Məlum olduğu kimi, müxalifətin “milli şura” adlı qondarma qurumu Bakıda icazəsiz aksiya keçirməyi planlayırdı. Sonradan icazəsiz mitinqlə bağlı qərarlarını dəyişdiklərini bəyan edən radikal müxalifət rəhbərlərinin bu addımı elə müxalifət daxilindən də dəstəklənib. Nəinki dəstək, hətta "ReAl" partiyası bu cür antikonstitusion addımları-icazəsiz mitinqləri pislədiyini də bəyan edib. Belə ki, “ReAl”ın sədri İlqar Məmmədov sosial şəbəkələrdə "milli şura"nın razılaşdırılmamış aksiya qərarlarını pisləyən fikirlər səsləndirib. İlqar Məmmədov "milli şura"ın noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış aksiyanın ləğv edilməsini doğru qərar adlandırıb və ümumiyyətlə, daim belə aksiyaların əleyhinə olduğunu bəyan edib. Bu barədə öz "Facebook" səhifəsində yazan İlqar Məmmədov seçkilərin ən doğru yol olduğunu qeyd edib. “Hər kəs anladı ki, kütləvi aksiyanı inqilabın sehrli darvazası kimi onlara təqdim edənlər yanılırdı”-deyən İlqar Məmmədov seçkiləri gözləməyi vacib sayıb.
Ümumiyyətlə, loyal mövqeyi ilə fərqlənən “ReAl” sədri öz çıxış və müsahibələrində bir neçə dəfə belə radikal üsulların əleyhinə olduğunu bəyan edib. Yəni ilk dəfə deyil ki, İlqar Məmmədov mənasız, nəticəsiz mitinq və xaos yaradılmasına hesablanmış aksiyalardansa, seçkilərə getməyin daha uyğun olduğunu deyir. Hətta bir müddət öncə o, seçkiləri deyil, antikonstitusion üsulları seçənlərin ermənilərin əlinə işlədiyini deməsindən sonra bu fikirlər Azərbaycan Xalq Cəbhəsi Partiyası(AXCP) sədrinin acığına getmişdi. Belə olmasaydı, bu səbəbdən cəbhəçi trollar dərhal “ReAl”-ın, İlqar Məmmədov və digər partiya rəhbərlərinin “Facebook”dakı profil və səhifələrinə hücum edərək onlara təhqirlər yağdırmazdılar. Qısası, Bakıda icazəsiz aksiyanı təxirə salan “milli şura” bu cür üsulların uğursuz və milli maraqlarımıza uyğun olmadığını göstərən müxalifətdən də iradlar almaqda davam edir...
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) "milli şura"nın mitinqlə bağlı müraciətinə baxılıb və mitinqin noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib. Lakin AXCP sədri Əli Kərimli aksiyanın razılaşdırılmamış şəkildə Nəsimi rayonu, metronun “28 may” stansiyasının yaxınlığında keçiriləcəyini bildirib. DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib. Ötən gün isə "milli şura" noyabrın 2-nə təyin etdiyi aksiyanın ləğv edildiyini bildirib.
Tural
|