Dialektologiyanın ən böyük təəssübkeşi
Tarix: 16.09.2019 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


Akademik M.Ş.Şirəliyev- 110

Görkəmli alim, akademik, əməkdar elm xadili, Türk Dil Qurumunun üzvü M.Ş.Şirəliyev Bakı Dövlət Universitetinin məzunu olmuş, 1927- 31- ci illərdə şərq fakültəsinin dilçilik şöbəsində təhsil almışdır. Bundan sonra bütün ömrünü pedaqoji işə və dilçiliyin inkişafına sərf etmişdir. Ağdam və Azərbaycan Pedaqoji İnstitutunda müəllimlik etmiş, 1941- ci ildən Azərbaycan Dövlət Universitetində çalışmışdır. 1941- 42- ci illərdə Azərbaycan dili kafedrasının müdiri, 1942- 45- ci illərdə filologiya fakültəsinin dekanı, 1945- 49- cu illərdə elmi işlər üzrə prorektor, 1949- 60-cı illərdə kafedra müdiri vəzifələrində işləmişdir. Bundan sonrakı həyatı və fəaliyyəti Elmlər Akademiyası ilə bağlı olmuş, 1949- cu ildən 1987- ci ilədək Dilçilik İnstitutunun direktoru, Azərbaycan dialektologiyası şöbəsinin müdiri, 1968-1969-cu illərdə Azərbaycan EA-nın ictimai elmlər bölməsinin akademik-katibi olmuşdur.
Dilçiliyin dialektologiya sahəsinin Azərbaycanda inkişafı M.Şir¬əli-yevin adı ilə bağlıdır. XX yüzilliyin əvvəllərində dialektlərə dair müəyyən araşdırmalar ( K.Foy, N.Aşmarin, İ.Həsənov, Y.Mirbabayev və b.) aparılsa da elmi əsaslarla ardıcıl şəkildə tədqiqi M.Şirəliyevin tədqiqatları ilə başlanır. Buna görə də bir çox alimlər (ilk dəfə N.Dmitriyev) M.Şirəliyevi Azərbaycan dialektologiyasının banisi adlandırırlar.
O, 1938-40-cı illərdə Bakı dialektinə aid material toplamış, 1941-ci ildə ADU-da “Bakı dialekti” mövzusunda dissertasiya müdafiə etmiş, elmi şura bu əsəri yüksək qiymətləndirərək elmlər namizədi əvəzinə elmlər doktoru elmi dərəcəsi vermişdir. Əsərin filoloji elmlər doktoru alimlik dərəcəsinə layiq olmasını əsaslandırmaq üçün elmi şuranın ayırdığı beş professor (professorlar N.K.Dmitriev, N.A. Baqri Arun, Jüze, Tumbil, Termatevosyan) dissertasiyaya rəy vermişdir. Ali Attestasiya Komissiyasının ayırdığı üç nəfərdən ibarət alimlər heyəti (akad.A.Şanidze, akad. Abuladze, prof. S.S.Djikiya) bu əsəri yüksək qiymətləndirmişlər. 1943- cü ildə AAK-ın bu əsəri təsdiqləməsi barədə mərkəzi mətbuat orqanlarında- “Kommunist” və “Bakinskiy raboçi” qəzetlərində məlumat dərc olunmuşdur. Alimin bu əsəri iki dəfə- 1949 və 1957- ci illərdə çap olun- muşdur.
Görkəmli dialektoloqun Azərbaycan xalq şivələrini öyrənməsi sahəsindəki fəaliyyəti onun «Azərbaycan dialektologiyası» adlı dərs vəsaitində ümumiləşdi- rilmişdir.Bu kitab təkcə Azərbaycan dilçiliyində deyil, türkologiyada dialektlərin öyrənilməsində ən mükəmməl nümunə sayılır. İndiyə kimi Azərbaycan dilində dörd dəfə (1942, 1962, 1967, 2008),1983- cü ildə isə rus dilində nəşr olunmuşdur. İlk nəşrlər “Azərbaycan dialektologiyası, I hissə ( 1942), “Azərbaycan dialekto- logiyası, II hissə, Qazax dialekti haqqında ümumi obzor” (1943), sonrakı nəşrlər “Azərbaycan dialektologiyasının əsasları”( 1962, 2008), rus dilindəki nəşr isə “Диалекты и говоры азербайджанского языка” adlanır. Bu nüsxə əvvəlkilərdən fərqli olaraq, təkmilləşdirilmiş, girişdə Azərbaycan dilinin tarixi, əhatə dairəsi, dialektlərin xaricdə tədqiqi barədə məlumat verilmişdir. Dialektlərin bölgüsünə Göyçay, Ağdaş və Cəbrayıl keçid şivələri daxil edilir.Sonda verilmiş dialektoloji xəritələr dialektlərin mənşəyinə, fonetik, morfoloji və leksik xüsusiyyətlərinə aiddir. Keçən yüzilliyin 80-ci illərinə qədər yeni tədqiq olunmuş şivələrin mate- riallarından istifadə edilmişdir. ”Azərbaycan dialektologiyasının əsasları”(2008) kitabında öncə birinci və ikinci nəşrlər barədə məlumat verilir. İkinci nəşr birinciyə nisbətən mükəmməldir. “... ikinci nəşr birinci nəşrə daxil olmayan bir sıra yeni dialektoloji materiallarla zənginləşdirilmiş, bu nəşrdə bir sıra məsələlər ətrafında dəqiqləşmələr aparılmışdır”. Bundan başqa, keçən müddət ərzində tədqiq olunan Cəbrayıl, Gədəbəy, Qax, Bərdə, Yevlax, Ağcabədi və Tərtər şivələrinin material- larından da istifadə olunmuşdur. Burada dialektologiyanın nəzəri məsələlərinə də toxunulur. Azərbaycan dili dialektlərinin tədqiqi nəzərdən keçirilir, fərdi və kollek- tiv yolla öyrənilən şivələr barədə geniş məlumat verilir. Həmçinin dialektoloji tədqiqatların iki istiqaməti müəyyənləşdirilir: 1) Azərbaycan dili şivələrinin monoqrafik tədqiqi; 2) Azərbaycan dili şivələrinin dilçilik coğrafiyası əsasında öyrənilməsi. Əslində həmin dövrdə dialektoloji lüğətin tərtibi də davam etdirilirdi. 1964- cü ildə “Azərbaycan dilinin dialektoloji lüğəti” də çap olunur. Kitabın rus dilindəki variantında tədqiqatların üçüncü istiqaməti kimi dialektoloji lüğətlərin tərtibi göstərilir . Kitabda şivələrin tarixi- coğrafi prinsip əsasında təsnifatı verilir. Müəllif şivələri dörd qrupa bölür və hər qrupun səciyyəvi xüsusiyyətlərini qeyd edir.
Ali məktəblər üçün Azərbaycan dialektologiyası fənnindən ilk dəfə proqram və dərs vəsaiti də M.Şirəliyev tərəfindən yazılmışdır. Alim “Azərbaycan dialektologiyası” kitabının I hissəsini 1942- ci ildə, II hissəsini isə 1943- cü ildə çap etdirmişdir. Kitabın birinci hissəsində dialektlərimizin səs tərkibi, fonetik hadisələr, morfoloji xüsusiyyətlər elmi əsaslarla şərh edilir, ədəbi dildən fərqli cəhətlər müəyyənləşdirilir. İkinci hissədə Qazax dialektinin materialları əsasında qərb qrupu şivələrinin ümumi xülasəsi verilir. Qazax dialektində açıq dodaq saitlərinin ahəngi, ismin təsirlik halında- yı şəkilçisinin işlənməsi, indiki zamanın-er, -or,- ör şəkilçisi ilə ifadəsi və s. səciyyəvi dialekt xüsusiyyətləri qeyd olunmuşdur.
Alim şivələrdən materialların toplanmasını dialektoloji tədqiqatların vacib mərhələsi hesab edirdi. Buna görə də tədqiqatlarında istifadə etdiyi praktik materialların əksəriyyətini şəxsən özü toplayırdı. Bakı dialektindən sonra Muğan, Zaqatala, Qax, Şamaxı ( həm yerli, həm də Güney Azərbaycandan gələn əhali) , Naxçıvan, Salyan, Şahbuz, Qazax, Gədəbəy, Daşkəsən, Qarabağ və s. bölgələrdə olmuş, informatorlarla söhbət etmiş, dialektoloji material toplamış, dövrü mətbuatda ekspedisiyanın nəticəsi barədə elmi ictimaiyyətə məlumat vermişdir.
M.Şirəliyev 1941- ci ildə rus dilində çap olunan məqaləsində ilk dəfə dili- mizin dialektlərinin coğrafi prinsip əsasında təsnifini verdi. Bu bölgü 1959- cu ildə YUNESKO- nun nəşr etdiyi “Fundamenta tursisa” kitabında da nəşr olunmuş,səciyyəvi dialekt xüsusiyyətləri qeyd olunmuşdur. Coğrafi cəhətdən aparılmış bölgülərin ən mükəmməli M.Şirəliyevə məxsusdur. Alim ilk təsnifatında (1941) şivələri beş qrupa ayırmışdır: 1.Şərq qrupu: Quba, Dərbənd, Bakı, Şamaxı, Salyan, Lənkəran; 2. Qərb qrupu: Qazax, Borçalı, ayrım; 3. Şimal qrupu: Nuxa (indi Şəki), Zaqatala, Qutqaşen (indi Qəbələ); 4. Cənub qrupu: İrəvan, Naxçıvan, Ordubad; 5. Orta qrup: Kirovabad (indi Gəncə), Qarabağ. M.Şirəliyev sonrakı illərdə təsnifata əlavələr edərək təkmilləşdirmişdir. Onun son bölgüsü keçən yüzilliyin 60-cı illərinə qədər tədqiq olunan şivələri əhatə edir: 1. Şərq qrupu: Quba, Bakı, Şamaxı dialektləri, Muğan, Lənkəran şivələri; 2. Qərb qrupu: Qazax, Qarabağ, Gəncə dialektləri, ayrım şivəsi; 3. Şimal qrupu: Nuxa (Şəki) dialekti, Zaqatala- Qax şivəsi; 4. Cənub qrupu: Naxçıvan, Ordubad, Təbriz dialektləri, İrəvan şivəsi. Bölgü ilə bağlı mübahisələr yaransa da alim fikrini tutalı faktlarla sübut edərək dəyişməmişdir. Mübahisələrin əsas predmeti bölgünün yalnız Azərbaycan Res- publikası ərazisindəki şivələri əhatə etməsi, İran, Gürcüstan, Rusiya (Dağıstan) və keçmiş Ermənistan ərazilərindəki dialektlərin tam əhatə olunmaması idi. Bundan başqa, bəzi alimlər israr edirdilər ki, Azərbaycan dilində dialekt deyil, şivələr qrupu mövcuddur. Çünki bölgüdə dilimizin bütün şivələri deyil, dialektlər ümumiləşdirilmiş şəkildə şivə qruplarına uyğundur. Lakin alim iradlarla razılaş- mamış və göstərmişdir ki, “Azərbaycan dili üçün bu müddəa kökündən səhvdir, çünki feodalizm dövrünü keçmiş Azərbaycan xalqının qədim ədəbi dili vardır və o, qədim şəhər mədəniyyətinə malik olmuşdur.” (M.Ş.Şirəliyev biblioqrafiya, Bakı, 1969, s.17). Alim təsnifatla bağlı fikirlərini məqalələrində şərh eləmiş və bir çox türkoloqlarla bölüşmüşdür (Проблема диалектного членения языка. ВДТЯ, II т. Баку, 1960; О проблеме языка и диалекта.ВДТЯ, III т. Баку, 1963 ).
1950- ci ildən sonra müqayisəli- tarixi metodun tətbiqi ilə bağlı olaraq alim dialektlərimiz ilə müasir türk dilləri arasında ümumi və fərqli cəhətləri müəyyən- ləşdirmişdir. O, dialektlərin fonetik, qrammatik və leksik xüsusiyyətlərini qədim və müasir türk dilləri ilə müqayisə edərək oğuz və qıpçaq dillərinin üstünlüyü qənaətinə gəlmişdir. 1957-ci ildə Ankarada keçirilən Türk Dili Qurultayında “Azərbaycan dili dialektlərinin türk dili dialektləri ilə müqayisəli öyrənilməsi (fonetik materiallar əsasında)” mövzusunda məruzə ilə çıxış etmişdir. Bundan sonra Azərbaycan dialektologiyasında qədim və müasir türkdilləri və dialektləri ilə müqayisələr tədricən genişlənir. Naxçıvan, Quba, Şəki və s. dialektlərə dair aparılan tədqiqatlarda türk dilləri ilə ümumi və fərqli xüsusiyyətlər müəyyənləşdirilir.
Azərbaycan dili dialektlərinin xüsusiyyətləri tarixi baxımdan ilk dəfə M.Şirəliyev tərəfindən araşdırılmışdır. Azərbaycan dilində dialekt fərqlərini Orxon- Yenisey kitabələri, M.Kaşğarinin “Divan”ı, “Kitabi- Dədə Qorqud” və digər yazılı abidələr və klassiklərin dili ilə müqayisəli şəkildə araşdırmış, dialekt- lərdəki qədim xüsusiyyətləri aşkara çıxarmış, onların mənşəyini aydınlaşdır- mışdır. Dialektlərdə işlənən samit səslərin variantları, fonetik hadisələr (söz əvvəlində y və h səslərinin artımı), mənsubiyyət və şəxs şəkilçilərində v.q,y, ğ ünsürlü formaların işlənməsi, feilin əmr şəkli , indiki zaman, qeyri- qəti gələcək zamanın inkarında və feili bağlamalarda qədim formaların işlənməsi bu üsulla müəyyənləşdirilir. M.Şirəliyev dialekt materialları əsasında dilimizdə mühafizə olunan qıpçaq xüsusiyyətlərini müəyyən etmiş, qədim qıpçaq yazılı abidələri və müasir qıpçaq dilləri ilə müqayisələr aparmışdır. Bu problemlə bağlı Varşava Universitetindəki məruzəsi mütəxəssislər tərəfindən rəğbətlə qarşılanmışdır. Onun bu məruzəsi rus və özbək dilərində də nəşr olunmuşdur.
Dialektlərdəki sintaktik fərqlərdən də ilk dəfə M.Şirəliyev bəhs etmişdir. Alim ilk dəfə Bakı dialektində, sonra digər şivələrdə təyini söz birləşmələrində, uzlaşma və idarə əlaqələrində, cümlə üzvlərində, söz sıra- sında, sadə və mürəkkəb cümlələrdə sintaktik fərqləri aşkara çıxarmış və əmələgəlmə səbəblərini izah etmişdir.
M.Şirəliyev dialektləri ədəbi dillə əlaqəli şəkildə araşdırmış, ədəbi dillə dialektlərin qarşılıqlı təsirini aydınlaşdırmışdır. Həmçinin ədəbi dilin təşəkkülündə dialektlərin rolu, dialekt əsası məsələsini həll etmişdir. Azərbaycan ədəbi dili XIII-XIV əsrlərdə Şirvan dialektinə, XV-XVII əsrlərdə Təbriz dialektinə, XVIII əsrdə Qarabağ dialektinə, XIX-XX əsrlərdə isə bütün dil nümayəndələrinin daxil olduğu Bakı şəhəri əhalisinin danışığına istinad edilmişdir. Müasir ədəbi dilimizin koynesi barədə müxtəlif fikirlər olsa da, M.Şirəliyevə görə, Bakı və Şamaxı dialektləridir. Bununla bağlı alim 1956- cı ildə Bakıda dialektoloji məsələlərə həsr olunmuş müşavirədə məruzə etmiş, türkoloqlar onun fikirlərini müdafiə etmişlər. Ədəbi dillə bağlı fikirləri indi də daha çox istinad olunan«К вопросу развития азербайджанского литературного языка в советский период” (1957) adlı məqaləsində geniş işıqlandırılmışdır.
Azərbaycan dili şivələrinin dilçilik coğrafiyası metodu ilə öyrənilməsi M.Şirəliyevin adı ilə bağlıdır. Keçən yüzilliyin 50-60- cı illərində alim bu təəşəb- büsü qaldırmış, bu istiqamətdə aparılan tədqiqatlara rəhbərlik etmişdir. Türkologiyada bu sahədə təcrübə olmadığından onun məsləhəti ilə mütəxəssislər monoqrafik tədqiqatların nəticələrindən istifadə edərək dialektlərimizin səciyyəvi izoqloslarını müəyyənləşdirirlər. 1957- ci ildən dialektoloji atlasın tərtibinə başlanılmış, 1975- ci ildə başa çatdırılmışdır. Həmin dövrdə alim həm də türk dillərinin dialektlərinin ümumi atlasının hazırlanmasına da rəhbərlik etmişdir. Dilçilik coğrafiyası sahəsindəki nailiyyətlərlə bağlı M.Şirəliyev 1966- cı ildə Ankarada XI Türk Dili Qurultayda məruzə etmişdir. Çox təəssüblər olsun ki, alimin dünyasını dəyişməsi ilə bu iş yarımçıq qaldı.
Alimin fəaliyyəti Azərbaycan dili dialektlərinin tədqiqi ilə məhdudlaşmırdı, dilçiliyin ədəbi dil, dil tarixi, qrammatika, orfoqrafiya, orfoepiya, əlifba, terminologiya, üslubiyyat, nitq mədəniyyəti, türkologiya və s. sahələrinin problemləri ilə də məşğul olmuş, respublika və beynəlxalq səviyyəli konfranslarda məruzələrlə çıxış etmişdir.Bakı (1956, 1960, 1965, 1966 və s.), Sofiya (1954), Aşqabad (1952), Ankara (1957,1966),Varşava ( 1963), Alma- Ata (1956, 1962), Kazan (1958, 1964), Kişinyov(1959, 1967), Moskva (1955, 1960, 1964), Frunze (1963) və s. şəhərlərdə beynəlxalq konfranslarda akrual problemlərlə bağlı məruzələri mütəxəssislər tərəfindən yüksək dəyərləndirilmişdir.Sovet dönəmində onun elmi fəaliyyəti və təşkilatçılığı sayəsində Bakı şəhəri dialektoloji mərkəzə çevrilmişdir. Respublikamızda və digər türk dilli ölkələrdə türk dilləri dialektologiyası məsələlərinə həsr olunmuş beynəlxalq konfranslar keçirilmiş, dialektlərin tədqiqi səviyyəsi müzakirə olunmuş, yeni tədqiqatlar əlaqələdirilmiş, dialektoloji atlasın tərtib vəziyyəti, gələcək perspektivlər və s. mühüm məsələlər müakirə olunmuşdur.
Akadeemik M.Şirəliyev sağlığında elmi məktəb yaratmış alimlərdəndir. Onun rəhbərliyi ilə 10 elmlər doktoru və 50- dən artıq filologiya üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə olunmuşdur. Azərbaycan dili şivələrinin əksəriyyəti- Quba, İsmayıllı, Mərəzə, Ordubad, Qazax, Ağdam, Füzuli, Tovuz, Şəki, Cəbrayıl, Zəngibasar, Zəngilan, Gədəbəy, Kərkük, Qax, Karvansaray, Çənbərək, Qarakilsə, Cəlilabad, Ağcabədi (əfşar) və s. şivələr onun rəhbərliyi ilə tədqiq olunmuşdur.Bundan əlavə, onun rəhbərliyi ilə 1 nəfər balkar, 1 nəfər qaqauz, 1 nəfər qaraqalpaq, 1nəfər bolqar fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir. 9 özbək, 2 başqırd, 2 tatar, 1 qaraçay, 1 qazax, 1 yakut alimin filologiya elmləri doktoru dissertasiyası müdafiəsində opponent kimi iştirak etmişdir.Alimin yetirmələri indi də onun ənənələrini davam etdirir, dialektləri müxtəlif istiqamətdə tədqiq edir, lüğətin və atlasın yeni nəşrini hazırlayırlar.
Məhərrəm Məmmədli
filologiya elmləri doktoru, professor







 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Ukraynanın ali təhsil ocağında Azərbaycan dili və ədəbiyyatı ixtisası açılıb
18.10.2019
ADU-da “Haqq səsimiz” mövzusunda dəyirmi masa keçirilib
18.10.2019
UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub
17.10.2019
“İbtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur”
17.10.2019
BDU-da Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info