Rəqəmsal iqtisadiyyat quruculuğu: Azərbaycan üçün açılan imkanlar
Tarix: 12.09.2019 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Rəqəmsal texnologiyaların inkişafı bəşəriyyət qarşısında tərəqqi üçün yeni üfüqlər açır. Hazırda dünya “SƏNAYE 4.0” – Dördüncü Sənaye İnqilabına qədəm qoyur. Bu istehsalın avtomatlaşdırılması, robotlaşma, süni intellektdən geniş istifadə, iqtisadiyyatın bütün sahələrində rəqəmsal texnologiyaların tətbiqi deməkdir. “SƏNAYE 4.0” rəqəmsallaşma, texnoloji infrastruktur quruculuğu ilə sıx bağlı olaraq ən fərqli sahələrdə yeniliklərin tətbiqinə və inkişafa gətirib çıxardır.
Hazırda dünya ölkələri yeni inkişaf mühitinə qədəm qoyaraq rəqəmsallaşma istiqamətində yeni təşəbbüslər irəli sürürlər. Belə bir dövrdə rəqəmsal texnologiyaların tətbiqi, xüsusilə də iqtisadiyyatın rəqəmsallaşması və rəqəmsal iqtisadiyyatın qurulması ən çox müzakirə olunan məsələlərdəndir.
Texnoloji tərəqqi dünya üzrə müxtəlif regionlarda fərqli səviyyədə olduğundan dövlətlər də rəqəmsallaşma üzrə fərqli inkişaf səviyyəsinə sahibdirlər və ümumilikdə bir neçə qrupa bölünürlər. Belə ki, ölkələr rəqəmsallaşma üzrə liderlər, əsas qrup, geri qalanlar, yeni başlayan liderlər və rəqəmsallaşmada ötmə səviyyəsində olan dövlətlər kimi təsnif olunurlar. Əgər Cənubi Koreya, Danimarka, Böyük Britaniya, İsveçrə və Çin kimi dövlətlər liderlər kateqoriyasına, Almaniya, ABŞ, Yaponiya, Hindistan, Avropa İttifaqı ölkələri əsas qrupa daxildirlərsə, digər dövlətlər müvafiq olaraq geri qalanlar, yeni başlayan liderlər və rəqəmsallaşmada ötmə səviyyəsində olanlar kateqoriyasında aiddirlər.
Dünyada enerji və nəqliyyat mərkəzi olaraq tanınan, Avropa İttifaqı və bir sıra dövlətlərin enerji təhlükəsizliyinə öz töhfəsini verən Azərbaycan da artıq “SƏNAYE 4.0”ə qədəm qoyur. Yeni dövr Azərbaycanın da qarşısında zamanın çağırışlarına cavab vermək, iqtisadi inkişafda yeni hədəflərə çatmaq kimi vəzifələr formalaşdırır. Sürətli inkişaf səviyyəsində olan dövlətlərdə olduğu kimi, ölkəmiz üçün də iqtisadiyyatın rəqəmsallaşdırılması, rəqəmsal iqtisadiyyatın qurulması, innovasiyaların tətbiqi prioritetlər sırasındadır. Hazırda Azərbaycan Respublikası iqtisadiyyatın rəqəmsallaşması, rəqəmsal iqtisadiyyatın qurulması və dayanıqlı inkişaf üçün bütün imkanlara sahibdir. Ölkəmizin yerləşdiyi unikal coğrafi mövqe, təbii resursları, həmçinin qiymətli insan resursları, eləcə də son illər ərzində cənab Prezident İlham Əliyev tərəfindən qəbul olunmuş Dövlət Proqramları, Sərəncam və Fərmanlar buna tam imkan verir.
Hazırda ölkəmiz İKT sahəsinin inkişafına görə dünya üzrə 65-ci yerdə qərarlaşıb və Cənubi Qafqaz ölkələri arasında liderdir. Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) “State of Broadband Report 2018” sənədinə əsasən, Azərbaycan MDB məkanında internetin əhatə olunması, yayımına görə ilk yerdədir (79 %). Dünya Bankının “Doing Business 2019” hesabatında isə Azərbaycan Avropa və Mərkəzi Asiyada ən çox islahat aparan 10 ölkə sırasına düşüb və dünya üzrə 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. İqtisadi və sosial sahələrdə aparılan geniş islahatlar Azərbaycanın beynəlxalq reytinqlərdə öncül mövqeləri əldə etməsi ilə nəticələnir.
Yeni İqtisadiyyat - Rəqəmsal iqtisadiyyat quruculuğu dayanıqlı infrastruktur ilə sıx bağlıdır
İqtisadiyyatın rəqəmsallaşması və rəqəmsal iqtisadiyyat quruculuğu dayanıqlı və təhlükəsiz infrastruktur quruculuğu ilə sıx bağlıdır. Çünki bir qayda olaraq dayanıqlı və təhlükəsiz infrastruktur olmadan həm iqtisadiyyatın rəqəmsallaşması, yəni iqtisadiyyatda, iqtisadi münasibətlərdə İKT-dən istifadə, həm də rəqəmsal iqtisadiyyata keçid və onun qurulması, yəni rəqəmsal texnologiyalar əsasında rəqəmsal məhsulların yaradılması – istehsalı mümkün ola bilməz. Məhz müasir texnoloji infrastruktur rəqəmsallaşmanın və rəqəmsal iqtisadiyyatın əsas komponentini təşkil edir. Hazırda dünyada sürətlə inkişaf edən Əşyaların interneti (IoT), 5G, robotlaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiqi sahələri də müvafiq magistral infrastrukturun qurulmasını və yenilənməsini tələb edir. Dayanıqlı sabit infrastruktur olmadan həm ölkələrarası, həm də ölkədaxili bağlantı (connectivity) xidmətlərinin qabaqcıl standartlara uyğun təmin edilməsi mümkün deyil. Hazırda dünya üzrə bağlantı xidmətləri sürətlə inkişaf edir. Həm mobil, həm də genişzolaqlı internet istifadəçilərinin sayı artır. Operatorlar hər ötən il infrastruktura yeni sərmayə yatırımı ehtiyyacı ilə qarşılaşırlar. Böyük Britaniyanın telekom, media və texnologiya üzrə ixtisaslaşmış konsaltinq şirkəti olan “Analysys Mason”un məlumatına əsasən, 2014-cü ildən bəri operatorlar internet infrastrukturuna 300 milyard ABŞ dollarından çox sərmayə yatırıblar.
Araşdırmalar internetə qoşulan cihazların da sayında artımın olacağını göstərir. Məsələn, Mobil Operatorların Assosiasiyası olan “GSMA” təşkilatının “The Mobile Economy 2019” hesabatına əsasən dünya üzrə 2018-2025-ci illər dövründə Əşyaların interneti (IoT) bağlantılarının səviyyəsi üç dəfə artaraq 25 milyarda çatacaq. Bu dövrdə Əşyaların internetindən əldə olunan gəlir isə 4 dəfə artaraq 1.1 trilyon ABŞ dolları həcmində olacaq. Rəqəmsallaşma və infrastrukturun inkişafı mobil internet istifadəçilərinin də sayında artımın baş verməsi ilə nəticələnəcək. Hesabata əsasən, mobil internet istifadəçilərinin sayı 2018-ci ildə olan 3.6 milyard nəfərdən 2025-ci ildə 5 milyarda çatacaq.
Qeyd edilməlidir ki, rəqəmsallaşma və rəqəmsal iqtisadiyyat quruculuğu Azərbaycanda da İKT sahəsində dayanıqlı infrastruktur quruculuğu məsələlərini gündəmə gətirir. Beynəlxalq bağlantı xidmətlərinin təkmilləşməsi, internet xidmətindən hər il daha çox sayda insanın istifadə etməsi üçün sabit texnoloji bazanın təkmilləşməsi və yeni texnoloji infrastruktur quruculuğu vacib əhəmiyyət kəsb edir. Hazırda reallaşmasına start verilmiş və Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üzrə icra edilən “Azerbaijan Digital HUB” proqramının da əsasında bu ideya dayanır. Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətinin törəmə müəssisəsi olan magistral internet provayderi “AzerTelecom” şirkəti tərəfindən icra olunan “Azerbaijan Digital HUB” proqramı çərçivəsində əsas istiqamətlərdən ən birincisi elə dayanıqlı infrastrukturun qurulmasıdır. Bu istiqamətdə şirkətimiz tərəfindən həm ölkə daxilində, həm də ölkə xaricində texnoloji infrastrukturun qurulması üçün işlər aparılır. “Azərbaycan Dəmir Yolları” QSC ilə apardığımız layihə ölkə daxilində dəmir yollarının mühafizə zolağı boyunca magistral fiber-optik kabel xətlərinin çəkilməsini və beləliklə də Şimal-Cənub, Şərq-Qərb istiqamətlərdə qonşu dövlətlərin telekom operatorları ilə şəbəkə bağlantılarının qurulmasını təmin edəcəkdir. “Digital HUB” proqramı çərçivəsində Avropa ilə Asiya arasında tarixi ipək yolunun üzərində yeni rəqəmsal ipək yolunun qurulması və bunun üçün Xəzər dənizinin dibi ilə Azərbaycan və Orta Asiya ölkələri arasında “Transxəzər magistralı”nın çəkilməsi isə ölkə xaricində magistral infrastrukturun qurulması layihəsinin tərkib hissəsidir. Bütün qeyd olunanların reallaşması həm Azərbaycan daxilində müasir dövrün tələblərinə cavab verən sabit texnoloji bazanın formalaşmasını, həm də Azərbaycanın artıq internet və kontentin Asiya regionu ölkələrinə ötürülməsində tranzit, sonrakı mərhələdə (Bakının İnternet Mübadilə Mərkəzinə çevrilməsi və Azərbayanda Regional Data Mərkəzin qurulması ilə) artıq mərkəzi ölkəyə çevrilməsini təmin edəcək.
“Azerbaijan Digital HUB” proqramı rəqəmsal iqtisadiyyat üçün əlverişli platformadır
“Digital HUB” proqramı Azərbaycanın gələcək inkişafı üçün təkcə infrastruktur baxımından yeni imkanlar yaratmır. Xüsusi qeyd olunmalıdır ki, bu proqram son nəticədə rəqəmsal ekosistemin formalaşmasını nəzərdə tutur. Çünki proqramın əsasını təşkil edən komponentlər arasında dayanıqlı infrastrukturun quruculuğu, bağlantı xidmətlərinin təkmilləşməsi ilə yanaşı həm də ölkəmizdə iri kontent operatorlarının (Facebook, Google, Netflix, Amazon, Alibaba, Tencent və s.) təmsil olunması, Regional Data Mərkəzin tikintisi, yeni iş yerlərinin formalaşması, kiçik və orta biznes subyektlərinin rəqəmsal biznes yönümündə inkişafı və gələcəkdə rəqəmsal xidmətlərin “Made in Azerbaijan” brendi altında ətraf regionlara ixracı da vardır. Bütün bunlar isə Azərbaycanda rəqəmsal ekosistemin formalaşmasına, rəqəmsal iqtisadiyyatın inkişafına, ölkəmizin beynəlxalq reytinqlərdə daha öncül pillələrə qalxmasına, innovasiya reytinqində irəliləməsinə və müvafiq olaraq ümumi daxili məhsulun artımına da şərait yaradacaq.
Araşdırmalar göstərir ki, rəqəmsal iqtisadiyyatın inkişafının ölkənin ÜDM-nin artımına mühüm təsiri vardır. Müxtəlif dövlətlərin iqtisadi inkişaf göstəricilərinə nəzər salsaq görərik ki, rəqəmsal sektorun Cənubi Koreya iqtisadiyyatında payı 12%, İsveçdə 8.6%, Finlandiyada 8,3%, ABŞ-da 7,4%, Böyük Britaniyada isə 7,1 %-dir. Dünya İqtisadi Forumunun məlumatına əsasən, növbəti onillikdə iqtisadiyyatda yaranan yeni dəyərin 70%-i məhz rəqəmsal platformalara əsaslanacaq. “Google”in proqnozlarına əsasən, təkcə Cənub Şərqi Asiyada rəqəmsal iqtisadiyyatın həcmi 2025-ci ilə qədər üçqat artacaq və 240 milyard ABŞ dolları təşkil edəcək.
Hazırda ABŞ, Böyük Britaniya, Fransa, Norveç, Qətər, Çin, Rusiya kimi dövlətlər rəqəmsal iqtisadiyyat quruculuğuna xüsusi diqqət yetirir və bu istiqamətdə hətta xüsusiləşmiş orqanlar yaradaraq, milli proqramlar qəbul edirlər. Bu da rəqəmsal transformasiya proseslərinin daha çevik formada aparılmasını təmin edir.
Hazırda ölkəmizdə də aparılan islahatlar, dövlət və özəl sektor tərəfindən icra edilən mühüm proqramlar rəqəmsal iqtisadiyyat quruculuğu üçün mühüm baza formalaşdırır. Regionun Enerji və Nəqliyyat Mərkəzi statuslarına sahib olan Azərbaycanın artıq yeni dövrdə mövcud resurslardan, qabaqcıl dünya təcrübəsindən istifadə etməklə qısa zamanda rəqəmsal iqtisadiyyat qurmaq və Regionun Rəqəmsal Mərkəzinə çevrilmək imkanı vardır.

Fuad Allahverdiyev
“AzerTelecom” MMC-nin Baş icraçı direktoru
“Azerbaijan Digital HUB” proqramının rəhbəri

Müəllif haqqında: Fuad Allahverdiyev İKT sektorunda 20 ildən çox iş təcrübəsinə sahibdir. O müxtəlif startapların və telekommunikasiya sferasında bir sıra uğurlu şirkətlərin təsisçisi olub. F.Allahverdiyev iki nüfuzlu ali təhsil müəssisəsinin məzunudur, Bakı Dövlət Universitetini və M.V.Lomonosov adına Moskva Dövlət Universitetini (Executive MBA proqramı) bitirib. Hazırda F.Allahverdiyev “AzerTelecom” MMC-nin Baş icraçı direktorudur. “AzerTelecom” şirkəti Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital HUB” proqramını icra edir. Fuad Allahverdiyev “Azerbaijan Digital HUB” proqramının rəhbəridir.




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Azərbaycan nefti bahalaşıb
17.09.2019
Suraxanıda sahibkarlara güzəştli kredit verilib
17.09.2019
Gürcü nazir: “Azərbaycan regionda və dünyada nüfuzlu dövlətdir”
17.09.2019
Qeyri-neft daşımaları üzrə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcmi 23 faiz artıb
17.09.2019
Gənclər Fondu 425 tələbənin təhsil haqqını ödəyəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info