“Xaricdə təhsil üçün dövlət proqramı üzrə seçim prosesi əvvəlkindən daha şəffaf keçiriləcək”
Tarix: 28.08.2013 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


Təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsindəki suallar əsasında verdiyi müsahibəsində bir sıra məsələlərə aydınlıq gətirib.

M.Cabbarov deyib ki, Azərbaycanda gənclərin ildən-ilə dövlət proqramına marağının artdığı müşahidə edilir. Onun sözlərinə görə, bu il xaricdə təhsil üçün nazirliyə 1300-ə yaxın müraciət olub ki, bu da ötən il olan rəqəmlə müqayisədə 30% artım deməkdir: “Bu bir tərəfdən onu göstərir ki, daha çox Azərbaycan gəncləri xarici universitetlərə qəbul olunurlar, digər tərəfdən dövlət proqramının əhatə dairəsi genişlənir.
Bu dövlət proqramında kvotalar mövcud deyil və məhdudlaşdırıcı amil hesab edilmir. Azərbaycan dövləti xaricdə təhsil almaq istəyən gənclərin sayına heç bir məhdudiyyət qoymur. Əgər sabah müraciət edəcək tələblərin sayı 1200 yox, 2500 olacaqsa, hamısına baxacağıq”. Nazir vurğulayıb ki, burada əsas məsələ müraciət edənlərin dövlət proqramının tələblərinə uyğun olub-olmamasıdır. Onun sözlərinə görə, keçirilən müsahibə zamanı tələblərə tam şəkildə cavab vermiş bəzi tələbələr dövlət proqramının mahiyyətini axıra qədər bilmir.
Təhsil naziri Azərbaycanda fəaliyyət göstərən xarici sertifikasiya mərkəzlərinin verdiyi sertifikatların araşdırılacağını da deyib. Onun sözlərinə görə, dövlət proqramına müraciət zamanı xarici dil bilikləri ilə bağlı yüksək bal qazanmış, lakin şifahi müsahibə zamanı öz fikirlərini çatdıra bilməyən gənclər də olur.
M. Cabbarov qeyd edib ki, bu ildən etibarən xaricdə dövlət hesabına təhsil prosesinin ictimailəşdirilməsi və şəffaflığı təmin etmək məqsədi ilə hər bir müraciət edən tələbə ilə fərdi müsahibə həyata keçirilir. Onun sözlərinə görə, bu ildən Müsahibə Komissiyası tək Təhsil Nazirliyinin məmurlarından ibarət deyil, həmçinin bir sıra qurumların nümayəndələrindən təşkil olunacaq.

“Cari təmirlər” pul yığımları üçün istifadə olunan bəhanələrdən
biri idi”


Təhsil naziri ali və orta təhsil sistemində pul yığımları (“fond pulu”) ilə bağlı məsələlərə aydınlıq gətirib. Nazir deyib ki, neqativ halların qarşısını almaq üçün nazirlikdə Daxili nəzarət xidməti və Qaynar xətt xidməti fəaliyyət göstərir. Onun sözlərinə görə müxtəlif məsələlərlə bağlı nazirliyə müraciətlər daxil olur və onların bir çoxunun araşdırılması nəticəsində müvafiq qərarlar qəbul edilib: “Bakının 245, 270 saylı orta məktəbləri, 2 xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün internat məktəbinin rəhbərləri, kollec və ali təhsil müəssisəsinin rəhbərlərinə şiddətli töhmətlər, müvafiq qərarlar verilib. Töhmətdən işdən azad olmaya qədər müvafiq qərarlar qəbul olunub. İki məsələni nəzərdə saxlamaq lazımdır. Bu proses qısa müddətdə həll oluna bilməsə də, biz bu məsələdə çox qətiyyətliyik və bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik”. M.Cabbarov qeyd edib ki, orta və ya ali təhsil sistemində bu problemin-yığım praktikasının aradan qaldırılması təhsilin keyfiyyətinə birbaşa və ya ani təsir göstərməyəcək. Onun sözlərinə görə, sağlam mühit yaradılmadan təhsilin keyfiyyətinin əhəmiyyətli dərəcədə artırılması qeyri-mümkündür. Ona görə bu istiqamətdə müvafiq işlər davam etdiriləcək.
Təhsil naziri məktəblərdə təmir işləri ilə bağlı əlavə pulların yığılması məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, “cari təmirlər” ənənəvi olaraq yığımlar üçün istifadə olunan bəhanələrdən biri idi: “Bu ilin yay aylarında isə Bakı şəhərində 160-dan çox məktəbdə cari təmir işləri Təhsil Nazirliyi tərəfindən həyata keçirildi. Bakıdakı məktəblərdə cari təmir işlərinin həyata keçirilməsi üçün həm Təhsil Nazirliyinin büdcəsində nəzərdə tutulan, həm də Maliyyə Nazirliyinə müraciət əsasında dövlət büdcəsindən nəzərdə tutulan xüsusi ehtiyat vəsaitdən istifadə olundu. Bütün bunların məqsədi təhsil şəraitinin yaxşılaşdırılması, lazımi səviyyəyə çatdırılması, digər tərəfdən kütləvi yığımlar üçün istifadə olunan səbəblərin aradan qaldırılması idi”. M.Cabbarov əlavə edib ki, məktəblərdə təmir işləri ilə əlaqədar pul yığımları ilə bağlı obyektiv problemlər var və onların aradan qaldırılması müəyyən vaxt çəkəcək. Onun sözlərinə görə, bunlar daha çox təhsilin idarə edilməsi sisteminin təkmilləşdirilməsindən qaynaqlanan məsələdir: “Məsələn, məktəblərin öz büdcələri yoxdur. Hər hansı bir məktəbdə adi pəncərə sınırsa və yaxud kiçik bir təmir işinə ehtiyac olursa, məktəblərin öz büdcələri olmadığından onlar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etməli və müvafiq dövlət daxili prosedurlardan keçdikdən sonra məktəbə maliyyə ayrılmalıdır. Bu da müəyyən halda vaxt aparan bürokratik prosedurlardır. Ona görə biz indi bu sistemə də baxırıq. Elə etmək lazımdır ki, bir tərəfdən süründürməçilik olmadan, qısa zamanda prosedurlar tətbiq edilsin, digər tərəfdən, dövlət vəsaiti üzərində nəzarət zəifləməsin. Ona görə də belə obyektiv problemlər də mövcuddur. İlk növbədə diqqətimizdə olan məsələ subyektiv halları sui-istifadədən irəli gələn halların aradan qaldırılmasıdır”.

“Uşaqların I sinfə erkən getməsində yalnız əqli sağlamlıq vəziyyəti deyil, uşağın fiziki inkişafı da mühüm amil sayılır”

Nazir bildirib ki, Avropada uşaqlar ibtidai təhsillərinə daha erkən, hətta 5 yaşdan da əvvəl başlayırlar: “Lakin burada nəzərə almaq lazımdır ki, onlar erkən inkişaf təhsil proqramlarını öz yaşıdları ilə birgə həyata keçirirlər. Başqa sözlə 4 yaşlı uşaq 4, 5 yaşlı uşaq 5 yaşlı uşaqla birgə məktəbə hazırlaşır. Biz bunu nəyə görə nəzərə almalıyıq? Çünki bir qayda olaraq, bizim valideynlər hər zaman uşağın əqli inkişafını nəzərdə tutur və bu nöqteyi-nəzərdən deyirlər ki, bizim övladlarımız hətta dekabrdan sonra andan olsalar da, asanlıqla daha böyük uşaqlarla təhsil ala bilərlər”. Azərbaycanda I sinfə vaxtından əvvəl qəbulun aparılması ilə bağlı bəzi məsələlərə aydınlıq gətirən nazir qeyd edib ki, uşaqların I sinfə erkən getməsi məsələsində yalnız əqli sağlamlıq vəziyyəti deyil, uşağın fiziki inkişafı da mühüm amildir. Onun sözlərinə görə, bunları nəzərə alaraq, dekabrın 31-i müvafiq qaydalara əsasən, bir tarix kimi qəbul olunub: “Bu tarixdən sonra anadan olmuş uşaqlar üçün istisnaların olmasını nəzərdə tutmuruq. Bu da anlaşılandır ki, əgər bu tarix yanvarın 31-də olsaydı, onda bu sual fevralda anadan olan uşaqlara şamil ediləcəkdi. Uşaqların I sinfə qəbulu tarixlərinin müəyyənləşdirilməsi məsələsində həm elmdə, həm təcrübədə artıq özünü sınamış üsullara üstünlük verməlidirlər. Nəzərdə tutmalıyıq ki, bu uşaqlar çox inkişaf etmiş, istedadlı da ola bilər. Ancaq mövcud proqramlar onların öz həmyaşıdları ilə oxumasını nəzərdə tutur. Burada şagirdlərin bilik üzərində əsaslanan fənlərlə birlikdə fiziki hazırlığı, dərslərin sağlamlığa mənfi təsir göstərməməsi kimi məsələlər nəzərə alınaraq qərar qəbul edilib”.

“Bir çox hallarda attestatların verilməsi
zamanı korrupsiya halları baş verirdi”


Nazirin sözlərinə görə, bu il Azərbaycanda orta məktəbləri bitirən hər bir şəxs attestat əldə edə bilib. Nəticə etibarı ilə bu il Azərbaycanda orta məktəbləri bitirən 99,3% şagird attestat alıb. Nazir qeyd edib ki, yerdə qalan 0,7% şagirdlərin yekun sənəd ala bilməməsi obyektiv səbəblərdən irəli gəlir: “Onların arasında orduya cəlb olunanlar, ailə həyatı quran, müəyyən obyektiv səbəblərdən buraxılış imtahanlarında iştirak etməyən şagirdlər var. Bu ildən etibarən orta məktəbi bitirən bütün məzunlara şəhadətnamə və attestatların verilməsi isə bir sıra məsələlərin həllinə xidmət edirdi. Açıq bildirməliyəm ki, bir çox hallarda attestatın verilməsində korrupsiya üçün bir səbəb kimi istifadə olunurdu. Həqiqətən bəzən mənfi hallar baş verirdi, attestat verilmirdi və ya qiymət mənfi olurdu. Belə olduğu halda qiymət və attestatdan mənfi alət kimi istifadə edilir, müzakirə predmetinə çevrilirdi. Təhsil Nazirliyinin həyata keçirdiyi siyasət ondan ibarətdir ki, məktəblər və şagirdlər sağlam mühitdə oxumalıdır və burada hər hansı bir riyakarlıq məqbul sayılmamalıdır. Əgər şagirdin qiyməti “2”dirsə, deməli, ki o, “2” qiyməti almalıdır”. M. Cabbarov, son illərin statistikasına əsaslanaraq deyib ki, böyük bir qisim şagirdlər 9-cu sinifdən sonra şəhadətnamə və ya 11-ci sinifdən sonra attestat almayıb. Onun sözlərinə görə, bu rəqəmlər son illərdə hətta buraxılış siniflərində olan şagirdlərin 20%-nə qədərini əhatə edib: “Attestat və ya şəhadətnaməsi olmayan şagirdlərin gələcəkdə sosial həyatda iştirak imkanları da dərhal məhdudlaşırdı. Onların hətta qəbul imtahanları vermək hüquqları yox idi. Bunu da ədalətli hesab etmirəm, çünki bir çox hallarda bu və ya hansısa fənn üzrə yaxşı nəticə göstərə bilməyən şagirdlər digər fənlər üzrə istedadlı olur və yaxşı nəticələr əldə edə bilirlər. Ona görə də qərarın verilməsində əsas amillərdən biri də o idi ki, məzunlar arasında bərabər imkanlar yaradılsın. Hesab edirik ki, burada həm konstitusiya hüquqlarını, həm də obyektivliyi təmin edə bilmişik. Bu qərarın qəbul edilməsində əsas dəstək Prezident İlham Əliyevə məxsus idi. Onun dəstəyi ilə tədris ilinin sonuna az qalmış müddətdə qərar qəbul edildi və təmin olundu”.
Müəllimlərin attestasiyadan keçirilməsi məsələsinə aydınlıq gətirən nazir bildirib ki, hər bir təhsil sisteminin gücü o sistemdə çalışan müəllimlərin səviyyəsindən yuxarı ola bilməz. O bildirib ki, müəllimlərin attestasiyası məsələsinə təhsilin keyfiyyəti prizmasından baxmaq istəyirlər. Nazirin sözlərinə görə, bu nöqteyi-nəzərdən müəllimlərin bilik səviyyələrinin müəyyənləşdirilməsi mühümdür.

Ali məktəblərdə dövlət imtahanları
ləğv olunacaqmı?

“Bu gün Azərbaycanın ali təhsil sistemində mövcud problemlərdən biri də ondan ibarətdir ki, tələbə olmaq üçün hamı eyni imtahandan keçir, ali təhsil zamanı biliklərin qiymətləndirilməsində, ölçülməsində isə vahid qayda yoxdur”. M. Cabbarov qeyd edib ki, gələcəkdə ali təhsil sistemində dövlət imtahanlarının ləğvi nəzərdə tutulmayıb: “Burada dövlət imtahanının nəinki ləğvini nəzərdə tutmuruq, əksinə gələcəkdə biliklərin unifikasiya edilmiş şəkildə ölçülə bilməsi, yəni müxtəlif universitetlərin imtahan, tədris sistemlərindən keçmiş tələbələrin eyni meyarlara əsasən əldə etdiyi biliklərin yoxlanması imkanlarını araşdırırıq. Bunun üçün dövlət imtahanı çox faydalı funksiya yerinə yetirə bilər. Ali təhsil sistemində oxuyan tələbələr hər hansı şəkildə tələbəlik vaxtını yalnız və yalnız təhsilə yönəltsinlər. Təhsildən sonra əsas onların hansı biliklərlə ali təhsili bitirmələri, ikincisi isə diplomda olan qiymətlər və rəqəmlərdir. Təhsil Nazirliyi olaraq bizim işimiz ondan ibarət olacaq ki, diplomda göstərilən qiymətlərlə real biliklər arasında heç bir fərq olmasın, diplomlarda məhz biliklər əks etdirilsin”.

Tədris ili sentyabrın
16-da başlayacaq


Təhsil naziri yeni tədris ilinin başlaması ilə bağlı bildirib ki, bununla bağlı qərar birmənalıdır. Lakin təhsil naziri 3 ay yarım yay tətilinin şagirdlərin istirahəti üçün çox uzun müddət olduğunu deyib. Onun fikrincə, beynəlxalq təcrübə də yay tətilləri uzun olduqda uşaqların bilik səviyyələrinin məktəbə gələrkən xeyli aşağı düşdüyünü göstərir: “Bu başqa bir problemi də yaradır. Problem isə ondan ibarətdir ki, məktəb proqramının həcmi azalmır. Ən azı 20-25 il bundan öncə məktəbdə verilməli olan proqramın həcmi bugünkündən az deyildi. Yaxud əksinə, bu gün verilməli olan bilik proqramı 20-25 il əvvəldən az olmamalıdır. Uşaqlara yayda istirahət etməyə nə qədər çox imkan veririksə, bir o qədər də onların tədris ili zamanı dərs yükü artır. Çünki dərs günlərinin sayı azalır. Əvvəllər dərslər sentyabrın 1-də başlayırdı, eyni zamanda tədris 6 günlük idi. Amma bu il tədris sentyabrın 16-da başlayacaq və tədris həftəsi də 5 günlük olacaq”.
Nazir bildirib ki, bu il keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri təəssüflər olsun ki, o qədər də ürəkaçan deyil. O qeyd edib ki, bu il vakansiyaya çıxarılmış 3200 yerdən yalnız 1200-dən çoxu imtahan və müsahibə nəticəsində doldurulub. Nazir vurğulayıb ki, bir çox hallarda vakansiyaların doldurulmasına keçid balının aşağı salınması hesabına nail olunur.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Öz vətənimdə dünya çempionu oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info