“Narçılıq mədəniyyəti”ni yaşadan Göyçay
Tarix: 12.11.2019 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


“Nar festivalı” günü yeni zavod və “Nar” hoteli istifadəyə verildi


Artıq neçə ildir ki, göyçaylılar öz ənənələrinə sadiq qalaraq şəhərdə Göyçayın rəmzinə çevrilmiş nar meyvəsinə həsr olunmuş festival keçirirlər. Fermer və şəxsi təsərrüfat sahiblərinin ilbəil bu festivala olan marağı artmaqla yanaşı, şəhərin mərkəzində təşkil olunan bu bayram tədbirinə insanların axını da çoxalır. Bu il isə nar festivalı daha fərqli və daha çox qələbiliklə diqqət çəkdi. Göyçay Şəhər İcra Hakimiyyətinin və “AzNar” şirkətinin təşkilatçılığı ilə təşkil olunan XIV Nar festivalına olan maraq nəinki ətraf rayon və şəhərlərdən, eləcə də demək olar ki, Azərbaycanın əksər bölgələrindən gələn qonaqların çoxluğundan da görünürdü. Müşahidələrim əsasında deyə bilərəm ki, 30 mindən çox iştirakçının qatıldığı bu təntənəli bayramda Dövlət Bayrağı Günü və XIV Nar festivalı öz rəngarəngliyi, möhtəşəmliyi ilə yerli və xarici qonaqların, ümumən hər kəsin böyük marağına səbəb oldu.
Bakıdan Göyçaya yola düşməzdən öncə “Gənclik” metrosunun qarşısında əvvəlki günlərdən fərqli olaraq daha çox iritutumlu avtobus və digər 15-20 nəfərlik nəqliyyat vasitələrinin olması diqqətimizi çəkdi. Bir neçə sürücü ilə söhbət əsnasında bəlli oldu ki, rayonlara turlar təşkil edən ayrı-ayrı şirkətlərə məxsus olan bu avtobusların böyük əksəriyyəti həmin gün məhz Göyçaya yola düşməyə hazırlaşırlar. Səbəb isə bəllidir-sözügedən şəhərdə ildə bir dəfə təşkil edilən nar bayramı olacaq. Göyçaya çatanda isə burada nəinki yerli turpaketlər əsasında şəhərə, bu möhtəşəm festivalı izləməyə gələnləri gördük, hətta İran və Rusiyadan da bir neçə turistin məhz bu bayrama görə Göyçaya gəlməsinin şahidi olduq.
Göyçayın mərkəzində xüsusi stendlər və ayrı-ayrı şirkətlərin məhsullarının nümayişi ilə qurulmuş bayram bazarında şirkət və zavod-fabrik nümayəndələri öz məhsulları haqqında festival iştirakçılarına ağız dolusu danışırdılar. Festivalda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin, beynəlxalq təşkilatların və diaspor təşkilatlarının nümayəndələri ilə yanaşı, yerli və xarici iş adamları da aktiv şəkildə iştirak edirdilər. Azərbaycanın şəhər və rayonlarından olan çoxsaylı qonaqlar isə daha çox buradakı bayram tədbirlərinə tamaşa etməyə, nar və nar məhsullarını izləməklə yanaşı, almağa gəlmişdilər.

Yüksək səviyyədə olan təşkilatçılıq festival iştirakçılarında məmnunluq yaradırdı

Səhər saatlarında Göyçaya çatanda rayon rəhbərliyinin və qonaqların bayramsayağı bəzədilən Heydər Əliyev parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət etdiyinin, önünə çiçəklər düzərək öz ehtiramının bildirdiyinin şahidi olduq. Bu xüsusi mərasimdən sonra festival iştirakçıları parkdakı bayraq meydanına axışaraq fermerlərin gözoxşayan və bir-birindən fərqli olan məhsullarını izlədilər. Təbii ki, nar və nar məhsulları alan qonaqlar da xeyli sayda idi. Həmçinin şəhər sakinləri və qonaqlar parkda şən mahnıları, milli geyimli rəqqasların çıxışlarını maraqla izləyirdilər.
Milli geyimli qızlar qonaqlara nar şirəsi və döş nişanları təqdim edirdilər. Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə qonaqları və digər iştirakçıları salamlayaraq, Göyçayda bu gün bayramın bayrama qarışdığını, Dövlət Bayrağı Gününün qeyd olunduğunu və gözəllik, məhəbbət, ruzi-bərəkət nişanəsi olan, artıq ənənəyə çevrilən Nar festivalının keçirildiyini söyləyərək, əlamətdar günlər münasibətilə hər kəsi təbrik etdi. O vurğuladı ki, bu gün Göyçay üçün ənənəvi sayılan və iqtisadi baxımdan faydalı olan narçılığın inkişafı uğurla reallaşdırılır.
Qeyd edək ki, hazırda rayonda 3627 hektar nar bağı var ki, onun da 3327 hektarı bar verəndir. Hər il orta hesabla 35-40 min ton nar istehsal olunur. Bağlarda, əsasən “Gülöyşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” sortları yetişdirilir. İstehsal olunan narın yarıdan çoxu xarici bazarlara, əsasən Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılır.

Turistlərin nardança, nar şərabı, nar şirəsi, “narşərab”, nar mürəbbəsinə olan marağı ilbəil artır

Qonaqların yerli sakinlər tərəfindən təşkil edilən nar və nar məhsullarının sərgisinə olan marağı isə xüsusi olaraq diqqətimizi çəkdi. Sərgi masalarında onlara nardan hazırlanan məhsullar, o cümlədən nardança, nar şərabı, nar şirəsi, nar mürəbbəsi, “narşərab”, habelə milli mətbəximizin bənzərsiz nümunələri olan döşəməli plov, təndir çörəyi, yuxa, kətə və müxtəlif şirniyyatlar təqdim olunurdu. Xeyli sayda fermerin öz məhsulunu, xüsusi nar növlərini və onlardan hazırladığı fərqli və qeyri-adi nar məhsulları haqqında xarici turist və Azərbaycanın müxtəlif bölgələrindən gələnlərə ətraflı məlumat verməsi sonda uğurlu bazarlıqla nəticələnirdi...
70-ə yaxın nar növünün əkildiyi Göyçayda təşkil edilmiş festivaldakı stendlər də diqqət çəkirdi. Xüsusi bəzədilmiş bir stendə yaxınlaşdıq və dənəsi 1 kilo 200 qrama yaxın olan narlarla maraqlandıq. Satıcı dedi ki, bu xüsusi növ nardır. Bəzən xarici qonaqların belə narlara baxıb yerli, orqanik olmayan nar olmadığını düşünməsindən də gileyləndi: “Soruşursunuz ki, müştəriniz çoxdurmu? Əlbəttə, festival günüdür deyə maraqlanan, sual verən və belə qeyri-adi məhsul ilə şəkil çəkdirən çox olur. Amma deyəndə ki, alıb dadına baxın, yerli sakinlərdən fərqli olaraq əcnəbilərin ilk sualı bu olur ki, “bu GMO-dur?” Təzədən izah edirəm ki, əzizim, gözəl insan, GMO məhsullu nar bizim ölkədə yoxdur. Onun geninin dəyişdirilib Göyçayda əkilməsinə də heç ehtiyac olmayacaq. Zatən buraların torpağı çox fərqlidir, sanki nar üçün xüsusi torpaqlar bu zonada formalaşıb. Bir rusdilli turist də eyni şübhə ilə yanaşsa da, ona Qəbələdə də yemiş boyda yerli armud və alma sortlarının olduğunu izah etdim. Yəni deməyim odur ki, bir meyvənin fərqli görünüşdə yüz növü ola bilər. Narın iri olması onun geninin dəyişdirilməsi anlamına gəlməməlidir”.

Səfirlərin festivaldan öncə, festival günü və ilboyu nara olan marağı...

Parkın içərilərinə doğru irəlilədikcə narla yanaşı, xeyli sayda bir-birindən fərqli nar məhsulları satan şirkət nümayəndələrini də müşahidə etdik. Bir fermer isə xüsusi diqqətimizi çəkdi. Onun hamıdan fərqli bir neçə növ nar və nar məhsulunu nümayiş etdirməsinə görə masasına olan maraq da çox idi: “Adım Sadiqdir, narçılıqla uzun illərdir ki, məşğulam. Atamdan qalan nar bağını genişləndirmişik. Atama da onun atasından qalan bu bağlarda bir neçə nar növləri əkirik. Masada da gördüyünüz el arasında şirin nar, ağ nar deyilən və digər müxtəlif adda olan nar növlərinin ən irilərini də yetişdiririk. Nə bilim, meyvə Allahın ruzisidir, ağır kənd həyatında yetişdirilib qulluqla bəslənən belə ağacların barları, məhsullarıdır ki, sonda üzümüzü güldürür. Allah bərəkət versin, festivalı təşkil edənlərə də təşəkkür edirik ki, öz əməyimizin nəticələrini xalqa nümayiş etdirib Göyçayın necə gözəl nemətlərə sahib olduğunu göstəririk”. Fermer deyir ki, hər il xeyli sayda xüsusi müştəriləri olur ki, nəinki festivala gələndə onu axtarır, məhsullarını alır, eləcə də birbaşa evinə də gələrək nar və nar məhsullarını sifariş edirlər. Ötən il bir neçə səfirlik nümayəndəsi məndən xüsusi sortlardan olan şirin və dekorativ görüntülü fərqli iri narlar almışdı. Əsasən MDB ölkələrindən olan rəsmilər idi. Sonra qışda da səfirlik nömrəsi ilə olan avtomobillərini, sürücülərini kəndimizə göndərərək qışa saxladığımız narlardan bir neçə yeşik aldılar. Bəyənməsəydilər əlaqə vasitələrini götürməzdilər, hətta hər il nar məhsullarını da sifariş etməzdilər. Qəribə görünsə də “narşərab” və nardançanı daha çox əcnəbilər alırlar. Deməyim odur ki, Allahın bizə bəxş etdiyi bu meyvə əcnəbiləri, səfirləri belə valeh edir. Alma, armud, gilas, nə bilim şaftalı belə, az qala hər ölkədə bütün iqlim şərtləri altında əkilə bilir. Amma nar, xüsusən də Göyçay narı hər ölkədə, hər torpaqda bitmir, dadı bizdəki kimi olmur... Amma təəssüf ki, qiyməti hələ də yüksək deyil”.

“AzNar”ın yubileyi bayrama xüsusi ovqat qatdı

Fərdi təsərrüfat sahibləri və fermerlərin nar və nar məhsulları ilə yanaşı, bu il yubileyini qeyd edən “AzNar”ın da məhsulları festivala xüsusi gözəllik qatmışdı. Qeyd edək ki, tədbir çərçivəsində “AzNar” Qapalı Səhmdar Cəmiyyətinin yaranmasının 50 illik yubileyi də keçirildi. Şirkətin yubileyi münasibəti ilə daha bir zavod istifadəyə verildi və “Nar” hotelinin də açılışı oldu. Açılış mərasimində dövlət və hökumət nümayəndələri, xarici ölkələrin səfirləri iştirak edirdilər. “AzNar” şirkəti, eyni zamanda ən yaxşı foto, video və şeir müsabiqəsi, həmçinin nərd yarışı təşkil etdi və qaliblərə pul mükafatı verildi. Maraq üçün qeyd edək ki, birinci yerə 3000, ikinci yerə 1000, yarışda finala çıxan, amma qalib olmayan hər kəsə isə, yəni 3-cü yerə layiq görülənlərə 500 manat pul mükafatı verildi. Təltif olunanlar təşkilatçılara öz təşəkkürünü bildirdilər. Qeyd edək ki, növbəti ildə də Nar festivalında nərd, şer, foto, video yarışları keçiriləcək.
Sonda qeyd edək ki, Göyçayda 14-cü dəfədir ki, təşkil edilən nar bayramı bölgədə meyvəçiliyin və turizmin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Bunu müşahidələrimizə əsaslanıb deyirik... İstər yerli əhalinin, istərsə də ölkəmizə gələn qonaqların böyük marağına səbəb olan nar bayramı, həm də xalqımızın milli adət-ənənələrimizə dərin bağlılığın bir nümunəsidir. Göyçay bir daha sübut etdi ki, Azərbaycan, tarixi uzaq əsrlərə gedib çıxan narın yetişdirilməsi mədəniyyəti ilə qırılmaz surәtdә bağlıdır...

Tural Tağıyev
Bakı-Göyçay-Bakı




 
Bölməyə aid digər xəbərlər
11.12.2019
AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
11.12.2019
“Azərbaycandan başqa heç bir ölkə bunu edə bilməzdi”
11.12.2019
“Azeri Light”ın bir barreli 69,60 dollara satılır
10.12.2019
AtaBank yenidən Mastercard tərəfindən mükafatlandırıldı
10.12.2019
“Azerbaijan Digital Hub” proqramı “İlin İnfrastruktur layihəsi” mükafatına layiq görülüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
3 Avropada işsizlər ordusu yaranır
4 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
5 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info