Qabil Hüseynli: “Qərb “milli şura”ya dəstək verməyəcək”
Tarix: 29.08.2013 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


“Milli şura” yarananda Müsavat başqanı İsa Qəmbər “milli şura”nın nizamnaməsinə bir müddəa təklif etmişdi - Avropaya inteqrasiya məsələsi. Amma Rüstəm İbrahimbəyov bunu qəbul etməyərək, təklifi rədd etdi. Aydındır ki, müxalifətin inteqrasiyası prosesi başlayanda, hansısa məsələlərlə bağlı fikir ayrılığı yaranacaqdı. Xarici siyasətlə bağlı başlayan bu fikir ayrılığı sonradan partiyalararası intriqalar səviyyəsinə də qalxdı. Amma o zaman bu kimi məsələləri prioritet saymayan “milli şura” üzvləri seçkiyə bir ay qalmış Avrointeqrasiyanı əsas siyasi xətt kimi tutmağa cəhd edirlər. Bu, özünü yeni namizəd Cəmil Həsənlinin Londona getməsi və ölkədə bəzi səfirlərlə görüşlər keçirilməsində də göstərir. Belə fikirlər səslənir ki, vaxtilə nizamnamədə Avrointeqrasiya müddəasının salınmamasından sonra, indi Avropaya üz tutmaq “milli şura”nın yönümünün daha Rusiyadakı bəzi qüvvələrə yox, Avropaya olduğunu göstərməkdir.
İndi belə şübhələr barədə daha çox danışılmağa başlanılıb. Bu, həm də qurum daxilində yeni fikir ayrılığına da yol açıb.
Siyasi şərhçi Qabil Hüseynli “Palitra”ya verdiyi açıqlamada bu və digər məsələlərlə bağlı maraqlı fikirlər səsləndirib. O, “milli şura”nın indi də Qərbə üz tutmasının təsadüfi olmadığını dedi: “Sirr deyil ki, “milli şura” layihə olaraq Rusiyadakı bəzi dairələrin əli ilə ərsəyə gəldi və qurumun başçısı Rüstəm İbrahimbəyov da bu ölkəyə yaxın və o dairələrin adamı olaraq qalmaqdadır. Yəni, neçə ki, “milli şura”nın sədri İbrahimbəyov qalır, onun Rusiyaya meyilli adam kimi qurumun ümumi mahiyyətinə təsiri də qalacaq. Bu xarici qüvvə olan bəzi dairələrin barmağı “milli şura”nın üzərində həmişə hiss ediləcək. Amma bu quruma daxil olan partiyalar, xüsusilə də AXCP və Müsavat qərbyönümlü dəyərlərə söykənən və bu dəyərləri özlərinin nizamnamə və proqramında əks etdirən partiyalardır. Onlar təbii ki, Müsavat başqanı İsa Qəmbərin dediyi kimi qırmızı xətləri keçmək istəməzlər. Rüstəm İbrahimbəyov Eldar Namazovla birlikdə Avropaya inteqrasiya məsələsi maddəsinin nizamnaməyə daxil olmasına qarşı çıxanda deyirdi ki, “bizim üçün də qırmızı xətlər var. Bu xətlər keçilərsə biz o zaman “milli şura”nın bütün prinsipləri ilə razılaşmayacayıq”. Bu nöqteyi-nəzərdən indi yenidən Qərbə meyillənmə Avropanın təşəbbüsü ilə baş verən hadisədir”.
Politoloq deyir ki, Qərb Rusiyadakı dairələrin “milli şura”dan əl çəkdiyini gördükdə bu quruma hələ ki, görüntü xatirinə müəyyən dəstək verməyə başlayıb. Bu da ona görədir ki, Qərb özünün həm imicini qoruyub saxlasın, həm də Azərbaycanda müəyyən qüvvələrin qərbyönümlü xarakterini qorusun: “Qərbin dəstəyi o demək deyil ki, bu dəstək hərtərəfli şəkildə olacaq və “milli şura”nın bütün arzu və problemlərini həll edəcəklər. Hələki bu görüşmələr tanışlıq, məsləhətləşmələr xarakteri daşıyır. Sonda çiyinlərinə vurub deyəcəklər ki, gedin, özünüz xalqınızla işləyin. Onları qərbyönümlü dəyərlərə inandırın. Bundan artıq bir şey olmayacaq. O başqa məsələdir ki, seçkilərdə müəyyən pozuntular olsa, Qərb bəyanatlar verib, müəyyən fikirlər səsləndirəcək. Amma dəstək bundan uzağa getməyəcək”.
Qabil Hüseynli həmçinin onu da vurğuladı ki, “milli şura”nın dəvəti qəbul edib Londona getməsi o demək deyil ki, Qərblə bütün münasibətlər qaydaya düşüb və ya qurum bütünlüklə dönüb qərbpərəst bir birliyə çevrilib. Əgər Rüstəm İbrahimbəyov Dağıstana gəlib bəzi şəxslərlə bu günlərdə görüşüb, məsləhətləşirsə, bu o deməkdir ki, hələ də bu ölkənin kölgəsi “milli şura”nın üzərində qalır. Hansı formada, hansı şəkildə bu kölgənin olduğunu demək çətin olsa da, İbrahimbəyovun sədri olduğu müddətcə bu kölgə qurumun üzərindən çəkilməyəcək”.
Politoloq İsa Qəmbərin vaxtilə irəli sürdüyü təklifin reallaşmasını indi başqa formada özünü göstərməsini də anormal hal saydı: “O, Avropaya inteqrasiya təklifini o zaman “milli şura”ya göndərəndə bəzi şeyləri düşünüb yəqin. O zaman İbrahimbəyov bunları inandırmışdı ki, Rusiyadakı dairələr onlara hər cür köməkliyi göstərəcək. Bu vədlə onları bir yerə toplaya bilmişdi. Həmin dövrdə özünü sığortalamaq üçün bir növ o şüarı da ora daxil etmək lazım idi. Çünki ciddi tənqid olunurdular ki, dünənki “qərbçi”lər bugünkü “ruspərəst”lərə çevrilirlər. Belə ittihamlardan özlərini qorumaq üçün bu müddəanı ora salmaq istəyirdilər. Bu, həm də gələcəyə hesablanmış bir manevr idi. Seçkilərdə uğur qazanmasaydılar deyəcəkdilər ki, biz hər hansı bir öz ideoloji cizgimizdən kənara çıxmadıq və qərbyönümlü siyasətimizin üzərində prezident seçkilərini apardıq. Yəni, siyasətdə deyilənlər heç də o demək deyil ki, praktikada bu, öz təcəssümünü tapacaq. Bu gün də Rusiyadakı həmin qüvvələr əl-qolunu tərpətsə, yenə də “qərbpərəst”lərin dönüb onlara baş əyməsi ehtimalı kifayət qədər yüksəkdir”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
“Bugünkü Azərbaycan gəncliyi Ulu öndərin qoyub getdiyi ideyaların ən güclü daşıyıcılarıdır”
22.11.2018
Azərbaycan və Rusiya Xəzərin hüquqi statusunu müzakirə ediblər
21.11.2018
Sosial şəbəkələr müxalifətdaxili mübarizənin yeni meydanına çevrilib
21.11.2018
Sergey Markov: “Rusiya və Belarusun Azərbaycanla yaxşı münasibətləri Paşinyanı qıcıqlandırır”
21.11.2018
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-ın Bruklin şəhərinin meri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info