Azərbaycan məhsulları II Çin Beynəlxalq İdxal Sərgisində nümayiş olunur
Tarix: 05.11.2019 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Çin Xalq Respublikasının Şanxay şəhərində II Çin Beynəlxalq İdxal Sərgisi işə başlayıb.
155 ölkə və regionun, 26 beynəlxalq təşkilatın qatıldığı sərgi idxal məhsullarının Çin bazarına girişini təşviq etmək və bu işə dəstək məqsədi daşıyır. Sərgidə 62 ölkənin milli pavilyonu fəaliyyət göstərir. Ümumi ekspozisiya sahəsi 360 min kvadratmetr olan sərgidə 3893 şirkət iştirak edir. Sərginin açılış mərasimində Fransa Prezidenti Emmanuel Makron, Yunanıstanın Baş Naziri Kiryakos Mitsotakis, Serbiyanın Baş Naziri Ana Brnabiç, Yamaykanın Baş Naziri Endrü Holnes və digər yüksək vəzifəli rəsmilər iştirak ediblər.
Çin Xalq Respublikasının Sədri Si Cinpin Şanxay sərgisinin hökumətin daxili bazarın idxal məhsullarına daha açıq olmasını təmin etmək istiqamətindəki səylərinin bir hissəsi olduğunu deyib. Bildirib ki, Çin xarici sərmayələrin və idxalın artımına nail olmaq üçün ölkədə biznes şəraitinin inkişafı, iqtisadiyyatda daha sağlam rəqabət mühitinin yaradılması istiqamətində iş aparır.
Sərgidə Azərbaycandan Baş Nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edir. Nümayəndə heyətinin tərkibinə Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov və digər şəxslər daxildir.
Azərbaycan bu il sərginin həm ölkələr, həm də biznes bölməsində iki milli pavilyonla təmsil olunur. Ölkələr bölməsindəki 136 kvadratmetrlik Azərbaycan pavilyonunda ölkəmizin iqtisadi inkişafına, əlverişli biznes və sərmayə mühitinə, nəqliyyat-tranzit imkanlarına, turizm potensialına dair materiallar, nəşrlər nümayiş olunur. Bundan başqa, ziyarətçilər üçün monitorlarda Azərbaycana aid videolara baxmaq imkanı yaradılıb. Biznes bölməsindəki 300 kvadratmetr sahəsi olan Azərbaycan pavilyonunda isə “Made in Azerbaijan” brendi ilə bazara çıxarılan rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar, o cümlədən şərablar və spirtli içkilər, qənnadı məmulatları, meyvə şirələri və kompot, quru meyvələr, mineral sular, konservlər istehsal edən 26 şirkətimiz məhsullarını yerli idxalçılara təqdim edir. Azərbaycan şirkətləri istehsal etdikləri məhsulların Çinə ixracına dair danışıqlar aparıb, ilkin razılaşmalar əldə ediblər.
Baş Nazirin müavini Şahin Mustafayev sərgi çərçivəsində keçirilən “Açıqlıq siyasəti, tənzimləmə və işgüzar mühit” mövzusunda əsas forumda çıxış edərək, Çin Xalq Respublikasının ötən 70 ildə böyük uğurlar qazandığını, 1978-ci ildə elan olunan islahatlar və açıqlıq siyasəti nəticəsində isə onun ən sürətlə inkişaf edən ölkələrindən birinə, dünyanın ən böyük ikinci iqtisadiyyatına sahib dövlətinə çevrildiyini deyib.
Baş Nazirin müavini dost və tərəfdaş ölkə kimi Azərbaycanın Çinin bu uğurlarına sevindiyini bildirib, ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə davamlı inkişaf etdiyini deyib. ÇXR-nin Sədri Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsü iki ölkənin əməkdaşlığı üçün yeni imkanlar yaradıb. Azərbaycan Prezidenti İlham Əliyev apreldə Pekində 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirak edərək, ölkəmizin sahib olduğu iqtisadi potensialı ilə bu strategiyanın həyata keçməsinə hər cür dəstək verməyə hazır olduğunu bəyan edib.
Ş.Mustafayev ötən əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycanın bazar iqtisadiyyatı yolunu tutduğunu, həyata keçirilmiş islahatlar nəticəsində ölkədə əlverişli biznes və sərmayə mühitinin, makroiqtisadi sabitliyin təmin olunduğunu deyib. Bildirib ki, hazırda özəl sektorun ümumi daxili məhsuldakı (ÜDM) payı 80 faizdən çoxdur. Azərbaycan dünyanın 180-dən çox ölkəsi ilə ticari-iqtisadi münasibətlər qurub.
Son 15 ildə Azərbaycan iqtisadiyyatında böyük irəliləyişin müşahidə olunduğunu diqqətə çatdıran Baş Nazirin müavini deyib ki, bu müddətdə ÜDM 3 dəfədən çox, qeyri-neft sektoru 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri 18 dəfə, valyuta ehtiyatları 28 dəfə artıb. Müstəqillik illərində Azərbaycana 270 milyard dollar sərmayə yatırılıb ki, onun da təxminən yarısı xaricdən qoyulan investisiyadır. Qeyd olunub ki, Azərbaycan sosial-iqtisadi sahədə qazandığı uğurlar beynəlxalq təşkilatların hesabatlarında da əksini tapıb. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Özbəkistanın Baş Nazirinin müavini Elyor Qəniyev, habelə Çinin iri şirkətlərinin rəhbər şəxsləri ilə görüşlərində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.




 
Bölməyə aid digər xəbərlər
23.11.2019
İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi mövzusunda elmi-praktiki konfrans keçirilib
22.11.2019
Azərbaycan Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Tərəfdaşlığa qoşulur
22.11.2019
“Cabmin.gov.az”: Baş Nazir Əli Əsədov Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb
22.11.2019
KOB-ların Beynəlxalq Pərakəndə Sərgisində iştirakına dəstək göstərilib
22.11.2019
Naxçıvan Muxtar Respublikasında Süni Mayalanma Mərkəzi yaradılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10951

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info