“Azərbaycan əzəldən dahi və istedadlı insanların vətəni olub”
Tarix: 23.08.2013 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Vasif Axundov: “Bu orkestrdə fəaliyyət göstərən musiqiçilər həm xalq musiqisi, həm simfonik musiqi, həm də caz və estrada musiqisindən agah olmalıdırlar”

Müsahibimiz Azərbaycan Dövlət Televiziyası və Radiosunun Estrada Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Vasif Axundovdur:

- Bu gün incəsənət sahəsində, televiziyada Estrada Simfonik Orkestrinin rolu nədən ibarətdir?
- Nəinki Azərbaycanda, bütün dünyada onun rolu çox böyükdür. Əgər bəşəriyyətdə insanlar hansısa sahələrdə ən böyük işlər ediblərsə, incəsənət sahəsində də Estrada Simfonik Orkestrini yaratmaları da şübhəsiz, təqdirəlayiqdir. Çünki bu, çox böyük bir şeydir. İncəsənət sahəsində həm simfonik orkestr, həm X.Ç.A. ansamblları var ki, onların musiqi aləmində mövqeləri bəllidir. İncəsənət sahəsində estrada simfonik orkestri də fəaliyyət göstərir. Əlbəttə ki, bu sahədə çalışmaq çox çətindir. Çünki bu orkestrdə fəaliyyət göstərən musiqiçilər həm xalq musiqisi, həm simfonik musiqi, həm də caz və estrada musiqisindən agah olmalıdırlar.
- İndiki gənc musiqiçilər estrada ilə simfonik musiqinin fərqini bilirlərmi?
- Xeyr. Cavanlarda hər şey var. Amma təcrübə yoxdur. Təcrübə 40 yaşından sonra olur. Amma onlar gərək 40 yaşından sonra bir az səbirli olmağı bacarsınlar. Əsas amil budur. Çünki bu günün gəncləri ali məktəbi bitirdikdən sonra özlərini peşəkar sayırlar. Düzdür, diplom almaq peşəkarlıqdır. Lakin təcrübənin olmasına dəlalət etmir. Təcrübə illərin zəhmətinin adıdır. Bir deyim də var: “Bir var, peşəkar olasan, bir də var, rəssam olasan”. Rəssamın mənası da o deməkdir ki, yəni sən sənətinə o dərəcədə yiyələnmisən ki, illərin təcrübəsi ilə sənətində yeniliklər yaradırsan. Bir sözlə, sənətinin rəssamı olursan.
-Estrada Simfonik Orkestri üçün yeni, müasir əsərlər yazılırmı?
- Yəqin ki, bəstələyənlər olur. Lakin mənim məlumatım yoxdur. Amma hazırda özüm orkestr üçün əsərlər yazıram. Sırf Azərbaycan musiqisidir. Lakin yeni bir səpkidə yaradıram. Çalışmışam ki, gördüyüm işimdən heç bir zaman utanmayım. İnsan hər gördüyü işdən cavabdeh olmalıdır.
-Solo ifaçıların bu orkestrə marağı varmı?
- Bu, mənim şəxsi fikrimdir ki, bir müğənni orkestrdə fəaliyyət göstərməsə, oxumasa, ondan əsl ifaçı çıxmaz. Simfonik orkestr, kamera orkestri, X.Ç.A. orkestri bunların hamısı başqa-başqa sahələrdir. Bu sahələrdə mütləq ifaçı təcrübədən keçməlidir. Efirlərdə kiçik qurplar var ki, bir neçə musiqi alətləri ilə estrada musiqisi ifa edirlər. Lakin estrada belə olmur. Mən deyərdim ki, Polşada, Bolqarıstanda və İtaliyada keçirilən “Sannreymo” festivalında səhnədə 50-55 nəfərlik orkestr, bütün konkursda ifa edilən mahnıları yüksək səviyyədə müşayiət edirdilər. Əsl sənət budur. Lakin belə ifaları mən bu gün bizim musiqi aləmimizdə görmürəm.
-Estrada Simfonik Orkestrinin inkişafı bədii rəhbər kimi sizi qane edirmi?
- Desəm, qane edir, cavabım səmimi olmaz. Orkestrdə fəaliyyət göstərən musiqiçilərin əksəriyyəti gənclərdir. İnkişaf üçünsə ancaq çalışmaq lazımdır. Lakin mən bunu gənclərdə görmürəm. Mənim 59 yaşım var, onların 25. Məndə olan iş enerjisi, çalışmaq həvəsi onlarda yoxdur.
-Bir ziyalı kimi gənclərin musiqi sahəsində inkişafını necə görürsünüz?
- Elə də yüksək qiymətləndirmirəm. Çünki bu günün gənclərinin musiqi zövqləri yaxşı deyil. Musiqiçidə birinci növbədə zövq yaxşı olmalıdır. Mən konservatoriyanı bitirəndə bir müəllim bizə sual verdi ki, əziz tələbələr, siz bir neçə il ərzində bu ocaqda nələr öyrəndiniz? Hər kəs yerindən müxtəlif, lakin eyni səpkili cavablar verdi. Müəllim yenidən dillənib belə söylədi: “Demək, onda siz bu neçə il ərzində heç nə öyrənə bilmədiniz! Musiqiçidə əsas bir keyfiyyət olmalıdır- utanmaq. Əgər sizdə utanmaq hissi varsa, demək, siz əsl musiqiçisiniz. Elə əsərlər bəstələyin ki, utanmayasınız”.
- Bugünkü bəstəkarlar haqqında fikirlərinizi öyrənmək istərdik...
- Mən deyərdim ki, bu gün Azərbaycanda elə bəstəkarlar var ki, bəlkə də onlar kimisini dünyada tapmaq olmaz. Onlar hansı ölkəyə getsələr, sənətləri sahəsində birinci olacaqlar. Mən hələ 5-6 nəfəri dəqiq bilirəm. Bəlkə də sənətləri hələ də tanınmayan istedadlı insanlarımız daha çoxdur. Çünki Azərbaycan əzəldən dahi və istedadlı insanların Vətəni olub. Təəssüf ki, gənc bəstəkarların arasında onların yolunu gedənləri görmürəm.
-Bir ziyalı kimi musiqiçilərin potensialını necə qiymətləndirirsiniz?
- Bu gün musiqiçilərin ifaları məni qane etmədiyi üçün onların musiqi potensiallarından da söz aça bilmərəm. Bilirsiniz, bu gün musiqi sahəsində bir problem var ki, istər musiqiçilər arasında, istərsə də cəmiyyətdə əhalinin musiqi zövqləri birdir. Nə qədər musiqi zövqləri eyni olsa, incəsənət sahəsində heç bir zaman inkişaf olmayacaq.
-Azərbaycanda orkestrin inkişafını necə görürsünüz?
- Azərbaycanda yaxşı musiqiçilər, bəstəkarlar var. Onların inkişaf etmələri üçün kifayət qədər baza lazımdır. Çünki baza olmasa, inkişaf olmaz. İnkişaf da potensialın artması deməkdir.
-Estrada Simfonik Orkestri üçün festivalların, konkursların keçirilməsi zəruridirmi?
- Əlbəttə, çox gözəl olardı. Bəlkə də bu sahə üzrə müsabiqələrin təşkil olunması musiqi mədəniyyətimizdə yeni estrada simfonik orkestrlərinin yaranmasına bir təkan olar. Həmçinin ifaçıların əsl musiqi duyumu zənginləşər. Çünki bu gün müğənnilərin əksəriyyəti karaoke ifa edərək səslərini lentə yazırlar. Lakin əsl sənət təbiiliyi, həqiqəti sevir. Məsələn, Fransanın “Metso” kanalı xüsusi kanaldır ki, həm simfonik, həm caz, həm etno musiqilər canlı yayımlanır. Bizdə də nüfuzlu simfonik orkestrlərimiz var. Lakin onların cəmiyyətdə təbliği vacibdir. Necə ki Avropada geniş kütlə klassik musiqiylə bağlı məlumatlanır, biz də bu sahəyə marağın artmasında əsaslı işlər görməliyik. Milli musiqimizlə yanaşı, cəmiyyətimizdə klassik musiqiyə marağın olması üçün tələbatın artması lazımdır. Çünki musiqi dünyamızda artıq simfonik musiqinin ən əsası olan klassik musiqinin təməli qoyulub. Sual oluna bilər: nəyə görə Fikrət Əmirov “Şur” simfonik muğamını, Niyazi “Rast” simfonik muğamını yazıblar? Millətimizin kimliyini dünyaya bəyan etmək üçün.
Əgər musiqimiz hər hansı ölkədə təbliğ olunsa, biz ilk olaraq muğamlarımızdan başlayacağıq. Məsələn, “Rast” muğamını ifa etsək, şübhəsiz ki, xarici dinləyici milli musiqimizə heyran olacaq. Lakin yaxından bələd olmayacaq. Biz həmçinin Niyazinin “Rast” simfonik muğamını da ifa etsək, əlbəttə ki, xarici musiqimizə daha yaxından bələd olacaq. Hətta italyan musiqiçisi Bakıya səfərində deyib ki, -“əgər sizin simfonik əsərləriniz bizdə olsaydı, biz dünyanı əlimizdə oynadardıq. Siz necə millətsiniz? Mən başa düşmürəm...”
Bəli. Biz bu cür millətik. Azərbaycanlı bütün dünya xalqlarının musiqilərini qüsursuz oxuya bilər. Ancaq heç bir ölkə Azərbaycan musiqisi oxuya bilməz. Azərbaycan muğamını isə heç kim oxuya bilmir. Yalnız bu millətə xas olan zənginlikdir.
Biz çox talantlı millətik. Əgər dünyanın 11 iqlim qurşağından 9-u Azərbaycana aiddirsə, deməli, Yer kürəsinin mərkəzi Azərbaycandır. Bunu başa düşmək lazımdır.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info