Ukrayna XİN: “Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur”
Tarix: 12.09.2019 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


“Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, beynəlxalq aləmin tanıdığı sərhədlər çərçivəsində həllini tapmalıdır””

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin, eləcə də xarici siyasət gündəliyimizin prioritet məsələləri, habelə ölkəmizin inkişaf istiqamətləri barədə xarici diplomatları məlumatlandırmaq informasiya siyasətimizin mühüm bir hissəsidir”

Ukrayna Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsində sentyabrın 8-də “yerli özünüidarəetmə orqanları”na keçirilən “seçkilər”i tanımır və qanunsuz hesab edir. Bu barədə AZƏRTAC-a açıqlamasında Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib. “Qondarma “seçkilər” Azərbaycan Respublikasının Konstitusiyasını və beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur” - deyə məlumatda qeyd edilir. Məlumatda deyilir: “Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, beynəlxalq aləmin tanıdığı sərhədlər çərçivəsində həllini tapmalıdır”.


Qondarma “seçkilər”ə görə ciddi sanksiyalar tətbiq edilməlidir

Ukrayna Analitik Mərkəzinin rəhbəri, ekspert Aleksandr Oxrimenko isə söyləyib ki, Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsində sentyabrın 8-də “yerli özünüidarəetmə orqanlarına seçkilər”in keçirilməsi beynəlxalq hüquqa ziddir. Ekspert qeyd edib ki, işğal olunmuş Dağlıq Qarabağ ərazisində qondarma seçkilər keçirməklə məsələyə guya hüquqi don geyindirmək istəyirlər. Ancaq bir şeyi anlamalıdırlar ki, o əraziləri heç bir dövlət və beynəlxalq təşkilat tanımır. Bu baxımdan da keçirilən hər hansı “seçki” qanunsuz hesab edilir: “Dağlıq Qarabağda və Krımda analoji “seçkilər” keçirildi. Heç bir beynəlxalq təşkilat bu qondarma seçkiləri tanımadı. Beynəlxalq təşkilatlar və böyük dövlətlər təkcə bununla kifayətlənməməlidir. Ciddi sanksiyalar tətbiq edilməlidir. Yalnız belə olan halda, işğal olunmuş ərazilər geri qaytarıla bilər”.

“Türkiyə və Azərbaycan Qarabağ məsələsində dünyada eyni çevrələrlə üz-üzə gəlməkdədir”

İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar da bu məsələyə münasibət bildirib. O. Qeyd edib ki, Ermənistan hakimiyyətinin siyasi etikadan kənar davranışları dünyadakı ikili standartların nəticəsidir. Bu vəziyyət regiondakı gərginliyi daim artırır və bunun belə davam etməsi mümkünsüzdür. Ziya Zakir Acar bildirib ki, sentyabrın 8-də Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “yerli özünüidarəetmə seçkiləri”nin keçirilməsi Ermənistan dövlətinin işğalçılıq siyasətinin mahiyyətini əks etdirir: “Əgər dünyada ikili standartlar olmasaydı, təcavüzkar Ermənistan bu günədək işğalçılıq siyasətini həyata keçirə bilməzdi. Sözügedən “seçkilər” Dağlıq Qarabağ probleminin həlli istiqamətində Azərbaycanın cəhd etdiyi sülh danışıqlarını pozmaq üçün ortaya atılmış iyrənc bir mövzudur”. Dərnək sədri qeyd edib ki, Azərbaycanın və Türkiyənin qardaşlıq münasibətlərinin inkişafı tarixi əhəmiyyət daşıyır. Dövlətlərimiz güclərini birlikdə daim yüksəltməklə bölgədə sülhün və əmin-amanlığın təmin edilməsi istiqamətində səylərini davam etdirməlidirlər. Türkiyənin Xarici İşlər Nazirliyi də bəyan edib ki, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və onun ətraf bölgələrini işğalda saxlaması Cənubi Qafqazda regional sabitliyin və inkişafın qarşısını alan ən böyük çətinlikdir. Türkiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq hüquq və BMT-nin qətnamələri çərçivəsində, sülh şəraitində və ATƏT-in Minsk qrupunun fəaliyyəti çərçivəsində həll edilməsini dəstəkləyir: “Türkiyə tərəfi Ermənistanın qanunsuz olaraq işğal etdiyi Dağlıq Qarabağ bölgəsində 2019-cu ilin 8 sentyabr tarixində keçirilən “yerli özünüidarəetmə seçkilərini” tanımır. Ermənistanın beynəlxalq hüquqa zidd olan status-kvonu saxlamaq cəhdləri keçmişdə olduğu kimi, bu gün də qəbul edilməzdir və bütün bunların sülh danışıqlarına fayda verməyəcəyini açıq şəkildə ifadə edirik”. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral isə dünən bəyan edib ki, Türkiyə və Azərbaycan olaraq mədəniyyətimizlə, tariximizlə bir millət, iki dövlətik. Səfir bildirib ki, Türkiyə və Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrlə qürur duymalıyıq, bu prosesi davam etdirməkdə israrlıyıq. Səfir qeyd edib ki, Türkiyə Azərbaycanın ən böyük yarası olan Dağlıq Qarabağ probleminin tez bir zamanda həllini vacib sayır: "Biz bu məsələdə dünyada eyni çevrələrlə üz-üzə gəlməkdəyik. Xocalıda yüzlərlə insanı qətlə yetirən ermənilər Türkiyəni soyqırım törətməkdə ittiham edirlər. Bütün bu qarayaxmalara qarşı gerçəkləri dünyaya göstərmək Türkiyə və Azərbaycan mediası üzərinə düşən ən böyük vəzifələrdən biridir". Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva isə qeyd edib ki, Azərbaycanın xarici siyasətinin prioritetləri, əldə etdiyimiz nəticələr barədə beynəlxalq müstəvidə məlumatlandırma böyük əhəmiyyət daşıyır: “Xarici ölkələrdə Azərbaycan mövzusunda təşkil olunan tədbirlər ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından faydalıdır. Təqdim etdiyimiz məlumatlar müvafiq sahələrin mütəxəssisləri üçün xüsusilə lazımlıdır”. Ankarada təşkil olunan konfransdakı çıxışların iştirakçılar tərəfindən böyük maraqla qarşılandığını diqqətə çatdıran mətbuat katibi deyib: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin, eləcə də xarici siyasət gündəliyimizin prioritet məsələləri, habelə ölkəmizin inkişaf istiqamətləri barədə xarici diplomatları məlumatlandırmaq informasiya siyasətimizin mühüm bir hissəsidir. Hesab edirəm ki, Ankaradakı konfrans bu mənada səmərəli oldu”. Leyla Abdullayeva qeyd edib ki, Ankaraya səfər çərçivəsində Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy ilə keçirilən görüşdə də qarşılıqlı maraq doğuran məsələlərə dair faydalı müzakirələr aparılıb.

Erməni parlamenti aprel döyüşlərində ağır məğlubiyyətin səbəblərini araşdırır
Bu arada bir məqamı da qeyd edək ki, Ermənistanda aprel döyüşlərində ermənilərin ağır məğlubiyyətə uğramasının səbəblərini təhqiq edən parlament komissiyası 2016-cı ilin aprelində həmin hərbi əməliyyatların iştirakçısı olmuş zabit və əsgərləri qanunverici orqana dəvət edib. Bu məlumatı Ermənistanın “Qraparak” qəzeti yayıb. Qəzetin məlumatına görə, ilk növbədə, parlamentə həmin vaxt cəbhə xəttində olmuş erməni hərbçilər dəvət olunacaq və onlar erməni ordusunun bu qədər ağır itkilər verməsinin səbəbləri ilə bağlı mülahizələrini bildirəcəklər. Sıravi əsgərdən tutmuş zabit heyətinə qədər bütün hərbi qulluqçular, xüsusilə ən qızğın nöqtələrdə olan şəxslər dindirilməyə cəlb olunacaqlar. Qeyd olunub ki, artıq bu məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin əməliyyat idarəsi rəisinin hazırda vəzifələrində qalan müavinləri parlament komissiyasında ifadə veriblər. Bundan başqa, parlament komissiyası aprel döyüşlərində məğlubiyyətlə əlaqədar qapalı iclas da keçirilib. Bildirilir ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan da ifadə verəcək. Qeyd edək ki, Ermənistanın əvvəlki iqtidarının hakimiyyətdən getməsinə əsas səbəb olan və erməni ordusunun döyüş qabiliyyətinin zəif olmasını sübut edən aprel döyüşləri erməni cəmiyyətində ciddi narazılıq doğurub. Hazırkı baş nazir Nikol Paşinyan isə həmin məğlubiyyətdən istifadə edərək öz bədxahlarından qisas almaq fikrindədir. Xatırladaq ki, Aprel döyüşlərini araşdıran müvəqqəti komitənin səlahiyyətlərini Ermənistan parlamentinin müdafiə komitəsi həyata keçirir və qapalı iclaslar çağırır.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
“Los-Anceles nasist generalları mədh edən ölkəyə dəyər verməməlidir”
16.09.2019
“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi
10.09.2019
Almaniya Minsk qrupunun üzvü kimi münaqişənin həlli prosesinə qoşulur
09.09.2019
Tural Gəncəliyev: “İşğal edilmiş Dağlıq Qarabağda keçirilən növbəti “seçki şousu” demokratiya və seçki adına böyük təhqirdir”
05.09.2019
Laçın rayonunun Mirik kəndi ərazisindəki qədim yaşayış məskənləri ermənilər tərəfindən dağıdılır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info