Ermənistan özünün ən acınacaqlı günlərini yaşayır
Tarix: 27.08.2019 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


Beyləqan rayonu ərazisində 146 məcburi köçkün ailəsi üçün inşa edilmiş yeni qəsəbə avqustun 26-da istifadəyə verilib. Bütün zəruri sosial-texniki infrastrukturu olan məhəllənin tikintisi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində aparılıb. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınmış sayca 105-ci qəsəbədir.
Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması prioritet istiqamətlərdəndir. Hər il minlərlə məcburi köçkün ailəsi dövlət vəsaiti hesabına inşa edilən yeni qəsəbələrdə mənzil və evlə təmin olunur. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görülür.
Qeyd edək ki, yeni qəsəbəyə Beyləqan rayonu ərazisində məktəblərdə və digər ictimai binalarda müvəqqəti məskunlaşmış, uzun müddətdir ən ağır şəraitdə yaşayan məcburi köçkünlər köçürüləcəklər. Bu məqsədlə rayon mədəniyyət evində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müvafiq komissiyasının üzvlərinin, ictimaiyyətin və KİV nümayəndələrinin iştirakı ilə püşkatma keçirilib. Avqustun 27-dən məcburi köçkünlərin yeni qəsəbədəki evlərə köçürülməsinə başlanılacaq.
Xatırladaq ki, yeni qəsəbə Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (MKSİF) sifarişi əsasında layihələndirilib və inşa olunub. Ayrılmış 30 hektar torpaq sahəsində tikinti işlərinə 2018-ci ilin avqust ayında başlanılıb. Qəsəbədəki evlərin 12-si birotaqlı, 73-ü ikiotaqlı, 54-ü üçotaqlı, 7-si dördotaqlıdır. Bundan başqa, qəsəbədə 150 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi də inşa edilib, müvafiq mühəndis-kommunikasiya şəbəkələri yaradılıb, abadlıq və yaşıllaşdırma işləri görülüb.
Qəsəbəni elektrik enerjisi ilə təchiz etmək məqsədi ilə yaxınlıqda yerləşən 35/10 kV-luq “Xocavənd” yarımstansiyasında genişləndirmə işləri aparılıb, 0,57 kilometr 35 kV-luq və 3,33 kilometr uzunluğunda 10 kV-luq yeni elektrik veriliş xətləri çəkilib. Qəsəbə ərazisində Mərkəzi Paylayıcı Qurğu binası tikilib, komplekt transformator məntəqəsi yaradılıb.
İçməli su təchizatı şəbəkəsi yaradılıb, 10,15 kilometr uzunluğunda su xətti çəkilib, iki ədəd 300 kubmetrlik su anbarı inşa edilib, iki ədəd artezian quyusu istismara verilib və digər zəruri tədbirlər görülüb. Ərazidə sahədaxili içməli su və yanğına qarşı su şəbəkəsi tikilib, 25 ədəd yanğın hidrantı quraşdırılıb.
Qeyd edək ki, qəsəbəyə qaz xətti çəkilib, sosial obyektlərin istilik təchizatı üçün qazanxanalar tikilib. Ərazidə abadlıq işləri aparılıb, 7,47 kilometr uzunluğunda asfalt-beton yol-küçə şəbəkəsi, 1,7 kilometr uzunluğunda drenaj şəbəkəsi, 6 ədəd sanitariya-təmizləmə meydançası tikilib, 1,65 hektar sahədə yaşıllaşdırma işləri görülüb.

“Paşinyan problemlərin öhdəsindən gəlməkdə aciz qaldığını etiraf edir”
Bu arada Ermənistanın Tavuş vilayətində vəziyyət gərginləşib. Aksiya iştirakçıları Ermənistan-Gürcüstan yolunu bağlayıblar. AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, Tavuş vilayətinin sakinləri məmur özbaşınalığına etiraz edərək genişmiqyaslı aksiya keçirirlər. Vilayətin ən böyük kəndi olan Artiçtin sakinləri aksiyalara qoşularaq əsas magistral yoldakı avtomobillərin hərəkətini dayandırıblar. Sakinlər bildiriblər ki, bir il əvvəl vətəndaşlara müxtəlif vədlər verməklə hakimiyyətə gələn Nikol Paşinyan özü belə problemlərin öhdəsindən gəlməkdə aciz qaldığını etiraf edir. Ermənistan özünün ən ağır, acınacaqlı günlərini yaşayır. Məmur özbaşınalıqları da sakinlərin səbrini tarıma çəkib.
Aksiya iştirakçıları bəyan ediblər ki, problemlərin artması səbəbindən Tavuş vilayətinin kəndlərinin böyük əksəriyyəti boşalıb. Bundan başqa, bölgənin sakinləri içməli su və eyni zamanda, əkin sahələrinə verilən su ilə bağlı da narazılıqlarını bildiriblər. Qeyd ediblər ki, onlar yalnız məişət problemlərini həll etmək üçün suyu maşınlarla alırlar. Kəndin icra nümayəndəsi deyib ki, su boru xətləri istismar müddətini başa vurub. Son 30 ildə ətraf kəndlərdə boru kəmərlərinin təmir-bərpa işləri aparılmayıb.
Etirazçılar bildiriblər ki, onların məşğuliyyət və dolanışıqları ancaq əkinçilikdir. Min cür əzab-əziyyətlə əkilən sahələr susuzluqdan məhv olub gedir. İki ay əvvəl Nikol Paşinyanın köməkçisi Vladimir Karapetyan problemin yaxın zamanda həll olunacağını demişdi, ancaq problem olduğu kimi qalır. Aksiya iştirakçıları bəyan ediblər ki, onların tələbləri təmin olunmasa sakinlər Ermənistan-Gürcüstan dəmir yolunu bağlayacaqlar.
Qeyd edək ki, aksiyanı dayandırmaq üçün əraziyə xeyli sayda polis cəlb olunub. Polislə etirazçılar arasında toqquşma yaşanıb.

Aprel şəhidlərinin övladları üçün ekskursiyalar təşkil edilib
Yeri gəlmişkən, Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi (1919-2019) münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində gələcək nəslin Vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyə edilməsi, onlarda hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi, sərhədçi peşəsinə marağın artırılması məqsədilə Aprel döyüşləri şəhidlərinin 15-19 yaşlarındakı övladlarının Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Xudat şəhərindəki hərbi hissəsinə və Xaçmaz rayonunun Xanoba kəndi ərazisində yerləşən sərhəd zastavasına ekskursiyaları təşkil edilib.
DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, ekskursiya müddətində iştirakçılar hərbi hissənin Heydər Əliyev İdeoloji Mərkəzini ziyarət edib, yaradılan şəraitlə tanış olublar. Onlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, Dövlət Sərhəd Xidmətinə göstərilən yüksək diqqət və qayğı barədə ətraflı məlumat verilib. Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyinə həsr olunmuş sənədli filmin nümayişindən sonra özfəaliyyət kollektivinin və Xaçmaz rayon Mədəniyyət Evinin incəsənət xadimlərinin konsert proqramı ilə çıxışları təşkil edilib.

Ermənilər snayperlərlə atəşkəsi pozub
Ermənistan silahlı qüvvələri isə cəbhədə gərginlik yaratmaqda davam edirlər. Belə ki, Ermənistan ordusu cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
“News Blaze” nəşri: “Ermənistanda nasist veteranları “qəhrəman” hesab edirlər”
17.09.2019
“Los-Anceles nasist generalları mədh edən ölkəyə dəyər verməməlidir”
16.09.2019
“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi
12.09.2019
Ukrayna XİN: “Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur”
10.09.2019
Almaniya Minsk qrupunun üzvü kimi münaqişənin həlli prosesinə qoşulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info