Danimarkanın paytaxtı Kopenhagendə azərbaycanlı uşaqlar üçün “Ana dili” məktəbi fəaliyyətə başlayıb. “Ana dili” məktəbində ilk zəngin çalınmasını uşaqlarla yanaşı, onların valideynləri və müəllimlər də səbirsizliklə gözləyirdi. Hamıda sevinc və həyəcan doğuran məktəbin ilk dərs günü hər kəsin yaddaşına ömürlük həkk olunacaq.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Danimarkada fəaliyyət “Vətən” Cəmiyyətinin təşkil etdiyi “Ana dili” məktəbinin əsas məqsədi bu ölkədə yaşayan azərbaycanlı uşaqlara və gənclərə Ana dili, həmçinin Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti və s. fənləri tədris etməkdir. “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi hesab edir ki, “Ana dili” məktəbində oxuyan uşaqlar artıq danimarkalı dostlarının Azərbaycan haqqında suallarını ətraflı və geniş cavablandıra biləcəklər.
İlk dərs günündə uşaqları və valideynləri salamlayan Vüqar Sadiqi məktəbin açılmasında zəhməti olan Danimarkadakı bütün həmyerlilərimizə, göstərdiyi dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinə təşəkkürünü bildirib.
Artıq davamlı olaraq fəaliyyət göstərəcək “Ana dili” məktəbində dərslər hər həftənin şənbə günü saat 10.00-da başlayır.
|