Prezident: “Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi haqqında qərar ölkəmizin siyasi nüfuzunun təzahürüdür”
Tarix: 30.10.2019 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Astronavtika Konqresinin 2022-ci ildə Bakıda keçirilməsi növbəti böyük qələbəmizdir

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri 2022-ci ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanıb. Bu mötəbər tədbirə ev sahibliyi etməyə namizəd olan şəhərlər arasında Sinqapur, Rio-de-Janeyro və Nyu Dehli şəhərləri də olub. 68 ölkəni təmsil edən 398 təşkilatın üzv olduğu federasiya kosmik sahədə fəaliyyət göstərən ən mötəbər beynəlxalq təşkilatdır. 1950-ci ildən bəri fərqli ölkələrdə keçirilən Beynəlxalq Astronavtika Konqresi təşkilatın əsas tədbiridir. Bu konqres dünyanın kosmik sahədə aparıcı agentlikləri, elm mərkəzləri və beynəlxalq təşkilatlarının rəhbərləri, eləcə də məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla dünya kosmos ictimaiyyətinin 6,000-dən çox nümayəndəsini bir araya gətirən qlobal platformadır. Konqres zamanı iştirakçılar kosmos sahəsinə aid aktual trendləri və ən son innovasiyaları izləmək fürsəti əldə edir. ABŞ-ın vitse-prezidenti Maykl Pensin giriş sözü ilə açıq elan etdiyi və Aya enişin 50-ci ildönümünə həsr olunmuş builki konqresdə zamanı daha effektiv, kommersiya baxımından daha sərfəli və sürətli həllər təklif edən “NewSpace” (Yeni Kosmos) sektorundan olan özəl şirkətlərin kosmik sənayedə əhəmiyyəti və bazar payının ildən-ilə artdığı xüsusi vurğulandı. Bu sektorun parlaq nümayəndələri olan Elon Musk və Ceff Bezos kimi simaların konqresdə iştirakı dünya ictimaiyyətinin tədbirə olan marağını daha da artırıb. Həmçinin, konqresin maraqlı məqamların biri “Blue origin” kosmik şirkətinin təsisçisi Ceff Bezosa Beynəlxalq Astronavtika Konqresinin “Sənayedə Üstünlük Mükafatı”nın təqdimat mərasimi olub. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə kosmik sənayenin inkişafına göstərdiyi xüsusi diqqət və qayğı, seçkiqabağı prosesə verdiyi dəstək sayəsində bu il ərzində Beynəlxalq Astronavtika Federasiyasının tədbirləri zamanı aktiv təbliğat-təşviqat kampaniyası aparılıb. Konqresin “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda paytaxtımızda keçirilməsi kosmik sahədən olan xarici agentlik, şirkət və təşkilatlarla daha sıx əlaqələrin qurulması, ölkəmizə kosmik texnologiyaların transferi prosesinin sürətləndirilməsi, insan kapitalının inkişafı, eləcə də ölkəmizin beynəlxalq arenada etibarlı tərəfdaş nüfuzunun daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək. Ölkəmiz ilk dəfə kosmik sahədə fəaliyyət göstərən 6 mindən çox nümayəndəni bir araya toplayan qlobal konqresə ev sahibliyi edəcək.
Əslində, bu tədbirin Azərbaycanda keçirilməsinin daha dərin tarixi var. Beynəlxalq Astronavtika Konqresi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 7-13 oktyabr 1973-cü il tarixlərində keçmiş Sovet İttifaqında yalnız bir dəfə və məhz Bakı şəhərində keçirilib. Həmin tədbirdə dünyanın 17 ölkəsindən gəlmiş 1,500-dən çox nümayəndə, eləcə də kosmonavtlar iştirak edib. Konqresdə Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Luici Gerardo Napolitano, Beynəlxalq Astronavtika Akademiyasının prezidenti Çarlz Stark Draper, amerikalı atronavt Tomas Stafford, iki dəfə Sovet İttifaqı qəhramanı adını almış kosmonavtlar Vladimir Şatalov, Vitali Sevastyanov, Georgi Bereqovoy və həmin dövrün kosmik sahədə fəaliyyət göstərən bir çox tanınmış simaları iştirak edib, kosmosun elmi və ümumbəşəri əhəmiyyəti barədə bəyanatlar veriblər.
“Kosmik tədqiqatlar – elm və texnikaya nüfuz” devizi altında Bakıda keçirilən bu konqres Azərbaycanın kosmonavtika tarixinin təməlini qoyub. Belə ki, növbəti ilin avqustunda Bakıda kosmik texnika vasitələrindən istifadə etməklə təbii ehtiyatların tədqiqi üzrə “Kaspi” Elmi Mərkəzi yaradılıb, həmin ilin dekabrında isə Azərbaycan Elmlər Akademiyasının nəzdində “Kosmik cihazqayırma xüsusi konstruktor bürosu”nun fəaliyyəti ilə kosmik tədqiqatların aparılmasına əsaslı start verilib. Növbəti illər ərzində 3000-ə yaxın azərbaycanlı alim və mühəndisin əməyi nəticəsində ərsəyə gələn avadanlıqlar Sovet Kosmik Poqramına xidmət edib, Salyut 7 və Soyuz T-11 orbital komplekslərində istifadə olunub. Azərbaycanın müasir kosmik sənayesinin inkişafının keyfiyyətcə ikinci mərhələsinə cənab Prezident İlham Əliyevin 2008-ci ilin 4 noyabr tarixində Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında imzaladığı sərəncamı ilə start verilib. 2013-cü ildə “Azerspace-1” telekommunikasiya peyki, 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi peyki, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb. Bu gün Azərbaycan peyk layihələri ilə kosmik klubun aktiv üzvüdür. Ölkəmiz həm də genişmiqyaslı forum, konfrans və simpoziumlar, mədəniyyətlərarası dialoqlar, eləcə də mötəbər qurumların tədbirlərininin yüksək səviyyədə keçirilməsi ilə beynəlxalq aləmdə müsbət imic qazanıb. Paytaxt Bakımızın günü-gündən müasirləşməsi, ultra-modern infrastrukturun qurulması sayəsində Azərbaycan regionda biznes tədbirlərin keçirildiyi unikal mərkəzə çevrilib. Həmçinin , regionda cərəyan edən hadisələr fonunda ölkəmizdə bərqərar olan sabitlik beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə mühüm zəmin yaradır. Bu baxımdan, yarım əsrlik sükutdan sonra Beynəlxalq Astronavtika Konqresinə MDB məkanında yenə də Bakı şəhərinin ev sahibliyi etməsi heç də təsadüfi hal deyil. Prezident İlham Əliyev “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevi bu məsələ ilə bağlı qəbulu zamanı bildirib ki, bu, çox böyük hadisədir, bizim böyük qələbəmizdir və bu münasibətlə sizi təbrik etmək istəyirəm: “Bilirəm ki, “Azərkosmos” və digər dövlət qurumları bu Konqresin Azərbaycanda keçirilməsi üçün böyük səylər göstərmişlər. Bu Konqres yeni, müasir texnologiyalar sahəsində dünya miqyasında ən mötəbər beynəlxalq tədbirdir. Bu tədbirin əhəmiyyətini sübut edən məqamlardan biri də odur ki, Konqresin işində Amerikanın vitse-prezidenti cənab Pens iştirak etmişdir. Növbəti Konqresin Azərbaycanda keçirilməsi haqqında qərarın dəstəklənməsi əlbəttə ki, ölkəmizin siyasi nüfuzunun təzahürüdür, Azərbaycana olan inamın nəticəsidir. Yadımdadır, bu ilin iyul ayında Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Azərbaycanda səfərdə idi. Mən onu qəbul etmişdim və ona öz niyyətimizi bildirmişdim ki, biz çox istəyirik, növbəti Konqres Bakıda keçirilsin. Çünki biz hesab edirik ki, bu, ədalətli olar. Çünki Azərbaycanda son illər ərzində müasir texnologiyalar, kosmik sənaye sahələrində əldə edilmiş uğurlar doğrudan da çox təsirlidir. Gənc müstəqil ölkə üçün qısa müddət ərzində belə nailiyyətlərin əldə edilməsi böyük hadisədir. İndi bizim 3 peykimiz var və Azərbaycanda kosmik sənaye inkişaf edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir”.
Prezident deyib ki, bu qələbə bir daha ona görə önəmlidir ki, bizim çox güclü rəqiblərimiz var idi: “Dörd şəhər Konqresin keçirilməsi üçün səy göstərirdi. Bakı ilə yanaşı, Sinqapur, Rio-de-Janeyro və Dehli şəhərləri. Yəni, həm təcrübə, həm də əhali baxımından Hindistanla Braziliya Azərbaycanla müqayisəedilməz səviyyədədir. Ancaq bu mübarizədə qələbə əldə etməyimiz əlbəttə ki, bizim nüfuzumuzdan xəbər verir. Beynəlxalq astronavtika aləmi bu dörd şəhərdən məhz Bakını seçib. Bizə inanırlar, bizim siyasətimizə böyük dəstək göstərilir, Azərbaycanda gedən proseslərə dünya miqyasında böyük rəğbət var. Təkcə bu ayın ərzində həm Türk Şurasına, eyni zamanda, dünyanın BMT-dən sonra ən böyük təşkilatına – Qoşulmama Hərəkatına sədrliyimiz bunun əyani sübutudur. Azərbaycanla birlikdə 120 ölkə yekdil qərarla Azərbaycanı Qoşulmama Hərəkatına sədr seçibdir və bu, doğrudan da böyük tarixi nailiyyətdir. Astronavtika Konqresinin 2022-ci ildə Bakıda keçirilməsi növbəti böyük qələbəmizdir. Mən bu hadisəni çox önəmli siyasi qələbə kimi qəbul edirəm”.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
23.11.2019
İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi mövzusunda elmi-praktiki konfrans keçirilib
22.11.2019
Azərbaycan Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Tərəfdaşlığa qoşulur
22.11.2019
“Cabmin.gov.az”: Baş Nazir Əli Əsədov Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb
22.11.2019
KOB-ların Beynəlxalq Pərakəndə Sərgisində iştirakına dəstək göstərilib
22.11.2019
Naxçıvan Muxtar Respublikasında Süni Mayalanma Mərkəzi yaradılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10951

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info