Turizm gündəlik 5 milyard dollar gəlir gətirir
Tarix: 17.09.2019 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


Dünyada 5 turistdən 4-ü bölgədəki destinasiyaya gedir: öncədən bronlama, müştəri məmnuniyyəti, “hər şey daxil” turist cəlbində mühüm əhəmiyyət kəsb edir

Dünya iqtisadiyyatındakı yavaşlamanın əksinə olaraq turizm sənayesi inkişaf edir. Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatı (UNWTO) dünya turizminin mövcud vəziyyətini açıqlayıb. Burada göstərilir ki, turizm 4 faizlik artımla dünya iqtisadiyyatındakı inkişafın önündə yer alır və turizm dünyada gündə 5 milyard dollarlıq gəlir gətirir. 2018-ci ildə səyahət edən insanların sayının 1 milyard 401 milyon olduğu, ümumilikdə 1 trilyon 451 milyard dollarlıq gəlir yaratdığı bildirilir.
UNWTO-nun baş katibi Zurab Pololikashvili bildirib ki, bu məlumatlar turizmin dünya iqtisadiyyatındakı yerini başa düşmək və turizm sektorunun gücünü göstərmək üçün əhəmiyyətlidir. O, iqtisadiyyatdakı yeri və əlaqəli sektorlara verdiyi töhfədən əlavə, bütün ölkələr üçün problem olan məşğulluğun yaradılmasında turizmin mühüm rol oynadığını söyləyib.
Hesabatda göstərilir ki, dünyada turizm 2018-ci ildə ən sürətlə Asiya Sakit Okean və Afrika bölgələrində böyüyüb. Dünya turizmində orta artım 4 faiz olduğu halda, Asiya və Afrikada artım təxminən iki dəfə - 7 faiz artıb. Fransa 89 milyon insan ilə dünyanın ilk 10 ölkəsi arasında birinci yerdədir. Yaponiya ilk dəfə ziyarətçilərin sayının artması nəticəsində ilk onluğa daxil olub.
Asiya və Afrika ölkələri də turizm gəlirlərini ən çox artıran ölkələr olub. Dünyada turizmdən ən yüksək gəlir əldə edən ölkə 214 milyard dollar ilə ABŞ-dır. İspaniya 74 milyard dollar ilə ikinci, Fransa isə 67 milyard dollar ilə üçüncü sırada yer alıb. Dünyadakı turizm gəlirlərinin 40 faizi ən çox turizm gəliri olan ilk 10 ölkədən gəlir. Çin 277 milyard dollar ilə dünyada turizm xərcləri ən yüksək olan ölkədir ki, Amerika da Çini izləyir. Bu gün dünyada 5 turistdən 4-ü bölgədəki destinasiyaya gedir. Dünya səyahətlərinin 58 faizi hava yolu ilə reallaşır ki, 2000-ci ildə bu rəqəm 46 faiz idi. Viza tətbiq edən ölkələrin dünya əhalisinə nisbəti 1980-ci ildəki 75 faizdən 2018-ci ildə 53 faizə düşüb.
İspaniya 83 milyon turist cəlb etdiyi halda, ABŞ 80 milyon turist qəbul edib. Dördüncü sırada 63 milyon ilə Çin yer alarkən onu 62 milyon ilə İtaliya izləyib. Turist sayını 22 faiz artıran və bu artımla siyahıda ən çox artım əldə edərək altıncı sırada yer alan Türkiyəni 41 milyon nəfərlə Meksika, 39 milyon nəfərlə Almaniya, 38 milyonla Tayland və 36 milyon nəfərlə İngiltərə izləyib.

AB-də otellərlə bağlı yeni standarta keçilir
Avropa Birliyinə (AB) üzv ölkələrdəki otellərin ulduz reytinq sistemində vahid standarta keçiləcək. Belə ki, Avropa Otellər, Restoranlar, Barlar və Kafelər Assosiasiyası Birliyi (HSU) AB üzv ölkələrinin hamısında otel ulduzlarının reytinqi üçün eyni məlumatlardan istifadə edilərək təsnif ediləcək yeni sistem hazırlayır. HSU sisteminin 250 meyara uyğun hazırladığı ulduzlama sistemi 1 yanvar 2020-ci ilədək tamamlanacaq və 2021-ci ildən etibarən qüvvəyə minəcək. Almaniyanın “Deutsche Welle” radiosunda yayılan xəbərə görə, ortaq standartlar yalnız HSU üzvləri üçün etibarlı olacaq. HSU prezidenti Jens Zimmer Christensen, məsələ ilə bağlı may ayında Helsinkidə idarə heyətinin iclasında qərar verildiyini söyləyib: "Yeni təsnifatla meyarları asanlaşdırmaq, ulduz üçün daha çox rahatlıq və şəffaflıq yaratmağı hədəfləyirik. Yeni sistemin otelləri çətin vəziyyətdə qoymaması üçün bir keçid dövrünü gözləyirik. Yeni standartlarda rəqəmsallaşdırma da daxil olmaqla bir sıra yeni meyarlar qoyduq.
Bu sistemdə, ekoloji cəhətdən təmiz sistemlərə, məsələn, elektrikli nəqliyyat vasitələrinin doldurma stansiyaları və ya mobil telefon istifadəçiləri üçün hazırlanmış veb səhifələrə investisiya qoyan otel müəssisələri daha çox xal qazana bilər”.
Rusiya Tur Operatorlari Biriliyinin (ATOR) araşdırmasına görə, 2020-ci il üçün turizm səfərlərində öncədən bronlama ilə bağlı müştəri seçimlərində Türkiyə və Tunis, İspaniya və Yunanıstanın yerinə keçir. Türkiyənin “hər şey daxil” sistemi səbəbiylə rəqibsiz olduğu, buradan qaynaqlanan tələbatda artımın gələn il də davam edəcəyi, bunun da qiymət artımına səbəb olacağı deyilir. Eyni zamanda Türkiyəyə gedən turist sayının artması müştərinin razı qalmasının göstəricisi olduğu bildirilir. O da qeyd edilir ki, 2020-ci ildə Avropada artım trendini davam etdirəcək ikinci ölkə Tunisdir. İngiltərədən Tunisə gedənlərin sayı 2019-cu ildə iki dəfə artıb ki, 2020-ci ildə öncədən bronlaşdırma artıq indidən 25 faiz artıb.

Türkiyə: “Bizim neftimiz, turizmdir”
Turizmin inkişaf etdiyi ölkələrdən biri Türkiyədir ki, cari ilin 7 ayında təkcə İstanbul 8,4 milyondan çox xarici turist qəbul edərək son 5 ilin ən yaxşı performansını əldə edib. Türkiyə Otelcilər Federasiyasının (TÜROFED) direktor müavini və Cənubi Ege Turistik Otelcilər və Administratorlar Birliyi (GETOB) sədri Bülent Bülbüloğlu, dünyada turizmin 3- 4 faiz artdığını, Türkiyənin bu böyümədə ilk sırada yer aldığını söyləyib. 2019-cu il turizm ilinin həm Cənubi Ege, həm də Aralıq dənizi bölgəsində çox yaxşı keçdiyini, Marmaris, Bodrum, Fethiye və Dalaman da daxil olmaqla cənub bölgəsinə olan tələbatın artdığını deyib: "Bu il mövsümün əvvəlində bir az sakitlik hökm sürürdü. Səbəbi isə Yunanıstan, İspaniya və İtaliya kimi rəqiblərimizin önünə keçməmizlə bağlı verdikləri reaksiya nəticəsində qonaqlama qiymətlərində endirim edilməsi idi. Aprelin ortalarından etibarən Avropa başda olmaqla, xüsusilə Serbiya, Belçika, Polşa, Danimarka və İsveçrəyə kimi bazarlardakı artım, böyümə sürətimizi artırdı”.
Bu il iyun, iyul və avqust çox məhsuldar və gəlirli olduğunu deyən Bülbüloğlu bu il turizm mövsümünü çox yaxşı keçirdiklərini bildirib: “Cənubi Ege bölgəsi üçün ingilis bazarı birinci sıradadır. Ölkəmizə yay aylarında gələn 5 milyon ingilisin yarısı məhz bu bölgəni seçir. İngilis ailələri bir il əvvəldən tətil planı hazırlayırlar. Bu planlara görə, gələn il üçün əvvəlcədən sifarişlərdə ciddi artım var. Keçən ilin yaşanan iqtisadi problemlərin öhdəsindən gəlirik. Bu iqtisadi çətinliklərin öhdəsindən gəlməyimizdə ən böyük təsiri olan amillərdən biri turizmdir. Turizm sektoru bacasız sənayedir. Bizim neftimiz, turizmdir. Ölkəmizi tanıdan və iqtisadiyyatı lokomotivi olan turizm sektorudur. Müxtəlif ölkələrdən nə qədər çox yeni turist gəlirsə, o qədər çox Türkiyə gözəllikləri tanınır. Yeni turistlər qonaqpərvərliyimizi, mədəniyyətimizi, təbiətimizi və gözəlliklərimizi görür. Cari turizm mövsümünü çox yaxşı keçirdik və 2020-ci il üçün çox böyük ümidlərimiz var”.

8 ay ərzində Azərbaycana səfər edən xarici vətəndaşların sayı 8.3 faiz artaraq 2.1 milyona çatıb

Ölkəmizdə də turizm sektoru davamlı olaraq inkişafdadır. Cari ilin avqust ayında Azərbaycana 361 min əcnəbi qonaq gəlib ki, bu da 2018-ci ilin avqustuna nisbətən 42 min və ya 13.2 faiz artım deməkdir. Səyahət edənlərin ən böyük qismini 9.3 faiz artım və ya 111 min nəfərlə Rusiyadan gələnlər təşkil edib. Ən böyük artım 82.2 faiz və ya 17 min nəfərlə İrandan gələnlər (37 min) arasında müşahidə olunub. Yüksək artım, həmçinin Gürcüstan vətəndaşları üçün də xarakterikdir. Belə ki, avqust ayında Gürcüstandan gələnləri sayı 68 minə çatıb ki, bu da keçən ilə nisbətdə 11 min və ya 20 faiz artım deməkdir. 2019-cu ilin yanvar-avqust dövrü ərzində Azərbaycana səfər edən xarici vətəndaşların sayı 8.3 faiz artaraq 2.1 milyona çatıb. Gələn əcnəbilərin yarısından çoxu, daha dəqiq desək, 53 faizini Rusiya (653 min) və Gürcüstanın (472 min) payına düşür. Xüsusilə qeyd etmək lazımdır ki, Gürcüstandan gələn əcnəbi qonaqların sayında 22.8 faiz və ya 87 min artım müşahidə edilib. Mərkəzi və Cənubi Asiya ölkələrindən gələnlərin sayı 40.4 və 38.1 faiz artaraq müvafiq olaraq 83 min və 72 minə çatıb.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Sinqapurda ilk dəfə Azərbaycanın turizm potensialı təbliğ edilib
17.10.2019
Azərbaycana səfər edən çinli turistlərin sayı 64 faiz artıb
15.10.2019
AZTA və Özbəkistanın turizmin inkişafı üzrə dövlət komitəsi Memorandun imzalayıblar
11.10.2019
Ötən ay Azərbaycana ən çox İran və Mərkəzi Asiya ölkələrindən qonaq gəlib
08.10.2019
Dağ yürüşünə çıxmaq istəyənlər üçün yeni marşrutlar hazırlanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info