Sərdar Cəlaloğlu: “Müsavatçılar Cəmil Həsənliyə səs verməyəcəklər”
Tarix: 05.09.2013 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


“Müsavatın namizədi “milli şura”nın namizədi olsaydı, yəqin ki, AXCP boykota gedərdi”

Müxalifətdaxili proseslərlə bağlı olaraq müsahibimiz ADP sədri Sərdar Cəlaloğludur.
-“Milli şura”nın dağılmasında qeyri-adi bir şey yoxdur. Bu qurum Rüstəm İbrahimbəyovun avtoriteti əsasında və onun imkanları üzərində yaradılmışdı. Amma bilirsiniz ki, İbrahimbəyov artıq “milli şura”dan və siyasi iddialarından uzaqlaşdı. İndi ortada Rüstəm İbrahimbəyov yoxdursa, “milli şura” da yoxdur. Çünki “milli şura”nın üzvləri, tərkibi, sayı, onun fəaliyyət motivi və sair Rüstəm İbrahimbəyov tərəfindən təyin olunurdu. İndiki halda isə “milli şura” “ictimai palata” və “ictimai palata”dan kənarda olan qüvvələr olmaqla iki yerə ayrılıb. Faktiki olaraq bu gün “milli şura”nın adından seçkidə iştirak edən “ictimai palata”dır. O biri qüvvələr isə açıq-aşkar əvvəl boykot tərəfdarı idilər və indi də bu yolu tutublar. Onlar faktiki olaraq qurumun indiki namizədi Cəmil Həsənlini dəstəkləmirlər, onun seçki kampaniyasında maraqlı deyillər. Açığı, özüm də onlardan birinə - Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasına mənim seçki kampaniyamda iştirak etmələri üçün müraciət etmişdim. Onlar bu işə də razılıq vermədilər. Eyni zamanda onların üzvləri adicə imza vermək də istəmirlər. Ona görə də onlar bütünlükdə seçkini boykot yolunu gedirlər.
-Maraqlı məqamlardan biri odur ki, AXCP də əvvəl İbrahimbəyov namizəd olmayacağı halda, istisnasız olaraq boykot yolunu tuturdu. İndi isə AXCP Cəmil Həsənlinin namizəd olmasından sonra seçkiyə qatılır və bu barədə Müsavatla yanaşı, seçkinin əsas tərəfdarlarından biri kimi çıxış edir. Buna münasibətiniz necədir?
-Təbii ki, Cəmil Həsənlinin namizəd kimi irəli verilməsindən sonra AXCP seçkidə aktivlik nümayiş etdirməyə başladı. Çünki Cəmil Həsənli AXCP-çi olub. Ona görə də onun AXCP-yə yaxın olması görüntüsü Kərimlini seçkidə iştiraka həvəsləndirdi. AXCP seçkidə iştiraka üstünlük verdi. Əgər Cəmil Həsənli yox, başqa biri, məsələn, Müsavatın namizədi “milli şura”nın namizədi olsaydı, yəqin ki, AXCP boykota gedərdi.
-Hazırkı məqamda AXCP Müsavatdan namizəd məsələsinə görə üstün olduğu barədə təbliğat aparır. Bu barədə nə deyə bilərsiniz?
-Cəmil Həsənli siyasi mənşəcə AXCP-çidir. O, Əli Kərimlinin müavini olub, AXCP-ni təmsil edib. Bundan isə AXCP seçkidə və müxalifət düşərgəsində avantaj kimi istifadə etmək istəyir. Əslində isə bu iki partiya üçün daha düzgün yol ya İsa Qəmbərin, ya da Əli Kərimlinin namizəd kimi irəli sürülməsi idi. Amma Cəmil Həsənlinin irəli sürülməsi ilə heç də “milli şura”dakıların dəstəyi alınmadı. Sadəcə, burada Müsavatın hələki dəstəyi var. Bu da AXCP üçün seçkidə iştiraka əlavə stimul verir.
-Bəs AXCP ilə Müsavatın indiki situasiyada görünən müttəfiqliyi hara qədər davam edə bilər?
-Bu barədə hələki bir söz demək mümkün deyil. Hər halda, onlar bu yolu davam etməlidirlər, yoxsa bu iki partiya da parçalansa, onda “milli şura” və ya “ictimai palata” adı altında kim qalacaq?
Axı yalnız orada bu iki partiya hələki seçki ilə bağlı bir mövqe nümayiş etdirir. Bunlar da ayrılacaqlarsa, bu, tamam böyük və biabırçı iflas olacaq...
-Hər halda, bu günə qədər “milli şura” və ya “ictimai palata”da ən böyük və amansız ziddiyyətlər bu iki partiya arasında olub. Bu baxımdan, indi həmin qüvvələrin arasındakı ziddiyyətlərin birdən-birə harasa yoxa çıxdığını demək olarmı? Yoxsa onların ziddiyyətləri latent formaya keçib?
-Əgər ağıllı yanaşsalar, ziddiyyətlər aradan götürülə bilər. Qrup maraqları kənara atılmalıdır, hər şeyə milli maraqlardan yanaşılmalıdır.
-“Milli şura”nın hazırkı və seçkidən sonrakı fəaliyyətini necə proqnozlaşdırmaq olar?
-Əslində “milli şura” yoxdur, ortada olan “ictimai palata”dır. Bu gün “milli şura”nı təşkil edən qüvvələrin böyük əksəriyyəti Cəmil Həsənlinin kampaniyasında iştirak etmir, ona görə də faktiki olaraq “milli şura” adlı birlik mövcud deyil.
-Bəs bu seçkiyə gedən həmin qurumdakılar hansısa uğur əldə edə bilərlərmi?
-AXCP və Müsavat seçkidə hansı uğur əldə edə bilərdisə, elə “milli şura”nın seçkiyə qatılan qurumu da həmin uğuru əldə edəcək. Cəmil Həsənlinin toplayacağı səslərin 90 faizi AXCP-nin səsi olacaq. Doğrudur, indi Müsavat deyir ki, biz də dəstəkləyirik, amma reallıqda bu dəstək səsvermədə olmayacaq. Bu gün ölkədə partiyalar arasında o qədər qeyri-sağlam, kəskin münasibətlər, rəqib qısqanclıqları var ki, biz bu dəstəyi görməyəcəyik. Müxalif partiyalar hətta bu cür hallarda belə, qrup maraqlarını dəf edə bilmirlər.

“Milli şura”nı təşkil edən qüvvələrin böyük əksəriyyəti Cəmil Həsənlinin kampaniyasında iştirak etmir, ona görə də faktiki olaraq “milli şura” adlı birlik mövcud deyil”

-AXCP və Müsavat digər partiyaların, eləcə də “milli şura”dakı digər qüvvələrin onları boykotu ilə seçkiyə qatılırlar. Bu, onlar üçün nə deməkdir?
-Digər qüvvələrlə bu iki partiyanın əməkdaşlıq təcrübəsi yox idi. Həm də bir çox məsələlər qabaqcadan onlar arasında tam müəyyən olunmamışdı. Bunlar müəyyən olunandan sonra seçkiyə qatılmalı idilər. Düşünürəm ki, tələm-tələsik özlərinə ehtiyat namizəd tapmaları hamını razı salmadı, ona görə də qəti parçalanma baş verdi ki, bu da müxalif elektoratın çox hissəsinin səslərinin itirilməsi deməkdir.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info