Zəminə Dünyamalıyeva: “Nə qədər gec deyil İsa Qəmbər maskasını cırıb, millətdən əfv diləsin”
Tarix: 09.09.2013 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


“Tövbə qapısı həmişə açıq olur”

Son zamanlar “milli şura”da cərəyan edən siyasi proseslər o qədər dolaşığa düşüb ki, artıq gündəmi yeni namizəd Cəmil Həsənlinin seçkilərə necə hazırlaşması deyil, hansı müxalifət liderinin kimə nə ittiham səsləndirməsi və intriqaların məcradan çıxması kimi məsələlər zəbt edib. Təsadüfi deyil ki, Azərbaycan Liberal Partiyası(ALP) lideri Lalə Şövkətin qurumdan istefası digər narazı “milli şura” üzvlərini də stimullaşdırmağa başlayıb. Bunun işartılarını da görmək olar. Artıq Açıq Cəmiyyət Partiyası(ACP) lideri Rəsul Quliyev də haqlı olaraq Lalə Şövkətin müdafiəsinə qalxaraq “onu şərləyirlər” deyib, qurumda ən təcrübəli siyasətçinin itirilməsini ağılsızlıq sayıb. Ən maraqlısı isə budur ki, Lalə Şövkətin qurumdan kənarlaşmaq istəyi və Rəsul Quliyevin də onun müdafiəsinə qalxmasının ardından bütün bu narazılıqlara səbəb olan partiyalardan biri-Müsavatın rəhbəri İsa Qəmbər partiyanın mətbu orqanında müsahibə verərək hər iki liderə söz atıb. O deyib: “Təbii ki, maskaların yırtılması baş verəcək. Mən maskaların cırılmasına vaxt sərf eləməyə ehtiyac duymuram, çünki özləri maşallah, növbəyə düzülüb, bir-bir mövqelərini bəyan edirlər”.
Məsələ ilə bağlı “Palitra”ya açıqlama verən ACP Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva “milli şura”da xoşagəlməz olayların cərəyan etməsindən təəssüfləndiyini bildirdi. O, qurumda Rəsul Quliyev və Lalə Şövkətə qarşı haqsız mövqe sərgilənməsini də təsadüfi hal saymadı: “Öncə onu bildirim ki, mən özüm də Lalə xanımın müdafiəsinə qalxmışam. Bu proseslərin belə anormal şəkildə istiqamətlənməsinin kökünü bilmək lazımdır və bunun nədən qaynaqlandığını demək istərdim. Durduğu yerdə Müsavatda tanınmış simalardan olan Rauf Arifoğlu və ya İsa bəyin hansısa müşavirinin fikirlər səsləndirməsi ki, “ACP və ALP qurumdan uzaqlaşdırılsın”, bu məsuliyyət tələb edir və bunlar təsadüfdən səslənmir. Rauf bəy sıradan bir adam deyil. Əslində isə İsa Qəmbərin müşaviri olduğu deyilən, adı Soltandır və ya nədirsə, dəqiq bilmədiyim bu şəxsi heç tanımıram da. Adam durub deyir ki, Rəsul Quliyevlə Lalə Şövkəti “milli şura”dan uzaqlaşdıraq. Sadə bir şəxsi də irəli veriblər və o bunu səsləndirirsə, demək ki, arxasında böyük məna var, olay sıradan bir şey sayılmamalıdır”. Zəminə Dünyamalıyeva deyir ki, burada siyasi qısqanclıq da öz sözünü deyir. İntriqalara aludə olan bəzi liderlər mənasız eyforiyalara uyurlar: “Mən də bu cərgədə olduğum üçün hər şeyi gözəl görüb, anlayıram ki, hələ də bu müxalifət düşərgəsində bizləri həzm etmirlər, o ki ola Lalə xanımla Rəsul bəyi. Bundan öncə də Rauf Arifoğlu belə bir açıqlama vermişdi ki, “gərək biz hakimiyyətdən gələnləri müxalifətə yaxın buraxmayardıq”. Məsələ burasındadır ki, artıq böyük bir kampaniya başlanıb və bu atmacalar da böyük planın nəticəsidir. Birincisi, Rauf Arifoğluna heç kim sual vermədi ki, bu müxalifət kiminsə ata-babasından qalma mülkdürmü ki, siz kimisə bura buraxmayasınız. Yəni, bu bir cəmiyyətdir və açıq cəmiyyətdirsə, hər kəs istədiyi yerdə ola bilər. İkinci bir tərəfdən, sizin gərək buna minnətiniz olaydı. Məsələ burasındadır ki, bu gün bu adamlarda o qədər nankorluq var ki, əlli cür fırıldaqla gedib hakimiyyətlə danışıqlara can atırlar. Dərd budur ki, onlar hakimiyyətdə hansısa posta da can atmırlar. Nəyinsə alverinə cəhd edirlər. Amma Rəsul Quliyev ən yüksək postu-Milli Məclisin sədriliyini, Lalə Şövkət isə dövlət katibliyini atıb, gəlib bunların yanında dururlar, onlarsa naz atırlar ki, hakimiyyətdən gəlmişləri qəbul etməyək... Paradoksa fikir verin sadəcə! Bu şəxslər bəzi şeyləri həzm edə bilmirlər və illərlə bu hakimiyyətdən gələnlərin səviyyəsinə heç olmasa qalxmağı belə bacarmadılar. Qalxa bilmədikləri üçün də hər gün sözügedən şəxslərin kölgəsi onları basır deyə, onlardan qurtulmaq istəyirlər”.
“Milli şura” üzvü onu da qeyd etdi ki, əslində Lalə Şövkət geri çəkilməməli idi: “Milli şura”ya qaldıqda isə Əvəz Temirxanın Lalə Şövkətin qurumda əvəzləyicisi təklifini kökündən yanlış fikir kimi qəbul edirəm. Bunu həzm edə bilmirəm. Çünki kimsə “milli şura”nın üzvü ola bilər. Amma orada Lalə xanımı kimsə əvəz edə bilməyəcək və bu yanlış bir fikirdir.
Rəsul Quliyev məsələsinə gəldikdə isə anormal bir ittihamlara baxın ki, onu müxalif olmamaqda suçlayırlar. Bu adam 17 ildir mühacirətdədirsə, deməli o adamın ölkəyə qayıtması arzuolunan sayılmır. Bəs siz kimsiniz? Hər beş ildən bir alverinizi edir, yığa bildiyinizi yığıb, əliniz çatanı götürürsünüz. Yazıq olur ətrafınıza yığılan sadə insanlara. Onlar da fikirləşirlər ki, hə, bunlar demokratik adamlardılar, hakimiyyətə gələcəklər və biz də burada təmsil olunub, açıq cəmiyyətdə yaşayacağıq. Belə bir el məsəli var ki, “Eyibli eyibini bilsə, başına palaz bürüyər”. Mən hakimiyyətdə də olmuşam, müxalifətdə də. İnsan üzünün ağ olmasını istəyirsə gərək obyektiv olub, reallığı desin. Düşmənindirsə də həqiqəti gizlətməməli, olanı deməlisən. Bu gün hakimiyyəti tənqid edirəm. Amma bu o demək deyil ki, müxalifətdə olanlara da göz yumacam. Sən hələ bir bəyənmədiklərinin minimum səviyyəsinə çat, sonra ağzına gələni danış. Qısası, bu şəxslərin köklü planları var ki, bizdən qurtulsunlar. Çünki onlar düşünürlər ki, “biz bu şəxslərə çata bilmiriksə, onlardan uzaqlaşmalıyıq. Çünki onlar bizə mane olurlar”.
Zəminə Dünyamalıyeva İsa Qəmbərin onlara söz atmasını bostana atılmış ən mənasız daş kimi qiymətləndirdi: “Milli şura”da baş verənləri də gördünüz. Bu iki-üç ayda onların atdıqları addım, getdikləri yol hamıya bəlli oldu. Mən deyərdim ki, “milli şura”dakı həmin hərəkətlər ötən əsrdə olmuş “milli şura”ya da kölgə saldı. Onlar yenə səhf yol getdilər.
Konkret olaraq İsa Qəmbərin maskaların cırılması ilə bağlı fikirlərinə gəldikdə isə onu deyə bilərəm ki, onda elə bir güc, qüdrət varsa, 2003-cü ilin “oyun”ları ilə əlaqədar özünün maskasını cırsın, nə qədər gec deyilsə özünü bu millətə, cəmiyyətə təqdim eləsin ki, mən buyam və bu səhfləri etmişəm, Allahdan da, millətdən də ona
əfv diləyirəm. Tövbə qapısı həmişə açıq olur. Bunu bacarsın, yerdə qalan şeylər daha onluq deyil”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub
16.11.2018
Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info