“Lragir”: “Ankara və Moskva Ermənistana qarşı”
Tarix: 29.08.2013 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Vyaçeslav Kovalenko: “Avropa İttifaqı ilə Ermənistan arasında imzalanması nəzərdə tutulan sənəddə sərhədlərin qorunması və xarici siyasət problemlərinin nizamlanması ilə bağlı bəndlər var”

Akop Bədəlyan: “Bu narahatlıq bizim sərhədlərimizə basdırılmış mina ola bilər”


Ermənistanla Rusiya arasındakı münasibətlərin soyuqlaşması iki dövlətin konkret olaraq hər hansı sənəd və ya məsələ ətrafında fikir ayrılığı kimi qəbul edilə bilməz. Çünki Rusiya üçün Ermənistan “forpost” olduğundan Kremlin bu oyuncaq dövlətə qarşı münasibəti də adekvatdır. Ona görə də hər hansı sənəd və ya məsələ ilə bağlı Ermənistanın razılığını almaq Moskva üçün heç bir problem yaratmır. Bu məsələyə bir qədər geniş geosiyasi kontekstdə yanaşdıqda soyuq küləklərin səbəblərini anlamaq mümkün olur. Qərbin, NATO və Avropa İttifaqının timsalında Rusiya sərhədlərinə yaxınlaşması Kreml üçün qırmızı xətdir. Rusiya qonşuları və müttəfiqləri ilə münasibətdə bu qırmızı xəttin keçilməsini istəmir. Ukrayna və Gürcüstanın timsalında həmin xəttin keçilməsinin nə ilə nəticələndiyini hamımız gördük. Doğrudur, Moskva Avropa İttifaqı ilə münasibətlərin qurulmasına qarşı çıxmır. Ən azı ona görə ki, Avropa böyük bazardır və Rusiya da qazandığı böyük valyuta ehtiyatlarının əksəriyyətini həmin bazara enerji ehtiyatları ixrac etməklə qazanıb və qazanmaqda da davam edir. Amma biri var Qərblə münasibətlərin qurulmasında Azərbaycanın tutduğu yol, biri də var zəif və hər an asılı vəziyyətə düşməyə hazır olan Ermənistanın seçdiyi yol. Azərbaycan həyata keçirdiyi balanslı, çoxvektorlu xarici siyasət kursu ilə tamamilə milli maraqlarını müdafiə edən, heç bir tərəfin təsiri altına düşməyən mövqe ortaya qoyub. Bu isə rəsmi Bakıya xarici siyasətdə xeyli manevr imkanları yaradır. Rəsmi Bakının Qərblə, Avropa ilə qurduğu münasibətlər heç vaxt başqa bir dövlətə, o cümlədən Rusiyaya qarşı yönəlmir. Eləcə də Rusiya ilə qurulan strateji tərəfdaşlıq münasibətləri Qərbin maraqlarının üstündən xətt çəkmir. Ona görə də Moskva Azərbaycanın müstəqil xarici siyasət kursu həyata keçirdiyinə əmin olduğu kimi, Azərbaycanın heç vaxt hansısa dövlətin təsiri altına düşəcəyinə inanmır. Bunu ən azı öz praktikalarından yaxşı bilirlər. Amma Ermənistana münasibətdə məsələ tam fərqlidir. Məsələ ondadır ki, Ermənistan o qədər zəif, asılı dövlətdir ki, hər an siyasi mövqeyini, kursunu dəyişərək “forpost”u olduğu ağalarına qarşı asi çıxa bilər.
Baxmayaraq ki, NATO üzvü olan Türkiyə, alyansa üzv olmağa can atan Gürcüstan və ərazisini işğal etdiyi güclü və müstəqil Azərbaycanın əhatəsində olan Ermənistanın manevr imkanları çox məhduddur.
Elə bir neçə gün əvvəl Sərkisyanın Avropadan bir milyard avrodan artıq vəsait istənməsi ilə bağlı tapşırığı göstərir ki, İrəvan bunun müqabilində Avropaya istədiyini verə bilər. Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində bəzi dövlətlərlə assosiativ sənəd imzalamağa hazırlaşır. Bu prosesdə ən zəif bənd Ermənistandır. Rəsmi İrəvanın həmin sənədi imzalamasından sonra Avropa İttifaqı ilə azad ticarət zonası ilə bağlı anlaşma əldə edəcəyi ilə bağlı müəyyən söhbətlər var. Şübhəsiz ki, Ermənistan iqtisadi cəhətdən cəlbedici dövlət olmadığından onunla azad iqtisadi zona ilə bağlı müqavilə imzalamaq Qərb üçün sadəcə siyasi oyundur. Ermənistan ciddi şəkildə maliyyə vəsaitinə ehtiyac duyduğundan Avropa milyard dollar müqabilində İrəvanın “saqqızını” oğurlaya bilər. Rusiyanın İrəvana qarşı münasibətindəki soyuqluq da buradan qaynaqlana bilər. Ermənistanın “Lragir” nəşrində, Akop Bədəlyanın müəllifi olduğu məqalədə bu məsələ ilə bağlı maraqlı detallar açıqlanıb. Daha doğrusu, nəşrdə Rusiyanın Ermənistandakı keçmiş səfiri Vyaçeslav Kovalenkonun Ermənistan-Avropa münasibətləri ilə bağlı fikirləri yer alıb. “Lragir” yazır: “Keçmiş səfir istefasından sonra bu məsələ ilə bağlı tez-tez açıqlamalar verir. O, bu açıqlamaları ilə Ermənistan-Avropa münasibətləri üçün neqativ fon formalaşdırmağa çalışır. O, bu günlərdə qeyd edib ki, noyabr ayında Avropa İttifaqı ilə Ermənistan arasında imzalanması nəzərdə tutulan sənəddə sərhədlərin qorunması və xarici siyasət problemlərinin nizamlanması ilə bağlı bəndlər var. Avropa İttifaqı Ermənistanın istəyinə uyğun olaraq imzalanması nəzərdə tutulan sənədin mətnini açıqlamır. Amma səfir, doğrudan da, çox maraqlı məsələlərə toxunub. Məsələ ondadır ki, bu gün Ermənistanın İran və Türkiyə ilə sərhədlərini Rusiya əsgərləri qoruyur. Bu yaxınlarda sərhəddə rus sərhədçilər Türkiyə vətəndaşı olan çobanı güllələdilər. Türkiyə çobanın silahsız olduğunu bildirsə də, ruslar çobanın onlara atəş açdığını bildirdilər. İndiyə qədər sərhəddə türk çobanların görünməsi adi haldır və heç vaxt onlara atəş açılmamışdı. Bu hadisələrin fonunda keçmiş səfirin sənəddə sərhədlərin qorunması ilə bağlı bəndin olduğunu deməsi bəzi mətləbləri ortaya çıxarır. Məsələ ondadır ki, azad ticarət zonasının yaradılması birbaşa gömrüklə bağlıdır. Gömrüklə bağlı məsələnin bir tərəfi istisnasız olaraq sərhədə gedib çıxır. Moskva assosiativ sənəddə Ermənistan sərhədlərinin üçüncü dövlət tərəfindən qorunması ilə bağlı məsələnin ola biləcəyindən narahatdır. Xatırladaq ki, bu yaxınlarda Ermənistan İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri İraqda səfərdə olub və bu ölkənin müəyyən bölgələri ilə əməkdaşlıq münasibətləri qurmaq üçün danışıqlar aparıb. Ankara və Moskvanın bundan narahat olması təbiidir. Bu narahatlıq bizim sərhədlərimizə basdırılmış mina ola bilər. Belə çıxır ki, sərhəddə təhlükənin olması Rusiya hərbçilərinin Ermənistanın sərhədlərində dayanması üçün təminatdır. Görünür, keçmiş səfir nahaq yerə sərhəd məsələsini xatırlatmır. Ermənistan cəmiyyətində də belə bir fikir formalaşdırırlar ki, sərhəddə təhlükəsizliyə ancaq Rusiya hərbçiləri təminat verə bilər. Bu stereotipi dağıtmaq üçün Avropa İttifaqı Ermənistana sərhəd təhlükəsizliyi təminatı verməli və Rusiya ilə sərhədlərimizi qorumaqdan imtina ilə bağlı danışıqlar aparmalıdır”. Bu yazıdan da görünür ki, Ermənistan xarici siyasət məsələsində “nala-mıxa” vuraraq konkret qərar qəbul edə bilmir. Avropa İttifaqı ilə Rusiya arasında vurnuxan Ermənistanın Avropa İttifaqı ilə imzalamaq istədiyi sənəd, əgər orada, doğrudan da, sərhəd və xarici siyasət konturları ilə bağlı məqamlar varsa, Moskva ilə münasibətlərdə çox ciddi problem yarada bilər. Bu problem isə Ermənistana baha başa gələ bilər. Bundan isə Ermənistanı nə Avropanın təqdim edəcəyi kağız üzərindəki təminat, nə də milyard dollarlıq qrant xilas edə bilər.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info