“Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
Tarix: 07.11.2019 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


Bəturə Məhəmmədova: “İspartada işlədiyim 21 il ərzində öyrətdiyimiz tələbələrin çoxu indi dosent və professordur”

Bu gün xaricdə azərbaycanlılardan ibarət böyük bir ziyalı elitası formalaşıb. Onlar yaşadıqları ölkələrdə öz sahələrində ölkəmizi ziyalı olaraq təmsil edirlər. Elə müsahibimiz də Türkiyənin Süleyman Dəmirəl Universitetində çalışan ziyalımız Bəturə Məhəmmədovadır. Qeyd edək ki, Bəturə Məhəmmədova 1949-cu ildə Bərdə şəhərində anadan olub. 1966-cı ildə Bərdə şəhərindəki rus məktəbini gümüş medalla bitirib. Elə həmin il Xarici Dillər İnstitutuna daxil olub. 1970-ci ildə Rus- ingilis bölümünü Qırmızı diplomla bitirib və həmin institutda işə başlayıb. 1970-ci ildən 1992-ci ilə qədər müxtəlif fənlər tədris edib, İngilis dili kafedrasında işləyib. 1990-cı ildə filologiya üzrə dissertasiya işi müdafiə edib.

- Türkiyədə fəaliyyət göstərmənizə nə səbəb oldu?

-1990-cı ildə, o zaman Türkiyədə 19 Mayıs Universiteti rektoru olan Mehmet Sağlam, bir neçə Azərbaycan ziyalısını universitetinə dəvət etdi. Onların arasında mən və həyat yoldaşım Yunus Məhmədli də var idi. Bizi çox yüksək səviyyədə qarşıladı. Söhbət əsnasında ingilis dili müəlliminə çox ehtiyac olduğunu və orada bir il işləyə biləcəyimi söylədi. Türkiyə çox sevdiyimiz bir ölkə idi və biz bu təklifə çox sevindik. Mən İngilis dili bölümündə, yoldaşım da Türk dili və ədəbiyyatı şöbəsində işləməyə başladıq. İlin sonunda, bizdən daha bir il də işləməmizi istədilər. Beləcə, 27 ildir ki, Türkiyədə çalışıram.
Lakin bunu qeyd etmək istəyirəm ki, 1998-ci ildən bəri Türkiyənin gül diyarı İsparta şəhərində, Süleyman Dəmirəl Universitetində Ədəbiyyat fakültəsinin İngilis Dili və Ədəbiyyatı bölümündə dosent olaraq çalışıram.

- İspartada azərbaycanlılardan ibarət ziyalı elitası nə dərəcədə formalaşıb?

-Türkiyədə 203 universitet və akademiya var, bunlardan 130-u dövlət universiteti və 73-ü xüsusi universitetdir. Nəticədə yeni qurulan universitetlərdə dosent və professorlara maksimum ehtiyac var. Məmləkətimizin iqtisadi vəziyyətini göz qarşısında bulundurduğumuz zaman, oradakı alimlərin Türkiyə başda olmaq üzrə, digər ölkələrə getmək arzularını anlamaq çətin deyil. Bəziləri Türkiyədəki tanışlar vasitəsilə, bəziləri isə Azərbaycanın Təhsil Nazirliyinə bərabər olan Yüksək Öyrətim Kabinetinə (YÖK) baş vururaq, Türkiyəyə gəlirlər. Azərbaycan alimləri yalnız İspartada deyil, Türkiyənin bir çox universitetində fərqli sahələrdə çalışırlar. İsparta Süleyman Dəmirəl Universitetində səkkiz azərbaycanlı professor çalışır. Onların əksəriyyəti riyaziyyatçılardır, ikisi İngilis dili və ədəbiyyatı üzrə mütəxəssislərdir. İki professordan başqa, digərləri Türkiyə vətəndaşlığını əldə etdilər. İspartada işlədiyim 21 il ərzində öyrətdiyimiz tələbələrin çoxu indi dosent və professorlardır. Türkiyədə qəzetlərdə və xəbərlərdə Azərbaycan alimləri, xüsusilə riyaziyyat, musiqi və rəssamlıqla məşğul olanlar təriflənir.
Bir tərəfdən Azərbaycan alimlərinin belə yüksək keyfiyyətə sahib olması sevindirici və qürurverici haldır. Ancaq digər tərəfdən, arzu edərdim ki, kaş elmdə bu qədər müvəffəq olan insanlar vətənlərində olsaydılar, Azərbaycan gənclərinin təhsilinə xidmət edərdilər.
Türkiyədə, həqiqətən, xoşbəxt və rahat bir həyatımız var. Ancaq Zeki Müren mahnısında söylədiyi kimi “Ben gürbette değilim, gürbet benim içimde.” Kaş ki, hər kəs öz vətənində yaşasaydı… Amerikalı qadın yazıçı Sonia Sanchez “Məktub” əsərində Afrika əsilli amerikalıların Afrikaya qayıtmasını istəyir. O yazır: “Biz afrikalılar ölkəmizə qayıtmalı və orada ölməliyik. Sümüklərimiz öz torpağımızı gübrələməlidir”.

- Ümumiyyətlə, hər hansı ölkənin xaricdə təbliğində ziyalıların, elm adamlarının nə kimi özəl rolu var?

- Bu ölkədə, təhsil baxımından, Azərbaycanın çox yüksək bir səviyyədə olduğu görülür. 1996-2004 illər arasında Süleyman Dəmirəl Universitetinin rektoru M. Lütfü Çakmakçi, bir neçə dəfə Azərbaycana getdi, qayıdanda bizimlə paylaşdığı təəssüratları heç vaxt unutmayacağam. Azərbaycanın biliyə və mədəniyyətə olan marağına valeh olduğunu, Bakı şəhərinin açıq hava muzeyi kimi olduğunu bildirdi. "Mənfi bir şey gördünüzmü?"- deyə soruşduqda, "onlardan dərs alacağıq, gözəllikləri görmüşəm" cavabını verdi.

- Süleyman Dəmirəl Universitetində azərbaycanlı tələbələrin aktivliyi varmı?

-Türkiyədə oxuyan xarici tələbələrin sıralamasında, azərbaycanlı tələbələr suriyalılardan sonra gəlir. Bununla birlikdə, Süleyman Dəmirəl Universitetində Azərbaycandan olan tələbələr birinci yerdə (155 oölan, 33 qız tələbəmiz var) durur. Bu tələbələrdən başqa, tibb mütəxəssisliyi qazandıqdan sonra, tibb sahəsində və diş həkimi olaraq işləyən bir çox Azərbaycan vətandaşı olanlar da var. Süleyman Dəmirəl Universitetində Milli Tələbə Birliyi adlı bir təşkilat var. Azərbaycanlı tələbələr həm orada, həm də ayrıca özləri də bir çox vacib fəaliyyətdə iştirak edirlər.

- Azərbaycanla bağlı orada hər hansı tədbir keçirilirmi?

-Azərbaycanlı tələbələr hər il, Novruz bayramımızı, Xocalı qətliamının ildönümünü, Azərbaycanın Müstəqillik Gününü, Yeni ili qeyd edirlər. Hər il Xocalı qətliamının ildönümü ilə əlaqədar plakatlar və konfranslar hazırlayırlar. Qeyd edim ki, İspartada Xocalı və şəhidlər parkı var. Eyni zamanda, çox olmasa da, bəzən Azərbaycandan xüsusi qonaqlar olur. Bunlardan ən yaddaqalanı millət vəkili Qənirə Paşayevanın İspartaya və universitetimizə səfəri idi. Türk həmkarlarım qadın deputatımıza heyran oldular. Onu da əlavə edim ki, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsləhətçiləri də universitetimizə baş çəkirlər.

- Azərbaycanlı tələbələrə nə kimi dəstək göstərirsiz?

-Əvvəla bunu söyləyim ki, Türkiyə hökuməti maddi ehtiyacı olan tələbələrə nəqliyyat pulu, tələbə kafesində pulsuz yemək verir. Əlbəttə, burada işləyən azərbaycanlı müəllimlər də lazım olduqda kömək edirlər. Saatlıdan gələn Ahıska türkləri də burada təhsil alırlar. Onların daha çox üstünlükləri var. Ancaq azərbaycanlılara çox yaxındırlar. Mütləq Növruz bayramında bir araya gəlirlər. Bəzi azərbaycanlı tələbələr Türkiyə vətəndaşları ilə evlənəndə onları tək qoymuram, sevinclərini bölüşürəm. 2017-ci ildə Azərbaycan Milli Məclisinin deputatı Tahir Mirkişili və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Süleyman Dəmirəl Universitetinə gəldiklərində, Azərbaycandan olan tələbələr də dəvət edildilər. Eyni zamanda, Azərbaycan Dövlət İqtisad Universiteti ilə Süleyman Dəmirəl Universiteti arasında əməkdaşlıq müqaviləsi mövcuddur.

- Yəqin ki, elmi işinizi də davam etdirirsiz...

-Akademik fəaliyyətim həyatımın əsas hissəsidir. Ancaq ilk növbədə artıq həyatda olmayan universitet müəllimlərimi xatırlatmaq istərdim. Onlar elə bir miras qoymuşdular ki, həmişə yanımda olacaqlar. Onların nə qədər mükəmməl olduqlarını yalnız Türkiyədə anladım. Burada məndən soruşurdular ki, harada belə yaxşı İngilis dilini öyrəndim. Mən hər zaman qürur hissilə “Öz ölkəmdə, Azərbaycanda öyrəndim” deyirəm. Xüsusilə ən sevdiyim mərhum müəllimim İsmixan Rəhimovu qeyd etmək istərdim. Ölkəmdə olanda həmişə minnətdarlığımı bildirərək onun yanına gedərdim. Onun sayəsində ədəbiyyat mənim ən sevdiyim sahə oldu. Elm, tədqiqat o qədər cəlbedicidir, zənginləşdiricidir ki…
Türkiyədə qurultay və konfranslarda iştirak etmək üçün indi daha çox imkanlarım var, çünki o vaxt uşaqlar kiçik idi və Bakıdan çıxmaq çətin idi. Türkiyədə bir çox konqreslərdə iştirak etmişəm, bir sıra nəşrlərim və bir stilistikaya dair bir kitabım var. Araşdırma və öyrənməyə olan sevgimi heç itirməmişəm. Eyni zamanda, ədəbiyyat öyrətməkdən zövq alıram.
Məndən Bakının nəyi üçün darıxdığımı soruşsanız, teatrımızı, konsertlərimizi, sənət və ədəbiyyatla bağlı verilişləri deyərdim. Şübhəsiz ki, Xəzər dənizini, bulvarımızı, rəfiqələrimi, ədəbi jurnal olan “Azərbaycan”ı xatırlayıram. Yeganə kədərim, qəmim QARABAĞDIR. Bu problemin yanında bütün problemlər çox kiçik görünür.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
“İctimai birliyimiz məhkumların yeni peşələrə yiyələnməsi prosesində fəal iştirak edir”
18.11.2019
Nazim Süleymanov: “Yurçeviçi kim gətiribsə, o da çıxsın cavab versin“
18.11.2019
Cəlil Məmmədquluzadənin nəticəsi: “Babamın Azərbaycan xalqı üçün böyük şəxsiyyət olduğunu bilmirdim” - VİDEO
18.11.2019
“Müxalifətin Almaniyada “mühacir biznesi” ilə məşğul olması çox böyük ikrah və nifrət hissi doğurur”
14.11.2019
Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 “Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info