“Muğam müsabiqələrinin və festivalların keçirilməsi gənclərə stimul verir”
Tarix: 04.09.2013 | Saat: 21:25:00 | E-mail | Çapa göndər


“Hazırda gənclərin belə müsabiqələrə daha çox meyli var. Bu gün dövlət tərəfindən dəstək olunduğu üçün maraq daha da böyüyür”

Toğrul Əsədullayev Mirnazim oğlu 1982-ci il martın 11-i Bakı şəhərində anadan olub. 1991-ci ildə T.Quliyev adına 12 saylı uşaq musiqi məktəbinin kamança sinfinə daxil olub. 1996-2000-ci illərdə təhsil aldığı Asəf Zeynallı adına musiqi kollecini fərqlənmə diplomu ilə bitirib. 2000-2004-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasında kamança ixtisası üzrə təhsil alıb. 2004-2006-cı illərdə magistratura, 2006-2009-cu illərdə aspiranturada təhsil alıb. 1994-cü ildə “Qönçə 94”, 1995-ci ildə tarzən Hacı Xanməmmədovun xatirəsinə həsr olunmuş məktəblərarası “II Bakı müsabiqəsi”nin və 1996-cı ildə “Qönçə 96” festivallarının qalibi olub. 1998-ci ildə “VII Respublika müsabiqəsi”nin və Muğam Assosiasiyasının təşkil etdiyi “Muğam -98” festivalının qalibi, “Muğam-99” və “Muğam 2000” festivalında isə üçlük şəklində qalib olub. 1997-2000-ci illərdə Azərbaycan Dövlət Teleradio Şirkətinin Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblında, 2000-2004-cü ildə həmin şirkətin B.Salahov adına “Araz” Xalq Çalğı Alətləri ansamblında fəaliyyət göstərib. 1998-2008-ci illərdə T.Quliyev adına 12 saylı uşaq musiqi məktəbində kamança müəllimi vəzifəsində çalışıb. 2004-cü ildə ADMİU-da, Sumqayıt Musiqi Texnikumunda və Bülbül adına musiqi məktəbində solo konsertləri olub. 2005-ci ildə Kapellhausda “İki ziddiyyət adlı” solo konsertlə çıxış edib. 2005-ci ildə Özbəkistanın Səmərqənd şəhərində “Xalqlararası Şərq Təranələri” festivalında muğam üçlüyünün tərkibində qalib olub. 2007-ci ildə H.Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında keçirilən “Muğam 2007” Televiziya müsabiqəsində kamança ifaçısı kimi iştirak edib. 2008-ci ildə Kanadada keçirilən “Niaqara kamera musiqisi” festivalında muğam üçlüyü tərkibində Qran-Pri mükafatına layiq görülüb. 2008-ci ildən Azərbaycan Milli Konservatoriyasının İnstrumental muğam kafedrasında kamança müəllimi və baş müəllimdir. 2009 və 2011-ci illərdə Qəbələ Musiqi Festivalında musiqiçi kimi iştirak edib. 2011-ci ildə H.Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında keçirilən “Muğam 2011” Televiziya müsabiqəsində kamança ifaçısı kimi iştirak edib. Azərbaycan Dövlət Teleradio Şirkətinin Qızıl fondunda “Nəva”, “Bayatı-Şiraz”, “Çahargah”, “Şur”, “Hümayun”, “Rahab” muğamları T.Əsədullayevin ifasında saxlanılır. 1997-ci ildən etibarən Meksika, Kanada, Çin, BƏƏ, İngiltərə, Almaniya, Norveç, Avstriya, İspaniya, Fransa, İsveç, Litva, Polşa, Türkiyə, İran, Ukrayna, Gürcüstan, Özbəkistan, Qazaxstan, həmçinin Rusiyanın bir sıra şəhərlərində dəfələrlə Azərbaycanın milli musiqisini təmsil edib.

Müsahibimiz Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Toğrul Əsədullayevdir:

- Toğrul müəllim, incəsənət sahəsində tanınmış gənc simalardan birisiniz. İstedadlı bir gənc kimi Azərbaycan mədəniyyət dünyası sizin gözünüzlə...
- Azərbaycan gəncliyi yaxşı görünür. Bunu dərs dediyim Milli Konservatoriyadan və keçirilən muğam müsabiqələrindən görürəm. Özüm də gənc olmağıma baxmayaraq, deməliyəm ki, bizdən də gənc olanların muğama, musiqiyə meyli çox güclüdür. Musiqi dünyası da ələk kimidir. Hamı bura gəlir. Ancaq istedadlı və bacarıqlı insanlar burada qalır. Milli sənətimiz sahəsində təhsil alan tələbələr kifayət qədərdir. Lakin bu sənəti seçənlər daha çox müəllimlik peşəsinə üstünlük verirlər. Sırf ifaçı kimi sənətlərini inkişaf etdirən gənclər azdır. Bu sahədə də inkişaf olsa, daha gözəl olar.
-Bugünkü musiqi məktəblərində təhsil alan tələbələrin musiqidə inkişafları müəllim heyətini qane edirmi?
- Əlbəttə, qane edir. Əgər tələbələrin musiqi duyumları müəllim heyətini qane etməsə, o zaman Azərbaycan Milli Konservatoriyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qabiliyyət imtahanlarından keçə bilməzlər. Qeyd edim ki, xalq musiqisinə axın həmişə az olub. Az olsa da, musiqiçilər hər zaman seçilmiş olub. Muğam müsabiqələrinin və festivalların keçirilməsi, gənclərə bir stimul verir. Bizim təhsil aldığımız dövrdə belə imkanlar çox az idi, gənclər də maraq göstərmirdi. Amma hazırda gənclərin belə müsabiqələrə daha çox meyli var. Bu gün dövlət tərəfindən dəstək olunduğu üçün maraq daha da böyüyür.
Məsələn, indi muğam müsabiqəsi keçirilir. Hər kəsin diqqəti bu müsabiqəyə yönəlib. Böyük maraq və istək milli musiqimizə qarşı çoxalıb. Valideynlər də arzu edirlər ki, övladları da bu sahəyə üz tutsunlar. Burada televiziyanın rolu çox böyükdür. Çünki keçirilən müsabiqələrin televiziyada yayımlanması musiqi mədəniyyətimizin inkişafında böyük rol oynayır.
Ötən əsrin 90-cı illərində müsabiqələr keçirilirdisə, təbliğat az olurdu. Müsabiqədə laureat olan tələbəni ancaq dərs aldığı müəssisə, müəllimləri və müsabiqədə iştirak edənlər tanıyırdı. Ümumrespublika üzrə tanıyan olmurdu. Əlbəttə ki, sənətdə yeni-yeni addımlar atan yaradıcı insanın cəmiyyətdə tanınması onun üçün böyük stimuldur.
-Bir pedaqoq kimi gənc musiqiçilərin milli ənənələrimizə dəyər vermələrini necə görürsünüz?
- Bu günü nəzərə alsaq, çox yaxşıdır. Kifayət qədər milli musiqimizə müraciət edənlər, sənətlərini bunun üzərinə quranlar çoxluq təşkil edir. Bizim nə qədər ustad sənətkarlarımız varsa, mənimlə birgə çalışan həmkarlarımın da yetərli qədər tələbələri var. Tələbə ola bilsin ki, ilk əvvəl heç nədən anlayışı olmasın. Hər şey ixtisas fənnindən sonra başlayır. Hər tələbənin də özünün qavramaq səviyyəsi var. Əgər 4-5 tələbə varsa, onlardan biri mütləq seçilməlidir. Əsas məsələ hər bir tələbə müəlliminin ona verdiyi biliyi yetərincə mənimsəyir.
Bu gün tələbələrin dərs prosesləri çox asan olub. Bizim dövrdə müəllim muğamı öyrətdiyi zaman yanımızda səsyazma aparatı olardı. Muğamı evdə öyrənmək üçün müəllimin ifasını lentə yazırdıq. Ancaq indi internetin sayəsində bütün imkanlar genişlənib. İstənilən ifada muğam və təsniflərin lent yazılarını dinləmək imkanı var.
-Kaman müəllimləriniz sənət həyatında sizə necə dəstək oldu?
- Musiqi məktəbində ixtisas müəllimim anam Dilarə xanım Əsədullayeva olub. Asəf Zeynallı adına musiqi texnikumunda isə Adıgözəl Əliyev, Ədalət Vəzirov, Arzu Səlimova və atam Mirnazim Əsədullayev oldu. İncəsənət Universitetində də atamın sinfində oxudum. Müəllimlərim sənətdə hər zaman düzgün addım atmağım üçün mənim böyük dəstəkçim olublar. Allah əgər insana istedad veribsə, bütün şərait yaradılırsa, heç kəs onun qabağını ala bilməz.
-Gənc kamança ifaçılarının arasında siz və Elnur Əhmədov kimi gənc kaman ustaları görünürmü?
- İstedadlı gənclər, həqiqətən, var. Keçən il Beynəlxalq Muğam müsabiqəsi keçirildi. AMK rektoru Səyavuş Kərimi müsabiqədə tar, kamança, balaban ifaçılarına xüsusi diqqət göstərirdi. Müsabiqədə kamança aləti üzrə Şəhriyar Musayev, Elvin Novruzov kimi istedadlı gənclər laureat oldular. İndiki gənclərdə maraq televiziya vasitəsilə artır. Vaxtilə orta nəslin nümayəndələri, Habil Əliyevi, Tofiq Bakıxanovu, Elman Bədəlov, Bəhram Mansurov kimi ustad sənətkarlara baxıb sənətə gəliblər. Bizim nəslin nümayəndələri də atam Mirnazim müəllim, Fəxrəddin Dadaşovu, Firuz Əliyev kimi sənətkarların sənət yoluna baxıb bu sənətə yiyələnib. Ancaq əsas odur ki, insanın içindəki istedad və sənətə sevgi güclü olsun. Sadəcə efirdə olmaq üçün bu sənəti seçmək heç də düzgün addım deyil. O zaman sənin heç bir zaman sənətdə uğurun olmaz.
- Ailədə atanız, ananız da kaman ustasıdırlar. Kamançaya bağlılığınız sizə ailədən gəldi, yoxsa sizin ayrı istəyiniz olub?
- Ailəmizdə təkcə mən deyil, hətta qardaşım da musiqiçidir. Bizim ailədə hər kəs musiqi sahəsinin peşəkarıdır. O, kanon ifaçısıdır. Vaxtilə musiqi təhsili aldığı dövrdə keçirilən Asəf Zeynallı adına müsabiqənin qalibi olub. İxtisasca həkim olan qardaşım Elnur indi də musiqi ilə məşğul olur. Muğam müsabiqələrində, Araz Xalq Çalğı Alətləri ansamblında kanonda ifa edir.
Kamançaya bağlılığım bəlkə də ailədən gəlib. Çünki, babam da musiqinin həvəsində olub. Kamançanı çox sevib. Atamı ona görə kamança sinifinə qoyub. Anamın valideynlərinin də kamançaya həvəsləri olduğu üçün anama da bu sənətdən pay düşüb. Mənim və qardaşımın musiqiçi olmağımız anamın arzusu olub. Atam bizim bu sənətdə olmağımızı istəmirdi. Bu sənət qıraqdan asan görünə bilər. Amma həqiqətən də, çox çətin bir sənətdir. Artıq 22 ildir ki, bu sənətdəyəm.. Pedaqoq olmağıma baxmayaraq hələ də kamançanın sirlərini öyrənməyə çalışıram. Çünki kaman ustadımız Habil müəllim də özünə ustad demir. Biz müəllim olsaq da, hələ də öyrənirik!
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info