“İnqilabdan sonra Ermənistandakı iqtisadi çətinliklər azalmayıb, əksinə, daha da şiddətlənib”
Tarix: 23.09.2019 | Saat: 15:41:00 | E-mail | Çapa göndər


“Lragir”: “Bu gün Ermənistan rəhbərliyi erməniləri vətənə qaytarmaqdan daha çox, onların vətəndən qaçmalarının qarşısını almaq barədə düşünməlidir”

Xəbər verildiyi kimi, ABŞ-ın Los-Anceles şəhərinə qeyri-rəsmi səfərə gələn Ermənistanın baş naziri Nikol Paşinyan şəhərdəki Grand Parkda ermənilər qarşısında çıxış edib. Ermənilərin «tarixi kökə malik xalq» olduqlarını, bu gün onların yeni Ermənistanda «xarüqələr» yaratdığını bildirən Nikol Los-Ancelesdəki ermənilərə də İrəvana qayıtmağa, onların da «xarüqə» yaradanlara qoşulmağa çağırış edib. Xaricdə miqrant həyatı yaşayan ermənilərin artıq «böyük sevinclə» Ermənistana qayıtdıqlarını bildirən erməni baş nazir Los-Anceleslə yanaşı, ABŞ-da yaşayan digər erməniləri də İrəvandakı bu «sevincdən yararlanmağa» çağırıb: «Bu gün Ermənistan sərhədlərində müsbət saldo artıb (?-A.B.). Ermənistanlı olmaq, eyni zamanda, bu ölkədə yaşamaq deməkdir».
Təbii ki, Paşinyanın amerikalı ermənilərə ərz etdiyi bu çağırış onun Ermənistanda rəzil həyat keçirən ermənilərə hələ də utopiya kimi görünən «Ermənistan 2050 – İnkişaf Strategiyası»ndakı müddəalardan biridir. Əslində, Paşinyanın özü də 2050-ci ilə qədər Ermənistanı 5 milyonluq bir ölkə edəcəyinə o qədər də inanmır. Amma bununla belə, o qarşıdakı Yeni ildə amerikalı ermənilərin, heç olmasa, bir neçə günlük İrəvana gəlmələrini təvəqqe edib. Qeyd edilməlidir ki, bu da Paşinyanın timsalında erməni bicliklərindən biri kimi qəbul edilməlidir. Məsələ bundadır ki, Ermənistana gələn hər bir erməni bu ölkədə alış-veriş etməlidir ki, bu da haradasa yerli ermənilərin bir-neçə günlük xoş güzaran sürməsinə təsir göstərmiş olacaq. Yeri gəlmişkən, qeyd edilməlidir ki, erməni mətbu orqanlarının yalançı hay-küyünə baxmayaraq, bu ilin yayında Ermənistana gələn xarici turistlərin əksəriyyətini, təqribən 62 faizini xaricdə yaşayan ermənilər təşkil etmişdi. Lakin onlar, Paşinyanın yalvarışlarına rəğmən, bu ölkədə yaşamağa deyil, sadəcə olaraq, bu ölkədə qoyub getdikləri yaxınlarına yardım etmək üçün gələn, yəni bu ölkədə yaşamaq niyyətindən uzaq olan ermənilər idi. Çünki bu gün Ermənistan Paşinyanın dediklərindən fərqli olaraq, yaşayış üçün hələ də münasib bilinməyən ölkələr sırasındadır. Məsələ bundadır ki, bunu, artıq Ermənistanda yaşamağa məhkum edilən ermənilər də öz həyatlarında görməyə başlayıblar. Məsələn, «Lragir» saytına açıqlama verən Ermənistanın Beynəlxalq Münasibətlər və Təhlükəsizlik Problemləri İnstitutunun mütəxəssisi Süzanna Barseqyanın etirafına görə, bu gün ölkəyə az-çox turistin gəlməsinə baxmayaraq, Ermənitan hələ də xaricilər üçün elə də cəlbedici bir ölkə deyil. Bunun üçün praktiki addımlar atılmasının lazım olduğunu bildirən erməni mütəxəssis “ölkəyə qayıdın” siyasətinin hələ də xoş niyyətlər səviyyəsində qaldığını bildirir: «Bu gün müəyyən insanlar, ailələr qayıdır, ancaq bütün bunlar xüsusi hallardır, bu fenomen kütləvi bir xarakter halını hələ ki, almayıb. Doğrudur, bəlkə də ölkədə baş verən «məxməri inqilab»dan sonra « korrupsiyaya qarşı mübarizə» baxımından, bəzi şeylər dəyişib. Lakin unudulmamalıdır ki, ölkədəki sosial-iqtisadi çətinliklər hələ də davam etməkdədir və mən deyərdim ki, daha da şiddətlənib. Mən düşünürəm ki, hazırda hər hansı bir çağırışdan fərqli olaraq, əməli addımlar atmaq lazımdır. Bildiyimə görə, hazırda ölkədə repatriasiya haqqında qanun hazırlanır. Bu gün erməni rəhbərliyində xaricdəki erməniləri vətəninə çağırmaq istəyi böyükdür. Amma yaxşı niyyətli insanları Ermənistana cəlb etmək o qədər də asan deyil. Xatırladım ki, ötən əsrin 40-cı illərində xarici ölkələrdən Ermənistana çağırılan ermənilər, 70-ci illərə qədər, Ermənistandan çıxmağın yollarını axtarmışdılar. Etiraf edilməlidir ki, artıq buna nail ola bilən ermənilərin əksəriyyəti hazırda çiçəklənən ölkələrdə yaşayırlar. Məhz bu mənada, bir mütəxəssis olaraq, yaxın gələcəkdə onların Ermənistana qaytarılmasına inanmıram. Bu gün Ermənistan rəhbərliyi erməniləri vətənə qaytarmaqdan daha çox, onların vətəndən qaçmalarının qarşısını almaq barədə düşünməlidir».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
“16 şirkətlə müqavilə bağlamışıq, bizim məzunlarımızı heç bir problem olmadan işə götürürlər”
18.10.2019
Ermənistan büdcəni icra etmək üçün vəsait tapmır
15.10.2019
Müxalifətçilərin “qəhrəman”a çevirdiyi qadın videomüraciətində onları ifşa etdi
14.10.2019
Kənd turizminin inkişafı kəndli üçün yeni gəlir mənbəyidir
11.10.2019
Paşinyan “pripiska”nı bərpa edir: “Ermənistanda dövlət qurumları iflic vəziyyətindədir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info