Hərdəmxəyalın seçki sərgüzəştləri
Tarix: 27.08.2013 | Saat: 14:42:00 | E-mail | Çapa göndər


Salam, Rüstəm bəy. Yəqin Sizə təbriklər düşür. Axı, adınız prezidentliyə namizəd kimi bolluca hallanır. Lakin bu mübarək yazını başlayarkən fikrimdə heç də Sizi təbrik eləməyi nəzərdə tutmamışdım. İlk növbədə ona görə ki, hələ də anlaya bilmirəm: kifayət qədər gurultulu fəxri adlarınızın və vəzifələrinizin siyahısına birinin də əlavə olunması nə deməkdir.
Sözsüz, bu, hər birimizin öz şəxsi seçimidir. Niyyətin hara, mənzilin ora. Başqa sözlə desək, artıq kino aləmi Sizə çox dar gəldi. Daha geniş, daha cazibədar, daha maraqlı siyasət aləminə qədəm qoymaq istədiniz. Çox gözəl, çox pakizə. Allah axırını xeyir eləsin. Amma bu yeni məkanda atdığınız ilk addımlar mənə elə bir mənəvi rahatlıq bəxş etdi ki, Sizə dərin təşəkkürümü izhar etməyi özümə borc bildim. İstər-istəməz soruşacaqsınız - "niyə?". Səbəbi çox sadədir. Çalışaram onu müxtəsər şəkildə izah edim.
Düz iyirmi beş ildir mən özümə dönə-dönə bircə sualı verirəm. Və düz iyirmi beş ildir, həmin sual cavabsız qalır. O sual artıq mənim daxili aləmimin ayrılmaz bir hissəsinə çevrilib, qəlbimdə məskən salıb, amma yenə də vaxtaşırı baş qaldırıb məni narahat edir. Özü-özlüyündə bu gün o, bəlkə də qəribə səslənir. Amma yenə də dönə-dönə soruşuram: axı, necə oldu, biz bu Azadlıq meydanını Nemət kimi kəmsavadların ixtiyarına verdik? Niyə məhz nemətlər o vaxt meydan suladılar və bütün ziyalıları siyasi proseslərdən kənarlaşdırdılar?
Bu suala müxtəlif insanlardan müxtəlif cavablar almışam. Lakin heç bir cavab məni qane etməyib. Hələ o dövrdə mən də çoxları kimi gözəl başa düşürdüm ki, meydanda səslənən səmimi sözlər və hədsiz-hüdudsuz vətənpərvərlik duyğuları ilə dolu odlu-alovlu nitqlərlə yanaşı, gizli qalan məqamlar da var. Bu, təkcə müvafiq qurumların qurduqları və bizi cəlb etmək istədikləri təhlükəli oyunlar deyildi.
İndinin özündə nə qədər gözəl dərk etsəm də ki, olan olub, keçən keçib və o günləri bir daha geri qaytarmaq olmaz, bu günəcən yenə ürəyimdə bir nisgil qalmışdı. Fikirləşirdim, bəlkə biz o vaxt hansısa çıxış yolu tapsaydıq, bu Qarabağ problemini xalqımızdan, məmləkətimizdən, elimizdən elə yarandığı ilk anlarda uzaqlaşdıra bilərdik. Nə qədər götür-qoy edirdimsə, yenə də bir fikir beynimi deşirdi ki, bəlkə bu millətin qaymaqları o vaxt hakimiyyətə yol tapa bilsəydilər, biz bu gün torpaqlarının 20 faizi zəbt olunmuş bir ölkəyə çevrilməzdik. Millətin qaymağından danışanda isə istər-istəməz Siz yadıma düşürdünüz, Rüstəm bəy.
Təbii ki, biz o vaxt çox mətləblərdən bixəbər idik, çox şeyləri bilmirdik və bilə də bilməzdik. Haradan biləydik ki, bizdən çox-çox uzaq ölkələrdə kimlərsə sivilizasiyaların toqquşmasını düşünür, məxməri inqilab konsepsiyalarını yaradır, polkovnik Şarpın isə hakimiyyətin iflic vəziyyətinə salınması üsulları gündən-günə təkmilləşərək sınaq üçün yeni-yeni meydanlar axtarır.
Allah sənə qəni-qəni rəhmət eləsin, ay Xudu Məmmədov. Sözsüz ki, bu gözəl alim bəlkə hamımızdan çox Qarabağdakı real vəziyyətdən hali idi. Kim bilir nədən partladı onun böyük ürəyi? Hansı acı xəbərlər və hiylələr onun ömrünə son qoydu? Lakin gün kimi aydındır ki, Xudu müəllimin bu vaxtsız ölümündən öncə və yaxud da az sonra nəsə baş vermişdi. Bir də gördük, bütün ziyalılar, o cümlədən Ziya Bünyadov kimi şəxsiyyətlər ümumən hadisələrin gedişatından təcrid olunublar. Bir göz qırpımında biz Xalq Cəbhəsini yeni tərkibdə, yeni simada və yeni siyasət sahibi kimi gördük. Biz bunu dərk edənədək artıq münaqişənin silahlı mərhələsi başlamışdı.
Bütün bu illər ərzində mən dönə-dönə fikirləşirdim ki, axı, aramızda kifayət qədər ağıllı, savadlı, xarizmatik insanlar heç də az deyildi. Niyə bunların heç biri hadisələrə öz təsirini göstərə bilmədi? "Bəlkə"lərin içərisində ən başlıcası o idi ki, bəlkə, əsl ziyalı insanlar hakimiyyətə gəlsəydilər, çox bəlalardan canımız qurtulardı.
Bu gün də hamı böyük həsrətlə xatırlayır ki, iyirmi beş il qabaq yaşadığımız mühitdə o qədər səmimiyyət, vətənpərvərlik və Azərbaycanın dərdləri, qayğıları ilə yaşamaq istəyi var idi ki, bizə elə gəlirdi bu saflıq, bu inam heç vaxt tükənməyəcək. Hamımız birlikdə və hər birimiz ayrılıqda bir fərd kimi əmin idik ki, meydanda yaranmış birlik və qardaşlığımız əbədi yaşayacaq. Çox təəssüf, belə olmadı. Bu gün biz həmin olayları nə qədər dərindən duysaq da, onları bütün çalarları ilə necə təhlil etsək də, gerçəkləşənləri nə qədər gözəl başa düşsək də, əfsuslar olsun ki, heç nəyi dəyişməyə qadir deyilik.
Vəzirovun bizə satdığı yalanlar, Azərbaycan hakimiyyətinin acizliyi, sovet mətbuatının qərəzliliyi, Moskvanın ikiüzlü siyasəti - bütün bunlar son məqamda anlaşılmaz şəkildə birləşərək yenə də erməni separatçılarının dəyirmanına su tökürdü. Yenidənqurmanın baş ideoloqu Yakovlev Yerevana ezam olunur, ermənilərin gizlin və açıq havadarı olduğunu qürurla bəyan edirdi. Bizə gələn siyasətçilər isə Siyasi Büroda konservator və retroqrad imicinə malik idilər.
Bütövlükdə Sovetlər Birliyində o günlərdə formalaşan ictimai fikir isə, sözsüz, büsbütün bizə qarşı köklənmişdi. Moskvanın, Leninqradın və digər yerlərin ziyalı təbəqələri arasında dolaşan söz-söhbəti, müxtəlif fikirləri orta məxrəcə gətirsək, demək olar, hamı bir məqamda yekdil idi: görürsünüz, ermənilər dəyişiklik istəyirlər, yenidənqurmanı dəstəkləyirlər, aşkarlığın, islahatların tərəfdarıdırlar, amma bu azərbaycanlılar həyatın nəbzini tuta bilmirlər, köhnə, çeynənmiş həqiqətlərdən əl çəkmirlər, çox ləng düşünüb, ləng davranırlar, hər hansı dəyişikliyin əleyhinə çıxırlar.
O ki qaldı real vəziyyətə, Dağlıq Qarabağla bağlı həqiqətlərə - bütün bunlar heç kəsi maraqlandırmırdı. Nə qədər sübut, dəlil, fakt gətirirsən gətir, deyilənlərə heç fikir verən də yox idi. Açıq-aydın Stepanakert və Yerevanın siyasətini dəstəkləyən adamların dili beş metr idi. Amma Azərbaycandan seçilən deputatlar, o cümlədən də Siz, cənab İbrahimbəyov, Ali Sovetdə oturub susurdunuz. Öz sözünü o aşkarlıq dövründə hamı deyirdi: ermənilər də, gürcülər də, latışlar da, estonlar da. Sizin dilinizdən isə, hörmətli İbrahimbəyov, bir kəlmə belə eşitmədik. Amma biz bunu necə həsrətlə gözləyirdik.
Çox şeyi unutmaq olar, amma Vəzirov dövründə bizim alçaldılan milli mənliyimizi, tapdanan milli qürurumuzu, batırılan haqq səsimizi unutmaq qeyri-mümkündür. Mütəllibov dövrü və Müsavat-Xalq Cəbhəsi cütlüyünün hakimiyyəti bizə sadə bir həqiqəti nümayiş etdirdi. Sən demə, ölkəni idarə etmək üçün təkcə yaxşı insan olmaq olduqca azdır. Cəmiyyətin idarə olunması ən mürəkkəb texnikanın, hətta kosmik gəmilərin, təyyarələrin idarə edilməsindən qat-qat çətindir və xüsusi hazırlıq tələb edir. Bu təcrübəni mənimsəməyən, bu məktəbi keçməyən, bu bacarığa malik olmayan insan məmləkəti bir anda fəlakətə, uçuruma yuvarlada bilər.
Lakin o dövrlərdə belə düşünmürdük. Bizə elə gəlirdi ki, sovetin idarəetmə maşını darmadağın olsa, hər şey öz yerini tutacaq və çox əla olacaq. Biz səmimi qəlbdən inanırdıq ki, gözəl cümlələri bir-birinin arxasınca məharətlə düzən yaxşı natiq və cəmiyyətdə müəyyən nüfuza, çəkiyə, sanbala malik olan bir insan gəlib xalqa başçılıq etsə, çox yaxşı rəhbər ola bilər və hamımızı işıqlı sabahlara çıxarar.
Azadlıq, dövlət quruculuğu, hüquqi dövlət konsepsiyaları haqda çox primitiv təsəvvürlərimiz var idi. Vallah, o dövrün ən savadlı adamları belə Lokku Hobbsdan ayıra bilmirdilər, amma di gəl, gözəl bir nitq söyləyən adam barəsində saatlarla danışardılar. Biz o vaxt hər şeyi böyük şövqlə, ehtirasla, inamla müzakirə edirdik, çünki əmin idik ki, bizim öz şəxsi taleyimiz və ölkəmizin müqəddəratı məhz bütün bunlardan asılıdır. Bəlkə belə ola bilərdi. Lakin olmadı. Ölkədə nə qədər üzdə olan adam vardısa, hamısının adı o günlər hallanırdı. O cümlədən də Sizin adınız, Rüstəm bəy. Mənə çox təəccüblü gəlirdi ki, niyə məhz İbrahimbəyovun adı çəkilən kimi hamı yekdilliklə deyirdi:
- Adə, sən nə danışırsan? O heç bizi sayıb adam yerinə qoyur ki? O, yad oğlu yaddır və biz azərbaycanlıları dünyadan bixəbər olan, rəndələnməmiş əcaib bir məxluq kimi qələmə verir.
Ən tutarlı dəlillərdən biri isə ondan ibarət idi ki, axı bu zavallı Rüstəm bəy heç azərbaycanca danışmır. Müzakirələr bununla da bitirdi.
Lakin bütün bunlara baxmayaraq, mən Sizi hər yerdə müdafiə edirdim və o günlərdən ürəyimdə bir nisgil qalmışdı. Mənə elə gəlirdi ki, Sizin fitri qabiliyyətiniz, istedadınız və qələminiz milli maraqlara xidmət edə bilərdi. Mən həmişə fikirləşirdim ki, istedadlı adam hansı işin qulpundan yapışırsa yapışsın, onun istedadı hər bir işdə özünü büruzə verəcək. Amma bu gün Sizi dinləyərkən başa düşdüm ki, iyirmi beş il bundan öncə gör necə sadəlövh imişəm. Mənim Sizinlə bağlı bu ümidlərim, sən demə, əbəs imiş. Xəyallarım, ümidlərim, sən demə, hərdəmxəyal bir adamla bağlı imiş. Mən artıq özümü qınamadan sakit yata bilərəm.
Bu "Qadağan olunmuş müsahibə"niz olan-qalan ümidlərimi də yerli-dibli məhv etdi. Sizə ekranda baxdıqca özüm-özümə təəccüblənirdim. Danışığını düz-əməlli qura bilməyən, hər dəqiqə "mənəm-mənəm" deyən özündən razı belə bir adama mən niyə bu qədər ümid bəsləyirmişəm?
Yeri gəlmişkən, Sizdən bir daha soruşmaq istərdim: axı, bu müsahibənizi kim qadağan eləmişdi ki, Siz də onu "Qadağan olunmuş müsahibə" adlandırmısınız? Onsuz da hər yerindən duran bu gün internetdə nə istəyir, yaza bilir, video çəkə bilir, hətta özü özündən müsahibə də alıb burada onu yerləşdirə bilir. Belə işlərin arzusunda olan hər adam bunu asanlıqla edir. Birdən ağlıma gəldi ki, bəlkə bu, Sizin sovet meyarlarına köklənmiş düşüncə tərzinizlə bağlıdır?
Məlumdur ki, əgər sovet dövründə rəsmi hakimiyyət bir əsəri, kitabı və ya tablonu qadağan edirdisə, bütün cəmiyyət əmin idi ki, bir halda bunları qadağan ediblər, deməli, çox əla bir şeydir, yəni çox dəyərli bir əsər, maraqlı kitab və ya nadir tablodur. Bəlkə Siz də bunu rəhbər tutaraq müsahibəniz üçün özünüz özünüzə qadağa üsulu seçmisiniz? Belə bəsitliyi də Sizdən gözləməzdim.
Sözsüz ki, müsahibəniz müasir tariximizin ayrılmaz parçasıdır. Buna baxan hər kəs gözəl başa düşür ki, qocalıq çox əcaib bir şeydir. Adamın yaddaşı da zəifləyir... Misal üçün, Siz bizə sübut etmək istəyirsiniz ki, 2008-ci ildən bu günədək 15 il keçib. Vallah, bilmirəm, inanım, ya yox. Əgər inansam, elə çıxacaq ki, biz Sizinlə zaman və məkan baxımından ayrı-ayrı dünyalarda yaşayırıq. Mən zavallı elə fikirləşirdim ki, problemləriniz ancaq Azərbaycan dilini bilməməyinizlə bağlıdır. Deyirdim, nə böyük işdir, Siz alışana qədər tərcümə edərik. Amma, sən demə, Sizə adi tərcüməçi yox, elə bir dilmanc lazımdır ki, məkanınızdakı vaxtı bizim zamanımızla həmahəng etsin, məntiqinizi bizim məntiqimizlə uyğunlaşdırsın, Sizin xeyir-şər anlayışlarınızı dərk edilə biləcək kateqoriyalara çevirsin və sairə və ilaxır.
Heç bir vəchlə başa düşə bilmirəm ki, necə olur biz eyni hadisələrə, eyni olaylara, eyni inanclara bir-birindən kəskin fərqlənən başqa-başqa münasibətlər bəsləyirik? Misal üçün, götürək elə bu pyesinizi. Sizin nöqteyi-nəzərinizlə, 1982-ci ildə yazdığınız "Ultimatum" Azərbaycan Xalq Cümhuriyyətinin unudulmaz siyasi xadimlərinin işıqlı xatirəsinə həsr olunmuş gözəl və parlaq bir əsərdir. Məntiqinizdən elə çıxır ki, onların adlarını sovet dövründə ilk dəfə çəkən adam kimi Siz ən azı yüngülvari bir abidəyə layiqsiniz.
Bizim məkana gəlincə və normal məntiqlə davranınca nə görsək yaxşıdır. Bax, elə gözünüzün qabağında başlayıram bu pyesi vərəqləməyə. Amma, Rüstəm bəy, yaddan çıxarmayın ha, hadisə bizim məkanda cərəyan edir. Dəyərlər sistemimiz nə qədər fərqli olsa belə, yenə də danılmaz həqiqətlər var və gəlin onları unutmayaraq, pyesin gedişatını gözümüz önündə canlandıraq.
Pyes gurultulu alqışlarla başlayır. Bu gurultulu alqışlar Ermənistandan gələn təbrik teleqramına ünvanlanıb. Guya Ermənistanın hansı isə Saakyan adlı sədr müavini müstəqilliyimizin Antantanın Ali Şurası tərəfindən tanınması ilə bağlı bizi təbrik edir. Birinci dəfədir eşidirəm ki, Ermənistanda sədr müavini vəzifəsi olub. Nəyin sədri, nə təbrik teleqramı? Adam inanın, mat-məəttəl qalır.
Pyesinizdə əsas dörd qəhrəman var ki, onların da heç birinin adı yoxdur. Bu hansı isə "o" adlanan insandır və onun üç müxtəlif surətidir ki, onlar da nömrə ilə "birinci mən", "ikinci mən" və "üçüncü mən" adlanırlar. Bundan savayı pyesdə "birinci qonşu" və "ikinci qonşu", Pyero, Arlekin, Qoçunun köməkçiləri, arvad, böyük qız, kiçik qız adlı personajlar da vardır.
Siz müəllif kimi öz xüsusi qeydlərinizdə göstərirsiniz ki, səhnədə bütün baş verənlərin fövqündə tarixi yaradan, onu dəyişdirən və təkmilləşdirən bir şəxsin surəti və səsi ucalır. Bu, Lenindir. Onun milyonlara ünvanlanmış səsinin böyük ilham və inamla dolu olduğunu Siz xüsusi vurğulayırsınız. Pyes parlamentə on iki saat ərzində hakimiyyətin təhvil verilməsi haqda ultimatumun təqdim olunması ilə bitir. Məhz bu anda yoldaş Leninə ünvanlanmış Azərbaycan Sovet Respublikası hərbi inqilab komitəsinin teleqramı oxunur.
Bilirsiniz, mən ha çalışdım, səhnədə cərəyan edən hadisələrin nə dərəcədə Cümhuriyyət liderləri ilə bağlı olduğunu aşkarlayım, bacarmadım. Pyes boyu qonşulardan birinin tüfəngi daim hazır vəziyyətdədir və o, öz evinə yaxınlaşan hər kəsi öldürməyə hazırdır. Amma di gəl, bu tüfəngə qarşı qonşunun pulemyotu işə salınanda, zavallıya artıq heç nə kömək etmir. Qoçunun adamları kimi isə öldürürlər və hətta sifariş olunmamış bir başqa adamı da qətlə yetirirlər. Arvad hamamında kimsə kiməsə elçi düşmək fikrində olduğunu bildirir. Kolombino ilə Pyero fransız inqilabı dövründən hansı isə bir səhnəni oynayırlar. Bir sözlə, ara qarışıb, məzhəb itib.
Səhnədə səslənən bəzi fikirlər və məlumatlar ümumən adamı təşvişə salır. Misal üçün, guya altı ingilis zabiti Bakının ən kübar ailələrinin qızları ilə toy-büsat qurur, lakin bir neçə ay sonra öz vətənlərinə, halalca arvad-uşaqlarının yanına geri dönürlər. Və yaxud kimsə deyir ki, qubernator var idi - çox şükür, ingilislər gəldi - var olsunlar, türklər gəldi - çox gözəl, müsavat gəldi - bu da çox gözəl, ruslar gələcək - xoş gəlib, səfa gətirəcək və sairə. Sonda adam lap çaş-baş qalır.
Uzun sözün qısası, aydındır ki, bu pyes sovet hakimiyyətinin çar Rusiyası ərazisində bərqərar olmasını təsvir edən və sırf sovet mayası ilə yoğrulan bir əsərdir. Nə az, nə çox. Axı, hamının unutduğu Nuh aləmindən qalma bu pyeslə kimə sübut etmək olar ki, Siz hələ 1982-ci ildə belə əsl demokrat idiniz və Cümhuriyyətin tərəfdarıydınız. Vallah, nə quruluş, nə dil, nə məzmun baxımından bu əsər heç kimə nə şərəf, nə şöhrət gətirə bilməz.
Belə də, sifarişlə və ya tapşırıqla boğazdan yuxarı yazılan sovetsayağı bir əsərə bənzəyir. Sizin dəst-xəttiniz ancaq bir məsələdə aşkar duyulur. Həmişə olduğu kimi, biz azərbaycanlılar yenə mənfi planda təsvir olunmuşuq. Nə deyim, vallah. Haradan ağlınıza gəldi ki, bu pyesi otuz il keçəndən sonra bir də yada salasınız. Allah Mirzə Fətəliyə rəhmət eləsin, bu lap meymunu yada salmaq əhvalatına bənzədi.
Sizin müsahibənizi dinlədikcə ekrana baxırdım və vallah, ürəyim ağrıyırdı. Axı, nə görürdüm ekranda ki, ürəyim də açıla? Olduqca yorğun, hər şeydən bezmiş, özünün özündən belə zəhləsi gedən bir adam. Bir sözünüzdən xoşum gəldi: dediniz ki, Siz zorən siyasətçisiniz. Doğrudan da, elə bil Sizi kimsə zorla məcbur edib, oturdub ki, bu sözləri deyəsiniz. Lakin bütün vücudunuzda, bütün görkəminizdə, daxili aləminizdə o qədər qabarıq laqeydlik vardı ki, adamın Sizə yazığı gəlirdi. Bəlkə həqiqətən də, hansı isə qurumlar və ya dostunuz Vaqif Hüseynov kimi insanlar Sizi sövq ediblər bu addımı atmağa? Əks halda, otuz altı dəqiqə, qarşınızda o armudu stəkanda çay Sizə nə üçün lazım idi bu çəkilişdə? Elə bil sübut etmək istəyirdiniz ki, çay içirsiniz, özü də fincanda yox, armudu stəkanda, yəni ki, Üzeyir bəyin sözləri ilə desək, mən də lap veritəbl müsəlmanam.
Ay Rüstəm bəy, Siz axı bizə, öz gələcək seçicilərinizə müraciət edirdiniz?! Heç olmasa bir maraq qığılcımı gözlərinizdə parlayaydı də. Sözlərinizdən elə çıxırdı ki, Siz ekrandan sanki özünüz özünüzə bəraət qazandırmaq istəyirsiniz. Daim vurğulayırdınız ki, tez-tez ora-bura gedib-gəlirsiniz, Azərbaycanda az olursunuz və bizə müxtəlif misallar gətirirdiniz ki, guya Sizin ürəyiniz, fikriniz daim bizimlə bir olub. Amma Molla Nəsrəddinin sözü olmasın, vallah, Sizin bu üzrünüz günahınızdan qat-qat betər çıxırdı. Hamımız yaxşı bilirik ki, Siz o vaxt Ali Sovetin deputatı olaraq, Moskvada bir çox kabinetlərin əziz qonağı idiniz və həmin qapılar daim üzünüzə açıq olub. Bir ictimai xadim kimi gözəl başa düşürdünüz ki, həm Qarabağ, həm də 20 Yanvar hadisələri barəsində məhz Moskvada danışmaq gərəkdi. Di gəl bizə uzun-uzadı nağıllar danışırsınız ki, Ramiz Abutalıbov Sizi hansısa fransız kanalına göndərdi, orada da Sizə ağzınızı açmağa imkan vermədilər. Sonra isə, guya Siz Aznavurla görüşməli idiniz, amma görüşə bilmədiniz. Soruşmaq eyib olmasın, nə vaxtsa bir-iki mahnıyla tanınan bu erməni dığası ilə Siz nəyi müzakirə eləməyə hazırlaşırdınız?
Siz dünən də, bu gün də, həmişə bizim gözümüzdə Rusiyadakı nüfuzunuzla yüksəlmək istəmisiniz. Necə oldu ki, nüfuzuna görə Sizdən qat-qat aşağı səviyyədəki Zori Balayanla Silva Kaputikyan Qorbaçovdan tutmuş ta kimi istəyirsən, onun kabinetində ola bildilər, amma Siz bunu edə bilmədiniz? İstər-istəməz məndə belə fikir yaranır ki, bəlkə Siz heç belə görüşlərin axtarışında da olmayıbsınız. Bəlkə Sizin niyyətləriniz heç Azərbaycanın maraqları ilə üst-üstə də düşmürmüş. Mən tək yüksək kürsülərdəki çıxışlardan və böyük-böyük adamların qəbulundan danışmıram. İndi bəlli olur ki, öz ətrafınızda, dost-tanışlarınızla apardığınız söhbətlər də bizimlə deyil, Sizin bakılı erməni dostlarınızla bağlı olub. Onların dərd-sərini, Bakıdan gedəndən sonra çəkdikləri əzabları Siz ürək ağrısı ilə qəbul edirdiniz. Bizim qaçqınlara çatanda isə, ancaq onu deyirdiniz ki, bu kəndçilər gəlib gül kimi Bakının küçələrini gör necə korlayırlar.
Yox, mən heç kəsi qınamıram. Bu, hər kəsin öz şəxsi işidir; ürəyi, könlü kimi istəsə, onu da müdafiə edər, kimdən xoşu gəlmirsə, ondan uzaq durar. Amma elə həyat mövqeyi var ki, adi insan üçün qənaətbəxş sayılsa da, prezidentliyə namizəd üçün mümkünsüzdür. Bəlkə kimlərsə Sizin bu mövqeyinizə haradasa bəraət qazandıracaq, lakin seçiciləriniz bunu Sizə heç vaxt bağışlamayacaqlar.
Eyni xislət Sizdə elita ilə bağlı olan məsələdə də özünü büruzə verir. Bu mövzuya keçib, açıq-aşkar görərik ki, Sizin üçün elita və ya intellektual təbəqəyə mənsubiyyət rus dilini bilməklə, rus mədəniyyətinə qovuşmaqla, rusdilli mühitin yaratdığı ab-hava ilə bağlıdır. Qaldı hər bir azərbaycanlı üçün əziz olan muğama, aşıq sənətinə, Dədə Qorquda, folklora - bunlar Sizə o qədər yaddır ki, dinləyəndə hətta üzünüzdəki ikrah hissini gizlədə bilmirsiniz.
Həmin yadlığı Siz bəzən böyük ustalıqla pərdələməyə çalışsanız da, bir çox hallarda bunu aşkar nümayiş etdirirsiniz. Siz bizə daim sübut etmək istəyirsiniz ki, guya intellektual səviyyəniz özlərini Azərbaycan ziyalısı sayan intellektualların səviyyəsindən qat-qat yüksəkdir. Bu İQ indeksini (İQ - intelligence quotient) daim başımıza qaxırsınız və iddia edirsiniz ki, guya Azərbaycanın 20 faiz torpaqlarının işğal olunması o qədər də böyük dərd deyil, böyük dərd torpaqlarımızın yerdə qalan 80 faizində İQ səviyyəsi çox aşağı olan insanların mövcudluğu və onların hakimiyyətə yaxınlığıdır.
Əvvəla, ay əzizim, iki gözüm, indi belə gülməşəkər olub bizi bəyənməməyinizlə deyil axı. Necə varıq, eləyik və olanımız budur. Bu zəhrimar İQ-nin konkret testi var. Gəlin Sizi də əyləşdirək kompyuterin qabağında, bəyənmədiyiniz Hacıbala Abutalıbovu da. Vallah, mən testsiz-filansız da deyə bilərəm ki, fizika-riyaziyyat elmləri doktoru, professor Hacıbala Abutalıbovun intellekt səviyyəsi Sizin göstəricilərinizdən qat-qat üstün olacaq. Heç olmasa ona görə ki, o, elmə gəlib, aspirantlıqdan professorluğa qədər yol keçib. Siz isə texniki elmlər üzrə aspiranturanı buraxıb, ümumən elmdən uzaqlaşmısınız və kinoya üz tutmusunuz.
Hacıbala müəllimdən söz düşmüşkən, bir məsələyə də toxunmaq istərdim. Sizin danışdığınızdan belə məlum olur ki, 20 Yanvar hadisələrinin işıqlandırılması üçün Siz kimisə təzəgəlinlə təzəbəy adlandırıb Azərbaycana çəkilişə göndəribmişsiniz. Və guya həmin adamların apardığı çəkilişlər sonradan 20 Yanvar haqqında həqiqətləri dünyaya çatdırmışdı. Bu olduqca gülünc və tragikomik sərgüzəştləriniz fonunda yadınıza salaq ki, o vaxt şəhəri zəbt edən əsgərlər elə həmin Hacıbala Abutalıbovu keçmiş 26 Bakı Komissarı raykomunun zirzəmisində divara dirəyib güllələmək fikrində imişlər. Hətta beş-altı dəfə avtomatla başı üstündən atəş də açmışdılar. Bütün bu işgəncələrə dözən Hacıbala Abutalıbov isə hər an gözləyirmiş ki, növbəti güllə beyninə tuşlanacaq.
Onu da xatırlatmaq istəyirəm ki, Sizin bəyənmədiyiniz Hacıbala müəllim parlamentin binası qarşısında piket və mitinqlər təşkil edirdi ki, prezidentliyə namizədlər üçün yaş senzini ləğv etsinlər. Yəqin əgər bütün bunlar olmasaydı, indi heç namizədliyiniz irəli sürülə bilməzdi.
Siz bolluca gül bayramından danışırsınız və bu bayrama xərclədiyi vəsaitə görə merə qarşı ciddi ittihamlar səsləndirirsiniz. Siz də, biz də çox gözəl bilirik ki, həmin bayramı nə dövlət maliyyələşdirir, nə də ona büdcədən pul ayrılır. Yaxşı da, hər gözəlin bir eybi olur. İndi şəhər meri şəhəri gül-çiçək içərisində görmək istəyir və öz təşəbbüsü ilə belə bir bayram təşkil edir, qoy etsin də. O yazıq hansı qəbahətə yol verib ki, belə odlu-alovlu dillə onu ittiham edirsiniz?
Deyəsən, başa düşdüm. Axı, Siz özünüz də vaxtilə bir növ mer olmaq arzusuna düşmüşdünüz. Siz Bakı şəhərinin içində xüsusi bir kino şəhəri yaratmaq fikrində olmusunuz. Burada evlər, villalar tikib satmağı planlaşdırırdınız. Çoxlu pul-para da yığmışdınız, həm investisiya, həm ianə şəklində. Hətta sahilyanı sahələri xeyli adama satmışdınız. Bir çox zavallı Sizə, ad-sanınıza inanıb, əllərindəki pulları çölə tökdülər. Bir qisim özlərindən başqa heç kəsi qınamayıb həmin pulları Sizə qurban etdilər. Digərləri isə müvafiq təşkilatlara üz tutaraq ya pullarının qaytarılmasını, ya da aldıqlarının qanuniləşdirilməsini tələb etdilər. Sonra da bu misli görünməmiş xülyanızın boşa çıxmasının bütün məsuliyyətini dövlətin üzərinə yıxmaq istəyirdiniz. Orada-burada gəzib danışırdınız ki, guya Sizə söz verən ən nüfuzlu adamlar belə vədlərinə xilaf çıxdılar.
Eyni mövqeyi Siz həm də kino ilə bağlı nümayiş etdirdiniz: ay mənə bunu söz verdilər, amma eləmədilər. Ay onu söz verdilər, onu da eləmədilər. Gəlin yenə də sənədlərin dili ilə danışaq, lazımi əşyayi-dəlilləri qoyaq ortaya. Dediklərinizdə həqiqətə uyğun olan yalnız odur ki, dövlət, doğrudan da, 2008-ci ildə Azərbaycan kinosunun onillik inkişafı ilə bağlı xüsusi proqram qəbul edib.
Bu da təbiidir, çünki on il öncə, 1998-ci ildə kino haqqında müvafiq qanun qəbul olunmuşdu. Diqqətlə proqramı vərəqləyəndə nə aydın olur? Burada konkret göstərilir ki, Azərbaycan kinosunun müvafiq bazasının, o cümlədən kinostudiyanın modernləşdirilməsinə cavabdeh kimdir, kimlər kino sahəsində təhsil ilə məşğul olmalıdır və sairə və ilaxır. Məsul şəxslərin və cavabdeh qurumların içərisində nə Sizin adınız var, nə Kinematoqrafçılar Birliyinin. Yəni bu kino ilə bağlı bütün işlər dövlət qurumlarına və burada çalışan adamlara tapşırılıb və mən əminəm ki, bu, Sizin üçün heç də sirr deyil.
Azərbaycanda kinonun inkişafı barəsində elə danışırsınız ki, guya Azərbaycan kinosunu Sizdən başqa nə düşünən, nə ona sahib çıxan var. Yenə də faktlara və rəqəmlərə müraciət edək. Son yeddi ildə Azərbaycanda 35 bədii, 27 qısametrajlı, 99 sənədli və 12 animasiya filmi çəkilib. Yəqin yaxşı yadınızdadır ki, sovet dövründə "Azərbaycanfilm" kinostudiyası il ərzində vur-tut iki film çəkə bilirdi. Doğrudan, lap yadımdan çıxmışdı, bu 35 film arasında Sizin də filminiz var. Özü də dediklərinizdən fərqli olaraq, bu kinonun çəkilməsinə sərf olunan vəsait bütövlükdə dövlət tərəfindən ödənilib.
Ay əzizim Rüstəm bəy! Siz axı Hollivuddan tutmuş üzü bu yana bütün kinostudiyaların girişini-çıxışını, işləmə və maliyyələşmə mexanizmlərini Azərbaycanda bəlkə hamıdan yaxşı bilirsiniz. Məgər Hollivudun dediyiniz çəkilişlərinə dair göstərişləri prezident Obama verir? Siz niyə bu məsələdə bütün məsuliyyəti dövlətin boynuna yıxmaq istəyirsiniz? Dövlət yalnız bir şeyə cavabdeh ola bilər. O da kinoda müasir menecment mexanizmlərinin bərqərar olmasıdır. Bu menecment həm kinonun istehsalına, həm onun prokatına, həm də reklamına və daha nəyə, nəyə aid edilməlidir.
Sözsüz ki, həmin mexanizmlər bərqərar olanadək dövlət kinoya kömək və dəstək də göstərir, hansısa filmləri maliyyələşdirir, dövlət sifarişinə aid xüsusi büdcə ayırır. Burada başqa siyasət ola da bilməz. İddia etdiyiniz nədir? Demək istəyirsiniz ki, əcəba, mən boyda adam burada dura-dura nəyə lazımdı özgəsi? Siz paranı verin mənə, özü də mümkün qədər çox verin. Mən sizə elə bir kino yaradım ki, Amerika kinosu onun yanında yalan olsun. İnanmaq istərdim, ancaq inana bilmirəm. Xüsusən qazaxlarla çəkdiyiniz o uğursuz filmdən sonra. Açıq deyək, Siz axı kinorejissor da deyilsiniz, kinossenaristsiniz. Amma gəl ki, iddialarınız imkanlarınızdan və bacarıqlarınızdan qat-qat yüksəkdir.
Bütün dava-şava da məhz Sizin bu şəxsi ambisiyalarınız ətrafındadır. Misal üçün, təşkil etdiyiniz o ikinci dərəcəli filmlər festivalları dostlarınızın Bakıda kef çəkməsindən başqa nə məqsəd daşıyır? Əsl hərdəmxəyal adam kimi Siz gündə bir təşəbbüslə çıxış edirsiniz və əminsiniz ki, dövlət bu xam xəyalları gerçəkləşdirmək üçün hökmən pul-para tapmalıdır. Misal üçün, təklif edirsiniz ki, neft konsorsiumuna daxil olan ölkələrin festivalını Azərbaycan maliyyələşdirsin. Dünya kino istehsalı nəhəngləri ilə birlikdə keçirmək istədiyiniz kinofestivalın nə dərəcədə xam xəyal olduğunu sübut eləməyə belə dəyməz. Yenə tələ pul tələsi deyilmi?
Bu gün Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı teatrların təmir olunması, müxtəlif yeni mədəni mərkəzlərin inşası və digər quruculuq işlərinə dair çoxlu rəqəmlər gətirmək mümkündür. Amma əminəm ki, bu, Sizin üçün heç də maraqlı deyil. Çünki Sizi mədəniyyət yox, qara yaxmaq üçün yeni-yeni mövzular maraqlandırır.
Siz iddia edirsiniz ki, Bakıda cəmi beşcə kitab dükanı var, amma sovet dövründə onların sayı iki yüz idi. Bir anlığa gözünüzün qabağına müasir kitab dükanlarını gətirin. O iki yüz dükanın hansı bu meyarlara uyğun gəlirdi? Əgər Azərbaycan dilində kitabın çapı Sizi ümumilikdə maraqlandırırsa, Siz də, biz də gözəl bilirik ki, son yeddi ildə Azərbaycan dilində çap olunan kitabların sayı sovet dövründə yetmiş il ərzində azərbaycanca nəşr olunmuş kitabların sayına bərabərdir. Müasir dövr üçün nəhəng rəqəm sayılan iyirmi beş min tirajla nəinki Azərbaycan klassik ədəbiyyatı, elə Sizin əsərləriniz də çap olunub. Nəhayət ki, Azərbaycan oxucusu Sizin bütün irsinizlə doğma dilində tanış ola bilər. Amma tək Siz yox, bütün dünya klassikası, o cümlədən rus ədəbiyyatı, ədəbiyyat üzrə Nobel mükafatı laureatlarının əsərləri kütləvi tirajla çap olunub oxuculara çatdırılıb. Demək olar, bütün kitabxanalarımız bu gün də fəaliyyətdədir, onların bir qismi müasir informasiya mərkəzlərinə çevrilib.
Ən başlıcasını nəzərinizə çatdırmaq istəyirəm ki, bütün bu əsərləri internetdə tapıb oxumaq mümkündür, yəni Azərbaycan dilində yaradılan müvafiq portallarda həmin kitabların elektron variantlarını da əldə edə bilərsiniz. Aydındır ki, belə olan halda və məktəblər üçün lazımi dərsliklərin pulsuz paylanması şəraitində kitab dükanları əcnəbi dildə ədəbiyyat alverinə daha çox üz tuturlar.
Və danışdıqlarınızın zirvəsi, əlbəttə ki, vətəndaş cəmiyyəti ilə bağlı verdiyiniz bəyanatdır. İddia edirsiniz ki, məhz Sizin mübarək müsahibənizdən sonra Milli Məclisdə başlayan müzakirələr Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasına təkan veribdi.
İndi keçək əsas məsələyə. Dövlətə Sizin patoloji nifrətinizin nə ilə bağlı olması barədə çox düşünmüşəm. Əvvəllər sadəlövhcəsinə güman edirdim ki, bu, 1990-cı illərin sindromudur. O vaxtlar sovet dövlət maşınına nifrət böyük idi və bu nifrətdən Siz hələ də yaxa qurtara bilməmisiniz.
Sonra buna onunla bəraət qazandırdım ki, hər bir ziyalı iqtidara qarşı müxalifətdə olmalı və heç olmasa, ürəyində iqtidardan gileylənməlidir. Nəhayət, mənə əyan oldu ki, məsələ daha qəlizdir.
Görünür, həmin o "Ultimatum" əsərinizdə tarixin yaradıcısı kimi çıxış edən Lenin şüurunuzun dərinliklərində möhkəm kök salmışdır. Özü də təkcə ona görə yox ki, pyesinizdə daim bu fikir səslənir: hakimiyyətə nail olmaq üçün istənilən üsul yararlıdır.
Kim nə deyir desin, internet hər bir tədqiqatçı üçün gözəl imkanlar açır. Dövlətə qarşı nifrətinizin haradan qidalanmasını tez bir vaxtda araşdırmaqda da mənə məhz internet kömək etdi. Bir daha Sizə təşəkkür edirəm, Rüstəm bəy. Sayənizdə mən Lenini özüm üçün yenidən kəşf etdim və onun Berdyayevə nifrətinin səbəbini anladım.
Sən demə, vaxtilə məşhur "Vexi" məcmuəsi və həmin məcmuədə Nikolay Berdyayevin yazdığı əsas məqalələrdən biri Vladimir Leninin qəzəbinə səbəb olub. 1909-cu ilin mart ayında çapdan çıxmış "Vexi" məcmuəsinin xüsusi başlığı belə idi: "Rus ziyalıları haqqında məqalələr məcmuəsi". Məcmuənin müəllifləri 1905-ci il inqilabını və marksizm mövqeyində dayanan Rusiya ziyalılarını tənqid atəşinə tuturdular. Onlar əyani surətdə sübut edirdilər ki, Rusiyada marksizmin yayılması "ziyalı" sözünə müəyyən sosial ideallara dəlicəsinə mübtəla olmağı əlavə etmiş və məhz marksist əhval-ruhiyyəli radikal yeni inqilabçı ziyalılar təbəqəsini formalaşdırmışdı. Yüksək mənəviyyatlı intellektuallar və marksist mövqeyində duran həmin intelligentlər məhz 1905-ci ilin olaylarında qarşı-qarşıya durmuşdular.
Berdyayev inqilabi əhval-ruhiyyəli ziyalıları nədə təqsirləndirirdi? Onun təhlili göstərir ki, bu inqilabçı ziyalılar ədaləti, sosial və ictimai mövqeyi yüksək tutaraq, xalqın rifahını düşünərək elmi, həqiqəti, etik normaları tapdaq altında qoymuşdular.
Eyni zamanda, onlar kortəbii tələb edirdilər ki, həqiqət onların arzu etdiyi ictimai dəyişikliklərin başlıca vasitəsinə çevrilsin. Berdyayev göstərir ki, bu inqilabçılar kəndlilərə və proletariata, guya ki, xüsusi məhəbbət bəsləyərək Rusiyada inqilab etmək, çarı devirmək və yeni dövlət qurmaq istəyirdilər. Həmin ziyalıların əsas məqsədi çarizmə qarşı mübarizə idi. Məhz bu istək ziyalıları siyasi mübarizə aparmağa və hər hansı elmi nəzəriyyəni yalnız həmin nəzəriyyənin mütləqiyyətə qarşı mübarizəyə xidmət edib-etməməsi baxımından qiymətləndirməyə məcbur edirdi.
Berdyayevin müstəsna əhəmiyyətə malik bu təhlili Rusiya intellektuallarının inqilabi əhval-ruhiyyəli ziyalılardan hər vasitə ilə uzaqlaşmasının səbəbini anlamağa imkan verir. Filosof vurğulayırdı ki, inqilabçı ziyalılar marksizmi o dərəcədə təhrif olunmuş şəkildə başa düşürlər ki, marksizm öz obyektiv xarakterini itirərək tamamilə başqalaşmış, heç bir obyektiv həqiqəti qəbul etməyən sinfi proletar mistikasına çevrilmişdir.
Struve elə həmin məcmuədə dərc edilmiş məqaləsində ziyalıları həm özündən, həm elmdən, həm də rus ədəbiyyatından çox dəqiq ayırır və yazır: "60-cı illərdə jurnalistikanın və publisistikanın inkişafı ilə əlaqədar "ziyalılar" mənəvi baxımdan xüsusi bir varlıq olaraq savadlılar sinfindən aşkar şəkildə ayrılır. Nə yaxşı ki, bizim milli ədəbiyyat ziyalıların ələ keçirə bilmədiyi bir sahə kimi qalır. Puşkin, Lermontov, Qoqol, Turgenev, Dostoyevski, Çexov kimi böyük yazıçılar ziyalı siması daşımırlar. Belinski ziyalı kimi deyil, Bakuninin şagirdi kimi deyil, əsasən Puşkinin və onun milli əhəmiyyətinin təfsirçisi kimi böyük şəxsiyyətdir. Hətta Gertsen də, sosializmə və ateizmə meyil etməsinə baxmayaraq, daim öz daxilindəki ziyalı siması ilə mübarizə aparır".
Xatırladaq ki, imperator II Nikolayın 17 oktyabr 1905-ci il tarixli aktına əsasən, Rusiyada parlament, yəni Dövlət Duması təsis edilmiş və vətəndaşlara vicdan azadlığı, söz azadlığı, yığıncaqlar azadlığı və birliklər yaratmaq azadlığı kimi hüquqlar verilmişdi. Belə güman etmək olardı ki, bununla böyük bir qələbə qazanılmış və Rusiyada çoxdan gözlənilən konstitusiyalı monarxiya, nəhayət ki, bərqərar olmuşdu. Lakin inqilabçı ziyalılar oktyabr manifestini qəbul etmədilər və bütün qüvvələri həmin manifesti tanımamağa çağırdılar. Onlar hökumətə qarşı, monarxiyaya qarşı üsyanı davam etmək qərarı verdilər.
Həmin üsyan zamanı yəhudi talanları, çoxsaylı erməni-müsəlman qarşıdurmaları müşahidə olundu, minlərlə insan qırıldı və sairə. Bu, əlbəttə, hazırkı söhbətin mövzusu deyil.
Hər şey bitdikdən sonra, axıdılan qana görə inqilabi ruhlu ziyalılar məsuliyyət daşımaq istəmədilər. Nəinki onlar, inqilaba qatılan heç bir qüvvə axıdılmış qana görə özünü təqsirkar hesab etmədi. Struve yazır ki, əvvəlki dövrlə müqayisədə oktyabrın 17-dən sonra inqilabçı ziyalılar tarixi rus dövlətçiliyinə qarşı daha böyük ehtirasla və daha kəskin formalarda mübarizə apardılar. Müşahidə olunan nifrət və fanatizmin həddi-hüdudu yox idi.
Sonra o, başqa maraqlı paralellər aparır və Dostoyevskinin "Cinlər" əsərini xatırladaraq yazır: "Minlərlə cin Rusiyanın nəhəng bədəninə daraşıb onu sarsıdır, ona əzab və iztirab verir, onu şikəst edir".
"Vexi" məcmuəsinin müəllifləri ziyalıları, ilk növbədə, hüquq mədəniyyətindən tamamilə məhrum olmaqda ittiham edirdilər. Lakin hüquqi nihilizmin səbəblərinin təhlili ilə yanaşı, onlar həm də ziyalı nümayəndələrinin dövlətə patoloji nifrətinin köklərini anlamağa çalışırdılar.
Məcmuədəki məqalələrin, demək olar, hamısında Rusiya inqilabçı ziyalılar fenomeninin tarixi və onun fəlsəfi konsepsiyası təhlil edilir. Diaqnoz o qədər dəqiq, analiz o qədər inandırıcı idi ki, Lenin konkret etiraz üçün söz tapmayıb, məcmuənin bütün müəlliflərinə mahiyyət etibarilə dəlilsiz-sübutsuz burjuaziyanın əlaltıları damğası vurmuşdu.
Beləliklə, məcmuə müəllifləri inqilabi təmayüllü Rusiya ziyalılarının formalaşmasının səciyyəvi xüsusiyyətlərini qabarıq şərh etmişdilər. Bu, ilk növbədə, aşağıdakı əlamətlərdir:

- elmi inkar etmək və bütün elmi nəzəriyyələrə nifrət bəsləmək;

- dini inkar və yeni təriqət yaratma cəhdi: burada peyğəmbərin yerini proletariat tuturdu;

- dövlətçiliyə və bütün dövlət təsisatlarına patoloji nifrət;

- mədəniyyətin inkar olunması;

- sərvətə və bu sərvətin yaradılmasına yönəlmiş əməyə nifrət;

- mövcud olan sərvətləri yenidən bölüşdürməyə çağırış.

Beləliklə, Rusiyanın ən görkəmli intellektualları ölkənin bütün bəlalarında inqilab ruhu ilə zəhərlənmiş ziyalıları ittiham etdilər.
İllər keçdi. Oktyabr çevrilişi faktiki olaraq intellektualları da, inqilabi əhval-ruhiyyəli ziyalıları da məhv etdi. Proletariat diktaturası adi insanların diktaturasına çevrildi, Berdyayev kimi adamları filosoflar gəmisi deyilən gəmiyə mindirib Rusiyadan uzaqlara sürgün etdilər, qırmızı terrorun məhv etmədiyi adamları isə 1937-ci ildə güllələdilər. Lakin dövlətə nifrət ideologiyası yaşamaqda davam edirdi. Dövlətin hansı tədbirlər görməsindən, hansı proqramları reallaşdırmasından, hansı siyasət yeritməsindən asılı olmayaraq, bu ideologiyanın daşıyıcıları dövlətə nifrətlərini öz əməllərində və şüurlarında yaşatdılar. Xruşşov, Brejnev, Qorbaçov bir-birini əvəz etdikcə müxtəlif dövrlərdə bu dövlətə nifrət ideologiyası da müxtəlif formalarda özünü büruzə verdi. Lakin mövcud dünyanı dağıtmaq və yeni dünya qurmaq arzusu bir çox adamı, o cümlədən özlərini elitaya aid edənləri dəfələrlə şirnikləndirmişdi.
Təəssüf ki, dövlətə nifrət virusu Sizə də yoluxdu və Siz bunu müsahibənizdə əyani surətdə nümayiş etdirirdiniz. Unutdunuz ki, biz ötən illər ərzində xeyli işlər görmüşük. Təkcə Qarabağ münaqişəsini həll edə bilməmişik. Biz böhranı aradan qaldırmışıq, yoxsulluğu azaltmışıq, Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirmişik, regionları inkişaf etdirmişik və sairə. Qurduğumuz dövlət də, iqtisadiyyat da, apardığımız siyasət də onu göstərir ki, biz yüksək inkişafa nail olmuşuq. Dünyada gedən qloballaşma prosesləri ilə də hər bir halda ayaqlaşa bilirik. Məhz buna görə Azərbaycana gələn bir daha gəlmək istəyir, ölkəmizin adı bir örnək kimi çəkilir, bizim uğurlu inkişaf modelimizin optimallığı bir çox mötəbər qurumlar tərəfindən qeyd edilir.
Əfsuslar olsun ki, bunları ya görmürsünüz, ya özünüzü görməzliyə vurursunuz. Siz yorulmadan, utanmadan, usanmadan bizə hey qara yaxırsınız. Amma otuz il bundan qabaq baş vermiş və xətrinizə dəymiş olaylar Sizin müsahibənizdə ən ali, ən vacib, ən ümdə məsələlər kimi önə çəkilir. Nə var, nə var o vaxt Sizi Kinematoqrafçılar İttifaqının sədri vəzifəsindən məhrum ediblər. Yaxşı də, kim bilməsə də, kinoya aidiyyəti olan bütün adamlar kimi Siz özünüz də gözəl bilirsiniz ki, kino işçiləri qurultayında Rəyasət Heyəti seçildi. Özü də açıq səsvermə ilə. Əmin idiniz ki, bu Rəyasət Heyəti Sizi hökmən sədr seçəcək. Elə alındı ki, Sizdən başqa hamı yekdillikdə Eldar Quliyevə səs verdi və o da sədr seçildi. Bu anda Siz "ey, intiqam" şüarını rəhbər tutub daha hansı qapıları açmadınız, nə qədər böhtan, iftira, yalan yağdırdınız, daha nəyə əl atmadınız və axır istədiyinizə nail oldunuz - təzədən sədr vəzifəsini tutdunuz. Siz nə dərəcədə hakimiyyət hərisi olduğunuzu hələ o vaxt bütün kino əhlinə əyani şəkildə sübut etmişdiniz. Ən maraqlısı budur ki, indi də həmin üsullara əl atırsınız. Məlumdur, yalan ayaq tutar, yeriməz. Amma, vallah, billah, yalanın da bir həddi-hüdudu olmalıdır. Həyatının hər dəqiqəsi protokolla müəyyənləşən dövlət başçısının Moskvaya guya gizli gəlib məxfi danışıqlar aparması haqda söhbətlərinizə, vallah, heç yalan da demək olmaz. Bunun cəfəngiyat olması, sözsüz ki, Sizdən başqa hamıya bəllidir. Müsahibədə belə hədyanlar, böhtanlar kifayət qədərdir. Doğrusu, adam bunları dinlədikcə yerinizə xəcalət çəkir.
Siz iddia edirsiniz ki, guya yeganə arzu və istəyiniz - azad, dürüst, şəffaf seçkilərdir. Çox gözəl. Elə isə, ay əzizim, iki gözüm, gəlin də. Bu zavallı Vətən axı yolunuzu nə qədər gözləyəcək? Rusiya vətəndaşlığı ilə məsələni həll edin və gəlin. Yeri gəlmişkən, bu nə Rusiya vətəndaşlığı oyunudur, heç başa düşmədim. Axı Siz ömür boyu Kinematoqrafçılar İttifaqında Azərbaycan pasportunu göstərir və deyirdiniz ki, ancaq Azərbaycanın vətəndaşısınız. Sizə məlumdur ki, bizim ölkədə ümumən ikili vətəndaşlıq qəbul olunmur. Bilmirəm Rusiyada belədir, ya yox, amma, sözün açığı, eşidəndə ki, Siz üstəlik hələ Rusiya vətəndaşısınız, xeyli təəccübləndim. Yaxşı, tutaq ki, artıq belədir, bir bəladır düşmüsünüz. Kiminsə iki arvadı, kiminsə də iki pasportu ola bilər. Amma nə böyük işdir bunu həll etmək?
Siz siyasi məkana qədəm qoyduğunuz gündən cibinizdə hansı pasportların olduğunu hamıdan yaxşı bilirdiniz. Yəni belə sadəlövhsünüz ki, fikirləşirdiniz Kinematoqrafçılar İttifaqı kimi Mərkəzi Seçki Komissiyası da Sizin hər sözünüzə inanacaq?
Amma artıq geriyə yol yoxdur. Prezident olmaq istəyən kişi durub öz məmləkətinə gələr. Olmaya, nədənsə qorxursunuz? İnanmıram. Siyasət aləminə təzə qədəm qoyanlar da, köhnə siyasətçilər də, lap gənclər də gözəl bilirlər ki, qorxaqdan siyasətçi çıxmaz. Bu yolun yolçularını heç vaxt nə zindan, nə də edam qorxutmayıb. Bir də axı nədən qorxasınız? Çox gözəl bilirsiniz ki, Bakıda heç kəs Sizə baş qoşmayacaq. Sizi nə asıb-kəsən, nə dama basan, nə də Sizə səs verən olmayacaq. Üç-beş dost-aşnanı çıxmaq şərtilə, yəqin ağlı başında olan elə birisi tapılmaz ki, getsin Sizə səs versin. Amma seçkidi də. Gərək ona qatılasan ki, hansı isə bir nəticə olsun. Moskvada oturmaqla prezident seçilmək olmaz axı.
Sizi dinlədikcə çalışırdım başa düşəm ki, müsahibənizlə nə demək istəyirsiniz, ismarışınızın mahiyyəti nədir? Siz bizə bu hədə-qorxunu niyə gəlirsiniz? Lənət sənə, kor şeytan! Hərdənbir ağlıma gəlir ki, bəlkə mən məsələni çox şişirdirəm? Bəlkə həqiqət mənim fərz etdiyimdən daha sadə və primitivdir? Hərdən hətta fikirləşirdim ki, bəlkə bu şantajdır?
İndi öz aramızdı, gəlin açıq danışaq. Əgər bu, sadəcə olaraq, pul tələsidirsə, açıq-aşkar deyin ki, məzənnəniz nədir. Əminəm ki, Moskvada yaşayan imkanlı azərbaycanlılar bəlkə də, ürəyinizdən keçənləri bir göz qırpımında yığıb dediyiniz yerə çatdıra da bilərlər. Başqa məsələdir ki, ola bilsin bu, təkcə pul davası deyil. Nədənsə, mənim ürəyimə damıb ki, bu, ya hansısa dövlətin sifarişidir, ya da məxfi bir idarənin qurduğu tələdir. Kim bilir, bəlkə elə ermənilərin növbəti hoqqasıdır? Vallah, belə olan halda nə deyə bilərəm. Bu, artıq bizlik deyil.
Sənə min şükür, Xudaya. Bu çərxi-fələk indi, deyəsən, doğrudan da tərsinə dövran edir. Yatsaydım, yuxuma da girməzdi ki, Sizin kimi vasvası, suyu da üfürə-üfürə içən bir adam gəlib o yerə çıxacaq ki, özünü cəbhəçilərin himayədarı və vəkili kimi qələmə verəcək. Ha qulaq asırdım Sizə və ha çalışırdım başa düşüm ki, 1988-ci illərin axırında hansı belə kağıza imza atmısınız ki, ondan sonra heç kəs daha cəbhəçilərin xətrinə dəyməyib. Nə Siz bu barədə bir dürüst məlumat verdiniz, nə mənim yadıma belə bir hadisə düşdü. Kim bilir, bəlkə də o illərin olaylarını məndən də yaxşı bilən biri nəsə yada sala bilər.
Vallah-billah, hamımız gözəl bilirik ki, keçmiş SSRİ-də xalq cəbhələri Milli Təhlükəsizlik qurumlarının himayəsi və dəstəyi ilə yaranırdılar. Düzdür, vahid cəbhənin yaranması barədə şüarlar meydanda daim səslənirdi. Amma bu vaxt söhbət ermənilərə və ermənipərəst qüvvələrə qarşı yaradılan vahid cəbhədən gedirdi. Arzularımızda olan bu vahid cəbhə hara, yaranan Xalq Cəbhəsi hara?!.
Cəbhə söhbəti ortaya atılanda açıq etiraf etmək lazımdır ki, milli təhlükəsizlik orqanlarının nümayəndələri ümidvar idilər ki, hökumət əleyhinə danışan bütün insanları bir yerə toparlasalar, nəzarət məsələləri də xeyli asanlaşar. Vaqif Hüseynovun yazdıqlarına inansaq, Əbdürrəhman Vəzirov dönə-dönə deyirdi ki, bu cəbhəçilərin içərisində kəşfiyyat, əks-kəşfiyyat, milli təhlükəsizlik, xarici kəşfiyyat və bir də Allah bilir kimin nümayəndələri var. İndi kim nə deyir desin, gəlin rəsmi sənədlərə baxaq.
Hamımızın gözəl yadındadır ki, Azərbaycan Xalq Cəbhəsi 1989-cu ildə, daha dürüst olsaq, həmin il oktyabrın 5-də Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub. Bunu biz böyük qələbə kimi, toy-bayramla qarşılamışdıq. O vaxt Cəbhənin yaradılması haqqında qərarı da Ayaz Mütəllibov imzalamışdı. Əlində belə daşdan keçən qərarı olan cəbhəçilərə axı Siz nə kömək və dəstək göstərə bilərdiniz?
Maraqlısı budur ki, Nazirlər Soveti Cəbhənin yaranması haqqında qərarla birlikdə iki sənəd də təsdiqlədi o dövrdə. Onlardan biri Cəbhənin nizamnaməsi idi, digəri isə Cəbhə ilə Nazirlər Soveti arasında imzalanan saziş. Cəbhənin nizamnaməsində çox maraqlı cümlələr var; guya bu Cəbhə cəmiyyətin bütün sağlam qüvvələrini səfərbər edib yenidənqurmanın təmin edilməsini öz üzərinə götürür. Və yaxud yazılıb ki, Cəbhə Azərbaycanın sosial, iqtisadi və siyasi normalarının Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə uyğun olaraq qurulmasına dəstək verəcək. Nazirlər Sovetinin qərarını həmişə olduğu kimi onun sədri və işlər idarəsinin müdiri imzalayıb, Cəbhənin təsisçiləri kimi isə Əbülfəz Əliyev, Hikmət Hacızadə, Leyla Yunusova, Rəhim Qazıyev, Becan Fərzəliyev, Pənah Hüseynov, Zərdüşt Əlizadə, Nəcəf Nəcəfov, Tofiq Qasımov, Sabit Bağırov və Etibar Məmmədov öz mübarək imzalarını atıblar.
Bu arayışı əbəs yerə gətirmədim. Axı, əzizim Rüstəm bəy, istəyirəm Sizin də bu olaylardan bir xəbəriniz olsun. Hamıya məlumdur ki, Bakıda cərəyan edən bütün hadisələrdən o vaxt Siz çox uzaq idiniz. Həm coğrafi, həm də məcazi mənada. O dövrdə, sözsüz, elə fərz edirdiniz ki, bir daha Azərbaycana gəlməyəcəksiniz. Qənaətiniz çox sadə idi: dağıldı da bu ölkə. O vaxt özünüz üçün həm Rusiyada, həm Avropada, həm Amerikada kifayət qədər yaxşı şərait yaratmışdınız. Görünür, elə onda həm Rusiya pasportu aldınız, həm də müxtəlif ölkələrə icazəsiz-filansız gedib-gəlmək üçün sənədlər əldə etdiniz.
Amma tale elə gətirdi ki, bu Nikita Mixalkov növbəti kələyi Sizə gəldi. Mixalkov elə adamdır ki, onsuz Rusiya kinosunda heç kəs nəinki film çəkə bilməz, heç kinoya aid bircə kəlmə belə kəsməz. Bax, elə həmin vaxt yəqin Azərbaycan yadınıza düşüb. Keçən müddətdə böhran içində qoyub getdiyiniz müflis ölkə dağılmaqdan qurtulub cənnətməkan bir yerə çevrilmişdi. Görəndə ki, burada nəinki həyat öz rahat axarı ilə gedir, hətta kinolar çəkilir, Siz fikirləşdiniz ki, dünyanın işinə bax e, mən bunları bəyənmədim, amma bu gün burada qaz vurub, qazan doldururlar. Mənim bunlardan məgər bir əskikliyimmi var? Bir sözlə, Siz də üz tutdunuz vətənə ki, bəs mənim payım hanı?
Sizi dinlədikcə fikirləşirdim ki, ey fani dünya, hər şey dəyişə bilər səndə, amma bu pul hərisliyi deyilən şey daim insanların daxilində yaşayıb, yaşayır və görünür, yaşayacaq da. Altunu hər dərdin dərmanı sayaraq Siz artıq xəyallarınızda özünüzü Azərbaycanın ən varlı adamlarından biri kimi görürdünüz. Amma bu var-dövləti, pul-paranı heç də halal zəhmətinizlə qazanmaq fikrində deyildiniz. Güman edirdiniz ki, vətənin borcu öncə Sizin ciblərinizi doldurmaqdan ibarətdir. Niyə sualına Sizin cavabınız çox sadə idi. Axı, mən Rüstəm İbrahimbəyovam. Məni hamı tanıyır, mənə də pul-para, sərvət verməyib, kimə verəcəksiniz?
Oxunuz daşa dəyəndən sonra Siz, otuz il öncə olduğu kimi, yenə "ey, intiqam" şüarı ilə üz tutdunuz yadlara. Allah bilir, indi hansı qapıları döyürsünüz, kimdən kömək və imdad istəyirsiniz. Şüarlarınız da heç dəyişməyib. Dünyanın ən murdar məxluqu saydığınız biz azərbaycanlılar yenə heç nəyin, o cümlədən Sizin kimi bir dahinin qədir-qiymətini bilmirik, odur ki, bizə kimsə düzgün yol göstərməlidir. Vallah, mənim üçün fərqi yoxdur; biz azərbaycanlılara təsir göstərməyə qadir olan qüvvələri vaxtilə Siz Rusiyada, Siyasi Büroda axtarırdınız, bu gün də Avropa İttifaqına, Amerikaya və kim bilir, daha haralara üz tutursunuz. Nə deyim, işiniz avand olsun.
Tarixin qəribə qanunauyğunluqları var. İndiki kimi yadımdadır, 1990-cı illərin əvvəlində danışırdılar: kimsə Yusif Səmədoğludan soruşub ki, niyə prezident olmaq istəmir, namizədliyini irəli sürmür. Yusif müəllim çox ağıllı adam idi, cavabı çox müdrik olmuşdu:
- Prezidentliyə namizəd olmağa nə var? Amma fikirləşəndə ki, birdən elə alındı, səni seçdilər, adamı soyuq tər basır.
Sizdən fərqli olaraq, Yusif müəllim həm hakimiyyətin, həm də məsuliyyətin nə demək olduğunu çox gözəl başa düşürdü. Nadan insanın hakimiyyətdə hansı faciələrə yol aça biləcəyini adam heç ağlına gətirmək istəmir. Bir çox başqa ölkələrdən və məmləkətlərdən fərqli olaraq, biz bunu 1990-cı illərin əvvəllərində artıqlaması ilə görmüşük. Allah-təala bizi hakimiyyətdə təmsil olunan elə siyasi naşılardan və elə nadanlardan qorusun.
P.S. Bütün ölənlərinizə Allah rəhmət etsin, a Rüstəm bəy! Mənim Sizin kimi insanlarla bağlı sovet dövründən qalma xam xəyallarıma və ümidlərimə birdəfəlik son qoydunuz. Bizimlə əlaqəsi olmayan bütün arzularınızı Allah-təala çin etsin. Ürəyinizdə nə istəyiniz varsa, hamısı gerçəkləşsin, amma siz Allah, bizdən uzaqlarda. İlk növbədə ona görə ki, nə Sizin xatirinizdən alınan zərbələrin izi silinəcək, nə də bizim ürəyimizdən oğul dağı gedəcək. Vallah, beyninizdə gəzdirdiyiniz o qan çanağı kimin üstünə tökülür-tökülsün, təki bizdən uzaq olsun. Neyləsən də, damarlarındakı qanın axınına qarşı gedə bilməzsən. Doğru deyirlər, vətəninə qarşı döyüşəndən qəhrəman olmaz. Odur ki, Siz heç vaxt qəhrəman ola bilməyəcəksiniz. Sizin etdiklərinizə, vallah, hər hansı bir ad tapa bilmirəm.
Biz müstəqil ölkə qururuq, milli dövlətimizi, milli mədəniyyətimizi, milli incəsənətimizi inkişaf etdiririk. Odur ki, burada, vallah-billah, Sizin axtarıb tapacağınız heç nə yoxdur. Axı bu yaşa gəldiniz, Siz heç bu vətəni tanımadınız da. Hərdən yadıma Mirzə Cəlilin "Anamın kitabı" düşür, hərdənbir də Üzeyir bəyin "O olmasın, bu olsun" əsərindəki inteligent Həsəni xatırlayıram. Sən demə, bu torpaqda böyüyən, bu torpağın havasını udan, çörəyini yeyən, suyunu içən, amma yenə həyatı boyu bizə büsbütün yad olaraq qalan insanlar yüz il əvvəl də vardı, indi də var. Sizin kimilər də var ikən böyük Sabirin "Amalımız, əfkarımız ifnayi-vətəndir" deyib vətəninin iflasına çalışan, onu hər an satmağa hazır olan tiplərini axtarmaq üçün heç uzağa getməyə gərək yox imiş.
Beyninizdə dolaşan kabusla bizi sabahlara apara bilməzsiniz, əksinə, Siz qaranlıqlara sürükləyirsiniz. Hər halda, özünüz öz gözünüzə aynada elə güclü görünübsünüz ki, bolşeviklərsayağı hər şeyi darmadağın edib, öz ağlınıza uyğun tamam yeni bir dünya qurmaq sövdasına belə düşübsünüz. Sizin üçün Lenin uzaq 1982-ci ildə necə "zamanın bayraqdarı" və "tarix yaradan" idisə, bu gün də elədir. Bir daha: niyyətiniz hara, mənziliniz ora. Amma yoldaş Lenin yolu ilə gedənlərlə biz yol yoldaşı ola bilmərik.
Tanrı bizləri Sizin kimilərdən qorusun. Amin!



Bəxtiyar ƏLİYEV,

Milli Məclisin deputatı, Elm və təhsil komitəsi sədrinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info