“Muğamı bilən musiqiçi istənilən Avropa musiqisi üzərində improvizə edə bilər”
Tarix: 28.08.2013 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


Vidadi Paşayev: “Tar və kamança sənəti
Azərbaycanın milli irsinə aid olan dəyərlərdir”


Müsahibimiz Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinin kamança qrupunun konsertmeysteri və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Vidadi Paşayevdir

-Vidadi müəllim, sizcə, kaman sənətilə Azərbaycan incəsənəti arasında hansı bağlılıqlar var?
- Ümumiyyətlə, kamança qədim Azərbaycan musiqi alətidir. Son zamanlar dövlət tərəfindən xalq musiqisinə olan böyük diqqət istər kamança sənətində, istərsə də tar sənətində böyük bir sıçrayış yaradıb. Bütün bunlar UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın incəsənətə, xalq musiqisinə göstərdiyi qayğının nəticəsidir. Ümumilikdə götürsək, tar və kamança sənəti Azərbaycanın milli irsinə aid olan dəyərlərdir.
Bir dövr var idi ki, Azərbaycan muğam sənəti məhv olmaq təhlükəsilə üz-üzə qalmışdı. Ancaq indi hər mövsüm respublika üzrə muğam müsabiqəsi keçirilir. Bunun nəticəsi olaraq Azərbaycanın bütün bölgələrindən istedadlı gənclər üzə çıxarılır. Tar və kaman alətləri də xalq musiqisinə bağlı alətlərdir. Kamança alətində Avropa musiqisi də ifa olunur və bu da böyük rəğbətlə qarşılanır. Deyərdim ki, kamança skripkadan zəif alət deyil, yaxın alətlərdir. Amma hər alətin öz çətin xüsusiyyətləri var.
- Sizcə, gənclərin kamançaya marağı lazımi səviyyədədirmi?
- Əvvəllər musiqi məktəblərinə kamança sinfində oxumaq üçün az uşaqlar gəlirdi. Tar sinfinə qəbul olardı, lakin kamança sinfinə qəbul nisbətən az olardı. Amma indi həm maraq, həm də tələbat var. Buna əyani sübut isə televiziya və radiolarda muğam triolarının hər zaman konsert proqramı ilə efirdə tez-tez səslənməsidir. Bununla yanaşı, kamança ifaçılarının inkişafı isə göz qabağındadır. Onların istedadı, bacarığı, kamança ustası kimi professionallığı üzə çıxır.
- Gənclərin triolarda bacarığını necə qiymətləndirirsiniz? Onların bu sahə üzrə inkişafları yetərincədirmi?
- Düzdür, bu günün gənc trioları bacarıqlıdırlar. Cəhd göstərirlər ki, professional olsunlar. Lakin əvvəlki dövrə nəzər salsaq, görərik ki, indiki triolar başqa səpkidədir, əvvəlki triolar başqa səpkidə. Bu da yəqin ki, zamanın tələbinə görə dəyişib.
- Səid Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinin kamança ifaçıları bu sahəni necə mənimsəyirlər?
- Hər bir orkestrdə kamança aparıcı qüvvədir. Ümumiyyətlə, son zamanlara baxsaq, orkestrdə yaxşı yöndə dəyişikliklər olub. Bu gün orkestrin tərkibində fəaliyyət göstərən kamança qrupunda yaxşı kaman ustaları çoxdur. Zəiflər demək olar ki, yoxdur. Əsasən professional kaman ustaları fəaliyyət göstərir. Son zamanlar Azərbaycan Dövlət Televiziyası və Radiosunun musiqi kollektivlərinin bədii rəhbəri, gözəl sənətkar, gözəl insan Ramil Qasımov gənc olmağına baxmayaraq, böyük iş qabiliyyətinə malikdir. O, musiqi kollektivlərinin rəhbəri təyin olunandan sonra bizim orkestrdə köklü dəyişikliklər oldu. Bu, ona görədir ki, işin keyfiyyəti daha da yaxşı olsun. Çünki Azərbaycan incəsənətində və musiqi dünyamızda orkestrlərin fəaliyyətinin xüsusi əhəmiyyəti var.
Şübhəsiz ki, Azərbaycanda və Şərqdə də ilk orkestrin yaradıcısı da məhz dahi Üzeyir Hacıbəyli olub. Bu orkestr indi bizim fəaliyyət göstərdiyimiz Səid Rüstəmov adına Xalq Çalğı Alətləri orkestridir. Ramil Qasımovun gördüyü işlər, dahi Üzeyir bəyin xalqımıza miras qoyduğu orkestrə çox həssaslıqla, incə sənət əsəri kimi dəyər verilməsi göz önündədir. Ümumilikdə götürsək, Ramil müəllim musiqi kollektivlərinə ayrı-ayrılıqda xüsusi nəzarət edir. Bu həvəslə də yeni mövsümdə yeni iş proyektlərilə çalışmaq arzusundayıq.
- Bir konsertmeyster kimi kamançalara rəhbərlik etmək çətin deyil ki?
- Çətin deyəndə ki hər bir işin öz çətinliyi olur. Bu sənət isə mənə çətin deyil. Çünki mən öz sənətimi çox sevirəm. Əgər sən öz peşənə kifayət qədər yiyələnmisənsə, çətin olmaz. Sənin bilik səviyyən o qədər güclü olmalıdır ki, sənə verilən suallara sən aydın şəkildə cavab verməlisən. Konsertmeysterin də işi belədir. 20 ildən çoxdur ki, konsertmeyster vəzifəsində çalışıram. Artıq bu peşəyə sahib olmuşam.
- Kamança sizə nəyi xatırladır?
- Mən 40 ildən artıqdır ki, kamança ilə dostluq edirəm. Bu yaşıma gəlib çatmışam, musiqisiz bir günüm keçməyib, o cümlədən kamançasız. Deməzdim ki, kamança mənə heç nəyi xatırlatmır. Mən kamançanı dostum kimi görürəm. Ən sadiq dost.
- Sizcə, kamançanın simləri hansı muğama haray verir?
- Əgər aləti götürüb ifa edirsənsə, o, özü sənə cığır açır. Qəlbdən gələn səsi kamança hər zaman hiss edir. Hansı muğam, hansı təsnifi kaman dilə gətirmək istəyirsə, o, özü sənə ilham verir. Kamançada improvizələr isə yeni musiqi aləmi yaradır. Qastrol səfərlərinin birində latış musiqiçisilə birgə kamançada improvizələr yaratdıq. İki xalqın milli musiqisi və milli alətlərinin improvizəsi səfərdə olan başqa xalqların nümayəndələrini də heyrətə gətirdi. Buna əsasən, mən deyə bilərəm ki, improvizə musiqi sahəsində çox dəyərlidir. Mən improvizənin tərəfdarıyam. Dünya musiqisi istər caz olsun, istər estrada, istərsə də simfonik musiqi olsun, hamısı Azərbaycan muğamlarının üzərindədir. Əsasən Avropa musiqisi “Bayatı-Şiraz” muğamına yaxındır. Muğamı bilən musiqiçi istənilən Avropa musiqisi üzərində improvizə edə bilər. Ümumiyyətlə, professional musiqiçi bütün musiqi janrlarından anlayışı olsa, bu, musiqiçinin özünə xeyirdir. Xalq musiqisi və təsniflər, estrada, caz və s. müxtəlif musiqi janrlarından agah olan musiqiçi istənilən musiqi parçasından improvizə edə bilər.
- Sənət fəaliyyətiniz haqqında arzularınız?
- Arzum sənət fəaliyyətimi bundan sonra daha da genişləndirmək, yeni əsərləri lentə yazdırmaq, pedaqoji fəaliyyətimdə yeni gənc musiqiçilərin inkişafına köməklik göstərməkdir.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info