Rusiyanın Tümen vilayətinin Tümen şəhərində tanınmış azərbaycanlı geoloq Fərman Salmanovun xatirə lövhəsinin təntənəli açılış mərasimi keçirilib. Xatirə lövhəsi ilk Sibir neftini kəşf edən azərbaycanlı Fərman Salmanovun yaşadığı Lenin küçəsi, 65 ünvanında yerləşən binanın divarına vurulub. Mərasimdə Tümen vilayətinin qubernatoru Vladimir Yakuşev, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşı Aqşin Əliyev, Yamal vilayətinin ilk qubernatoru Yuri Neelov, Azərbaycanın Yekaterinburqdakı baş konsulu Soltan Qasımov, geoloqlar Aleksandr Maltsev, İvan Nesterov və neft-qaz sənayesinin digər veteranları iştirak ediblər. V. Yakuşev F. Salmanovun əfsanəvi şəxsiyyət olduğunu söyləyib, onun perspektivsiz region sayılan Qərbi Sibirdə neft kəşfiyyatının aparılmasının əsas təşəbbüskarlarından olduğunu bildirib. A. Əliyev çıxışında səfir Polad Bülbüloğlunun adından minnətdarlığını çatdırıb: “Sibir neftinin hər damlasında Fərman Salmanovun əməyi var”. Tanınmış geoloqun oğlu, Rusiyanın Əməkdar həkimi İlya Salmanov mərasimə qatılan qonaqlara və atasının həmkarlarına təşəkkürünü bildirib: “Atam bu şəhəri, burada yaşayan insanları sevirdi. Çox sağ olun ki, onu xatırlayırsınız”. Daha sonra V. Yakuşev və A. Əliyev xatirə lövhəsinin açılışını ediblər.
|