“İntihar“ hallarını siyasiləşdirənlər, faciədən gəlir güdənlər
Tarix: 18.08.2019 | Saat: 14:52:00 | E-mail | Çapa göndər


Dünyada özünəqəsd hallarının mövcud durumu
Fransa "Ümumdünya intihara qarşı mübarizə günü"nün qeyd edilməsinə qarşıdır. Ölkənin elm adamları hesab edirlər ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsis etdiyi bu aksiya mahiyyətcə intihar hallarının qarşısının alınmasına yönəlsə də, əks effekt verir, "intihar yolunun mövcudluğunu" insanlara xatırlatmaqla ona meyl yaradır. İntiharı dolayısı ilə təşviq edən vasitələr çox olduqca, özünəqəsd hallarının sayı da artır. 2003 - 2014-cü illər aralığında Fransa Avropa məkanında "intihar hallarının ən yüksək olduğu ölkələrdən biri" titulunu qazanıb. 2014-2018-ci illər aralığında isə Avropa ökələri arasında özünəqəsd hallarının çox olduğu ilk 10-luqda yer tutur. Fransanın İntihar Hallarının Müşahidəsi üzrə Milli Mərkəzinin ("ONS") 2017-ci ildə keçirdiyi sorğu nəticəsində bəlli olub ki, ölkə əhalisinin 7 faizindən çoxu, yəni təxminən üç milyon insan, həyatlarını sona çatdırmağı düşünürlər, təqribən 4 faiz isə buna baş tutmayan cəhdlər edib, tamamlanmamış intiharlar törədib. Hazırda bu ölkədə əhalinin hər 100 min nəfərinə düşən illik intihar sayı 17,5 nəfərdir. French Center for Epidemiology ("CépiDcInserm") hesablayıb ki, il ərzində 8,885-dən 9,000 nəfərədək fransız özünəqəsdin qurbanı olur, hər saatda bir fransız intihar edir (https://www.alliancevita.org/en/2018/02/suicide-in-france-3rd-official-report/ ).
Təhlillər göstərir ki, özünəqəsd insan həyatını bitirən vasitələr sırasında avtomobil qəzaları ilə yanaşı gəlir. İnsanlığın ən böyük problemlərindən birinə çevrilən bu bəla xüsusilə gənclər arasında qlobal miqyasda ölümün əsas səbələrindəndir. Monitorinq təşkilatları intihar edənlərin orta yaş həddi kimi 43 -ü göstərirlər.
Ümumdünya Səhiyyə Təşkilatının hesabatında qeyd edilir ki, yaşadığımız günlərdə hər 40 saniyədə bir insan özünə qəsd edir. Nəticə olaraq, ildə 1 milyon civarında insan özünü öldürür. 2020-ci ilədək bu rəqəmin 1,5 dəfə artacağı proqnozlaşdırılır.

İntiharın səbəbləri barədə müxtəlif fikirlər
Səbəblər barədə rəylər müxtəlif və dolaşıqdır. Özünəqəsd hallarının yüksək olduğu dövlətlər sırasında inkişaf etmiş ölkələr ön sırada gəlirlər və bu, fikirləri qarışdırır. Məsələn, hazırda intihar hallarının intensivliyinə görə Qərbi Avropa ölkələri ilk yerlərdə dururlar. Fransanın simasında əhali sayı və ərazicə böyük, sosiallaşmış dövlətlərlə yanaşı, Norveç kimi kiçik ərazili, amma yüksək təminatlı ölkələrdə də intihar halları çoxalır. Norveçdə hər il 500-600 intihar hadisəsi qeydə alınır. Bu, hər 100.000 əhaliyə düşən intiharların sayının 15 nəfər olması deməkdir və beynəlxalq standartlarla yüksək göstərici hesab olunur (https://www.fhi.no/en/op/hin/mental-health/suicide-and-suicide-attempts/ ). İntihar sayına görə ön yerlərdə dayanan dövlətlər sırasında Hindistan və Çinlə yanaşı ABŞ da vardır (Hindistanda təqribən illik 258 min, Çində 120 min, ABŞ-da 43 min). Sırada dünyanın ən böyük ölkəsi-Rusiya ilk 5-likdə yer alır. Hər 100.000 əhaliyə düşən intiharların sayı 31-32 nəfərdir. Beləliklə, intihar halı sosial təminat baxımından həm yüksək, həm də aşağı olan ölkələrdə intensivləşib.
Bütün bunları nəzərə alan təhlilçilər intihara yol açan səbəblər sırasında sosial-iqtisadi durumu, maddi çətinlikləri arxa plana çəkir, psixi durumu, ruh düşkünlüyünü önə verirlər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, ən az intihar sayları müsəlman ölkələrindədir. Dindar ölkə olan Küveytdə rekord dərəcədə az intihar baş vermişdir. Burada hər 100 min insana 1 və ya 2 intihar halı düşür.
İslam nöqteyi -nəzərindən intihar etmiş insan böyük günah törətmiş sayılır. Digər insanların qətli kimi, intihar da İslama ziddir. Quranda deyilir: "Özünüzü öldürməyin, həqiqətən Allah (bunu sizə qadağan etməklə) çox mərhəmətlidir".
Amma ayrı-ayrı müsəlman ölkələrində intihar hallarının intensivliyi fərqlidir. Onların sırasında da aşağı və yuxarı göstəricisi olanlar var. Bu baxımdan özünəqəsd amilinin yalnız dini dünyagörüşlə əlaqələndirilməsi versiyasını istisna edir, fərqli məqamları üzə çıxarır.
Fransız alimlərin "Ümumdünya intihara qarşı mübarizə günü"nün qeyd edilməsinə qarşı çıxmaları da məhz bu fərqli məqamlarla bağlıdır. Düşünürlər ki, intihar hallarının intensivləşməsi sosial-iqtisadi durumdan, maddi çətinliklərdən, psixoloji gərginliklərdən daha çox, özünəqəsd amilinin təşviqinin sünii şəkildə artırılması ilə bağlıdır. Təşviqedici amillərın sırası isə genişdir. Fransız mütəxəssislər iddia edirlər ki, intihar halları nəinki sosial şəbəkələr, bəzi onlayn KİV-lərdə, bədii ədəbiyyata, təsviri incəsənətədə birbaşa təşviq edilir, həmçinin, intihar hallarının qarşısının alınması üçün qurulmuş kampaniyalar da əks effekt verir, necə ki, "İntihara qarşı mübarizə günü". Bütün bunlara rəğmən, onlayn media və sosial şəbəkələr özünəqəsdi təşviq edən amillər sırasıda öndə dayanır.

Özünəqəsd hallarını stimullaşdıran vasitələr
Psixoloji problemi olan insanın intihar xəbərindən nümunə götürmək ehtimalını, onların mediada gördükləri intihar motivli xəbərlərin təsirinə düşə biləcəyini, həmin hərəkətləri təkrarlamaq istəyində olacaqlarını nəzərə alaraq, Jurnalistlərin Peşə Davranış Qaydalarında xüsusi bənd ayrılıb. Azərbaycan Jurnalistlərin Peşə Davranış Qaydalarının 3.11-ci bəndi intihar hadisələrilə bağlı xəbərlərə xüsusi yanaşma tələb edir: " Jurnalist cinayət əməlləri, zorakılıq, qəddarlıq və intihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməlidir". Bu prinsip simvolik fərqlərlə dünyanın demokratik ölkələrində medianın etik kodekslərində yer ayrılıb. Ənənəvi KİV-lər medianın emosional təsir gücünü nəzərə alaraq, bu prinsipi qorumağa çalışır, intihar xəbərlərinin təqdimatında ehtiyatlı davranırlar. Amma onlayn media üçün İP yarışı, sosial şəbəkə istifadəçiləri üçün "layk" həvəsi daha öndədir, onlar üçün əsas olan sensassiyadır, izləyici sayıdır, etik kodeks isə sonuncu yerdədir.
İnternet axtarış sistemləri üzərində aparılan təcrübə onlayn medianın, sosial şəbəkələrin intihar halları ilə bağlı nə qədər təhlükəli hal yaratdığını göstərir. Google-nin məqalələr üçün olan xüsusi axtarış sistemində- "Google scholar"-da aparılan araşdırma zamanı Fransada intihar halları barədə KİV materialları üzrə 5 il müddətinə cəmi 226,000 (İki yüz iyirmi altı min) nəticə tapılır. Amma eyni dövrün ümumi araşdırması- onlayn media və sosial şəbəkələr daxil- fantastik bir rəqəmlə ifadə olunur-108,000,000 (Yüz səkkiz milyon). Norveçdə bu göstərici paralel olaraq 47,500 (qırx yeddi min beş yüz) və 18,100,000 (on səkkiz milyon yüz min) fərqilə müşahidə edilir.
Xəbər saytlarında intihar xəbərlərinin dönə-dönə təkrarlanması, sosial şəbəkələrdə intihar hallarının detallı təsviri durumu pisə doğru dəyişir, problemlərlə, çətinliklərlə üzləşən insanlar üçün "çıxış yolu" göstərir.

Azərbaycanda paradoksal durum
Azərbaycandakı durum dünyadan fərqlidir, paradoksaldır. ÜST-in hesabatından görünür ki, Azərbaycanda intiharların sayı ən aşağı səviyyədədir. Ölkədə hər 100 min nəfərə düşən intihar hadisəsinin sayı illər üzrə 2 ilə 5 arasında dəyişməklə, hətta "beynəlxalq normadan" da aşağı qalır. Yeganə hallardan biridir ki, özünəqəsd Azərbaycanda uzun illər boyu aşağı rəqəmlərlə ifadə olunur, bu göstərici sabit qalır və beynəlxalq təşilatlar tərəfindən etiraf edilir, beynəlxalq hesabatlarda obyektiv şəkildə ifadə edilir. Məsələn, 2015-ci ildə 499 nəfər, 2016-cı ildə 507 nəfər, 2017-ci ildə 498 nəfər, 2018-ci ildə 521 nəfər, 2019-cu ilin 7 ayında isə 316 nəfərin intihar hadisəsi qeydə alınıb. Amma paradoksal olan budur ki, özünəqəsd hallarının statistikasında artım olmasa da, intiharla bağlı xəbərlərin intensivliyi artıb. Azərbaycandilli kontentdə intiharla bağlı xəbərlərin sayı 182,000-i ötür. Elə təəssürat yaranır ki, sosial şəbəkələr, onlayn media quruluşları intihar xəbərləri üzrə müsabiqəyə qatılıblar. Səbəb sadədir, həm də qeyri-adidir. Dünya ölkələrindən fərqli olaraq, Azərbaycanda intihar mövzulu xəbərlər, həm də müxalifətin iqtidara qarşı mübarizədə istifadə etdiyi vasitədir. Xaricdən yayımlanan, "söyüş kampaniyası"nın təşkilatçıları tərəfindən idarə edilən internet TV-lərdən, sosial şəbəkə hesablarından başlamış, ölkəiçi müxalifətin təbliğat vasitələrinə, sosial şəbəkə hesablarına qədər hər yerdə "intihar xəbərləri" yarışı keçirilir. Hiss olunur ki, bu yöndə kontentin artırılması üçün tapşırıq alıblar. Zahirən elə davranırlar ki, guya intihar edənlərin qayğısını çəkir, intihara yol açan səbəblərin qaldırılmasını istəyirlər. Amma niyyətlərini gizlədə bilmirlər. Uzağı, 2-3 cümlədən sonra ritorika dəyişir, bütün intiharların səbəbi "iqtidarın sosial-iqtisadi siyasəti ilə əlaqələndirilir", özlərinin hakimiyyətə gəlmələri ilə hər şeyin dəyişəcəyi qeyd edilir.
Yenə yanlış edirlər, həm özləri, həm də cəmiyyət üçün. İntiharlar, onların statistikası, səbəbləri barədə dünya fərqli fikirdədir. "Milli müxalifət" bu təbii axının əksinə getməklə, gözdən düşür. İkincisi, xalqın dəyərləri var: insan faciəsi üzərində oyun qurulmaz, qurulsa da, xeyir gətirməz.

Müşfiq Ələsgərli




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
“Bunu belə zənn edənlərin qarşısında Türkiyə və Şimali Kıbrıs Türk Cümhuriyyəti olacaq“
20.09.2019
“Təhlükəsiz bölgə yaradılması barədə ləngimə olsa, ABŞ ilə fəaliyyətlərə son qoyular“
20.09.2019
İİTKM-in departament rəhbəri Nicat Hacızadə: Beynəlxalq Valyuta Fondu Azərbaycandakı islahatları müsbət dəyərləndirir
20.09.2019
“Aramco“ zavodlarına hücum dünyaya edilən bir hücumdur“
20.09.2019
“Əsrin müqaviləsi“ müstəqil Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin əsasını qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10890

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info