Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
Tarix: 21.09.2019 | Saat: 18:40:00 | E-mail | Çapa göndər



“The Economist Intelligence Unit” analitik mərkəzi ilə “The Economist” jurnalının birgə hazırladığı hesabatda Bakı şəhəri “Təhlükəsiz şəhərlər indeksi 2019” (Safe Cities Index) reytinqinə görə dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır. Hesabatda Bakı şəhəri 56,4 balla qiymətləndirilərək 49-cu yerdə qərarlaşıb. Reytinqdə göstərilən şəhərlər rəqəmsal təhlükəsizlik, infrastruktur təhlükəsizliyi, səhiyyə və şəxsi təhlükəsizlik olmaqla dörd göstərici üzrə 57 indikatora əsasən dəyərləndirilib. AZƏRTAC bununla bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) media mütəxəssisi Nərmin Rəhimlinin şərhini təqdim edir.


Dünyada urbanizasiyanın səviyyəsi get-gedə yüksəlməkdədir. Araşdırmalara görə, hazırda 56 faiz təşkil edən urbanizasiyanın 2050-ci ilədək 68 faizə çatacağı gözlənilir. Şəhərləşmənin bu cür sürətli artımı özü ilə birgə iqtisadi və sosial risklər doğurur. Belə artımın qarşısının alınması və statistik göstəricilərin planlaşdırılmış səviyyədə dəyişməsi ölkələrin prioritet məsələlərindəndir. Respublikamızda aparılan islahatlar, müəyyən edilmiş yol xəritələrində də bu proseslərin nəzarət altında saxlanıldığını müşahidə edə bilərik. Azərbaycanda urbanizasiyanın səviyyəsi 53 faiz təşkil edir. Bu ilin yanvarına olan statistik məlumata əsasən, Bakı şəhərinin əhalisinin sayı 2 milyon 277 min nəfər təşkil edir.

BMT-nin hesablamalarına görə, dünyada əhalisi 150 min nəfərdən çox olan 4416 şəhər var. Bunlardan yalnız 60-ı “Təhlükəsiz şəhərlər indeksi 2019”da qiymətləndirilib. Postsovet məkanından yalnız iki şəhər - Bakı və Moskva bu siyahıda qiymətləndirilmək səviyyəsinə yüksəlib. Bu da Bakının bir şəhər kimi dünyanın mühüm siyasi, iqtisadi, mədəni, tarixi və idman mərkəzlərindən biri olduğunu göstərir (cədvəl 1).

Rəqəmsal təhlükəsizlik

“Təhlükəsiz şəhərlər indeksi 2019” hesabatında rəqəmsal təhlükəsizlik üzrə qiymətləndirmədə Bakı 51,7 balla 46-cı yerdə qərarlaşıb. Son illər Bakıda keçirilən kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadə təlimləri, Azərbaycanın dünyada ilk dəfə mobil rezidentlik və ikinci dəfə elektron rezidentlik təqdim edən ölkə olması, dövlət-özəl dialoqu platforması olan “Azranking.az” portalının yaradılması, “ASAN İmza” və “Elektron imza” vasitəsilə həyata keçirilən prosedurlar, aparılan islahatlar nəticəsində müxtəlif sahələrdə elektron müraciət sistemlərinin tətbiqi, həmçinin dövlət və özəl sektorun bütün sahələrində texnologiyadan yüksək səviyyədə istifadə Bakının bu meyar üzrə qiymətləndirilməsinin göstəricisidir. Həmçinin Bakı şəhərində internetin əlçatanlığını, uyğun qiymətli və yüksəksürətli olmasını, şəhərin müxtəlif yerlərində pulsuz mövcudluğunu bu göstəricidə qeyd etmək olar (cədvəl 2).

İnfrastruktur təhlükəsizliyi


Bakı “Təhlükəsiz şəhərlər indeksi 2019” reytinqində infrastruktur təhlükəsizliyi göstəricisi üzrə siyahıda 46,3 balla 54-cü yerdə qərarlaşıb. İqtisadiyyatın inkişafının səmərəliliyi, əhalinin həyat şəraitinin yaxşılaşması birbaşa infrastrukturun inkişaf səviyyəsindən asılıdır. Hazırda Bakıda yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı həm beynəlxalq qurumların maliyyə dəstəyi, həm də dövlət büdcəsi hesabına irimiqyaslı layihələr icra olunur. Yol, infrastruktur, elektrik enerjisi ilə təchizat, qazlaşdırma, su və kanalizasiya infrastrukturu layihələri – bütün bunlar Prezident İlham Əliyevin diqqət mərkəzindədir və son illər bu istiqamətdə çox ciddi addımlar atılır. Bakıda beynəlxalq standartlara cavab verən infrastruktur (nəqliyyat, şose yolları, maddi-texniki təchizat, telekommunikasiya, su təchizatı) mövcuddur. Böyük avtomobil yolları, həmçinin küçə və prospektlər, avtomobil magistrallarında körpülər, piyada keçidləri tikilib əhalinin istifadəsinə verilib. Azərbaycanda son 15 ildə 15 min kilometr yol və avtomagistrallar çəkilib. Bu yaxınlarda ölkə başçısının iştirakı ilə Bakıda Mərdəkan-Qala yolunun açılışı olub.

Yeri gəlmişkən, Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan yollarının keyfiyyətinə görə dünyada 34-cü yerdədir.

Şəhər və şəhərətrafı kəndlərin mövcud yollarının beynəlxalq standartlara cavab verəcək şəkildə əsaslı təmiri, nəqliyyatın sıxlıq təşkil etdiyi yerlərdə alternativ yolların istifadəyə verilməsi, şəhər sakinlərinin güzəştli şərtlərlə sosial yaşayış evləri ilə təmin olunmasının təşkili ölkəmizdə əhalinin yaşayış təhlükəsizliyinə göstərilən diqqətin bariz nümunələrindəndir. “Təhlükəsiz şəhərlər indeksi” reytinqində infrastruktur təhlükəsizliyi üzrə bu meyarlar diqqətə alınıb.

Bundan əlavə, Bakı şəhərində biri daxili, digəri beynəlxalq uçuşlar üçün olan iki böyük terminal mövcuddur. 2011-ci il martın 17-də Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan və 2014-cü il aprelin 23-də açılışı baş tutan, möhtəşəmliyi və texnologiya baxımından dünyada seçilən hava limanlarından olan Heydər Əliyev Beynəlxalq Aeroportu hər il milyonlarla turistin Bakıya gəlişini təmin edir, o cümlədən tranzit uçuşları həyata keçirir (cədvəl 3).

Səhiyyə təhlükəsizliyi


Reytinqdə Bakı şəhəri səhiyyə təhlükəsizliyi üzrə göstəricidə 64 balla qiymətləndirilərək 41-ci yerdə qərarlaşıb. Son illər ölkəmizdə 600-dən çox tibbi müəssisə tikilib və ya əsaslı təmir olunub. Bu müəssisələrin böyük əksəriyyəti, texnika və mütəxəssis təminatı baxımından ən yüksək göstəricilərə malik olanları məhz əhalinin sıxlıq təşkil etdiyi Bakı şəhərində yerləşir.

Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə tətbiq olunan və hər il 5 milyondan çox vətəndaşımızın istifadə etdiyi pulsuz müayinə xidmətlərini paytaxtımızın səhiyyə təhlükəsizliyinə dair siyahıda 64 balla qiymətləndirilməsinin səbəblərindən biri kimi qeyd etmək olar.
Azərbaycan Birləşmiş Millətlər Təşkilatının “İnsan inkişafı indeksi” (Human Development Index) reytinqində 189 ölkə arasında 80-ci yerdə qərarlaşıb. Hesabatda Azərbaycanın indeksi 0,757 baldır ki, bu da ölkəmizdə insan kapitalının və sağlamlığının yüksək səviyyəsinin göstəricisidir. BMT-nin “İnsan inkişafı indeksi” əhalinin həyat səviyyəsinin, savadlılıq və uzunömürlülük səviyyəsinin insan potensialını səciyyələndirən əsas göstəriciləri kimi hesablanır.

Bundan əlavə, əhalinin sağlamlığının qorunması məqsədilə tibbi xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən böyük layihələrdən biri də Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli Fərmanına əsasən yaradılan “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”dir. 2020-ci ilin yanvarından qüvvəyə minəcək İcbari Tibbi Sığortanın xidmətlər zərfinin baza hissəsi bütün ölkə vətəndaşları üçün Maliyyə Nazirliyi tərəfindən ödəniləcək (cədvəl 4).
Azərbaycan əhalisinin sağlamlığının daha da yaxşılaşdırılması məqsədilə mütəmadi olaraq yeni layihələr və strategiyalar işlənib hazırlanır. Bakı əhalisinin sağlamlığının statistikasına nəzər salsaq görərik ki, Avropanın əksər şəhərlərində kütləvi yayılan qızılca xəstəliyi şəhərimizdə dəfələrlə az müşahidə olunur. Bu tip yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi tərəfindən uşaqların peyvəndlənməsi istiqamətində işlər gücləndirilib.
Bakıda səhiyyə təhlükəsizliyinin inkişafını sübut edən məqamlardan biri də bu il fevralın 3-də Respublika Müalicəvi Diaqnostika Mərkəzində ağır ürək və ağciyər çatışmazlığı diaqnozu təyin edilmiş xəstəyə süni ürək implantasiyasının uğurla həyata keçirilməsi olub.

Dövlət başçısının səhiyyəyə göstərdiyi diqqət və qayğı ölkə əhalisinin demoqrafik və statistik göstəricilərinin daha da yaxşılaşmasına səbəb olub. Son 10 ildə Bakıda ölüm göstəriciləri azalıb, doğum və bununla bərabər təbii artım göstəricisi isə yüksəlib. Qeyd edək ki, Bakı şəhəri bu göstərici ilə Avropa şəhərləri arasında ön sıralarda gedir.
Reytinqin səhiyyə təhlükəsizliyi bölümündə qeyd olunan digər göstərici də şəhərlərdə havanın keyfiyyətidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən Bakı şəhərində keçirilmiş müşahidələrin nəticələri atmosfer havasının ekoloji keyfiyyətində yaxşılaşmaya doğru tendensiyanın olduğunu göstərir.
Həmçinin Bakı şəhərində əhalinin içdiyi suyun “İçməli su” standartına cavab verməsi məqsədilə Mərkəzi Laboratoriya fəaliyyət göstərir ki, bu da ölkəmizdə emal edilən suyun keyfiyyət göstəricilərinin Ümumdünya Səhiyyə Təşkilatı, Avropa İttifaqı standartlarının tələblərinə uyğunlaşmasına şərait yaradır.

Şəxsi təhlükəsizlik

“Təhlükəsiz şəhərlər indeksi 2019” reytinqində Bakı şəxsi təhlükəsizlik indikatoru üzrə 63,7 balla qiymətləndirilərək 49-cu yerdə qərarlaşıb. Paytaxtımızda yerli əhalinin və ölkəyə gələn turistlərin şəxsi təhlükəsizliyi hüquq-mühafizə orqanları tərəfindən yüksək səviyyədə təmin olunur. Daxili İşlər Nazirliyi vətəndaşların odlu silah əldə etməsinə qanunla ciddi nəzarət edir. Bu səbəbdən də Bakıda odlu silahlarla törədilən cinayətlər Avropanın digər şəhərlərindən qat-qat azdır.

Ölkəmizdə gender bərabərliyinin tamamilə təmin olunduğu dövlət müəssisələrində və özəl müəssisələrdə, ölkə idarəetməsində fəaliyyət göstərən qadınların sayının kifayət qədər yüksək olması dünyanın bir çox ölkələrinə nümunə ola biləcək göstəricidir.
Son illər Bakıda keçirilən Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları, UEFA Avropa Liqası, Avropa Gənclər Olimpiya Festivalı kimi beynəlxalq əhəmiyyətli idman yarışlarında təhlükəsizlik tam təmin olunub. Paytaxtımızda son illər heç bir terror aktının baş verməməsi, yerli sakinlərin, həmçinin xarici vətəndaşların şəxsi təhlükəsizliyinə mane ola biləcək hər hansı riskin olmaması daxili işlər orqanlarımızın fəaliyyətinin ürəkaçan nəticəsidir. (cədvəl 5).

Bakı ilə yanaşı, reytinqə ilk dəfə olaraq Dubay, Kopenhagen, Laqos şəhərləri də daxil edilib. Reytinqdə birinci yeri Tokio tutub. Daha sonra ardıcıllıqla Sinqapur, Osaka, Amsterdam və Sidney şəhərləri qərarlaşıb.
Beləliklə, Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair qəbul edilmiş dövlət proqramının icrası nəticəsində şəhərimiz ildən-ilə inkişaf edir, əhalinin sosial rifahı yüksəlir, milyonlarla turistin diqqətini cəlb edir, dünyanın ən məşhur nəşrlərində paytaxtımız haqqında məqalələr yazılır. Elə “Təhlükəsiz şəhərlər indeksi 2019” reytinqində Bakının bu il ilk dəfə mövqe tutması da ölkə başçısının həyata keçirdiyi uğurlu iqtisadi-sosial siyasətin nəticəsidir.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Səfər Mehdiyev Yevlaxda vətəndaşları qəbul edəcək
22.10.2019
Simpozium iştirakçıları Əhməd bəy Ağaoğlunun məzarını ziyarət edib
21.10.2019
“Metrovaqonmaş”da Heydər Əliyevin xatirə lövhəsinin açılış mərasimi keçirilib
21.10.2019
“Opalus Partners Group” şirkəti HR sahəsi ilə bağlı təlimləri uğurla həyata keçirir
21.10.2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info