“Milli şura” özünün ən pis günlərini yaşayır desək, yanılmarıq. Müxalifətin inteqrasiyası adı və ümidi ilə yaranan bu birlikdə sular durulmaq əvəzinə, elə öz içlərindən kimsə tez-tez suyu bulandıraraq ortalığı qarışdırır. Ən maraqlısı isə budur ki, bu “missiya” hər dəfə bir liderin funksionerinin üzərinə düşür. Son günlərdə isə yenidən bu kontekstdə qalmaqallar çoxalaraq özünün pik nöqtəsinə çatıb. Qarşılıqlı ittihamlar yenidən alovlanaraq müxalifəti sözün həqiqi mənasında qınaq obyektinə çevirib.
Qurumdakı qütbləşmə, qalmaqal, mövqe savaşı və digər anormal prosesləri dəyərləndirən Azərbaycan Sosialist Partiyasının (ASP) sədri Elşən Həsənov “Palitra”ya verdiyi açıqlamada yaşanan son olayların təəssüf doğurduğunu bildirdi:
“Əgər bir binanın özülü düzgün qoyulmazsa, təbii ki, o haçansa uçulma təhlükəsi ilə üz-üzə qalacaq. “Milli şura”nın yaradılma xronologiyasına nəzər salsaq, hadisələrin necə, hansı istiqamət üzrə hərəkət etdiyini görərik ki, bu da bütün mənzərəni dəyərləndirməyə imkan verər. Hakimiyyətlə şəxsi ambisiyaları və umu-küsülərini siyasi müstəviyə çıxararaq, onu tənqid atəşinə tutan Rüstəm İbrahimbəyov kimi siyasətçi olmayan avantüristin arxasınca getmək ən böyük səhv sayıla bilərdi. Bundan başqa “milli şura”nın tərkibinə nəzər salsaq, orada bir-birinə əks qütblərdə dayanmış qüvvələrin bir masa arxasında oturmalarına təəccüblə baxmalı olursan. Faktiki olaraq uzun illər boyu didişmə vəziyyətində olan qüvvələrin “miili şura” adlı qurumda birləşərək mövcud olan hakimiyyəti hakimiyyətdən kənarlaşdırmaq arzusu Azərbaycanda qarşıdurma yaratmaq istəyindən savayı bir şey deyil. Müxtəlif maliyyə mənbələrindən qaynaqlanan, müxtəlif ideyalara qulluq edən və istiqamətləndirilən qüvvələrin istəyi yalnız bundan ibarət ola bilər”.
Elşən Həsənov onu da vurğuladı ki, ən-ənəvi müxalifətin artıq siyasi səhnədən kənarlaşmasının zamanı çatıb. Onlar bu cür didişmələrlə onsuz da müxalifətin cəmiyyətdə az olan hörmətini daha da yox etməyə çalışırlar: “Milli şura” kimi cəlbedici bir ideyanı avantürist ideyaya çevirən müxalifətin artıq siyasi səhnədən getməsi labüddür. Bu qurum daxilində baş verənlər insanların artıq bundan sonra müxalifətə olan inamını daha da sarsıtdı”.
Tural
|