni nəslin siyasi gələcəyini məhv edirlər”

Müxalifyönlü REAL siyasi hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı radikal müxalifətin toplaşdığı “milli şura”nı kəskin şəkildə tənqid edib. Onun sosial şəbəkələrdə “Biz niyə “milli şura”da yoxuq?” başlıqlı yazısı geniş müzkirə mövzusu olub. Bəzi müxalifətçilər Azər Qasımlının haqlı tənqidini anlayışla qarşılasalar da digərləri reallığı qəbul etmək istəməyiblər. REAL-ın məsul şəxsi bildirib: “REAL keçən ilin avqust ayında birləşmə məsələsini gündəmə gətirdi. İlk öncə siyasi platforma, sonra kölgə kabineti və nəhayət vahid namizədin müəyyən edilməsini təklif etmişdik: savadlı proqram və səriştəli kölgə kabineti razılaşdırıldığı təqdirdə REAL hərəkatı istənilən adamı vahid namizəd kimi qəbul edə bilər. O zaman bu təklifi görməməzlikdən gəldilər. Sonucda zaman itirildi. Seçkiyə bir neçə ay qalmış müxalifət partiyaları nəhayət birlik mövzusunda düşünməyə başladılar və danışıqlara start verdilər. Bizimlə də danışıqlar oldu. Düşüncələrimizi bir daha təkrarladıq. Daha əvvəl dediklərimizə onu da əlavə etdik ki, razılaşdırdığımız və qəbul etdiyimiz bütün məsələlərin imzalanmasından sonra “milli şura”nın yaradılmasının tərəfdarıyıq. İmzalayacağımız sənəddə də şuranın məramları, strukturu, öhdəliklər və vahid namizədin (birinci, ikinci, yedək və s. yox!) adı öz əksini tapmalıydı. O zaman bizə deyildi ki, “milli şura”nı yaradaq sonra dediklərinizi orada həll edərik”.
Azər Qasımlı deyir ki, onların ideoloji yapısı və bununla bağlı qırmızı xətləri var. “Milli şura” təsisçilərinin isə məsələlərə öz yanaşmaları və planları var idi: “Yanaşmalarını doğru hesab etmədik. Yol doğru deyilsə, yola çıxacağın adamlar uyğun deyilsə, hansı birlikdən söhbət gedə bilər? Bizə təklif edilir ki, gözümüzü qapadaq və “milli şura”ya həmən üzv olaq. Azərbaycan siyasətində belə edənləri görmüşük. “Milli şura”da baş verən hadisələr təməl yanaşmamızın doğru olduğunu bir daha ispatladı”.
Azər Qasımlı daha sonra vurğulayır ki, 28 mayda “milli şura”nın təsis edildiyi elan olunsa da, qurumun heç bir sənədi açıqlanmadı. Bunun əvəzinə Avrointeqrasiya məsələsi ortaya atıldı. Sual olunur təsisçilər bir neçə ay ərzində nələri müzakirə edirdilər? Müzakirə olunanlar arasında ideoloji məsələlər, o cümlədən də Avrointeqrasiya məsələsi yox idi? Hakimiyyətə gəldikləri təqdirdə hansı islahatların keçiriləcəyi, nə kimi addımların atılacağı heç müzakirə edilməyib?
O, qurumun sonunu faicəvi adlandırdı: “Baxın, REAL-ın təklif etdiyi kimi toparlanıb sağlam nüvə yaratmaq əvəzinə, “milli şura” yarandığı gündən lüzumsuz mübahisələrlə məşğuldur… İctimaiyyət də, tərəfdarlarımız da, hakimiyyətin özü də bunları görür axı. Sonunda da müxalifəti lağa qoyurlar. Kimdir günahkar? Bu dedi-qoduların içində olmaq istəməyən REAL hərəkatı? Məncə günahkar qapısını taybatay açıq qoyan ev sahibi – “milli şura” təsisçiləridir.
Avrointeqrasiya və diqər bu tipli məsələləri biz dediyimiz kimi əvvəlcədən razılaşdırıb, sənəd şəkilinə gətirib imzalamaq olmazdımı? Axı adam nə qədər səhv edər? Yığıblar “milli şura”ya islamçıları, sağları, solları, boz qurdçuları və diqərlərini, sonra da onlara deyirlər ki, biz Avrointeqrasiya tərəfdarıyıq. İnanclı insanların, boz qurdçuların öz ideoloji gündəmi var. İndidən “milli şura”nın altına ideoloji bombaların qoyulmasını görmürsünüz? Madam ki, hər kəsi bir araya gətirdiniz, REAL-ın dediyi kimi qırmızı xəttləri müəyyən etmədiniz, belə olan təqdirdə də ideoloji məsələləri qabartmamaq daha məntiqli olardı.”
Azər Qasımlı Rüstəm İbrahimbəyova da sataşmağı unutmayıb: “Vahid namizəd məsələsinə gəldikdə isə Rüstəm İbrahimbəyovun namizədliyinə “milli şura”da yekdilliklə səs verildi, biz də “xeyirli, uğurlu olsun” dedik. “Milli şura”da təmsil olunan partiyalar deyirlər ki, bizim də Rüstəm bəyin namizədliyi ilə yanaşı öz namizədlərimiz də var. Bunu deyən İsa Qəmbər idi, sonra Mirmahmud ağa da ona qoşuldu. Bu gün artıq əvəzedici namizəddən danışmağa başladılar. Cəmil Həsənlinin, Mehman Əliyevin adları çəkilir artıq…
Vahid namizəd elan olunan Rüstəm bəyin ilk açıqlamasına nəzər yetirək: "... Mənə elə gəlir ki, hələlik heç lazım deyil ki, İsa bəy öz namizədliyini geri çəksin. Bakıda görüşərik, oturub götür-qoy edərik, fikirləşərik ki, nə yaxşıdır. Bəlkə bir-iki nəfər də başqa partiyalardan namizəd olacaq, yaxud əksinə, qərara gələcəyik ki, hamı öz namizədlərini geri çəksin ...".
"Bəlkə bir-iki nəfər də başqa partiyalardan namizəd olacaq" sözlərindən sonra REAL “milli şura”nın vahid namizəd konsepsiyasını necə tənqid etməsin ki? Rüstəm bəyin sonraki açıqlamalarına da baxaq: "Milli şura” və ictimaiyyət maksimum iradə və qətiyyət göstərməlidir ki, vahid namizəd qeydiyyata alınsın. Hətta namizəd qeydiyyata alınmasa, imtina ehtimalı olduğu variantda belə, bu düşərgədən ikinci namizəd olmamalı...".
Bizə görə doğru. Amma hakimiyyət imtina etsə nə olacaq? Bu sualı da REAL hərəkatı deyil, “milli şura”da təmsil olunanlar verir. Boykot? Yenə də? Niyə Rüstəm İbrahimbəyovun namizədliyinin qeydiyyatı məsələsində yarana biləcək problemləri bilə-bilə “milli şura”nın təsisçiləri əvvəlcədən müzakirə edib aralarında ikinci namizədi razılaşdırmayıblar? B planını aralarında razılaşdırmaq əvəzinə Rüstəm bəyin qeydiyyat məsələsini ictimailəşdirdilər və Rüstəm bəyin vahid namizədəliyini məhz özləri şübhə altına saldılar.
Görünən odur ki, “milli şura”da birlik və əsas məsələlər üzərində heç bir razılıq mövcud deyil. Yenə də evi tikiblər, kanalizasiya yaddan çıxıb. “Milli şura” əvvəlcədən yanlış yolda olduğuna görə özü özünü siyasi dalana saldı. Vəziyyətdən çıxmaq yerinə, vahid namizəd məsələsini həll etmək yerinə “milli şura” mitinq qərarı verir... Mitinq qərarını isə biz ümumiyyətlə anlamadıq. Vahid namizəd yerinə mitinq? Nəyə lazım idi bu? Nə demək istəyirdilər bununla? Üstəlik də birlik nümayiş etmək yerinə, hər bir partiya öz bayrağıyla. Bir sözlə, sorun dərindir. İstəklər, düşüncə, yanaşma və vizyonlarımız fərqlidir.
Keçən ilin avqust ayından etibarən birlik ideyasını irəli sürən REAL hərəkatı ənənəvi müxalifətlə bu ilin məsuliyyətini bölüşməyə hazır idi. Amma bizdən istəyirdilər ki, son 20 ilin məsuliyyətini də onlarla bölüşək. Mübarizə imitasiyasıyla məşğul olub yeni nəslin siyasi gələcəyini məhv etməyə mənəvi haqqımız yoxdur!”
REAL-dan “milli şura”ya belə sərt tənqidi fikirlərin gəlməsi artıq onu göstərir ki, nəinki bu qurumda olan müxalifətçilər arasında dərin uçurum yaranıb, hətta şurada təmsil olunmayan siyasi birlik və hərəkatlar da radikalların “oyun”larından cana doyublar. Bunu Azər Qasımlının analiz xarakterli yazısında da aşkar hiss eləmək olar.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info