Ermənilərin törətdiyi soyqırımı ilə bağlı yeni kitab
Tarix: 02.09.2013 | Saat: 21:58:00 | E-mail | Çapa göndər


Ötən gün “Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə” kitabının təqdimatı ilə bağlı tədbir keçirildi. Qeyd edək ki, kitab Regional İnsan Hüquqları və Media Mərkəzi tərəfindən çap edilib.

Təşkilatın sədri Xalid Kazımov bildirdi ki, RİHMM 2013-cü il aprelin 4-dən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə” layihəsini həyata keçirib: “Layihə çərçivəsində Azərbaycan və ingilis dillərində “Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə” kitabı nəşr edilib. Kitabda ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərdən biri - Başlıbel faciəsi ilə bağlı məlumatlar əksini tapıb. Kitabda Kəlbəcərin Başlıbel kəndində törədilən soyqırımının canlı şahidlərinin dedikləri yer alıb. Mühasirədə qalan uşaq, qoca qadınların həyatını xilas etmək üçün böyük fədakarlıq göstərən şəxslərin şücaətini, vətən sevgisini göstərən faktlar verilib. Bu kitabın yazılması ilə həm də erməni vəhşiliklərinin ağrısını yaşayan, uşaqları gözləri qarşısında öldürülən valideynlərin fikirlərini gələcək nəsillərə çatdırmaq istədik. Bir sözlə, kitabda erməni vandalizmi tam çılpaqlığı ilə, real faktlar əsasında təsvir edilib. Mühasirədə qalan uşaq, qoca qadınların həyatını xilas etmək üçün böyük fədakarlıq göstərən şəxslərin şücaəti, vətən sevgisi öz əksini tapıb. Düşünürük ki, bu həqiqətlərin həmin hadisələrin canlı şahidlərinin dili ilə dünya ictimaiyyətinə və gələcək nəsillərə çatdırılması Azərbaycan dövlətinin apardığı haqq işinə kiçik bir dəstəkdir”.
X.Kazımovun sözlərinə görə, 20 il öncə aprelin 18-də ermənilər Kəlbəcər rayonunun Başlıbel kəndində soyqırımı törədib: “Son illər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində xeyli iş görülüb. Amma Dağlıq Qarabağ müharibəsi zamanı elə hadisələr, ermənilərin törətdikləri elə vəhşiliklər var ki, onlar nəinki beynəlxalq ictimaiyyətə çatdırılıb, heç Azərbaycan vətəndaşlarında da bununla bağlı kifayət qədər məlumat yoxdur. Belə hadisələrdən biri də 20 il öncə Kəlbəcər rayonunun Başlıbel kəndində törədilən faciədir. İşğal zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər dağlara sığınıb. Lakin həmin şəxslər cəmi 17 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıb. Bu insanlar cəmi 2 ov tüfəngi və əhalini qoruyan əsgərlərdə olan bir neçə avtomat silahla düşmənə müqavimət göstəriblər. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələnib. Ermənilər Başlıbel kəndini işğal edərkən II Dünya müharibəsi iştirakçısı olan bir nəfəri-Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini, ruhi xəstəlikdən əziyyət çəkən Qənaət Ağamirovu işgəncə ilə qətlə yetiriblər. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilib və daha 113 gün mühasirə həyatı yaşayıb. Sağ qalan həmin şəxslər dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə ac-susuz qalıblar. Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər. Amma 1 nəfər-I və II Dünya Müharibəsi iştirakçısı Ələsgər Ələsgərov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Ələsgərov bugünədək itkin sayılır və onun barəsində hər hansı məlumat yoxdur”.
Tədbirdə çıxış edən “Həsrət Yolu” Əsir və girovlara kömək ictimai birliyinin sədri Esmira Orucova ermənilərin törətdiyi qətliamlarla bağlı həqiqətlərin ictimaiyyətə çatdırılmasının böyük əhəmiyyət daşıdığını vurğuladı: “Yazılmış kitab bu mənada əhəmiyyətli mənbə ola bilər. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi qəddarlıqların canlı şahidlərinin sayı ildən-ilə azalır. Hazırda nə qədər ki, o insanlar yaşayır, onlardan maksimum məlumatları toplayıb sənədləşdirmək lazımdır. Həmçinin, əsir və girovluqda olan insanların reabilitasiyası istiqamətində iş aparmaq vacibdir. Mən uzun illərdir cəhd etsəm də, hələ ki belə bir reabilitasiya mərkəzinin yaradılmasına nail ola bilməmişəm”.
Hümanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənovsa hazırlanan kitabın həm də Başlıbel kəndinin tarixini öyrənmək baxımından əhəmiyyət daşıdığını dedi: “Kİtab 1993-cü ilin aprelində Başlıbel kəndində törədilən faciənin şahidlərinin fikirləri əsasında hazırlanıb. Bu fikirlərlə tanış olduqca həmin hadisələrin ağırlığını bir daha hiss edirsən. Kitab həm də Başlıbel kəndinin tarixini, orada yaşayan insanların mübarizliyini, vətən sevgisini göstərmək baxımından da əhəmiyyətlidir”. Daha sonra tədbirdə çıxış edən Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyinin sədri Elçin Abdullayev, Qafqaz Media Tədqiqatları Mərkəzinin sədri Anar Orucov, Kəlbəcər rayon 18 saylı orta məktəbin direktoru Arzuman Qarayev, Azərbacan Texniki Universitetinin müəllimi Saleh Mirzəyev, Başlıbel kəndində 113 gün mühasirə həyatı yaşayan Səlim Mehdiyev, Elşad Əzizov, Məzahir Abbasquliyev, Başlıbel kəndində şəhid olan Yaqub Səmədovun oğlu Bəhruz Səmədov kitabla bağlı fikirlərini səsləndirdilər.
Tədbirə yekun vuran X.Kazımov vurğuladı ki, Başlıbel kəndi işğal olunarkən diri-diri yandırılan da, ağır işgəncələrlə öldürülən də, övladının, valideyninin, həyat yoldaşının gözləri qarşısında güllələnənlər də olub: “Girov götürülən Başlıbel sakinləri isə ermənilərin aylarla davam edən vəhşiliyinə dözməli olublar. İllərlə qazandıqlarından bir kibrit çöpü belə çıxara bilməyən, bütün var-dövlətləri qarət olunan, qurub-yaratdıqları kəndləri viran qoyulan başlıbellilər bu gün öz yaşayışlarını təmin edə biliblər. Amma Başlıbeldə törədilən faciənin onların ürəyinə vurduğu ağrılar uzun illər sağalmayacaq. Amma Başlıbel hadisəsi bütün bu ağırlıqlarına rəğmən düşmən arxasında yaşamağın, bir məqsəd uğrunda birləşən insanların hər şeyə qadir olduqlarını göstərdi. Demək, hər daşı, hər qayası, hər dağı alınmaz bir səngər olan Kəlbəcəri, Laçını düşməndən azad etmək o qədər də çətin deyil. Ömrünün böyük bir hissəsini orada yaşayan insanlar o torpaqların hər cığırına bələddir. Kəlbəcərin işğalından sonra da dəfələrlə öz torpaqlarını ziyarət etmək üçün düşmənin bütün mövqelərini keçib gedən oğullar həmin torpaqlarda aparılan partizan müharibəsində böyük uğur qazana, torpaqlarımızı qısa müddətdə düşməndən azad edə bilərlər. Amma üzücü hal odur ki, o insanların sayı hər ötən gün azalır və əksəriyyəti dünyasını dəyişib. Bu gün Kəlbəcərdən, böyük faciənin yaşandığı Başlıbeldən kənarda dünyaya gələn uşaqların isə artıq 21 yaşı var. Həmin gənclərimizin qəlbində vətənpərvərlik ruhu nə qədər yüksək olsa da, ataları, babaları qədər o yerlərə bələd deyillər. Odur ki, işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi işini övladlarımıza miras qoymamalıyıq”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info