“Əli Kərimli və İsa Qəmbər Mirmahmud bəylə Rəsul Quliyevi aşağılayır”
Tarix: 04.09.2013 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Tahir Kərimli: “Özlərini daha çox ideya daşıyıcısı hesab edənlər AXCP-Müsavatın “milli şura”da dominantlığına qarşı çıxışlara başlayıblar”

Yarandığı gündən çəkişmələr və siyasi qalmaqallarla yadda qalan “milli şura”da sular durulmaq bilmir. Müxtəlif mövzularda bir –birilərinə savaş meydanı açan müxalifət liderləri qurumu matador meydanına da çevirmişdilər. Xalq üçün “öküz”lə oyun açıb tamaşa göstərən müxalifətçilər sonda “öküz”ün ram edilmədiyini görüb özlərinə yeni “oyuncaq” da tapdılar. Bu “oyuncaq”la da işlər düz getmir ki, getmir. Məsələ burasındadır ki, Rüstəm İbrahimbəyovla bağlı məsələlərin artıq geridə qaldığına işarə vuran siyasilər bundan sonra siyasi qalmaqalların, razılaşdırılmamış məsələlərin, intriqaların da olmayacağını üstüörtülü şəkildə dilə gətirirdilər. Amma hadisələrin gedişi göstərdi ki, nəinki müxalifət liderlərinin dava-şavası səngiyir, hətta özünün yeni dövrünə qədəm qoyur.
Belə ki, Klassik Xalq Cəbhəsi Partiyasının(KXCP) sədri Mirmahmud Mirəlioğlu “milli şura”nın seçki qərargahını və AXCP ilə Müsavatı tənqid etdi. O deyib ki, “seçki qərargahı hamınındırsa, Cəmil Həsənlinin vahid namizədliyi ətrafında formalaşıbsa, C.Həsənli orada iştirak edənlərdən hər kəsin vahid namizədidirsə, niyə bu, yalnız iki təşkilata həvalə olunur? Yaxud burada iştirak etmək istəyənlər niyə ora buraxılmır?”. Bu gün isə ACP lideri Rəsul Quliyev də təxminən eyni məzmunda çıxış edərək Əli Kərimli ilə İsa Qəmbəri sözügedən məsələdə ayrı-seçkilik yaratmaqda və “milli şura”nı parçalamaqda ittiham edib. Bu, bir daha onun göstəricisi oldu ki, bu qurum özünün son nəfəsini verməklə yanaşı, burada olan narazılıqlar azalmaq əvəzinə, daha da çoxalır və yeni müstəviyə də qalxır.
Sözügedən olayları “Palitra”ya şərh edən Vəhdət Partiyasının sədri Tahir Kərimli bu qurumda hər şeyin sünilik üzərində qurulduğunu söylədi. O, radikal müxalifət liderlərinin həmişə bir-birilərindən narazı qaldıqlarını da vurğuladı: “Öncə onu bildirmək istərdim ki, mən fikirlərimi bildirən zaman hər hansı bir qüvvəyə bəraət qazandırmaq fikrində deyiləm. Çünki “milli şura”ya daxil olan qüvvələrin heç biri səmimi şəkildə ora üzv olmayıb. Onları mən çoxdan tanıyıram və əvvəldən də bu adamlar bir-birinə səmimi münasibətdə olmayıblar. Konkret olaraq Klassik Xalq Cəbhəsi Partiyasını götürsək, deyə bilərəm ki, “milli şura” yaradılan zaman Mirmahmud bəy bir formulla çıxış etmişdi ki, ictimai-siyasi işlərdə aktiv olanlar, eləcə də bəzi dövlət xadimləri də “milli şura”nın üzvü olmalıdır. Yəni, 50 nəfər deyil, hətta 120-dən çox tanınmış simanın bura qatılmasını təklif etmişdilər. Onların müxalifət, iqtidar mövqeyindən asılı olmayaraq burada təmsil olunması məqsədəuyğun sayılırdı. Beləcə hər şey də səmimi, şəffaf olardı. Əks halda onlar “milli şura”nı qəbul etmirdilər. Amma sonradan çox maraqlıdır ki, hər şey 180 dərəcə dəyişdi. KXCP bu qurumun yaradılmasına fərqli münasibət bəslədiyi halda, oranı qəbul etmədikləri bir şəraitdə gedib “milli şura”ya daxil oldu. Bunu ona görə xatırlatdım ki, deməli, əvvəlcədən bunların münasibətlərində, ayrı-seçkilik, fərqlilik var idi”.
Tahir Kərimli deyir ki, hər şey göründüyü kimi sadə deyil. Əslində qurumda söz sahibi olan AXCP və Müsavatın indi baş rola nümayişkaranə şəkildə çıxmasından da maraqlı məqam var. O, elə bu iki qüvvə arasında da ciddi intriqa, prinsipin olduğunu vurğuladı: “Xüsusən də bunların bir-birindən ayrılması və gizlində olan ittihamlarının üzə çıxması üçün görünür, bir kütləvi hərəkat kifayət edirdi. Yəni, mitinq zamanı görürdük ki, Müsavat və AXCP özünün bayraqları, şüarları ilə bir-biri ilə rəqabətə qalxıb öyünürdülər. Onların həm sosial şəbəkələrdə, həm də özlərinə məxsus olan mətbuat orqanlarında ancaq bu cür mövzu var idi ki, kim mitinqə çox adam çıxara bildi. Yəni, belə olan təqdirdə hətta AXCP və Müsavat da bir-biri ilə davaya qalxmışdı. Axırda yenə də yüngül bir qərara gəldilər ki, AXCP və Müsavat bu qurumda əsas söz sahibi olmalıdır. Belə çıxır ki, “milli şura”nın 70-80 faizi bu iki partiyadan ibarətdir və burada bir qədər də NİDA və digər gənclər var. Bəs belə olan halda hanı rəsulçular, EL hərəkatı, digər partiyaların nümayəndələri? Bu cür ittihamlar, suallar, demək olar ki, öz aralarında hər yerdə danışılırdı. Onlar deyirdilər ki, “milli şura”da AXCP və Müsavatdırsa, biz nə işinə baxırıq burada? Bəs onda hanı o 20 faizin haqqı? Hanı o EL hərəkatı ki, böyük bir hərəkat kimi ortaya atılmışdı? Guya bütün Azərbaycanı əhatə edən bir hərəkat idi... Təbii ki, bu cür məsələlərlə indi küsən liderlər incidildi. Klassiklərə də imza toplamaq üçün cəmi min nəfərlik vərəqə verildi. Əslində bunu KXCP bir jest kimi qəbul etdi. Bu, onu göstərdi ki, yəni ki, sizin elə çəkiniz bundan ibarətdir. Bir sözlə, Müsavat və AXCP deyir ki, aşkar şəkildə məsuliyyət bizim üzərimizdədir və sizin də qüvvəniz, çəkiniz bundan ibarətdir”.
Vəhdət Partiyası sədri onu da bildirdi ki, bu cür laqeyd münasibətlə Mirmahmud Mirəlioğlu və Rəsul Quliyevi aşağılayıb bir növ göstərdilər ki, sizin dəyəriniz budur: “Təbii ki, El hərəkatının əksər üzvlərinin də “milli şura”da iştirakdan imtina etməsi və ya KXCP-nin ittihamları və Rəsul Quliyevin də buna qoşulması bu səpkidədir ki, bu şəxslər aşağılanmalarını qəbul edə bilmədilər. Özlərini daha çox ideya daşıyıcısı və prinsip adamları hesab edərək AXCP-Müsavatın “milli şura”da dominantlığını, hegemonluğunu qəbul etmədən artıq bu şəkildə aqressiv çıxışlara başlayıblar. Mən deyərdim ki, indiki vəziyyət daha məntiqli görünür. Hər şeyi gizlin nə qədər saxlamaq olardı axı? Yalançı birlik, xülya dolu şüarlar əvvəldən “milli şura”nın yaranmasında olan sünilik belə də nəticələnməli idi. Biz bilirik ki, Rusiyada bəzi dairələr tərəfindən Azərbaycana təzyiq üçün “Milyarderlər ittifaqı” yaradıldı və onun üzvü olan bir şəxsi də saldılar müxalifətimizin içinə. Müxalifətçi olmadığı halda kinodramaturqu bir günün içində müxalifətin başına qoymaqla nə qədər gülünc, uğursuz olduqlarını ortaya qoymuş oldular. Təsəvvür edin, hər şey o qədər anormal duruma düşdü ki, müxalifət həmişə nifrət etdiyi Rusiyanın başçısının dodağından çıxan iki kəlmə sözə möhtac oldu və buna bənd oldular. Təbii ki, Putinin Azərbaycana səfəri də göstərdi ki, müxalifət xamxəyaldır və hər şey heç də onlar düşündüyü kimi deyil. İki dövlət arasındakı münasibətlər daha da yüksələn xətt üzrə qalxdı. İki prezident dünya mediası qarşısında səmimi münasibətlərini də sərgilədilər. Belə olan halda onlar məğlub duruma düşdü, qurumda pərişanlıq artdı. Ona görə də gələcək məğlubiyyətin səbəbini bir-birilərinin üzərinə atmaq üçün indidən gözəl fürsət yaranıb. Yaxşı məqam yaranıb ki, bir-birilərinə qarşı ittihamlar səsləndirilsin. Qısası, bu birlikdə hələ qalmaqalları çox müşahidə edəcəyik”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info