Moskvanın müvəqqəti meri, bu vəzifəyə seçilmək üçün öz namizədliyini irəli sürmüş Sergey Sobyanin Rusiya paytaxtının meri vəzifəsinə seçkilərdə qalib gəlib.
Səsvermə nəticələrinin 100 faiz hesablanması əsasında Moskva şəhər seçki komissiyasında keçiriləcək mətbuat konfransında seçkilərə dair yekun məlumatlar təqdim ediləcək. Bu məlumatlara görə, Sergey Sobyanin 1 milyon 193 min 178 səs və ya səsvermədə iştirak etmiş seçicilərin 51,37 faizinin səsini toplayıb. Moskva şəhər seçki komissiyasının rəhbəri Valentin Qorbunov bildirib ki, Moskva meri vəzifəsinə bazar günü keçirilmiş seçkilərdə seçicilərin 32,07 faizi iştirak edib.
Moskva meri vəzifəsinə bundan əvvəlki birbaşa seçkilər 2003-cü il dekabrın 7-də keçirilmişdi. O vaxt seçicilərin 57,5 faizi seçki məntəqələrinə gəlmişdi. Lakin həmin seçkilər sırf regional xarakter daşımırdı, yəni eyni vaxtda Dövlət Dumasının deputatları da seçilirdi. Rusiya paytaxtında sonuncu seçkilər 2012-ci ilin mart ayında keçirilmiş prezident seçkiləri olmuşdu. Həmin seçkilərdə Moskvalı seçicilərin 58,3 faizi səs verməyə gəlmişdi.
|