“Hər dövrün öz rəssamı var”
Tarix: 02.09.2013 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


Rəssam Əlirza Əliyev: “Bizim millətin ən zəngin xəzinələrindən olan muğam, xalça və təsviri-sənət birlikdə ahəng yaradır. Bu, elə ahəngdir ki, heç bir dünya xalqlarına məxsus deyil”

Müsahibimiz rənglərdən ilham alıb, əsərlərində bir başqa sənət yaradan görkəmli rəssam Əlirza Əliyevdir:


- Əlirza müəllim, 40 illik sənət fəaliyyətinizdə rənglərdən hansı ilhamı aldınız?
- Rəssamlıqda rəngləri hiss etmək ən çətin amildir. Leonardo Da Vinçi demişkən: “Rənkarlıq ən çətin elmdir”. Universiteti bitirib Bakıya gəldikdən sonra ustad dərsləri almağa başladım. 10 ildən yuxarı rəssam Böyükağa Mirzəzadə ilə birgə çalışmışam. Böyük sənətkar olan Böyükağa müəllimdən mən portret sənətini öyrənmişəm. Hazırda da portret üslubunda çalışıram. Bu üslub mənim ruhuma çox yaxındır. Çünki Böyükağa müəllim mənə bir çox sənət üslublarının sirlərini öyrədib. 40 illik sənət yolumda Böyükağa Mirzəzadənin çox böyük əhəmiyyəti olub.
- Bir pedaqoq kimi yeni rəssamlarda ustalıq görürsünüzmü?
- Ola bilər. Zaman gələcək yenidən ustad rəssamlar yetişəcək. Əsas məsələ isə hər dövrün öz rəssamı var. Böyükağa Mirzəzadə, demək olar ki, Azərbaycanın bütün rəssamlarına dərs deyib. Hansı rəssama sual versəniz, deyər ki, Böyükağa müəllimin sənət yolundan keçmişəm. Köhnə nəsil rəssamlardan ancaq (Allah onlara can sağlığı versin!) Oqtay Sadıqzadə, Davud Kazımov, Altay Hacıyevin adını çəkə bilərəm. Mən çox fəxr edirəm ki, ustadım Böyükağa Mirzəzadə olub.
- Tələbələrinizdən kimləri xatırlayırsınız?
- Tələbələrimin, demək olar, əksəriyyəti sənətlərini davam etdirirlər. Yadımda qalan ən çoxn Vəfadar Baharov və Mahir Rəhimov idi. Onlar mənim ən istedadlı və bacarıqlı tələbələrimdən biridirlər. Mən xüsusilə Mahirin adını qeyd etmək istərdim. Ə.Əzimzadə adına rəssamlıq məktəbində dərs dediyim dövrlərdə Mahir də həmin məktəbə qəbul oldu. Onun kimi tələbə mənim üçün bir fəxrdir. Çünki onda olan qabiliyyət, istedad və rəsmə həvəs hər şagirddə tapılmır.
- Rəssamlıq yolunuza necə başladınız?
- Mənim rəssamlıq yolum Ə.Əzimzadə adına rəssamlıq məktəbindən başladı. Orada mənim ilk müəllimim Böyükağa müəllim oldu. Daha sonra III sinifdən Vəcihə Səmədova dərs dedi. 1961-ci ildə təhsilimi yarım qoyub, hərbi xidmətə yollandım. Rəssamlıq təhsilimi 3 ildən sonra Hafiz Məmmədovun sinfində davam etdirdim. Daha sonra həyat yolu elə gətirdi ki, mən ali təhsilimi Rusiyada davam etdirdim.
- Gənc rəssamların müasir dövrdə işlədikləri mövzular sizi qane edirmi?
- Fikrimi açıq ifadə etsəm, bugünkü rəssamların işləri məni çox da qane etmir. Çünki səviyyə azdır. Əsərlərdə mövzulara diqqət olunsa, daha yaxşı olar. Bu gün gənc rəssamların təhsil imkanları artıb. Hazırda təhsil sahəsində Azərbaycan Rəssamlıq Akademiyası fəaliyyət göstərir. Rəssamlıq, rəngkarlıq sahəsində təhsil almaq artıq daha asan olub. Lakin əvvəl belə təhsil ocağı yox idi. Ona görə mən Ə.Əzimzadə adına rəssamlıq məktəbini bitirdikdən sonra Sankt-Peterburq şəhərinə təhsil almağa getdim. Çünki oradakı şərait Bakıda yox idi. İndi, nə yaxşı ki, Rəssamlıq Akademiyamız var. Şübhə etmirəm ki, gənc rəssamlarımız tədricən bu sahədə də ustalaşacaqlar. Onların səviyyəsi daha da yüksələcək. Ən əsası vətənpərvərlik ruhunda mövzulara müraciət edəcəklər. İstərdim ki, vətənpərlik mövzusu gənc rəssamların ən çox müraciət etdiyi iş olsun.
- Gənc rəssamlar bu gün rənglərin uyğunluqlarını edə bilirlər?
- Bu iş çox çətindir. Çünki Avropa rəssamlığı bizə mənfi təsir edir. İndi bu günün rəssamları avanqard stilə üstünlük verir. Avanqard stilində işləmək o deməkdir ki, rəssamın qarşısında heç bir qanun yoxdur. Avanqard üslubun əsas məqsədi odur ki, rəngkarlıqda kompozisiya qurarkən qeyri-adi yanaşma olur. Avanqard üslubda rəssam işləyərkən rəngin koloriti pozulur. İndiki zamanda rəssamlar klassik üslubda işləmir, Avropanın təsiri nəticəsində, hər bir rəssam avanqard üslubda işləməyə üstünlük verir.
- Avanqard üslubun Azərbaycan rəsm sənətində rolunu necə qiymətləndirirsiniz?
- Bu üslubun uyğunsuzluğu, Azərbaycan rəsm sənətində müraciət edilən mövzulara uyğun deyil. Məsələn, vətənpərvərlik mövzusunda işləmək, yalnız klassik üslubda mümkündür. Çünki bu mövzu yalnızca klassik üslubda daha dəqiq yarana bilər. Gərək rəssam da yaratdığı əsərləri qəlbində hiss edə bilsin.
Bu gün rəssamlıqda Avropa üslublarına çox üstünlük verirlər. Amma bu üstünlük bəzilərini sənətlərində çaşdırır. Çünki gənclik ilk növbədə milli dəyərlərə üstünlük verməlidir. Milli dəyərlərə üstünlük hər bir vətəndaşın mənəvi borcudur. Başqa millətin təsiri altına düşmək bizə yaraşmaz. Əsas bu amilə diqqət etmək lazımdır.
- Gənc rəssamların fikir mübadilələri, sənət bilikləri, sizcə, kifayət edir?
- Fikirləri zəngin ola bilər. Bir daha qeyd edim ki, Rəssamlıq Akademiyasını bitirənlər bizim xoşbəxt gənclikdir. Çünki bizim dövrümüzdə belə fürsətlər yox idi. Gənclərimiz də şükür etməlidirlər ki, belə bir təhsil mərkəzi açılıb. Bu imkanlardan kifayət qədər yararlanmalıdırlar. Sənət yolunda isə püxtələşmə akademiyanı bitirdikdən sonra başlayır. Bu, elə sənətdir ki, akademiya istiqamət verir. Hər şey sonradan başlayır. Sankt-Peterburq şəhərində təhsil aldığım 6 il ərzində hər ay xaricdən gələn sərgilərə baxmışam. Belə sərgilər hər bir gənc rəssam üçün böyük təcrübə prosesidir. Xarici sərgilərin başlıca səbəbi gənc rəssamlara tədqiqat aparma imkanları yaradır. Amma bizim gənclərimiz bu təcrübədən yararlana bilmirlər. Çünki onların səyahət etməyə imkanları yoxdur. Xarici rəssamların kitabları baha olduğu üçün onları almaq olmur. Kimin dünyagörüşü var, onun bəxti gətirir. O, Azərbaycan rəngkarlıq məktəbinin ənənələrini saxlaya bilər. Azərbaycan ənənələrini saxlamaq üçün Böyükağa Mirzəzadənin, Mikayıl Abdullayevin, Salam Salamzadənin sənət yaradıcılıqlarına dərindən yiyələnəsən. Eyni zamanda miniatür sənətinə də diqqət yetirəsən.
- Gənc rəssamlar yaradıcılıqlarında miniatür sənəti üzrə inkişaf etdirə bilirlər?
- Bəli. Gənc rəssamlar bu sahədə də irəliləyişlərə nail olurlar. Necə ki, Toğrul Nərimanbəyov dövrünün miniatür sənətilə yaxından maraqlanırdı, indiki gənclər də miniatür sənətindən bəhrələnirlər. Miniatür sənətindən istifadə dedik də, oradan müəyyən bir element götürülür. Olduğu kimi köçürmürük. Müəyyən bir kompozisiya quruluşundan və rənglərin ahəngliyindən götürülür. Miniatür sənətində bütün üzlərin ifadəsi eyni olduğu üçün, ancaq rəng çalarları və kolorit əsas götürülür. Məsələn, xalçalarımızda olan dolğun rəngləri miniatür sənətində görə bilirik. Gərək xalça sənətini də sevəsən. Burada xüsusilə Təbriz xalçaçılıq məktəbini qeyd etmək istərdim. Təbrizdə hər padşahın sevimli rəssamı olub. Nizaminin əsərlərinə yaxşı illüstrasiyalar ediblər. Çünki həmin illüstrasiyalar dünya rəngkarlıq sənətinin inciləridir. İndi bir çox dəyərli əsərlərimiz Britaniya muzeyində saxlanılır. Bu tarixlərin hamısı kitablarda da var. Gənclər baxıb istifadə edirlər. Bu olduqca müsbət dərəcədir. Gərək miniatür ənənəsi, həmişə davam etsin. Çünki Avropa rəssamlarının bir neçəsi miniatür sənətindən istifadə edirlər. Məsələn, Andrey Matis və başqa rəssamlar istifadə edirlər.
Bizim millətin ən zəngin xəzinələrindən olan muğam, xalça və təsviri-sənət birlikdə ahəng yaradır. Bu, elə ahəngdir ki, heç bir dünya xalqlarına məxsus deyil. Müəyyən bir sənətşünasdan müsahibə alsanız, o da mənim sözlərimi təsdiq edər.
- Palitra sizin həyatınızda hansı rolu oynadı?
- Palitra mənim üçün qəlbim qədər yaxındır. Palitra rəssamın ürəyi hesab olunur. Sən orada rəngləri düzgün seçə bilirsənsə, sənin əsərin alınacaq. Rəngləri düzgün qarışdırıb, hiss edə bilmirsənsə, o kompozisiya alınmayacaq.
- Bu gün hansı əsərləri yaradırsınız?
- Hazırda Maştağa qəsəbəsinin görkəmli şəxslərinin portretlərini yaradıram. Onların arasında mərhum sənətkarlarımız Xalq artistləri Mirzə Babayev, Yaşar Nuri, Şövkət Ələkbərova, Əhsən Dadaşov, Rauf Hacıyev və sair sənətkarlar var. Sağ olan görkəmli sənətkarların portretlərini naturadan işləyirəm. Onlardan da Xalq artistləri Fidan və Xuraman Qasımova bacılarının adlarını sadalaya bilərəm. Mən bu portretləri hazırladıqdan sonra fərdi sərgi keçirmək arzusundayam.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info