Türkiyə Prezidentinin müşaviri: “Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını qeyd-şərtsiz qaytarmalıdır”
Tarix: 12.11.2019 | Saat: 17:18:00 | E-mail | Çapa göndər



1988-ci ildə Azərbaycana qarşı ərazi iddialarına başlayan Ermənistan tərəfindən bir müddət sonra Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.
“Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını qeyd-şərtsiz qaytarmalıdır”. Bunu Türkiyə Prezidentinin müşaviri Yalçın Topçu deyib. O bildirib ki, dünya ictimaiyyəti Azərbaycanı dəstəkləməlidir, çünki məhz Azərbaycanın əraziləri işğal altındadır: “Türkiyə əvvəllər olduğu kimi Azərbaycanı bütün sahələrdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində dəstəkləyəcək”.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 13-də Tərtər rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Oqnyen Yoviç və Gennadi Petrika aparacaqlar.

Lənkəranda Milli Qəhrəman Əsgər Əliyevin xatirə günü keçirilib
Ermənilərin hərbi təcavüzü nəticəsində torpaqlarımızın müdafiəsi zamanı canlarından keçən şəhidlərimizin adları hər zaman uca tutulur, əbədiləşdirilir. Lənkəran şəhərində Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin anadan olmasının 45 illiyi münasibətilə xatirə günü keçirilib. Xatirə günü qəhrəmanın adını daşıyan mədəniyyət və istirahət parkında büstünün ziyarəti ilə başlayıb. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, ŞİH-nın rəsmiləri, “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin sədri Elşən Uluxanlı, birliyin Nərmanov rayonu üzrə sədri Ədhəm Məmmədov, Xəzər-Pirallahı rayonu üzrə sədri Elçin Əzimov, Əsgər Əliyevin döyüşçü yoldaşları, N saylı hərbi hissənin əsgərləri və ictimaiyyət nümayəndələri büstün önünə tər çiçəklər düzərək qəhrəmanın xatirəsinə ehtiramlarını bildiriblər. Sonra tədbir “Dəniz” otelin ziyafət zalında süfrə stolu ətrafında davam edib. “Lənkəran” qəzetinin baş redaktoru Əlimərdan Əliyev tədbiri açaraq qəhrəmanın şərəfli həyat və döyüş yolundan danışıb və 1995-ci ilin mart hadisələri zamanı dövlət çevrilişinin qarşısının alınmasında göstərdiyi şücaətindən və qəhrəmancasına həlak olmasından bəhs edib.
Sonra qəhrəmanın döyüş yoldaşları general-mayor Fəxrəddin Cəbrayılov, polkovnik Cabbar Hüseynov, polkovnik Bəhram Əhmədov çıxış edib Əsgər Əliyevlə bağlı xatirələrini söyləyiblər. Milli Qəhrəman bacısı Fəranə Alıyeva, Milli Qəhrəman qardaşı Ədalət Məhərrəmov, Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin sədri Əbulfət Əliyev, Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, qəhrəmanın qohumu, rayon Əmək Müfəttişliyinin rəisi, şair Etibar Vəliyev çıxış edib respublikanın ərazi bütövlüyü uğrunda fədakarcasına vuruşub şəhid olmuş həmvətənlərimizin, o cümlədən Əsgər Əliyevin xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğunu vurğulayaraq, şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından razılıq ifadə ediblər.
Tədbirdə iştirak edən məktəblilər qəhrəmanlıq mövzusunda şeirlər ifa ediblər.
Sonda Milli Qəhrəmanın atası Hacı Ələkbər Əliyev çıxış edərək övladının Vətən uğrunda şəhid olmasından qürur hissi keçirdiyini bildirərək, Əsgər Əliyevin xatirəsinin daim əziz tutulduğu üçün ölkə Prezidentinə və şəhər İcra hakimiyyətinin rəhbərliyinə minnətdarlıq duyğularını ifadə edib.
Qeyd edək ki, Əsgər Əliyev 8 noyabr 1974-cü ildə Lənkəranın Ləj kəndində doğulub. 1982-1992-ci illərdə orta təhsil alıb. Daha sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank-artilleriya fakültəsinin tələbəsi olub. 1995-ci il martın 17-də Bakıda hakimiyyəti zorla devirmək cəhdi zamanı Əsgər Əliyev 4 yaralını xilas edərkən aldığı ikinci güllə yarasından dünyasını dəyişib. Doğulduğu kəndin qəbiristanlığında dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Ə.Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib

Masallı rayonunun Əmirtürbə kəndində “Azərbaycan Sərhəd Mühaizəsinin 100 illiyi” və “Hərbi əməkdaşlıq sahəsindəki xidmətlərə görə” medalı ilə təltif edilmiş şəhid Səfərəli Alışovun 40 mərasimində onun doğulduğu kənddə adına verilmiş küçənin açılışı olub.
Bu münasibətlə keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini, general-leytenant Azad Ələkbərov, rayonun hüquq-mühafizə orqanları rəhbərləri, ziyalılar, ağsaqqallar, DSX-nin Sərhəd Qoşunlarının əsgər və zabitləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və general-leytenant Azad Ələkbərov şəhid Səfərəli Alışovun şərəfli ömür yolundan danışıblar. Çıxışlarda qeyd olunub ki, Səfərəli Abışov düşmənlə təmas xəttinə yaxın ərazilərdəki mövqelərimizdə ekskavatorçu kimi yolların salınması ilə məşğul olub. Əməyini sevib, hamının hörmətini qazanıb. İşlədiyi müddətdə dəfələrlə düşmən atəşinə tutulub, amma, düşmən hiyləsindən, düşmən gülləsindən qorxmayıb.
Oktyabrın 2-də Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində, iş başında olan Səfərəli Alışov düşmən tərəfindən vurulub, ağır güllə yarası alıb. Buna əhəmiyyət verməyən Səfərəli işini cəsarətlə davam etdirməyə səy edib. Hadisə yerində dərhal mümkün tibbi yardım göstərilib yaralının təcili təxliyəsi təmin olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İndi onun haqqında hamı danışır. O, təkcə doğulduğu, boy atdığı torpağın, Masallının yox, bütün Azərbaycanın igid oğludur. Çıxış edənlər Səfərəlinin kəndini “Əmirtürbə postu” adlandırıblar. Anım mərasimi əsaslı təmirdən sonra istifadəyə verilmiş Əmirtürbə kənd məktəbində davam etdirilib. Sonra tədbir iştirakçıları şəhidin doğulduğu evə baş çəkib, uyuduğu məzarı ziyarət ediblər. Şəhidin uyuduğu Əmirtürbə kənd qəbiristanlığında da böyük izdiham yaşanıb. Onun məzarı gül-çiçəyə bürünüb, önünə əklillər düzülüb, ruhuna dualar oxunub, ehsan verilib. Əmirtürbəli məktəblilər Vətəni, ölkəmizi vəsf edən şeirlər söyləyiblər. Çıxış edənlər şəhidin ailəsinə dərin hüznlə başsağlığı verərək bildiriblər ki, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın qisası yerdə qalmayacaq. Tezliklə Azərbaycanın üçrəngli Bayrağı Şuşada, Qarabağda, işğal altında olan digər ərazilərimizdə dalğalanacaq.
Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatı nəticəsində 1958-ci il təvəllüdlü Səfərəli Alışov bu ilin oktyabr ayının 3-də anadan olduğu Masallı rayonunun Əmirtürbə kəndində torpağa tapşırılıb. Səfərəli Alışovun toprağa tapşırılmasından 40 gün keçir. Onun xatirəsi ehtiramla yad edilir. O, boy atdığı kəndini, onun əsrarəngiz gözəlliyinin vurğunu idi. Həyatı çox sevirdi. Hamı kimi arzusu vardı. Ən böyük arzusu Qarabağımızı azad olunmasını görmək idi. Onun bu arzusunun gerçəkliyini övladları, nəvələri, görəcək...
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
12.12.2019
“Ermənistan danışıqlar prosesinə bu və ya digər şəkildə maneələr yaratmaqdadır“
10.12.2019
“Beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı törədilmiş təcavüz aktlarını qınamaq üçün vahid bir yanaşma yoxdur”
09.12.2019
Erməni işğalı BMT-də ifşa edilib
05.12.2019
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha optimist işarələrə ehtiyac var”
03.12.2019
Milli qəhrəmanlarımıza sonsuz ehtiramın nümunəsi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info