“Yalnız mədəniyyətlə fransızların qəlbinə yol tapmaq olar”
Tarix: 30.08.2013 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


Kəmalə Gülməmmədova: “Bütün fəaliyyətimiz Azərbaycanı Fransada layiqincə təmsil etməyə yönəlməlidir”

Azərbaycan-Fransa Gənclik Assosiasiyası (AFGA) Parisdə yaradılmış ilk tələbə təşkilatıdır. AFGA bu gün nəinki Parisdə, eləcə də Fransada ən aktiv təşkilatlardan biridir. Fəaliyyət dairəsinin daha geniş olması məqsədilə təkcə tələbələri deyil, eyni zamanda, gəncləri də əhatə edən AFGA-nın üzvləri sırasına həm azərbaycanlılar, həm də Fransada yaşayan fransız və xaricilər daxildir. Təşkilat sədrinin səlahiyyətlərini icra edən Kəmalə Gülməmmədova qəzetimizə müsahibəsində əsas fəaliyyət istiqamətləri haqqında daha ətraflı məlumat verdi. Qeyd edək ki, K.Gülməmədova Paris 10 Nanter Universitetinin doktorantura tələbəsidir.

-Azərbaycan-Fransız Gənclik Assosiasiyası (AFGA) 2003-cü ildə Parisdə təhsil alan bir qrup azərbaycanlı tələbə tərəfindən təsis edilib. Təşkilat Parisdə, eləcə də Fransanın müxtəlif şəhərlərində fərqli mövzularda tədbirlər, layihələr həyata keçirir. AFGA-nın əsas məqsədi mədəniyyətimizi, tariximizi, uğurlarımızı, hətta problemlərimizi çatdırmaqla yanaşı, Azərbaycan-Fransa arasında dostluq əlaqələrini möhkəmləndirmək, iqtisadi, elmi və mədəni münasibətlərin inkişafına dəstək verməkdir. Təbii ki, Dağlıq Qarabağ məsələsi də daim diqqətdədir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması və bu faktın dünya dövlətlərinin parlamentlərinin, siyasi dairələrinin müzakirəsinə çıxarılması Azərbaycan diaspor təşkilatlarının əsas fəaliyyət istiqamətlərindəndir.
İndiyə qədər bir çox mədəni, ictimai tədbirlərə imza atmışıq: bunlara Fransanın bir çox şəhərlərində fəaliyyət göstərən universitetlərdə təşkil olunmuş stendləri, sərgiləri, konsertləri misal göstərmək olar.
- Azərbaycanın əlamətdar günləri ilə bağlı tədbirlər keçirirsinizmi?
- Bəli, Azərbaycanın əlamətdar günləri Parisdə qeyd olunur, 20 Yanvar, 26 Fevral kimi kədərli günlərlə bərabər, Norvuz bayramı, Azərbaycanın müstəqillik günü də hər il qeyd olunan hadisələrdəndir.
- Fransada yaşayan azərbaycanlıları birləşdirmək baxımından hansı addımlar atırsınız?
- Fransada yaşayan bütün azərbaycanlıları birləşdirmək bizim imkanlarımız xaricindədir. Diaspor fəaliyyəti ilə Paris Azərbaycan Evi məşğul olur və onlar bacardıqları qədər diasporu bir araya gətirməklə məşğuldurlar. Bizim təşkilat əsasən tələbələri özündə birləşdirir və bu işdə bacardığımız qədər birlikdə hərəkət etməyə çalışırıq.
- Fransadakı gənclərin diaspor fəaliyyətində aktivliyi necədir?
- Kifayət qədər aktivdirlər. Biz əsasən tələbələrlə əməkdaşlıq edirik və onlar ilk növbədə tələbədirlər. Onların ilkin öhdəlikləri təhsildir, amma bacardıqları qədər öz dəstəklərini əsirgəmirlər.
-Fransadakı milli dərnəklərimiz arasında vahid koordinasiya əlaqələri varmı, yoxsa hər biri ayrı-ayrılıqda fəaliyyət göstərməyə üstünlük verirlər?
- Fransanın böyük şəhərlərində tələbə və diaspor təşkilatları var. Hər biri fəaliyyət göstərdikləri şəhərdə Azərbaycanı layiqincə təmsil etməyə cəhd göstərirlər. Strasburqdakı ASEAF, Besançondakı Buta və Paris Azərbaycan Evi ilə bərabər çalışdığımız layihələr olub.
-Bəzən xaricdəki bir qrup soydaşımızın antidövlət təbliğatı aparmasının şahidi oluruq. Belələrinin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Biz illərdir Fransada azad, demokratik mühitdə yaşayırıq və mənim fikrimcə, hər bir şəxsin azad, müxtəlif düşüncə tərzi ola bilər hamı mənim və ya sizin kimi düşünmək məcburiyyətində deyil. Bu, mənim düşüncəmdir, o ki qaldı antidövlət təbliğatına, düşünürəm ki, bütün fəaliyyətimiz Azərbaycanı Fransada layiqincə təmsil etməyə yönəlməlidir.
-Azərbaycan diasporunun yaşadıqları ölkələrin siyasi-ictimai mərkəzlərinə təsir imkanları olsun deyə, hansı tədbirlər görülməlidir?
- İlk növbədə, ali təhsilli diaspor nümayəndələrinə ehtiyacımız var. Fransada erməni diasporu məhz ali təhsilli soydaşlarının sayəsində indiki səviyyəyə gəlib çıxıb. Hara getsən-məktəbindən, universitetindən, xəstəxanasından tutmuş Senata qədər hər bir məqamda ən az iki-üç erməniyə və ya erməni əsilli fransıza rast gəlmək mümkündür. Fransızlar qondarma erməni soyqırımı barədə tarix dərslərində keçirlər. Bizim hər hansı bir nailiyyət əldə etməmiz üçün kiçik addımlardan başlayaraq yuxarı pillələrə çıxmağımız lazımdır. Və onu da unutmaq olmaz ki, Fransa respublikadır, monarxiya deyil və Fransada xalq səs hüququna malikdir. Bizim, ilk növbədə, hədəfimiz o kiçik, sadə, fransız xalqı olmalıdır, burjuaziya deyil. Əgər Azərbaycanı təmsil etmək, onu tanıtmaq istəyiriksə, ən ümdə vəzifəmiz, onun mədəni irsini tanıtmaqdır. Yalnız mədəniyyətlə fransızların qəlbinə yol tapmaq olar. Bizə Əlcəzair müharibəsi, Ruanda faciəsi nə qədər yaddırsa, onlara da Qarabağ dərdimiz o qədər yaddır. Odur ki, onların ürəklərinə, öncə incəsənət incilərimizlə yol tapmalıyıq ki, dərdimizi anladanda bizi dinləyib, dərdimizə şərik olmağı bacarsınlar. Bu cəhətdən Azərbaycanın səlahiyyətli səfiri də çox aktiv iştirak edir. Demək olar ki, hər ay Fransanın müxtəlif şəhərlərində mədəni tədbirlər təşkil olunur. 10 ildir ki Fransadayam və deyə bilərəm ki, Azərbaycan indiyə qədər Fransada hələ bu qədər təmsil olunmamışdı. Səfirimiz öz səlahiyyətlərini layiqincə yerinə yetirir.
- Erməni lobbisinə qarşı mübarizədə çətinliklərlə qarşılaşırsınızmı?
- Əlbəttə, çətinliklərimiz də yox deyil, dediyim kimi, bizim təşkilat əsasən tələbələrlə çalışır və diaspor işlərində bir o qədər də aktiv deyilik, amma ermənilərlə son zamanlar çətin məqamlarımız olub.
-Digər diaspor təşkilatlarımızla əməkdaşlıq edirsinizmi?
- Bacardığımız qədər əməkdaşlıq etməyə çalışırıq və əməkdaşlıq təkliflərinə də həmişə açığıq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info